Şərəfli həyat, şərəfli döyüş və şərəfli ölüm...

 

     Hər biri onda bütünləşirdi... 

    Samid İmanovun qışqırığı yanındakı əsgərləri diksindirdi. Onların ürəyi qan ağlayır, ancaq komandirlərinin bu amiranə səsindən ehtiyat edərək, dillənə bilmirdilər. Əsgərlər qərarsız şəkildə bir-birilərinin üzünə baxırdılar.

Samid İmanov dirsəklənərək yerdən gövdəsini qaldırdı. Bir əli ilə çiynindən axan qanı tuturmuşcasına bərk-bərk əlini qəlpə yarasının üstünə basdırdı. Əsgərlərin üzünə baxıb, yenidən sanki heç nə olmamamış kimi əmr etdi:

– Əsgər! Sənə əmr edirəm. Məni burda qoyun gedin. İki yüz metr arxada yaralı gizir var, onu götürüb posta qayıdın.

Onun bu əmri ağzından çıxmışdı ki, qarşı tərəfdən güllə səsləri eşidilir, qəlpələr ətrafına səpələnirdi. Əsgərlər mövqe seçib, düşmənə cavab atəşi açdılar. Atışma gedə-gedə əsgərlərdən biri sürünə-sürünə Samid İmanovun yanına gəldi.

– Yoldaş mayor, biz sizi burada qoyub gedə bilmərik. Ölmək ölməkdirsə, səninlə birlikdə buradaca canımızı verəcəyik. Vətən sağ olsun! Sənin kimi dəyərli hərbçiyə vətənin böyük ehtiyacı var. Qoy biz ölək buradaca, təkcə sən yaşa.

Samid İmanovun üzündə qürur hissi aydın oxunurdu. Onun hərəkətləri elə idi ki, elə bil heç yaralanmamışdı. Ancaq bir tərəfdən də taqətdən hiss edirdi. Sadəcə, əsgərlərinə ruh yüksəkliyi vermək üçün özünü tox tutmağa çalışırdı.

– Afərin, əsgər! Siz bir daha sübut etdiniz ki, bu Vətənin çörəyi sizə halaldır. Çox uğurlu əməliyyat keçirdik. 20-dən çox erməni hərbçisini məhv etdik. Bütün bunlar sizin sayənizdə oldu. Bax, gizir də yaralıdır. Onun da məsuliyyəti mənim boynumdadır. Siz mənim övladlarım, dostlarımsınız. Sizə zərrə zərər gəlsə, mən özümü heç vaxt bağışlamaram. Bu Vətənin elə sizin kimi mərd, cəsur oğullara da ehtiyacı var.

Güllə atışları davam edirdi. Samid İmanov vəziyyətin ciddiliyini görüb, yenidən sərt görkəm aldı.

– İndi isə sizə əmr edirəm. Əsgərgeri çəkilin. Döyüş tapşırığını uğurla başa vurduğumuzu qərargaha xəbər verin, kəşfiyyat məlumatlarını da dərhal ötürün ki, hücum gecikməsin. Busizə əmrimdir və sizin də həm mənəvi, həm də vəzifə borcunuzdur ki, bu əmrə tabe olasınız!

***

Aprelin 3-dən 4-nə keçən gecə erməni silahlı qüvvələri Azərbaycan ərazilərinə hücuma cəhd göstərmiş, ilk həmləsi məyusluqla nəticələnmişdi. Yaradılan qərargahda düşmənin geri oturdulması üçün planlar hazırlanır. Bir neçə plan üzərində dayanılmışdı. Bu planlardan biri də mayor Samid İmanovun komandanlığı altında düşmən ordusunun arxasına göndərilmək nəzərdə tutulurdu.

Samid İmanov tapşırığı alan kimi yola düşdü. Öz komandası ilə xüsusi yollarla düşmən ordusunun arxasına keçə bilmişdi. O, gecə görmə cihazı ilə düşmən postunu izləyir, ətrafda baş verənlərə nəzarət edərək, hücum planı hazırlayırdı.

Samid İmanov illərin verdiyi təcrübədən istifadə edərək mükəmməl plan hazırlamışdı. Planına əsasən heç kim zərər görməyəcək, əməliyyatı uğurla həyata keçirərək, geri qayıda biləcəkdilər. Bu çətin tapşırıq ona təsadüfən tapşırılmamışdı. Neftçala rayonunda anadan olan Samid İmanovun hərbə marağı elə uşaq yaşlardan başlayıb. Heç təsadüfi deyil ki, bu istək onu orta məktəbi bitirən kimi Heydər Əliyev adına Ali Hərbi Məktəbə yazılmağa sövq etdi. Burada öz kursant yoldaşları və müəllimləri arasında böyük hörmət qazanan Samid İmanov tədrisdə göstərdiyi yüksək nəticələrə görə hərbi məktəbi fərqlənmə diplomu ilə bitirdi. Onun uğurları bununla da bitmədi. Daim hərbi sahədə özünü göstərən Samid İmanov çox keçmədi ki, ulu öndər Heydər Əliyev tərəfindən xüsusi mükafata layiq görüldü. Bununla yanaşı, Ali Baş Komandan İlham Əliyev də onu göstərdiyi yüksək xidmətlərə görə iki dəfə qəbul edib, ona qızıl saat bağışlamışdı. Samid İmanov dostları ilə söhbəti zamanı hər iki xatirəsini daim bölüşər, ulu öndər və cənab Prezident İlham Əliyev tərəfindən yüksək qiymətləndirilməsinin həyatının ən uğurlu anlarından biri kimi qələmə verərdi.

