Gəncə üsyanının təşkilatçısı və ideoloqu

 
      1920-ci ildə Azərbaycanın sovet qoşunları tərəfindən işğal edilməsindən sonra baş vermiş milli hərəkatı öyrənərkən müəyyən mətləblər üzə çıxır. Məlum olur ki, bu xalq heç də işğalla asanlıqla barışmamış və heç bir beynəlxalq dəstək olmadan öz gücünü ortaya qoyaraq, milli hökumətinin devrilməsinə etirazını silahla bildirmişdir. Gəncə üsyanı barədə kifayət qədər yazılıb, ictimaiyyətə məlumat verilmişdir. Lakin bu üsyanın önündə gedən şəxslər barədə cəmiyyətimizdə kifayət qədər məlumat yoxdur. Bəs üsyanı kimlər idarə edirdi? Üsyanı idarə edən azman kişilər arasında bir nəfərin adı xüsusilə çəkilirdi. Cümhuriyyət ordusunun polkovniki, üsyanın ideoloqu, milli mühacirətimizin tanınmış liderilərindən biri, Polşa Ordusunun diviziya komandiri və nəhayət, sovet əks-kəşfiyyatının uzun illər izinə düşdüyü bu görkəmli şəxsiyyət kimdir? Mübarizə ilə dolu həyat yaşamış, fədakarlıq mücəssəməsi olmuş alovlu vətənpərvər Cahangir bəy Kazımbəyli o şəxsiyyətlərdəndir ki, cümhuriyyət tarixi irsimizi öyrənərkən bu adın üzərində xüsusi dayanmağa, onun xidmətlərini öyrənməyə ehtiyac var.

    Dosye: Cahangir bəy Kazımbəyli 1888-ci ildə Gəncə şəhərində anadan olmuşdur. Öncə Gəncə gimnaziyasında təhsil almış, sonradan Peterburqdakı hərbi məktəbi müvəffəqiyyətlə bitirmişdir. Çar Rusiyası ordusu sıralarında Birinci dünya müharibəsində (1914-1918-ci illərdə) iştirak etmişdir. Azərbaycan Xalq Cümhuriyyəti elan olunduqdan sonra (1918-ci il) Milli Orduda xidmətə başlayan Cahangir bəy Kazımbəyli 1920-ci ilin əvvəllərində 3-cü Şəki süvari alayının komandiri təyin olunmuşdur. Azərbaycan Xalq Cümhuriyyəti ordusunun təchizat rəisi, general-mayor Məhəmməd Mirzə Qacarın, 1-ci piyada diviziyasının komandiri, generalmayor Cavad bəy Şıxlinskinin, süvari diviziyanın komandiri, general-mayor Teymur bəy Novruzovun 1920-ci il Gəncə üsyanının təşkilinə cəlb edilmələrində Cahangir bəy Kazımbəylinin böyük rolu olmuşdur. Gəncə üsyanına başçılıq etmiş, döyüşlərdə şəxsən iştirak etmiş, yaralanmış və üsyan yatırıldıqdan sonra müsavatçıların köməyi ilə Türkiyəyə qaçırılmışdır. Oradan ABŞ-a köçmüş və 1955-ci ildə sovet əks-kəşfiyyatı tərəfindən qətlə yetirilmişdir. 

   Böyük istiqlal təbliğatçısı 
   C. Kazımbəyli milli dirənişin davam etməsini, istiqlalın təhvil verilməsini və bundan əlavə, bolşeviklərin verdikləri sözlərə xilaf çıxmalarını heç cür qəbul etmirdi. Azərbaycan istiqlal ideyalarının yorulmaz təbliğatçısı olan Cahangir bəy heç bir vəchlə sovet-bolşevik əsarətini qəbul etmir, buna qarşı bütün xalqın birləşməyinin zəruriliyini qeyd edirdi. O, bir istiqlal carçısı idi. Gəncədə indi də 1920-ci il üsyanının rəhbəri, ideoloqu kimi xatırlanır. C.Kazımbəyli, Gəncə üsyanının gedişatını, gəncəlilərin bu möhtəşəm silahlı müqavimətini layiqincə qələmə almış, xatirələrini yazmışdır. Onun xatirələrini oxuyarkən, qələmə aldığı hərarətli fikirlər hər bir azərbaycanlının milli duyğularını körükləyir. C. Kazımbəyli üsyanın başlaması tarixini milli istiqlal günümüzlə eyni günə təsadüf etməsinin zəruriliyindən bəhs edərək yazırdı:

