Amerikada azərbaycanlıların birliyini arzulayan xanım

       Amerikada 800 mindən çox soydaşımız məskunlaşıb. Onların arasında milli kimliyini unudanlar da var, özünü Azərbaycanın bir parçası hesab edənlər də. Elələri də var ki, şəcərə baxımından azərbaycanlı olsalar da, Azərbaycan adlı bir ölkənin mövcudluğu onlar üçün heç bir əhəmiyyət daşımır...
     Deyir ki,- “Mən soydaşlarımın arasında olanda özümü dünyanın ən xoşbəxti sanıram. Ən böyük arzum Amerikadakı azərbaycanlıların birliyidir"...
Kübarlığı, yüksək mədəniyyəti, səmimiyyəti, insanpərvərliyi ona həmişə başucalığı gətirib. Paxıllıq, həsəd ruhuna yaddır. Ünsiyyətdə mehriban, necə deyərlər, istiqanlı, zərif xanımdır. İçi gözəllik və sevgi ilə doludur. Ədalətli olmaq onun həyat kredosudur. Nəzakətli davranışdan zövq alır, kobudluğa nifrət edir. Çox zəkalı, saf və təmiz qəlblidir. Dinləməyi bacarır. Çöhrəsindən heç zaman təbəssüm əskik olmur. Son dərəcə həssas insandır. Adamlara dəyər verməyi bacarır...
    ...Atası Vidadi Məmmədov istefada olan polis polkovnikidir. Anası Səmidə xanım evdar qadındır...
Bakıda dünyaya gəlib. Orta təhsilini 174 nömrəli məktəbdə başa vurub. Sonra Azərbaycan Dillər Universitetində ingilis-alman dilləri müəllimi ixtisasına yiyələnib. Daha doğrusu, oranı qırmızı diplomla bitirib. Üç il “Bay Bank”da, doqquz il “Britaniya Hava Yolları” şirkətində müxtəlif vəzifələrdə işləyib. 2013-cü ildən ABŞ-ın Kaliforniya ştatında yaşayır. Hazırda “Sinqapur Hava Yolları” şirkətinin Biznes əməliyyatları departamentində çalışır...
      ...Ömür-gün yoldaşı İsmayıl Rüstəmov kimyaçı alimdir. Akademik Musa Rüstəmovun oğludur. Fidan adında bir qızı var. Fidan xanım rəssamdır. Ailəsi ilə birlikdə Bakıda yaşayırlar...
İctimai fəaldır. “Kaliforniya-Azərbaycan Dostluq Assosiasiyası”na rəhbərlik edir. Azərbaycan naminə gördüyü işləri saymaqla bitməz. Ötən müddət ərzində ölkəmizlə əlaqəli xeyli tədbir həyata keçirib. Onların arasında Qarabağla bağlı olanları da var, milli, rəsmi bayramlarımıza həsr edilənləri də...
    ...Allah öz nurunu ondan əsirgəməyib. Necə ki daxilən gözəldir, eləcə də zahirən. Bu gözəlliklərin vəhdəti onu daha ecazkar göstərir. Asudə vaxtlarında gül-çiçək əkib, onlara qulluq etməkdən zövq alır. Sanki bununla istirahət edir, qayğıdan, yorğunluqdan uzaq olur. “Mən heç kimin deyiləm, mən dünyaya mənsubam, bilirəm ki, qəribəyəm”- söyləyir...
     Bəli, Amerikada 800 mindən çox soydaşımız yaşayır. Haqqında söhbət açdığım Kimiya Məmmədova onların arasında bütün varlığı ilə Azərbaycana bağlı olan insanlardan biridir... 


Elman Eldaroğlu


Facebook-da paylaş