1939-ci ildə kimya üzrə Nobel mükafatçısı – ADOLF FRİDRİX İOHAN BUTENANDT (1903-1995)

Alman alimi Adolf Fridrik Butenandt liman şəhəri Bremerhavendə Otto Butenandt və onun həyat yoldaşı Vilhelmina (qızlıq soyadı Tomptordun Bremenin) aid varlı ailədə anadan olmuşdur (1903-cü ilin martın 24-də). Əsas ixtisası üzvi kimya və biokimya olmuşdur. Gənclik illərində oxumaqla yanaşı, həm də siyasətlə də məşğul olmuşdur. Birinci Dünya Müharibəsindən sonra yaradılmış Gənc Alman Birliyi və Veymar Respublikasının milli liberal birliyinə daxil olmuşdur (1920). Ancaq bu, onun əvvəlcə daxil olduğu (1921) Marburq Universitetində uğurla təhsil almasına, sonra Göttingenə köçməsinə mane olmadı. Burada başqa bir Adolf Vindaus onun kimya müəllimi olmuşdur. Adolf Vindaus steroidlər və vitaminlər üzərində apardığı elmi-tədqiqat işlərinə görə Nobel mükafatı almışdır (1928). Vindausun yaradıcılığının əsas hissəsini təşkil edən xolesterol haqqında oxuduğu mühazirə Butenandtın gələcək elmi işlərinin istiqamətini müəyyən etmişdir (1924). Vindausun rəhbərliyi altında Butenandt fransız botaniki Emmanuel Geoffroy tərəfindən kəşf edilmiş (1895) təbii insektisid və balıq zəhəri olan rotenonun kimyasına dair dissertasiya işini tamamlamışdır. Hətta Cənubi Amerika hinduları balıq ovlamaq üçün rotenondan - bəzi paxlalı bitkilərin ekstraktından istifadə edirdilər. Butenandt dissertasiya işini uğurla müdafiə etdi (1927) Elə bu zamanda “Şerinq korporeyşin”in (“Schering Corporation”) kimya və əczaçılıq şirkətinin tədqiqat şöbəsinin müdiri Valter Şoller qadın cinsi hormonlarının kimyəvi quruluşu ilə bağlı tədqiqatların aparılmasına kömək etmək xahişi ilə Vindausa müraciət etmişdir. Vinadus bu işləri Butenandta tapşıraraq Valter Şollerə demişdir: “Bu gənc sənə lazım olan adamdır”. Nəticədə Butenandta tədqiqat üçün hamilə qadınların qatılaşdırılmış sidiyi verildi.O, hamilə qadının sidiyindən təmiz formada qadın cinsi hormonunu ayırmışdır. Bu hormonlar yumurtalığın follikullarını dolduran hüceyrələr tərəfindən sintez olunduğundan Butenandt bu maddəni follikulin adlandırmışdır.
Sonradan estron adlandırılan bu hormon estrogen olub, qadınların bədən quruluşlarının xüsusiliyini müəyyən edir, qadın cinsiyyət orqanlarının inkişafını stimullaşdırır. Butenandt ikinci qadın cinsiyyət hormonunun – estrogenin kəşfini təsdiq etdi (1931) və onu estriol adlandırıldı. Elə həmin il Butenandt xüsusi kişi cinsiyyət hormonunun ayrılması və kimyəvi identifikasiyası problemi ilə məşğul olmuşdur. Butenandt və onun əməkdaşları bu hormonu təmiz kristallik şəkildə ayırmışdılar (1931) və onu androsteron adlandırdılar. Sonradan sübut olundu ki, biokimyəvi olaraq bu hormon əsas kişi cinsiyyət hormonu olan testosteron ilə əlaqədardır.
Estrogen və androsteronu ayıraraq və təmizləyərək Butenandt estrogen hormonlar olan estron və estriolun dəqiq kimyəvi strukturunun analizi ilə məşğul olmuşdur. Bu maddələrin strukturlarının dəqiq təyin olunması xüsusi əhəmiyyət kəsb edir. Belə ki, bu tədqiqatlarla sübut olunmuşdur ki, qadın cinsiyyət hormonları və sterinlər (xüsusən xolesterin və öd turşuları) kimyəvi olaraq sıx əlaqəlidirlər. Sonradan aydınlaşmışdır ki, xolesterin kişi və qadın cinsiyyət hormonlarının biokimyəvi ilkin maddəsidir. Butenandt həmçinin proqesteronu almışdır (1934). Bu hormon uşaqlıqda olan mayalanmış yumurtanı implantasiyaya hazırlayır. Beş il sonra Butenandt xolesterindən proqesteronu sintez etmişdir.
Adolf Fridrix İohan Budenandt “cinsi hormonlar üzrə işlərə görə” kimya sahəsində Nobel mükafatına layiq görülmüşdür (1939). O, bu mükafatı Leopold Rujçka ilə bölüşüb. Ancaq İkinci Dünya Müharibəsinin başlaması bu işləri yarımçıq qoyur və Butenandt mükafatı Stokholmda on il sonar almalı olur (1949). Müharibə illərində alim Berlindəki Biokimya İnstitutunda fəaliyyətini davam etdirdi və burada zooloq Alfred Kun ilə birgə elmi tədqiqatlar apardı.
Butenandt feremonu – bombikolu ayırmağa və tədqiq etməyə nail olan ilk tədqiqatçı idi. Barama qurdunun dişi sürfəsinin ayırdığı bombikol erkəyi cəlb etmənin bioloji funksiyasına malikdir. Butenandt həm də virusların biokimyasını öyrənmişdir (1935) başlayaraq. Geniş miqyaslı elmi tədqiqat bacarığına malik bu alim həşəratların bədənində sintez olunan hormone - ekdizonu, sonra kortizonu ayırmışdır (1961). Onun işləri sayəsində kortizonun sənaye istehsalı mümkün olmuşdur.
O, bir sıra elmlər akademiyalarının və elmi cəmiyyətlərin üzvü seçilmişdir. Maks Plank Cəmiyyətinin prezidenti olmuş (1960-1972) və Emil Fişer mükafatına layiq görülmüşdür (1935).
Adolf Fridrix İohan Budenandt 91 yaşında Münhendə vəfat etmişdir (18 yanvar 1995-ci ildə).
Əli Zalov
Kimya elmləri doktoru, professor
Azərbaycan Dövlət Pedaqoji Universitetinin
Analitik və üzvi kimya kafedrasının müdiri
Facebook-da paylaş