“Biz tələf olarıq, lakin düşmən də qalib gəlmədən öncə yüzlərlə və minlərlə ölüsünün cəsədləri üzərindən yürüsün. 28 May yalnız milli istiqlalımızın elan günü kimi deyil, Vətən uğrunda şəhid verdiyimiz gün kimi də tariximizə yazılmalıdı... 28 May günündə düşmənə cavabımız ruhumuzun yüksəkliyinin, mənəvi qalibiyyətimizin simvolu olacaqdır”. C. Kazımbəylinin gəncəliləri və bütövlükdə bütün Azərbaycanı bolşeviklərə qarşı üsyana çağırması tezliklə öz bəhrəsini verir. Şübhəsiz ki, onun odlu-alovlu çıxışları, təşkilatçılıq missiyasını öz üzərinə götürməsi nəinki soydaşlarımızı, hətta keçmiş Milli Ordunun zabitlərini, generallarını da mübarizəyə qalxmağa sövq edir.

Üsyankar gəncəlilər və qətiyyətli rəhbər

Gəncə üsyanına bir qığılcım lazım idi. Əhali rus-sovet məmurlarının özbaşına hərəkətlərini həzm etmək niyyətində deyildi. Milli ruhu yüksək olan və hələ də cümhuriyyətin devrilməsini qəbul etməyən gəncəlilərə qətiyyətli və təşkilatçılıq qabiliyyəti olan rəhbər lazım idi. Belə bir rəhbər isə artıq var idi. Cahangir bəy öz xatirələrində yazır: “ Mayın 25-i səhər saat 6-da üsyanın gələcək planını müzakirə etmək üçün ümumi yığıncaq çağırdım. Adyutantımı 1-ci Azərbaycan diviziyasının komandiri, general Cavad bəy Şıxlinskinin, baş intendant, Azərbaycan Ordusunun generalı Məhəmməd Mirzə Qacarın və diviziya komandiri, general Teymur bəy Novruzovun dalınca göndərdim. Əvvəlki 2 general adyutantın müşayiəti ilə gəldilər. Teymur bəy Novruzov isə evdə tapılmadı. Qərargaha gələn generalları toplantı iştirakçıları hərarətlə qarşıladı. Mən küçəyə toplanan izdihamı güclə sakitləşdirdim. Bu yığıncaqda ümumi rəhbərlik və yerli hakimiyyət orqanlarının təşkili Məhəmməd Mirzə Qacara həvalə olundu. General Şıxlinskiyə artilleriyaçı kimi bolşeviklərdən qənimət götürülmüş artilleriyanı və bolşeviklər tərəfindən korlanmış Azərbaycan artilleriyasını hazırlamaq və artrilleriyaçılara ümumi rəhbərlik tapşırıldı... Mənə isə öz polkuma və partizan dəstələrimə rəhbərlik etmək tapşırıldı”.

Beləliklə, gəncəlilər artıq üsyana qalxmaq üçün hazır vəziyyətdə idilər. Cümhuriyyətin ilk paytaxtı, “Difai” təşkilatının əsas mərkəzi olan bu şəhərdə milli ruh çox yüksək idi və həm də bolşeviklər hələ burada tam möhkəmlənməmişdi. Onlara qətiyyətli rəhbər, ətrafında peşəkar hərbi mütəxəssislər olan hərbi işi bilən, dünya işlərində baş çıxaran adam lazım idi. Belə rəhbər isə artıq var idi.

