1937-ci ildə kimya üzrə Nobel mükafatçısı – PAUL KARRER (1889-1971)

 



Paul Karrer  Moskvada isveçrəli diş həkimi ailəsində anadan olub (21 aprel 1889-cu ildə). Uşağın adını daşıyan atası Paul Karrer və anası Julia Lerch Arqaudan - Teufental və Oberentfelden əyalətlərindən idilər. Balaca Paulun üç yaşında ailəsi İsveçrəyə köçür (1892) və onlar bir neçə il Sürix yaxınlığındakı Erlenbachda yaşayırlar (1895). Carrer uşaqlığının və yeniyetməliyinin qalan hissəsini Arqau yaxınlığındakı kiçik bir kənddə keçirmişdi. O, burada Mörikendəki ibtidai məktəbə, sonra Lenzburqdakı orta məktəbə və Arqaudakı gimnaziyaya daxil olmuşdur. Arqau gimnaziyasında təlim “Öyrən, düşün, sonra danış” prinsipi əsasında qurulmuşdur. P.Karrer ömrünün sonuna qədər bu prinsipə sadiq qalmışdır. P.Karrer koordinasiya nəzəriyyəsinin banisi Alfred Vernerin professor olduğu Sürix Universitetində kimya üzrə təhsil almağa başlayır (1908). Paul Karrer uzun müddət sevdiyi psixiatriya klinikasının direktorunun qızı Helen Frohliçlə evlənmişdir (1914). Bu xoşbəxt evlilikdən onların üç oğlu olmuş, lakin onlardan biri doğulduqdan az sonra vəfat etmişdir. Karrer Frankfurtdakı illəri həyatının ən ilhamverici dövrü hesab edirdi. Cəmi 6 semestr ərzində Karrer A. Vernerin yanında kobalt komplekslərinin kimyası üzrə fəlsəfə doktoru dərəcəsini alır. Karrer Sürix Universitetini bitirən (1911) gənc Paul artıq özünü uğurlu alim kimi sübut edə bilmişdi. Elə həmin il Verner A. ona assistent vəzifəsini təklif etdi. Paul Karrer Sürixdə A. Vernerin köməkçisi olmaqla, arsen birləşmələrinin müstəqil tədqiqatına başladı (1908). O, sintezini patentləşdirdiyi əvvəllər naməlum nitrozoaril-arsen turşularından fenazin əsasında arsen azo birləşmələri və boyalar əldə etmişdir. P.Erlixin dəvətindən sonra o, elmi fəaliyyətini Frankfurtda davam etdirmək təklif etmişdir.Əczaçılıq sənayesin arsenin aromatik birləşmələri sayəsində inkişaf etməsinə baxmayaraq, ən vacib dərmanların bir çoxu kimyəvi baxımdan tədqiq edilməmiş qalırdı. Benzol, naftalin və antrasen törəmələri üçün yaxşı tanınan və təsvir edilən bir sıra xüsusiyyətlər aromatik arsen birləşmələri üçün hələ öyrənilməmişdir. Ona görə də bu boşluqların doldurulması məqsədəuyğun olardı.
Anti-sifilitik preparatın yaradıcısı P.Erlix ilə işləyərək Karrer salvarsan məhlullarının kimyasını araşdırdı. O vaxta qədər salvarsan artıq bir neçə ildir ki, klinik praktikada uğurla istifadə olunsa da, onun strukturu hələ də sirr olaraq qalırdı. Belə ki, Karrer preparatın strukturunu müəyyən etmək üçün salvarsanın qızıl və gümüş duzları ilə komplekslərini tədqiq etmişdir. Tədqiqatlar zamanı məlum olmuşdur ki, salvarsanın mis kompleksi spirilla bakteriyası və tripanosomların parazit birhüceyrələrinə təsir göstərir. Gümüş salvarsan sonradan tətbiq edilmişdir. 
Bir il sonra P.Karrerin arsenin üzvi birləşmələri haqqında apardığı elmi-tədqiqat alimlərin diqqətini cəlb etmildir. Bundan sonra Karrer sonradan üzvü olduğu Frankfurt-am-Mayndə Corc Speyer Evinə köməkçi kimi dəvət edildi.
Birinci Dünya Müharibəsi zamanı Karrer qısa müddətə İsveçrə Ordusunda xidmət etmişdir. P.Karrer Corc Speyer Evinə kimyəvi tədqiqatların rəhbəri seçildi (1915) və bitki  mənşəli məhsullarla işləməyə başladı. Bir neçə il sonra o, Sürix Universitetində professor köməkçisi olmaq təklifini qəbul etdi (1918). Vernerin ölümündən sonra Karrer onun varisi kimi Kimya İnstitutunun professoru və direktoru seçildi (1919). Karrer bütün həyatı boyu iki müəlliminin - Verner və Erlixin – onun elmi işlərini elmi ictimayyətə çatdıran şəxslərin xatirəsini diqqətlə yad etmişdir.Birinci Dünya Müharibəsi qurtardıqdan sonra Frankfurt universitetinin laboratoriyasında elmi tədqiqatlarına başlamışdır. Karrer antosianların – bitki çiçəklərinin qırmızı və göy rənglərinin əsas səbəbi olan piqmentlərin öyrənilməsinə başlamışdır (1927). Karrer korrosinin – krokus və qardeniya bitkilərində rast gələn sarı piqmentin öyrənilməsi ilə məşğul olur və beta-korotinin (sarı kök və digər bitkilərin tərkibinə daxil olan) strukturunu müəyyən edir (1930).