Samid İmanov daim öz üzərində çalışaraq, müxtəlif təlimlərdə iştirak edirdi. O, Türkiyədə keçirilən “Daxili təhlükəsizlik əməliyyatlarının planlaşdırılması və icrası”, “Komanda təlimi və paraşütdən sərbəst atlamaq” kurslarında, habelə “Anadolu-2007”, “Anadolu Qartalı -2007” birgə taktiki təlimlərində, Pakistanda “Ləpirçi və antiterror” kurslarında, İsveçrə krallığında “Dağ təlimi” kursunda, Rumıniya Respublikasında “Dağa dırmanma üzrə təlimatçı” kurslarına da qatılaraq təcrübəsinin üzərinə təcrübə əlavə edib. İmanov Vətəninə layiqli övlad olmaq üçün daim çalışıb və lazım gələn anda torpaqlarına layiqincə xidmət etmək üçün özünü həmişə yeniləyib, son hərbi yeniliklərdən xəbərdar olmağa çalışıb. Çünki İmanov bilirdi ki, düşmənlə üzbəüz gələndə ondan qat-qat güclü olmalı, heç cür düşmən qarşısında büdrəməməlidir.
Bəli, o an gəlib çatmışdı. İndi qaranlıqda qarşıdakı düşmən postuna baxarkən, ürəyində böyük bir şövq var idi. İllərdi arzuladığı məqam gəlib çatmışdı. Düzdür, o dəfələrlə düşmənlə üz-üzə dayanmış, düşmənə ağır zərbələr endirmiş, uğurlu əməliyyatlar həyata keçirmişdi. Ancaq bilirdi ki, bu dəfə hər şey tamam fərqlidir. O, təcrübəli hərbçi kimi başa düşürdü ki, işğal altında olan torpaqlarını azad edə biləcəklər. Və bu işdə Azərbaycan Ordusuna onun xidmətləri böyük kömək edəcək. Odur ki, ətrafı bir müddət sakitcə izlədikdən sonra qərar verdi. Əlini ay işığında gecənin qaranlığını yararaq göyə qaldırdı. Barmaqları ilə əsgərləri iki-iki dəstəyə böldü. Düşmən əsgərlərini hürkütməmək üçün səssizcə əsgərlərə mövqelərini göstərdi. Nəhayət, o an gəlib çatdı. Əlini qaldırıb, yumruq formasında tutdu. Yumruğunu qabağa uzadaraq, bədən dili ilə “Marş irəli” dedi. Əsgərləri onun bu əmrini görən kimi, dərhal irəli atıldılar. Ancaq mayor Samid İmanov hər kəsdən qabaqda gedirdi. İlk gülləsi ilə ətrafı qızılca atəş bürüdü. Qurduğu plan sayəsində itki vermədən, düşmənlərin hamısını məhv edə bilmişdilər. Qısa müddət ərzində iyirmiyə yaxın düşmən əsgər və zabiti öldürülmüşdü. Bütün bunları heç bir itki vermədən etməyi bacarmışdılar. Samid İmanov döyüş tapşırığının bitdiyini arxaya çəkilməyi əmr etdi. Düşmənə böyük zərbə vurulmuşdu. Strateji obyektlərindən biri təmamilə məhv edilmişdi. Artıq Azərbaycan Ordusunun irəliləməsi üçün lazım olan əngəllərdən biri qalmışdı.

***
 
Samid İmanovun komandanlığı altında dəstə geri qayıdarkən mühasirəyə salınmışdı. O, ilk gülləyə öz bədənini sipər etmiş, həyatı boyu qarşısına qoyduğu prinsipinə sadiq qalmışdı. Əsgərlərinə heç bir xətər dəyməmişdi. Yaralı olmağına baxmayaraq, Samid İmanov özü şəxsən silah əlində döyüşür, əsgərləri ilə birlikdə Azərbaycan tərəfinə qayıtmağa çalışırdı. Amma atışma zamanı bir gizir də güllə yarası aldı. Samid İmanov vəziyyətin getdikcə ağırlaşdığını görür, çıxış yolu axtarırdı. İllərin təcrübəsi ona başqa yolun olmadığını deyirdi…

***
Əsgərlərin gözü onun üzündə idi. Ancaq komandanın əmri qəti idi və onun əmrindən heç cür çıxmaq olmazdı. Əsgərlər gizir yoldaşlarını da götürüb yavaş-yavaş arxaya çəkilməyə başladılar. Samid İmanov dirsəyi ilə sürünərək, silahını yerdən qaldırıb döyüşməyə, düşmən ordusunu yavaşıtmağa nail oldu. O, elə döyüşürdü, gilələr ətrafa elə yayılırdı ki, sanki düşmən qarşısında bir ordu olduğunu zənn edirdi. Təcrübəli hərbçi mayor Samid İmanov isə tək və yaralı idi.

***
Samid İmanov son damla qanına qədər vətəni, milləti uğrunda döyüşüb,  düşmən təxribatının qarşısını almağa müvəffəq ola bildi. Canını vətən uğrunda sipər etmiş, Aprel döyüşlərində Azərbaycan Silahlı Qüvvələrinin uğur qazanmasına öz töhfəsini vermişdi.

Onun nəşi neytral zonadan götürülərək, şəhid adına layiq bir formada, böyük izdiham içərisində dəfn edilmişdi.
Samid İmanov ailəli idi, iki övladı var. Ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Emin Piri


Facebook-da paylaş