Beləliklə, bolşeviklərin işğalı ilə heç cür barışmayan gəncəlilər üsyana qalxırlar. İlk olaraq bütün şəhərin strateji nöqtələri ələ keçirilir. Bolşevik dəstələri məğlub edilir, üsyançılar 1200 bolşevik əsgərini əsir götürürlər. Köməyə gələn milis dəstələri darmadağın edilir. 3 iyun 1920-ci il Xalq Daxili İşlər Komissarlığı Şöbəsinin Bakıya göndərdiyi raportda yazılırdı:

“18 mayda fövqəladə komissar Həmid Sultanov 6 təlimatçı ilə birgə Gəncəyə gəlib. 25 may, gecə saat 3-də bir artilleriya atəşindən sonra üsyan başlanıb. Səhər saat 5-də İnqilab Komitəsinin təlimatçıları və dövlət işçiləri küçəyə çıxdıqda tutulub həbsxanaya doldurulmuşlar. Həmin vaxt şəhərdə şiddətli mübarizə gedirmiş. Üsyançıların başında general Şıxlinski, polkovnik Kazımbəyli, şahzadə Məhəmməd Mirzə, Xoyski qardaşları, tanınmış Qəmbər və Ələkbər və III Gəncə alayının əsgərləri dururdular.”

Xanlar Bayramov özünün “Gəncə üsyanı” kitabında yazır ki, mayın 29-da yağan leysan yağışlar hər iki tərəfin vəziyyətini çətinləşdirsə də, bolşeviklərə gələn əlavə qüvvələr onları vəziyyətdən çıxarıb. Bolşeviklərin tabeliyindəki 178-ci alay bu vəziyyətdən istifadə edib müsəlmanlar yaşayan tərəfə hücuma keçmək istədikdə üsyançıların üç pulemyotçusu tərəfindən atəşə tutulurlar. Onlarca bolşevik əsgəri suda boğularaq ölür və həmin gün onlar geri çəkilir. Bunu görən bolşevik qoşunlarının komandiri Velikanov 179-cu alayı da onların köməyinə göndərmişdir. Mayın 31-də bütün cinahlardan hücuma keçən bolşeviklər şəhəri güclü top atəşinə tuturlar. Üsyançılar son nəfəsədək döyüşürdülər. Hər küçə, hər ev uğrunda döyüş gedirdi. Gəncə üsyanının iştirakçısı, bolşeviklərə uzun illər qaçaq hərəkatı ilə müqavimət göstərmiş samuxlu Qaçaq Məmmədqasım da öz xatirələrində üsyana rəhbərliyi Cahangir bəy Kazımbəylinin etdiyini bildirir və hadisələrdə onun özünə 250 nəfərlik dəstəsi ilə “Dördyol” deyilən ərazinin qorunmasının tapşırıldığını qeyd edir. Qaçaq Məmmədqasım da Gəncə hadisələrində ermənilərin xüsusi canfəşanlığını qeyd edir və erməni məhəllələrində qərar tutan bolşevik qüvvələrinin vəhşiliklərindən söhbət açır.

Gəncədə bolşeviklərə öldürücü zərbələr vuran istiqlal fədailəri, təəssüf ki, ölkənin müxtəlif hissələrindən,o cümlədən, Dağıstandan, Gürcüstandan gətirilən qızıl ordu hissələrinin köməyi ilə məğlub oldular.

Cahangir bəy bolşeviklərin mühasirə xəttini yarır

Cahangir bəyin əsas məqsədi Gəncə ilə yanaşı, Qarabağda və digər bölgələrimizdə də üsyanın başlanmasına nail olmaq idi. Lakin onun Qarabağa üsyan xəbərini çatdırmaq üçün göndərdiyi dəstələrin qarşısı bolşeviklər tərəfindən kəsilir. Şiddətli döyüşdə Cahangir bəyin Qarabağa yolladığı dəstənin üzvləri şəhid olur. Bu baxımdan Kazımbəylinin planları pozulur. Üsyançıların müdaifə halqasının getdikcə daraldığını görən Cahangir bəy özü döyüşlərə şəxsən qatılaraq yaralanır. Bolşeviklərin amansızlığını və ermənilərin onlara dəstək verdiyini görən Cahangir bəy güclü hücum təşkil edərək bolşeviklərin mühasirə xəttini yarır. Bu barədə Cahangir bəyin qaynı, general Hüseynqulu xan Xoyskinin oğlu Zahid xan Xoyski öz xatirələrində yazır: “Üsyan məğlub olanda – iyunun 3-dən 4-nə keçən gecə, xalqı qırğından qorumaq üçün üsyanın rəhbəri mənim yeznəm, polkovnik Cahangir bəy Kazımbəyli XI ordunun cənub cəbhəsini yarıb xalqın dağlara çəkilməsinə yardım etdi. Məni, anam Şirinbəyim xanımı, bacıları Sima və Validəni, 6 aylıq oğlu Abbası və qardaşım İsgəndər xanı 2 faytonda 20 silahlı əsgərin müşayiətilə dağ yolları ilə Qazaxın Qıraq Kəsəmənli kəndinədək apardı..” Sonra Batuma, oradan da, gəmi ilə İstanbula gəldiklərini söyləyən Zahid xan Xoyskinin xatirələri o dövrün məşəqqətlərini və Cahangir bəy şəxsiyyətinin böyüklüyünü təsvir etməyə imkan verir.

