Rəfiqə Məmmədovanın “Avrupa”dakı şeirləri...
83 yaşlı qarabağlı şairin Şuşadan doğan günəşi...
Ömrününü ixtiyar çağlarını, ruhunun müdriklik işığıyla dolu günlərini yaşayan yazıçı-şair Rəfiqə Məmmədovanı xeyli vaxtdı tanıyıram. Bəlkə də bir neçə il olar. Fariz Çobanoğlunun haqqında yazdığı “Sözün Rəfiqəsi” monoqrfiyasına sevərək ön söz yazdığım da yadımdadır. Yaradıcılığını oxuduqca şeirləri, publisistik düşüncələri, hekayə və povestləri necə də şirin gəlirdi mənə. Elə bu şirinliyə görə də duyğulanıb yazdığım ön sözü ruhumun köynəyindən keçirmişdim.
Rəfiqə Məmmədova sinəsi xatirələrlə dolu bir yazıçımız, şairimizdir. Azərbaycan mətbuatında onun özü və yaradıcılığı barədə onlarla məqalə yazılıb. Jurnalistlər, ədəbi tədqiqatçılar zaman-zaman onun yaradıcılığına münasibət bildirməkdən yan keçməyiblər. Respublikamızın çox yerlərini qarış-qarış gəzib-dolaşıb. Gənclik illərində bir ucu Şuşa, Laçın, Kəlbəcər, bir ucu Astara, Lerik, Lənkəran olmaqla məmləkətimizin hər yerinin təbiətinə, mənəvi mühitinə bələd olub. Rəfiqə xanım təkcə Respublikamızın yox, keçmiş Sovetlər İttifaqının da bir çox yerlərində gəzib-dolaşmış mənəvi aləmi, ruhu etibarilə çox zəngin bir xanımdır. 83 yaşı olmasına baxmayaraq gənclik illərinin gözəlliyi hələ də nurlu simasında bərq vurmaqdadır. El dilində desək, zamanında uzun, şəvə hörükləri olub. Bir vaxtlar bu hörüklər böyük sənətkar Bülbülün də diqqətini çəkib. Rəfiqə xanımın dediyinə görə, Opera və Balet Teatrında Bülbülün 60 illik yubileyi qeyd olunurmuş. Onda Rəfiqə xanım da gənc tələbə yoldaşıyla bu görüşə tələsirmiş. Bülbül qızları görüncə heyranlığını gizlədə bilmir. Üzünü Rəfiqə xanıma tutub: Qızım, bu gün burdan çıxan kimi get şəkil çəkdir- deyəndə gənc Rəfiqə təəccüblənir: -Niyə? Bu gənc, gözəl qızın sualını cavabsız qoymayan böyük sənətkar, “hörüyünü ya kəsdirəcəksən, ya da yaşa dolduqca özü töküləcək. Qoy yadigar qalsın”- deyir.
O vaxtdan illər keçib. Çox sular bulanıb, durulub. Bülbülün Vətəni Şuşa düşmən əlinə keçib. İllər sonra yenə Azərbaycan oğulları Şuşanı düşməndən qəhrəmanlıqla azad edib. Az qala, bir əsrin şahidi olan Rəfiqə xanım 30 illik həsrətdən sonra yenə Şuşanın azadlığının şahididir. Elə özünün doğma Vətəni- bütövlükdə Qarabağı öz azadlığına qovuşub. Elə ona görə də Vətənin işğalda qaldığı illərdə Rəfiqə xanım bir çox kədərli, qüssəli şeirlər, nəğmələr yazıb.
Bu yaxınlarda Türkiyədə işıq üzü görən “Avrupa” jurnalında şeirlərini görəndə Rəfiqə xanımla bağlı duyğularım bir daha təzələndi. Jurnalın səhifəsindən gənclik eşqiylə boylanan fotosunu gördüm. Mənə elə gəldi ki, bu elə həmin fotodur. “Sənsiz” romansının bənzərsiz ifaçısı Bülbülü heyran qoyan qızın fotosu. Fotodan aşağıda isə oxuculara Rəfiqə xanımın bir neçə şeiri təqdim olunub. Şeirləri bənd-bənd oxuduqca, poeziyanın ecazkar təsirinə düşürdüm. Adı dilindən düşməyən nəvəsi Ayana həsr etdiyi şeirin son bəndi isə daha çox xoşuma gəldi. Nəvəsinə nə arzulayırdı nənə?
Bəxtimə nur səpən aysan, Ayanım,
Yurd salan, yol çəkən ol, ay gümanım.
Gül dilində danış şirin kəlməylə,
Duyğu coşub axar öz hünəriylə.
Nənənin nəvəsinə arzusu heç bir diləklə müqayisəyə gəlməyəcək qədər gözəl və dəyərlidir; yurd salan, yol çəkən olmaq...
Digər bir şeiri isə Qarabağda fədakarlıqla həlak olmuş Gültəkin həkimə həsr olunub. Rəfiqə Məmmədova bütün yaradıcılığı, bütün ruhu və mənəvi əzmiylə Qarabağın yaddaşı olacaq insanlardan biridir. Qarabağla bağlı ağrılarını bacardıqca sözə, ədəbiyyata, sənətə cəfakeşliklə daşımağı hər zaman özünün ən böyük borcu sanıb. Başqa bir şeirində çadır şəhərciyində acınacaqlı şəkildə yaşayan məcburi köçkünlərin taleyi göz önünə gətirilir. Ümumiyyətlə, çadır şəhərciyi nədir, onun əzabları, izdirabları yığcam bir şeirdə ümumiləşdirilib. İstərdim “Çadır şəhərciyi”ni parçalara ayırmadan sizə təqdim edim.
Bu çadır dərd ümmmanıdı,
Dövran hopub daşına.
Bu da belə ünvandı,
Qaçqın yığıb başına.
Kim dözər acısına,
Yad bayrağın, yad dilin.
Dolaşır ac-acına,
Dili bağlanıb elin.
Bu çadırın qülləsi –
Əsrin dərd abidəsi.
Oxumayın burada,
“Qarabağ şikəstəsi”!
Elə burdaca demək istərdim ki, müharibədə qələbəmizin, zəfərimizin təmin olunmasında şairlərin, yazıçıların, bütövlükdə sənət adamlarının da özəl payı var. Əsgərə, döyüşçüyə ruh verən həm də sözün danılmaz qüdrətidir.
... Çadır şəhərciyində Qarabağ şikəstəsi oxumayın deyən şairin günəşi doğdu. Qarabağ şikəstəsi Şuşada, Cıdır düzündə dəfələrlə dilə gəldi. Qarabağın dağları, daşları sevindi. İndi o yerlərdən təkcə Bülbülün, xan əminin səsi deyil, qəhrəman əsgərlərimizin də nəğməsi eşidilir.
Cıdır düzündə keçirilən “Xarı bülbül” festivalının səsi ərzin hər yerinə çatdı. Və nə yaxşı ki, Rəfiqə anamız da bu hədsiz sevinci bizlə birlikdə yaşadı, gördü. Burdaca düşüncələrimə nöqtələr qoymaq istərdim. Lakin son bir neçə kəlməyə də ehtiyac duyuram. Rəfiqə Məmmədova tarixi bir məkanda yaşayır. Azərbaycanın ən qədim təhsil ocağı Azərbaycan Dövlət Pedaqoji Universitetilə üzbəüz binadakı mənzilindən Azərbaycanımıza iki dəyərli oğul pərvazlandıraraq cəmiyyətimizə qazandırıb.
Təranə Əlizadə,
Sənətşünas
Facebook-da paylaş