1931-ci ildə kimya üzrə Nobel mükafatçısı – FRİDRİX QUSTAV BERQİUS (1884-1949)

Alman kimyaçı-texnoloquFridrix Qustav Berqius Qoldşmeydendə kiçik bir kimya zavodunun sahibinin ailəsində anadan olmuşdur (1884-cü ilin oktyabrın 11-də). O, atasının rəhbərliyi altında sənaye kimyəvi proseslərini öyrənir və məktəbi bitirdikdən sonra atası onu altı ay müddətinə Ruhrdakı metallurgiya zavodunda təcrübə keçməyə göndərir. 1903-cü ildə Breslau Universitetində Albert Ladenburq və Riçard Abeqdən kimyanı öyrənmişdir. Sonrakı ildə hərbi xidmətdə olmuşdur, Leypsiq Universitetinə daxil olmuşdur. Artur Qançın rəhbərliyi altında elmi işini başa çatdıraraq Breslau Universitetində həlledici kimi qatılaşdırılmış sulfat turşusu mövzusunda doktorluq dərəcəsi almışdır (1907). Bundan sonra Bergius özünü sənaye kimyasına həsr etmək qərarına gəlmişdir. Növbəti iki il ərzində Berlində əvvəlcə Valter Nernst, sonra isə Fritz Haber ilə qaz reaksiyalarının kimyəvi tarazlığını, xüsusən ammonyakın sintezi prosesini tədqiq etdi. Sonrakı iki il ərzində Berqius Berlin universitetində asistent işləmiş, sonra Karlsrue Universitetində atmosfer azotu və hidrogendən istifadə etməklə ammonyak sintezi üçün yüksək təzyiqin tətbiqi üsullarını öyrənmişdir. Həmin dövrdə o, yüksək təzyiq yaradıla bilən germetik aparat işləyib hazırlamağa başlamışdır.Bergius kalsium peroksidin termal dissosiasiyasını araşdırmışdır (1909). Hannover Ali Texniki Məktəbində Bergius atasının maliyyə dəstəyi ilə kimya laboratoriyası təchiz edərək (1910) bir semestr qaz reaksiyalarının texnologiyası, tarazlıq nəzəriyyəsi və metallurgiya prosesləri üzrə mühazirələr oxumuşdur. Elə həmin yerdə, o, kömür və ağır neftlərin yüksək təzyiqlərdə termik hidrogenləşdirilməsi üsulunu işləyib hazırlamışdır (1912-1913). Bu proses indi kimya texnologiyasında Bergius prosesi adlanır. Onun tədqiqat işləri iki mövzu ətrafında cəmlənmişdir. Birincisi ağır nefti daha yüngül neftə çevirmək, ikincisi kömür əmələ gəlmə prosesində oduncağa və toza yüksək temperaturun və yüksək təzyiqin təsiri. Bu işlərin gedişində Berqius əmin oldu ki, daha özüllü neft növlərində onun daha yüngül fraksiyalarına nisbətən daha az hidrogen olur. Uyğun olaraq təmizləmə zamanı hidrogen itkisini kompensasiya etmək üçün neftə hidrogen əlavə olunarsa benzinin çıxımı artar. Nəticədə o, yüksək təzyiq altında neftin hidrogenləşməsi prosesinə patent almışdır. XX əsrin ilk illərində daxili yanma mühərriklərinin geniş istifadəsi səbəbindən neftə təlabat artır. Daş kömürün əmələ gəlməsinin öyrənilməsi sahəsində Berqiusun apardığı tədqiqatlar alimi əmin etdi ki, daş kömürdə hidrogen var və o, ehtiyatı olduqca böyük olan daş kömürdən karbohidrogen yanacaqları almaq məqsədini qarşısına qoyur. Berqius ağac kömürünə yüksək təzyiq altında hidrogen ilə təsir edərək maye karbohidrogenlər almışdır (1913).O, öz vəsaiti və iki şirkətin maliyyə dəstəyi ilə Bergius Reynauda Kömür hidrogenləşdirmə zavodu tikdi (1915). Lakin Birinci Dünya Müharibəsi başa çatdıqdan sonra kömürdən motor yanacağının alınmasının aktuallığı azaldı və Bergius layihəsinin həyata keçirilməsi ləngidi. O, bu layihənini patentlərini BASF-ə satdı (1925) və Karl Boş kömürün hidrogenləşdirilməsi ilə bağlı onun işini davam etdirdi. Bundan üç il sonra Leunada kömürdən neft istehsalı zavodu tikildi (1928). Bu tədqiqatlarla yanaşı Bergius xlorid turşusunun təsiri altında sellülozun hidroliz prosesini öyrənməyə başladı. “Ağacdan yemək hazırlamaq” adlanan bu proses şəkər istehsal edir və bu da öz növbəsində spirt və ya qida mayasına çevrilə bilir. Bu elmi-tədqiqat işlərinin nəticəsin də Reynauda ağacdan spirt istehsalı zavodunun tikintisi olmuşdur (1935). Bu İkinci Dünya Müharibəsi dövründə Almaniyanı həyatı əhəmiyyətli ehtiyatlarla təmin etmişdir.
Fridrix Qustav Berqius Karl Boş ilə birlikdə “yüksək təzyiq üsullarının kimyaya daxil edilməsi və inkişafına görə” kimya üzrə Nobel mükafatına layiq görülmüşdür (1931). İkinci Dünya Müharibəsi illərində nasist Almaniyasında Bergius üsulu ilə çoxlu miqdarda sintetik benzin istehsal edilmişdir. Bergius haqqında o zamanlar deyirdilər: “O, benzini kömürdən, yeməyi isə odundan alırdı”.
Müharibə bitdikdən sonra Almaniyada münasib iş tapa bilməyən Bergius əvvəlcə Avstriyada qısa müddət yaşamalı olur, sonra İspaniyaya köçür və burada kimya şirkəti qurur. Bundan bir qədər sonra o, Argentina hökumətinin dəvəti ilə ora köçür və Sənaye Nazirliyində elmi məsləhətçi kimi fəaliyyətə başlayır (1947).
Fridrix Qustav Berqius 64 yaşında Argentinanın Buenos-Ayres şəhərində vəfat etmişdir (1949-cu ilin martın 30-da).
Əli Zalov,
Kimya elmləri doktoru, professor
Azərbaycan Dövlət Pedaqoji Universitetinin
Analitik və üzvi kimya kafedrasının müdiri
Facebook-da paylaş