Marşal Pilsudskinin ordusunda 

Gəncə üsyanında beynəlxalq ictimaiyyətin Azərbaycanın işğalına ciddi təpki göstərməməsi, bolşeviklərin Gəncədə törətdiyi qətliamlara göz yumması, milətimizə qarşı laqeyd münasibət öz növbəsində Cahangir bəyin planlarına mənfi təsir göstərir. O, İstanbula köçdükdən sonra tanınmış milli diaspor nümayəndəsinə çevrilir. Qısa müddətdə bu şəhərdə yaşadıqdan sonra marşal Pilsudskinin dəvəti ilə Polşanın paytaxtı Varşava şəhərinə köçür. Hərbi xidmətini Polşa ordusunda davam etdirən Cahangir bəy 1939-cu ildə almanlara əsir düşür. Təsadüfən, yaralı yatdığı zaman uşaqlıq dostu, əslən Yelenendorfdan olan Emil Qut onu azad etdirir. “Prometey” cəmiyyətində istilaçılara qarşı mübarizədə həyat yoldaşı Vəliyə xanım Xoyski ilə birgə çalışır. Onlar birlikdə Azərbaycan dilində qəzet və jurnal nəşr etdirir, “Azəritürk” dərnəyini yaradırlar.

Diaspor tariximizdə mühüm mərhələ olan qurultay keçirilir və 1943-cü ildə Berlində Dünya Azərbaycanlılarının ilk qurultayını açmaq ona həvalə olunur. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyasının II cildində Cahangir bəy Kazımbəylinin diaspor fəaliyyəti haqqında qeyd olunur ki, həmin vaxt o, “ Milli Birlik Məclisi”nin rəhbərlərindən biri idi. C. Kazımbəylinin alman ordusunun generalı F. Düdənginski ilə də yaxın dostluq münasibətləri olub. AXC-nin banilərindən biri M. Ə. Rəsulzadə ilə də C. Kazımbəylinin səmimi görüşləri olmuş və bu görüşlərdə M. Vəkilov, X. Xasməmmədov, Ə. Şeyxülislamzadə, general-mayor S. Ağabəyzadə və başqaları da iştirak etmiş, dəfələrlə onun qonağı olmuşlar. C. Kazımbəyli həm də dövri mətbuatda fəal idi. Parisdə və Berlində çıxan “Azərbaycan” məcmuələrində, “Milli Birlik” jurnalında müntəzəm olaraq məqalələrlə çıxış edirdi.

Sovet əks-kəşfiyyatının xain planı

C.Kazımbəyli həm Gəncə üsyanında bolşeviklərə ağır zərbələr vuran üsyanın əsas təşkilatçısı olması və eyni zamanda, Avropa ölkələrində antisovet çıxışları, məqalələri, fəaliyyəti, şübhəsiz ki, sovet xüsusi xidmət orqanlarının diqqətindən yayına bilməzdi. Odur ki, İkinci dünya müharibəsindən sonra sovet əks-kəşfiyyatı tərəfindən izlənilən Cahangir bəy Misir kralı Fərruxun şəxsi köməyindən sonra Romada yaşamağa başlayır. 1954-cü ilin sonunda Münxendə “Azadlıq” radiosunda fəaliyyətə başlayan Kazımbəylinin dünya azərbaycanlılarını mübarizəyə səsləyən çağırışları yenidən düşmən tərəfi təcili tədbirlər görməyə vadar edir. O, 1955-ci ilin yazında sovet kəşfiyyatının əli ilə Berlində xaincəsinə qətlə yetirilir. Deyilənə görə o, bir qadının sifarişi ilə Berlinə işgüzar görüş üçün dəvət almış, ora gəlmiş və müəmmalı şəkildə həlak olmuşdur.

Anar TURAN


Facebook-da paylaş