Cənnət məkan Şuşada yaşamağı seçmişdi...

       
              Türk əsilli Qacarlar soyundan görkəmli tarixi şəxsiyyətlər və hərbçilər yetişib. Bu sülalənin nüfuzlu simaları arasında siyasi xadim, sərkərdə və tarixə dair təzkirələr müəllifi, taleyini Şuşa şəhərinə bağlayan Bəhmən Mirzə Qovanlı-Qacarın (1811-1884) adı hörmətlə çəkilir.
    ...İran-Rusiya müharibəsi başa çatdıqdan (1826-1828) sonra şahzadə Abbas Mirzə Yəzd və Kirman şəhərlərində baş qaldıran üsyanları yatırır. Daha sonra Fətəli şahın göstərişi ilə Herata doğru hərəkət edərək oranı mühasirəyə alır. Şəhərin alınmasına az qalmış Abbas Mirzə bərk xəstələnir. Məşhədə qayıtmaq məcburiyyətində qalır. Vəziyyətinin pisləşdiyini hiss edir və qaimməqamı (qəza rəisi) yanına çağırır. Vətən qarşısında öz vəzifəsini yerinə yetirə bilmədiyinə təəssüf edərək deyir:
“- İndiyə qədər mənə hər cür fədakarlıq göstərmisən. Əminəm ki, bundan sonra da xidmətini tamamlayıb Məhəmməd Mirzəni şahlığa çatdıracaqsan.
- Qaimməqam fikrə gedir və deyir:
- ... Məhəmməd Mirzə mənimlə düz gəlmir.
Abbas Mirzə oğlunu yanına çağırtdırıb deyir:
- Yanımda hər ikiniz bir-birinizə xəyanət etməyəcəyinizə and için!
Onların hər ikisi bir-birilərinə sədaqətli olacağına and içir. Qaimməqama “artıq ölümdən qorxmuram, rahat öləcəyəm!” - deyən Abbas Mirzə 46 yaşında (1833) gözlərini əbədi yumur.
Bir il sonra (1834) Fətəli şah da vəfat edir. Abbas Mirzənin oğlu Məhəmməd Mirzə şah taxtında oturur. Özündən kiçik qardaşı Bəhmən Mirzə Qacar isə Azərbaycanın hakimi, eyni zamanda İran ordusunun baş komandanı olur. Ancaq işlər belə çox davam etmir. Saray fitnə-fəsadları baş qaldırır. Vəzir Hacı Ağası xan Bayatın təhriki ilə qardaş qardaşa qarşı çıxır. Hətta onun gözünü çıxartdırmaq qərarına gəlir. Vəziyyətin belə ciddi olduğunu görən Bəhmən Mirzə Qacar rus səfirliyinə müraciət edib, sığınacaq istəyir. Gizlin dəniz yolu ilə Lənkərana gəlir. Oradan da Tiflisə gedir. Rus hökuməti onu şərəf və dəbdəbə ilə qarşılayır, şaha layiq təqaüd kəsir. Çarlığın istənilən yerində yaşamaq hüququ verir. O da Azərbaycanın cənnət guşəsi Şuşada yaşamaq istədiyini bildirir. 1851-ci ildə öz ailəsi və yaxın əhatəsi ilə birlikdə Şuşaya köçür. Bəhmən Mirzə Rusiyanın ən yaxşı imtiyazlı məktəblərində oğlanlarına və nəvələrinə təhsil verir. Özü isə siyasətdən uzaqlaşır, tarixə dair “Təzkireyi-Məhəmmədşahi” və “Şükürnameyi-Şahənşahi” adlı əsərlərini yazır...
Bəhmən Mirzənin oğullarının əksəriyyəti hərbçi olub. I Dünya müharibəsi ərəfəsində onların arasından yüksək çinli zabitlər çıxıb. Əmir Kazım Mirzə Qacar (1853-1920) və Amanulla Mirzə Qacar (1862-1937) general, Seyfulla Mirzə Qacar (1864-1926) və Məhəmməd Mirzə Qacar (1872-1920) polkovnik, Port-Arturun müdafiəsi zamanı ağır yaralanan Əliqulu Mirzə Qacar (1854-1905) rus ordusunun podpolkovniki rütbələrini almışlar. Böyük qızı Dilşad xanım imperatriçənin saray xanımı adına layiq görülüb...
Onu da qeyd edək ki, Şamaxıda şair Xaqani Şirvanin əmisi Ömər Kafiyəddinin (XII əsr) Marağada məşhur astronom Nəsrəddin Tusinin (XIII əsr), Təbrizdə tanınmış alim və dövlət xadimi Rəşidəddin Fəzlullahın (XIII-XIV əsrlər), Ərdəbildə Şah İsmayıl Xətainin (XV-XVI əsrlər) kitabxanaları zamanında necə məşhur idisə, Şuşada da XIX əsrin II yarısında Bəhmən Mirzə Qacarın kitabxanası şöhrət qazanmışdı. Bütün bunlar eyni zamanda Azərbaycanın kitab (sistemli əlyazma) mədəniyyətinin qədim və zəngin olduğunun göstəricisidir.
Mənbələrdə o da bildirilir ki, Bəhmən Mirzə Qacar Şuşaya köçəndə özü ilə 95 dəvə yükü qiymətli əlyazma və kitab gətiribmiş. Bəhmən Mirzə Qacar kitabsevərlər arasında ən çox kitab nişanı (ekslibris) olan şəxsdir. Onun bizim dövrə 9 kitab nişanı gəlib çatıb.
Şuşada dünyasını dəyişən Bəhmən Mirzənin xatirəsi onun əsərlərində, Azərbaycan, Rusiya, Ukrayna və Gürcüstanın muzey və kitabxanalarında yer almış kitablarında, habelə zəngin kolleksiyasına məxsus tətbiqi sənət əşyalarında yaşamaqdadır.

İmza: Savalan FƏRƏCOV


Facebook-da paylaş