1929-cu ildə kimya üzrə Nobel mükafatçısı - ARTUR QARDEN (1865-1940)

 
Artur Qarden  İngiltərənin Mançester şəhərində anadan olmuşdur (1865-ci ildə oktyabrın 12-də).  Mançester universitetini bitirdikdən sonra (1885), Kimya üzrə Dalton təqaüdü qazanaraq (1886) bir il müddətində Erlangen Universitetində Otto Fişerin yanında təhsilini təkmilləşdirmişdir (1887). Bundan sonra Qarden Mançester Universitetində (1888-1895), Cənubi Kinqston Texniki İnstitutunun direktoru və eyni zamanda elm və incəsənət departamentində inspektor vəzifəsində işləmişdir  (1895-1897). Artur Qarden  elmlər doktoru dərəcəsini Viktoriya Universitetində almış (1902-ci ilin iyun ayında),  Londondakı Cennierovsk profilaktik təbabət institutunda çalışmış  (1897), təqaüdə çıxana qədər həmin institutun direktoru (1907-1930), eyni zamanda London Universitetinin professoru olmuşdur. (1912-ci ildən). Onun əsas işləri biokimyaya və enzimalogiyaya həsr olunmuşdur. O, 1897-ci ilə qədər əsasən elmi tədqiqatlarla məşğul olmuş, bir neçə dərslik və monoqrafiya - “Daltonun atomistik nəzəriyyəsinin prinsiplərinin formalaşmasının analizi” (1896); “Praktiki üzvi kimya” (1897) yazmışdır. Artur Qarden, Mançester şəhərində karbon dioksid və xlorinə işığın təsirini araşdırmış və bakteriya və alkolik qıcqırmanı araşdırma üsullarını göstərmişdir (1900). O, qlükozanın yekun məhsullarını və maya hüceyrəsinin kimyəvi xassələrini araşdırmış və antiskorbutik və anti-nevrotic vitaminlər haqqında məqalələr yazmışdır.  Müəyyən etmişdir ki, zimaza iki fraksiyadan ibarətdir – həqiqi enzim (ferment) (termolabil və jelatin filtr ilə tutulur) və termostabil, filtrlənən kofaktor. O, nikotinamidadenin nukleotid kofermentini kəşf etmişdir (1904).Artur Qarden (1905) sübut etmişdir ki, spirtə qıcqırma zamanı fosfor tələb olunur. Bu da qıcqırma zamanı əmələ gələn fosfor üzvi birləşmənin – heksozodifosfatın tərkibinə daxil olur. Bu məlumatlar alimə imkan verdi ki, ilk dəfə olaraq spirtə qıcqırmanın balans tənliyini  aça bilsin. 
O, şəkərin daha bir fosfor efiri – heksozomonofosfatı aşkar etmişdir (1914). Tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki, qeyri üzvi fosfatlar qıcqırmanı sürətləndirir. Artur Qarden həmçinin qıcqırmanı sürətləndirən fermentləri – karboksilazanı, katalazanı, pereksidazanı öyrənmişdir. İngilis fizioloqu U.M. Beylis (1860-1924) ilə birlikdə “Biochemical Journal” təsis etmişdir (1906) .
Yeri gəlmişkən qeyd edək ki, Uilyam Meddok Beyliss (2 may 1860-cı ildə anadan olub, Vulverhempton - 27 avqust 1924, London) - İngilis fizioloqudur. Uilyiam Meddok Beyliss Vadham Kollecində və London Universitet Kollecində təhsil alıb. O, 1888-ci ildən London Universitetində işləyirb (1912-ci ildən professor olub). Ernest Starlinqlə birlikdə sekretini (1902) kəşf etmişdir. O, fermentlərin təsirinin fiziki-kimyəvi əsaslarını, adsorbsiya hadisəsini tədqiq etmişdir və fizioloji proseslərdə maddələrin kolloid vəziyyətinin rolunu göstərmişdir (1904). U.M. Beylis London Kral Cəmiyyətinin Kral Medalına(1911) və Kopli medalına layiq görülmüşdür (1919). O, “Ümumi fiziologiyanın əsasları” (1915) və “Ümumi fiziologiyaya giriş” (1927) əsərlərinin müəllifidir.
Artur Qarden həmkarı Hans Karl Avqust Simon Fon Eyler-Helpin ilə birlikdə şəkərin qıcqırması və fermentlər üzərində tədqiqatlarına görə kimya üzrə Nobel mükafatına layiq görülmüşdür (1929). O, London Kral Cəmiyyətinin üzvü olmuş və Devi Medalı ilə mükafatlandırılmışdır (1935).
Artur Qarden İngiltərədə Bakingemşir qraflığında 74 yaşında vəfat etmişdir (1940-cı ilin aprelin 17-də).
 
 Əli Zalov,
Kimya elmləri doktoru, professor
Azərbaycan Dövlət Pedaqoji Universitetinin 
Analitik və üzvi kimya kafedrasının müdiri


Facebook-da paylaş