Minlərlə insanı xilas edən kəşf –Dünya tibb elmində inqilabi nəzəriyyənin banisi olan azərbaycanlı
O, indi ABŞ-ın Minnesota ştatında yaşayır və çalışır. 1994-cü ildən etibarən, Amerika vətəndaşıdır. Amerika bəşəriyyətin ən böyük kapitalını – düşünən və icad edən insan beynini satın almaqla sivil qələbəyə doğru əsaslı addım atdı. Bu alim də məhz, həmin sivil qələbəyə aparan yolda əsaslı dönüş nöqtəsi idi.
Dünyanın tanıdığı və istinad etdiyi, lakin özümüzün bixəbər qaldığı Azərbaycan alimləri barədə yazılarını davam etdirir.
Budəfəki qəhrəman dünyada ilk dəfə olaraq “İnsan və heyvanın canlı sümük toxumalarında daxili gərginliklərin mövcudluğu” adlı elmi kəşfə imza atan professor Elyaz Babayevdir.
Həmin kəşfin mərkəzində insan və heyvan sümüklərində, eləcə də yaşla bağlı dəyişən sümük toxumalarında dinamik qüvvəyə malik çoxsahəli gərginliyin ilk dəfə aşkarlanması durur. Alim 1970-ci ildə apardığı çoxsaylı elmi araşdırmalar və eksperimentlər nəticəsində bu kəşfə nail ola bilib.
Elyaz Babayevin kəşfi bu sahənin mütəxəssisləri olan qabaqcıl dünya alimlərini çox heyrətləndirir. Çünki onlar uzun müddətdir ki, bu fizionomik kəşf üçün cəhd edirdilər. Lakin bu, Moskvada elmi fəaliyyətlə məşğul olan qafanlı balasına müyəssər olur. Bu kəşfə qədər sümüklərə, sadəcə olaraq, dayaq-istinad funksiyası daşıyan orqan kimi baxılırdı. Amma bu elmi kəşf aydınlaşdırdı ki, insan və heyvanların hər hansı bir sümüyü öz quruluş və formasından asılı olaraq müxtəlif dinamik gərginliyə malikdir. Artıq bu kəşfdən sonra sümüklərə biotexniki və fizioloji baxımdan tamam başqa aspektdən yanaşılmağa başlandı. Bu kəşf sümük nəzəriyyəsinə orqanizmin elementi kimi yox, vahid sistematik quruluş kimi yanaşmağa məcbur etdi. Modern sümük nəzəriyyəsinin banisi olan Babayev həmçinin sümüklərdə daxili gərginliyin mövcudluğunu, onların sıxılma və genişlənmə proseslərini ilk dəfə tətbiq etdi. Bu tətbiqolunma müəyyən yaş qrupları arasında həyata keçirildi. Uğurla həyata keçirilən tədqiqatlar tibb elminə, sümük xəstəlikləri nəzəriyyəsinə öz faydasını verdi.
Hazırda Rusiya, Avropa və Amerikada Elyaz Babayevin bəlli kəşfi tibb, sümük xəstəlikləri , travmatologiya – ortopediya sahəsində tətbiq olunur. Amma bu nəzəriyyə dünya elmi ictimaiyyəti tərəfindən qısqanclıqla qarşılanır. Aramsız hücumlara məruz qalan alim elmi kəşfini sübuta yetirmək üçün düz iki dəfə doktorluq işini müdafiə etməli olub. 1991-ci ildə Riqa şəhərində “Ultrasəslə canlı bioloji toxumaların emal edilməsi sistemi və texnologiyası” adlı doktorluq dissertasiyasını müdafiə edib. Bu müdafiədən sonra dünya elmi ictimaiyyəti Elyaz Babayevin ixtirasını tanımağa məcbur olub. Bu ixtira əslində, tibb elmində bir inqilab, sümük nəzəriyyəsində isə tamamilə yeni bir mərhələ idi.
Elyaz Babayev 1947-ci ildə Qərbi Azərbaycanın Qafan şəhərində dünyaya göz açıb. 1964-cü ildə həmin şəhərdəki 1 saylı orta məktəbi qızıl medalla başa vurub, elə həmin ildə Texniki Universitetinin qaynaq istehsalının texnologiyası və avadanlığı fakültəsinə daxil olub. 1969-cu ildə təhsilini başa vurduqdan sonra ali məktəbdə saxlanılır, professor vəzifəsinə qədər yüksəlir.
O, 1975-ci ildə Moskvada N.Bauman adına Ali Texniki Məktəbdə “Canlı bioloji toxumaların ultrasəslə qaynağı, kəsilməsi, emalı və biotexnologiyası” mövzusunda dissertasiya müdafiə edir, texnika elmləri namizədi alimlik dərəcəsi alır. 1976-cı ildən keçmiş SSRİ-nin İxtiralar və Kəşflər Komitəsində qeydiyyatdan keçib və xüsusi diploma layiq görülüb.
Professor Eyvaz Babayev hazırda ABŞ-da Amerika, İngiltərə, Kanada alimləri ilə birlikdə çox perspektivli və genişmiqyaslı “Molekulyar hüceyrədə mövcud olan müxtəlif enerji amillərinin öyrənilməsi” mövzusunda elmi araşdırmalar aparır.
İmza: Elmin Nuri
Facebook-da paylaş