1932-ci ildə kimya üzrə Nobel mükafatçısı – İRVİNQ LENQMÜR (1881-1957)

Əvvəllər belə qəbul edilmişdir ki, mükəmməl elektrik lampası əla vakuum şəraitində alınır. Üç ildən sonra ümumi qəbul olunmuş bu fikr artıq öz əhəmiyyətini itirmişdir. Lenqmür sübut etdi ki, içərisi azot ilə doldurulmuş lampa vakuum lanmış lampaya nəzərən daha parlaq işıq saçır. Yeni elektrik lampasının sadəliyi və səmərəliyi olduqca böyük miqdarda enerjiyə qənaət edilməsi demək idi və bu da şirkətə böyük gəlir gətirirdi. Vakuum ilə maraqlanaraq Lenqmür yüksək vakuum civə nasosu ixtira etmişdir (1916). Bu nasos əvvəllər mövcud olan bütün nasoslardan 100 dəfə daha güclü idi və onun köməyi ilə radiotexnikada istifadə olunan vakuum elektron borularını hazırlamaq üçün lazım olan aşağı təzyiq yaratmaq mümkün olmuşdu. Elektrik lampasında sapların xassələrini yoxlayaraq o, müəyyən edir ki, əgər volfram sap üzərinə cəmi bir molekul qalınlığında torium oksid örtülərsə, o, daha yaxşı keyfiyyətə malik olur (1916).
O, üzərinə torium oksid çəkilmiş ensiz volfram plastinkanıın elektron buraxma qabiliyyətini yoxlayır. Bu tədqiqatlar onu səth hadisələrini - nazik örtüklərdə və ya səthlərdə müşahidə olan molekulyar fəallığı öyrənməyə sövq edir. Nəticədə o, adsorbsiyanı və səthi gərilməni, həmçinin, maye və bərk cisimlərin nazik örtüklərinin özünü neçə aparmasını öyrənmişir. Atomun quruluş nəzəriyyəsi sahəsindəki nailiyyətlərə əsaslanaraq Lenqmür səthlərin kimyəvi özünü aparmasını ayrı-ayrı atomların və molekulların özlərini aparması kimi təsvir edir. Onun fikrincə bu atomlar və molekullar şahmat taxtası üzərindəki fiqurlar kimi ayrı-ayrı qəfəsləri - səth sahələrini tutur. Bu, onu adsorbsiya izotermi tənliyi nəticəsinə gətirib çıxardı. Bu tənlik indi kimyada Lenqmür tənliyi kimi məşhurdur.
O, mayelərin səthində monomolekulyar adsorbsiya təbəqələri haqqında təsəvvürləri inkişaf etdirərək, göstərir ki, seyrəkləşmiş monotəbəqələr iki ölçülü qaz xassələrinə malik olur, doymuş monotəbəqələrdə isə onların kənar qruplarının polyarlığından asılı olaraq istiqamətlənirlər ki, bu da bir sıra hallarda onların quruluşlarını, formalarını və ölçülərini müəyyən etməyə imkan verir.
O, həmçinin müəyyən etmişdi ki, adsorbsiya hadisəsində kulon, dipol molekullar arası və valent quvvələri, vandervaals cəzbetmə və itələmə qüvvələri iştirak edir. Birinci Dünya Müharibəsində Lenqmür sualtı qayıqların aşkar olunması üsullarını işləyib hazırlanmışdı. Müharibədən sonra o, atom haqqında təlimin inkişafına böyük xidmət göstərmişdir. O, kimyəvi valentliyi - atomların kimyəvi rabitələr əmələ gətirmək qabiliyyətlərini, atom nüvəsini əhatə edən elektron “təbəqələrinin” elektronlarla dolmasından asılı olan kəmiyyət kimi təsvir etmişdi.
