Azərbaycanın qrup hərəkətləri komandası “Challenge” seriyasına aid Dünya Kuboklarının qalibi oldu

 

Bu gün, Kazanda (Rusiya) bədii gimnastika üzrə Dünya Çempionatı öncəsi (11-16 sentyabr, Sofiya, Bolqarıstan) "Challenge” seriyasına aid sonuncu Dünya Kuboku öz işinə yekun vurdu.
Turnirdə ölkəmizi qrup proqramında təmsil edən Aliyə Paşayeva, Siyana Vasileva, Ayşən Bayramova, Diana Doman və Zeynəb Hümmətova 2 ip və 3 topla icra etdikləri kompozisiyaya görə 20 ölkə arasından finala çıxmağı bacarıblar. Qızlarımız final çıxışında isə 7-ci yerdə (19.750 xal) qərarlaşıblar.
Qeyd edək ki, il ərzində təşkil olunmuş “Challenge” seriyasına aid bütün Dünya Kuboklarının yekun xallarına əsasən Azərbaycanın qrup hərəkətləri komandası məhz onlara dəfələrlə medal qazandırmış 2 ip və 3 topla nümayişlərinə görə bütün rəqiblərini geridə qoyaraq, qalib olublar.
Qızlarımızı təbrik edir və onlara qarşıdakı Dünya Çempionatında uğurlar arzulayırıq!


Facebook-da paylaş