Bağışla, Vətən!


 
     Bağışla məni, Vətən! Tomris ananın türk övladı olub, məğribdən məşriqə qədər dünyalaşmağıma, Mətinin, Babəkin, Koroğlunun, Səttar xanın, Atatürkün, Heydərin... davamçısı olduğuma baxmayaraq, Qərbi Azərbaycandan, Dağıstandan, Cənubi Azərbaycandan müvəqqəti də olsa, əlimi üzmüşəm. Bu, düşmənin bəd niyyətinin müvəqqəti qələbəsidir, Vətən!
    Qərbi Azərbaycanda onlarla məcsidin, məktəb və şəxsi evlərin, əllərimlə qurduğum körpülərin, heç nə ilə əvəz olunmayan gözəl yaylaqların, məzarıstanda uyuyan əcdadlarımızın, çeşməli dağların, bol məhsullu bağların dünyanın hər yerindən çıxarılıb rusların əli ilə Qarabağa yerləşdirilən haylara qaldı. Bunları hayların özləri bizdən ala bilməzdilər. Onlar bizi doğma yurdlarımızdan qova bilməzdilər. Aldırdılar, qovdurdular. Vətən, bağışla bizi. Mən doğma vətənsiz qaldım, Vətən də mənsiz.
   Bağışla, Vətən, bağışla. Bağışla, dünyaya səs salmış türk dünyam! Həlim təbiətli, ürəyiyumşaq, sadəlövh olmuşam, belə böyüdüb məni babalarım, dinim, inamım, imanım mənim. Yadları da özüm ürəkdə bilmişəm. Xüsusən də bədnam erməniləri. İndi-indi səhvimi etiraf edirəm. O zaman düşmən əlində tüfəng görsəm də, əlimdəki sapandı lazımsız bilib kənara atmışam. Bu acizliyimdən olmayıb, Vətən. Bu, məğrurluğumdan, düşməni saymazlığımdan baş vermişdi. “Düşmən birdisə çox, dost mindisə, az”  deyimini də qulaqardına vurmuşam. Sənə vurulan yaralara da biganə qalmışam. Hayların əli ilə cızılmış o zamankı siyasi xəritəmdə Mardakyan, Juvelyan, Quyruqyan, Şilyan... yazanların vaxtında barmaqlarını kəsməmişəm, gözlərini oymamışam. Onlara güldən ağır söz deməmişəm. Deməmişəm ki, sən hansı haqla bizim türkmənşəli sözləri erməniləşdirirsən? Neyləyim ki, belə oldu, Vətən!
   Deyirlər ki, güc olan yerdə haqq, ədalət boğulur. Qonşuluqda yaşaya-yaşaya dinbir ağalarının vasitəsilə torpaqlarımıza sahib çıxanlara “qardaş olub Hayastan, Azərbaycan” demişik. Daha doğrusu, bunu bizə yuxarıdan dedirdiblər. Pay verilən torpaqlarda xalqın rəyi soruşulmayıb. Torpağı yurd-yuvasız qalmış, çörəyimizi yeyib, suyumuzu içən və sonradan müxənnət çıxan namərd ermənilərlə rus imperiyasının qayçısı ilə kəsilib verildi. Haylar silahlandırıldı. Bizim çörək doğrayan bıçağımız da əlimizdən alındı. Bilmirəm bu acizliyi kimin ayağına yazaq, Vətən!
   O zamankı siyasətə boyun əyib özümüzün gözəl-göyçək qızlarımızla yox, Vartanuşlar, Silvalarla... ailə qurub düşmən erməniləri balalarıma dayə etmişəm. Bu da içimdə hələlik sağalmaz yara açdı, Vətən. İlk dəfə Xankəndindən qalxan qara tüstünün ocağına su töküb söndürmək əvəzinə benzin atanların qollarını qırammadıq, qoymadılar, Vətən! Ona görə də köksündən Dağlıq Qarabağ boyda yara açıldı, qanın töküldü, canın bölündü.  Sənə şimal, cənub adlarını da düşmənlərin verdi. İkilədilər səni də, məni də. Babək kimi şaqqaladılar, Nəsimi kimi soydular, Vətən! Ancaq yolumuzdan döndərə bilmədilər. Şimaldan gələn təbliğat özümü özümə düşmən etdi. Türkiyə Azərbaycanın, türklər də azərilərin düşməni oldu. Keçən əsrin 30-cu illərində Səməd Vurğunun dediyi  “çadrasız, boyasız türk qızları” da dərhal yuxarıların təsirilə bədnam qonşularımızın tələbilə “şən qızlarla” əvəz olundu, Vətən!