Lenqmür qazlarda elektrik boşalmalarının xassələrini öyrənmişdir (1923). O, tədqiqatların gedişində olduqca güclü dəyişən cərəyan istifadə etdikdə əmələ gələn ionlaşmış qaz üçün “plazma” terminini işlətmişdir. Həmçinin elektron temperaturu nəzəriyyəsini və elektron temperaturunu və ion sıxlığını ölçmə üsulunu işləyib hazırlamışdır. Ölçmə üçün o, hazırda Lenqmür şupu adlanan xüsusi elektrod yaradır.
İrvinq Lenqmuir atom-hidrogen qaynağını icad etmiş (1925) və qaz boşalmasında elektronların sürət paylanması ilə bağlı Lenqmuir paradoksunu kəşf etmişdir. Bundan bir neçə il sonra Lengmuir və Tonks plazmada elektron sıxlığı dalğalarını kəşf etdilər (1929). Tələbəsi Catherine Blodgett ilə birlikdə mono və çoxmolekulyar plyonkaların əmələ gəlməsi metodunu işləyib hazırlamışdırlar (1930). Hazırda Langmuir-Blodgett metodu adlanan bu texnologiya müasir elektron cihazların istehsalında fəal şəkildə istifadə olunur.
İrvinq Lenqmür “səth hadisələri” kimyası sahəsində kəşfləri və tədqiqatlarına görə Nobel mükafatına layiq görülmüşdür (1932). O, Nobel mükafatından əlavə Hughes medalı (1918), Rumford Mükafatı (1920), Perkin medalı (1928), Villard Gibbs mükafatı (1930), Franklin medalı (1934), Holli medalı (1934), Con Skott medalı (1937), Faradeyin mühazirəsi (1939), Eqleston medalı (1939), Faraday medalı (1944) və Con Karti Mükafatı (1950) ilə təltif edilmişdir.
Nobel mükafatı aldığı ildə o, “General Elektrik” şirkətinin laboratoriyasına direktor təyin olunmuşdur. Burada işlədiyi 37 il ərzində, hər biri 330 səhifə olan 54 cilddən ibarət işçi gündəlik yazmışdır. O, 1938-ci ildən təqaüdə gedənə qədər ömrünün qalan hissəsini təbiətin, xüsusən də atmosferin öyrənilməsinə həsr etmişdir. İkinci Dünya Müharibəsində Lenqmür tüstü örtüyü yaradan aparatın yaradılmasında iştirak etmişdir. O, təyyarələrin üzərində buzəmələgəlmənin qarşısını alan üsulların yaradılması üzərində də işləmişdir. Lenqmür hava şəraitinə nəzarət, bərk karbon dioksid və gümüş yodid ilə buludların dağıdılması problemlərini öyrənmişdir. Lenqmüri tez-tez elmi biliyin populyarlaşdırıcısı kimi tədbirlərə dəvət edirdilər və o, elmlə cəmiyyət arasındakı əlaqəyə dair fikirlərini həvəslə bölüşürdü. Ən çox sevdiyi mövzu “Demokratiyaya xas olan və elmi kəşf üçün zəruri olan azadlıq”. Bu böyük alim gəzintiləri, dəniz səyahətlərini, aviasiyanı və klassik musiqini çox sevirdi.
O, İkinci Dünya müharibəsindən dərhal sonra xüsusi dəvətlə SSRİ Elmlər Akademiyasının yubileyinin qeyd edilməsində iştirak etmişdir (1945). Lenqmur Rusiyaya səfəri ilə bağlı təəssüratlarından “Science and incentives in Russia” adlı elmi aylıq nəşrdə danışıb.
İrvinq Lenqmür 76 yaşında Massaçusets ştatında, Falmutda vəfat etmişdir (1957-ci ilin avqustun 16-da).
Əli Zalov,[hide][/hide]
Kimya elmləri doktoru, professor
Azərbaycan Dövlət Pedaqoji Universitetinin
Analitik və üzvi kimya kafedrasının müdiri
Facebook-da paylaş