"Rusiya Qarabağdakı əməliyyata qarışarsa, onda bu işə Türkiyə də, Pakistan da girməlidir"

 
    "Bu əraziləri geri almaq üçün aldadıcı danışıqlardan başqa nə edirik? Demək olar ki, heç nə..."
     Dağlıq Qarabağda hər hansı oluşumun dövlətimiz, millətimiz üçün əbədi bir təhdid olmaması üçün bu yuva kökündən məhv edilməlidir. Həmişə demişəm, indi də təkrar edirəm ki, Azərbaycan öz ərazisində gecikmədən antiterror əməliyatlarına başlamalıdır...
Azərbaycanda uşaqdan böyüyə hər kəsin Putinin dostu kimi tanıdğı tanınmış iş adamı, hüquq professoru İlham Rəhimov Moderator.az-a müsahibəsində açıq şəkildə deyir ki, Azərbaycanın müharibədən başqa yolu yoxdur və bu problemi gələcək nəsillərə saxlamağa mənəvi haqqımız yoxdur, eyni zamanda biz Qarabağda antiterror əməliyatına başlasaq, rəsmi Moskva neytral qalacaq, o vaxta qədər ki, hərbi əməliyyatlar Dağlıq Qarabağın inzibati ərazisi xaricində baş versin. Sizin bu məsələdə qənaətiniz necədir?
Türkiyənin Ərciyəs Universiteti ermənişünaslıq bölümünün başqanı, ermənişünas alim, professor Qafar Çaxmaqlı bu sualı belə cavablandırıb:
"Mən, əgər izləmisinizsə, hər zaman o qənaətdə olmuşam ki, ermənilər Dağlıq Qarabağ məsələsini həll edilmiş hesab edirlər. Ermənistanda olan jurnalist Şahin Hacıyevin yazısı da bu qənaəti təsdiqlədi. Hətta iş o dərəcəyə çatıb ki, onlar yalnız Dağlıq Qarabağ ərazisi ilə kifəyənməyəcəklərini və bu yöndə ciddi fəaliyyətdə olduqlarını da bəyan edirlər. Bu durum qarşısında sual çıxır ortaya: bəs biz Qarabağı itirilmiş ərazi sayırıqmı? Təbii ki, yox. Amma bu əraziləri geri almaq üçün aldadıcı danışıqlardan başqa nə edirik? Demək olar ki, heç nə. Ərazini geri almaq üçün ən müxtəlif üsullar mövcuddur. Partizan müharibəsi, antiterror əməliyyatları və s. Onların heç biri bu illər ərzində edilməyib. Qarşı tərəf isə bu fikrə gəlir ki, Azərbaycan Dağlıq Qarabağın itirilməsi ilə razılaşıb.
Qarabağla bağlı danışıqlara gəlincə, artıq hər kəsə bəllidir ki, bu yol bizim üçün məqbul yol olmayacaq. Bunu görməmək nadanlıqdır. Ermənilər ətraf ərazilərin müqabilində Dağlıq Qarabağın statusunun müəyyən edilməsini həyasızcasına iddia edirlər. Bu isə Ermənistanda gəlinən qənaətin eynisidir. Yəni Dağlıq Qarabağ ordulu, güclü, müdafiə imkanları geniş olan bir subyekt (Azərbaycanın tərkibində olsa belə) olur və biz ona bundan sonra heç "gözün üstə qaşın var" belə deyə bilməyəcəyik. Həm də separatçı DQ istənilən vaxt Azərbaycanın qopub ayrılmaq imkanlarını əlində saxlayacaq və bizim üçün əvvəlki mövqeyindən daha fərqli təhlükəyə çevrilə biləcək. Bütün bunlar olarsa, Azərbaycan dövlətinin varlığı söz konusu olacaq. Dağlıq Qarabağda hər hansı oluşum dövlətimiz, millətimiz üçün əbədi bir təhdid olmaması üçün bu yuva kökündən məhv edilməlidir. Həmişə dedim. İndi də təkrar edirəm ki, Azərbaycan öz ərazisində gecikmədən antiterror əməliyatlarına başlamalıdır. Bizim Ermənistanla nə işimiz var? Əgər o bu işə qarışarsa, onda bu işə Türkiyə də, Pakistan da girməlidir. Məncə diplomatiyamız çoxdan bu istiqaməti seçməli idi.        Ərazimizdə qanunsuz dəstələr var, onları zərərsizləşdirəcəyik. Təhlükəsizliyimizi təmin edəcəyik. Mən bu məsələni həllinin başqa yolunu görmürəm. Qarabağ məsələsi silahla, güclə həll edilməlidir.
Rusiya və başqa ölkələrin mövqeyinə gəlincə, artıq bunlara əhəmiyyət vermək lazım deyil. Ərazi bütövlüyünün təmin edilməsi başqalarının haqqı olduğu kimi bizim də doğal haqqımızdır. Ərazi bütövlüyümüzü təmin etmək qərarlılığı nümayiş olunmalıdır. Ondan- bundan ədalət gözləməli, ədaləti özümüz bərpa etməliyik".


Facebook-da paylaş