ZƏNGƏZUR DAĞLARININ ƏKİZ QARDAŞI..


      Bu gün Azərbaycan Dövlət Pedaqoji Universitetinin  Analitik və üzvi kimya kafedrasının dosenti, kimya üzrə fəlsəfə doktoru Hüsü İsa oğlu İbrahimovun ad günüdür. Onun haqqında bəzi düşüncələrimi yazmaya bilmədim...
Gəncliyimdə güllü-çiçəkli sinəsində gəzdiyim ZƏNGƏZUR dağlarını heç vaxt unuda bilmirəm. Bəzən elə adamlarla həmsöhbət oluram, onları, nisgili qəlbimi daim göynədən başı qarlı ZƏNGƏZUR dağlarına bənzədirəm. Daxili aləmi zəngin, böyük şəxsiyyətlərlə uca dağların arasında bir oxşarlıq var. Dağın möhtəşəmliyini görmək üçün məkanca uzaqlaşmaq, şəxsiyyətin böyüklüyünü, qüdrətini dərk etmək üçünsə zamanca aralanmaq lazımdır. Hərçənd elə şəxsiyyətlər var ki, onların böyüklüyü elə zəmanəsində etiraf edilib, haqqında daim xoş fikirlər söylənilib, həqiqət deyilib. 
Hüsü müəllim gənclik illərindən bəri böyük şəhərlərdə yaşasada, mənəviyyatca, əxlaq baxımından, hər işdə böyük səbr və təmkin göstərməklə elə dağların oğludur. Dağların müdrikliyi elə bil onun boyuna biçilibdir. Saçlarının ağlığı, boyunun yaraşığı onu başı qardan ağ çalma bağlayan, dumanl zirvəsinə əl çatmayan, ün yetməyən ZƏNGƏZUR dağlarına bənzədir. Yəqin dünyaya göz açdığı ZƏNGƏZUR dağlarının ruhu, abı-havası atadan, babadan onun qanınına, iliyinə işləyib... Yoxsa insan övladında hardandı bu qədər dağlara bənzəmək, dağlara tay olmaq qüdrəti...
Bu gün sizin ruhunuzun daşıyıcısı olduğu, mənəvi aləminizin  izi ilə daim can atdığım ZƏNGƏZUR dağlarını görür, səyahət edə bilir, bir sözlə, ruhumda yaşadıram... Uca Tanrı sizi zamanın nəbzi və nəfəsi kimi yetirib... Sizin mənəvi aləminizdə ZƏNGƏZUR dağlarının baş tacı olan   “QAZAN GÖLÜ”nün gözəlliyi­ni duyduğum kimi, dağların zirvəsində şahanə görkəmi ilə süzən qartalın uçuşuda gözlərimdə canlanır...
Elə bil sizin yaşınız cismən sinəsindən qopub gəldiyiniz, fəqət ruhunuzun orada qaldığı o dağların, dərələrin, çayların, bulaqların yaşı qədərdir...
Müasir dünyanın qarma-qarışıq vaxtında siz büllür saflığınızı qoruyub saxlaya bilibsiniz... Kinsizliyiniz, qərəzsizliyiniz, insanlara doğmalığınız, hər kəsə özünüzü mənən borclu bilməyiniz... bütün bunlar sizi tanıyanların daim etiraf etdikləri həqiqətdir... Həmkarlarınız, tələbələriniz, bir sözlə insanlar da sizi çox sevir... 
...Hələ sizin bir çoxlarına görk olacaq elmi-pedaqoji fəliyyətiniz haqqında danışmıram. Bu gün şöhrəti dünyanı tutan və bütün DÜNYANIN gözü qarşısında dağılan, bombalanan Ukrayna elmi məktəbində gənclik illərinizdə keçdiyiniz elmi mühiti demirəm. ...Bütün bunlar başqa bir vaxtın  və mövzunun söhbəti olacaq...
Siz mənim üçün ZƏNGƏZUR dağlarının bir parçasısınız... sadəcə yeriyən, danışan, pedaqoji fəaliyyəti ilə möcüzələr yaradan parçası... 
Siz, ruhumun əbədi  qaldığı ZƏNGƏZUR dağlarının möhtəşəm gözəlliyi, saflığı ilə mənim qəlbimin arasında sarsılmaz bir körpüsünüz.
Yaşayın..., çox yaşayın ki, sizin timsalınızda o dağları, sizin əkiz qardaşınızı – ruhumuzun əbədi yaşadığı yeri – ZƏNGƏZUR dağlarını görə bilək...
 
Əli ZALOV,
Azərbaycan Dövlət Pedaqoji Universitetinin
Analitik və üzvi kimya kafedrasının müdiri,
kimya elmləri doktoru, 
Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi


Facebook-da paylaş