    O zamankı siyasətlə gözümüzün işığını, dizimizin taqətini, ürəyimizin hərarətini söndürməyə çalışdılar- bacarmadılar, Vətən! Qanımı içsələr də, mən özümü itirmədim, keçmişimi unutmadım- yaşatdım səni, Vətən! Özlüyümdə İsmət oldum, Tofiq oldum, Bəxtiyar oldum, ölmədim, öldürmək istəsələr də. Yaşadım ki, səni yaşadım, Vətən. Bəzən özüm-özümə badalaq vurdum, biləklərimi qandalladım, qulaqlarıma tıxac taxdım, gözlərimə zil qara eynək qoydum. Əsgəranda baş vermiş qətli təsadüf saydım. 20 yanvarda “böyük qardaş”ın səhvini də qulaqardına verdim. Bu boyda səhv olar, Vətən?! 20 iyun hadisəsini də öz səhvim saydım. Aman Allah, öz xalqına qəsd eləmək belə asandırmı?!
    Bütün bunlara görə, “arxalı köpək qurd basar” deyiminə müvafiq olaraq ermənilərin ayağı yer aldı. Daşaltı qırğını anamı ağlatdı. Xocalı faciəsi şah damarımı doğradı. Şuşa hadisəsi belimi qırıb, ürəyimi üzdü. Laçın hadisələri isə daha qorxulu oldu. Bu, sənin parçalanmağına atılan addım oldu və müvəqqəti olsa da, atıldı. Sazım bəmdə zarıdı, qan ağladı, gah da haray qopardı. “Dəlilərim hoydu” deyə zildən nərə çəkdi, ancaq onları nə eşidən, nə də duyan oldu.
   Vətən, indi-indi papağımı qabağıma qoyub olub-keçənləri düşünməli oldum. Səhvlərimi aşkar etdim, gördüm ki, partokrat mən demokrat məni ayaqlayıram. Hiss etdim ki, bu, sənin zərərinədir. Hər günahı bağışlamaq olsa da, sənə, xalqıma qarşı olunan saysız-hesabsız günahları bağışlamaq olmaz. Bundan sonra tərəddüd etmədən belə partokrat mən öz yerimi demokrat mənə təhvil verməyə məcbur oldum. Olmalıydım da! Yoxsa...
    Nə yaxşı ki, dünyada tanınan dövlət başçılarının hörmət edib bəyəndikləri dünya şöhrətli milli lider Heydər Əliyevin qaydına qaldığı xalqını düşdüyü bəladan qurtarmaq üçün ər oğlu ər kimi meydana atıldı. Yalnız onun hakimiyyətə gəlişindən sonra Azərbaycana badalaq vuran buynuzluların buynuzları qırıldı, sülh, əminamanlıq yarandı, atəşkəs baş tutdu. Onun müəllifi olduğu layihələr maşını sükanının arxasına İlham Əliyev keçdi. Layihələr reallaşmağa başladı. Dünya əhəmiyyətli Bakı-Tibilisi-Ceyhan, Bakı-Tibilisi-Ərzurum, Bakı-Tibilisi-Qars, Cənub Qaz Dəhlizi, Tanap, Azəri-Çıraq-Günəşli... layihələri şəxsən prezidentimiz İlham Əliyevin nəzarəti altında uğurla həyata keçirilir. İndi sən – Vətən, ən böyük dövlətlərin sırasına qatılmısan. Vətən, indi səninlə hesablaşan ölkələrin sayı artır. Vətən, bədənindən qayçılanıb ayrılmış torpaqların qaytarılmasına az qalıb. Tezliklə bu yaramız da sağalacaq, Vətən! Bu işdə xalqın sevimli prezidenti İlham Əliyevə uğurlar arzulayırıq!
Bilal Ənsər


Facebook-da paylaş