Bu tədqiqatlar – bitki piqmentlərinin öyrənilməsi Karreri vitaminlərin öyrənilməsinə gətirib çıxarır. Orqanizmdə karotinin A vitamininə çevrilməsini aydınlaşdıraraq Karrer bu vitamini balığın qara ciyəri piyindən ayırır, onun molekulyar strukturunu, həm də  tərkibini  müəyyən edir (1931). Karrer vitaminin molekulyar strukturunun təsvirini verən ilk alimdir. Sonralar Karrer vitaminlərin öyrənilməsini davam etdirir. O, sarı piqment almışdır ki, sonralar riboflavin və ya B2 vitamini kimi tanınmışdır. Kimyəvi analiz yolu ilə Karrer onun formulunu və molekulyar strukturunu müəyyənləşdirmiş və   bu maddəni sintez etmişdir (1935).
Karrer “karotinoidlər və flavinlərin tədqiqinə, həmçinin A və  B2 vitaminlərinin öyrənilməsinə görə” kimya üzrə Nobel mükafatına layiq görülmüşdür (1937). Karrer E vitaminini sintez edir və bu uğurun ardınca daha bir kəşf edir – təmiz halda K vitaminini ayırır (1938). Sonra Karrer hüceyrə daxilində hidrogen mübadiləsini tənzimləyən və beləliklə hüceyrədaxili enerji yaradan ferment maddəsinin öyrənir və onun  strukturunu müəyyən edir (1942). On il durmadan karotinləri  tədqiq edir və bütün bu birləşmələrin  sintezini başa çatdırır (1940-1950).
Karrer uzun müddət təbii zəhər olan kurarın (bitkidən alınan zəhər) tədqiqi işlərinə rəhbərlik etmişdir. Kurar maddəsi  əzələlərə düşdükdə  əzələlərin zəifləməsinə səbəb olur.  Karrer ondan kifayət qədər təhlükəsiz maddə almağa cəhd edirdi ki, həmin  maddə əzələləri zəiflədən maddə kimi cərrahiyyədə istifadə olunsun. Karrer 61 yaşında Sürix universitetinin rektoru vəzifəsinə gəlirr (1950-1953). 70 yaşında Kimya İnstitutunun rəhbərliyini Q.Şmidtə təhvil vermişdir (1959). Bu böyük alim istefaya çıxdıqdan sonra da elmi fəaliyyət ilə aktiv məşğul olmaqda davam etmişdir (1959). Onun bütün həyatı boyu əldə etdiyi elmi nailiyyətləri tarizi ardıcıllıqla belə sıraya düzmək olar: zülallardan alınan bütün amin turşularının konfiqurasiyası quruldu (1923),  likopen, β-karotin və skualinin simmetrik düsturu müəyyən edildi (1930),  A vitamininin (retinol) strukturu quruldu (1931),  B2 vitamininin sintezi (riboflavin) (1935), E vitamininin sintezi (d, l-α-tokoferol) (1938), K vitamininin (naftoxinonun) preparativ sintezi həyata keçirildi (1939), nikotinamid adenin dinukleotidin (NAD) strukturunun yaradılması üçün əsaslar qoyuldu (1942), Çoxlu sayda karotenoid epoksidlərin kəşfi (1948), karotin tipli karbohidrogenlərin sintezi üsulu işlənib hazırlanmışdır (1950), quruluş müəyyən edildi və toksiferin və əlaqəli alkaloidlərin qismən sintezi həyata keçirildi (1958) və β-karotindən kantaksantinin sintezi həyata keçirildi (1958).
Karrer sağlamlığına çox diqqət yetirirdi O, kifayət qədər varlı adam olsa da, olduqca sadə yaşayırdı. Sürixdə böyük evi var idi, amma maşını olmadığından instituta ictimai nəqliyyatla gedirdi. Karrerin 70 illik yubileyi münasibəti ilə hər il keçirilən Paul Karrer mühazirələri mükafatı təsis edildi, burada seçilmiş tədqiqatçı həyat yolu haqqında hesabat verir və Paul Karrer Qızıl medalını alır. Bundan əlavə, P.Karrer İsveçrədə Fənlərarası Seminarların Təşviqi üçün Fritz Hoffman Fondunu və Kimya üzrə Təqaüd Fondunu təsis etmişdir. O, səksən illik yubileyini Kimya İnstitutunda simpozium və tarixi sərgi ilə qeyd etdi. 
Beynəlxalq Astronomiya İttifaqı Ayın görünməyən  tərəfindəki kraterə Paul Karreranın adını verdi (1979).Paul Karrer orta boylu və incə bədən quruluşlu bir insan idi. Bu zahiri incəliyin arxasında parlaq intellektlə birləşən qarşısıalınmaz və sarsılmaz iradə dayanırdı. O, dəqiqliyi, məsuliyyət hissi və etibarlılığı ilə məşhur idi. O, savadlı və tərbiyəli bir insan idi, onun maraqları təkcə təbiət elmlərinə deyil, həm də humanitar elmlərə aid idi. Onu tanıyan hər kəs onun intizamına, əməksevərliyinə, təmkininə, mehribanlığına heyran idi. Karerr biokimya, biologiya, farmakologiya və tibb kimi kimya və əlaqəli sahələrdə həmkarları ilə əla əlaqələrə malik idi.
Paul Karrer ömrünün səksən üçüncü ilində uzun sürən xəstəlikdən sonra vəfat etmişdir (1971-ci il iyunun 18-də).
 
Əli Zalov,
Kimya elmləri doktoru, professor
Azərbaycan Dövlət Pedaqoji Universitetinin 
Analitik və üzvi kimya kafedrasının müdiri


Facebook-da paylaş