Şəhidimiz Məhəmmədəli İbrahimli...

    

     Şəhidimiz Məhəmmədəli İbrahimlini daha geniş miqyasda  tanıtmaq, onun qısa, amma çox şərəfli ömür yolunu işıqlandırmaq barədə onun mənəvi anası sayılan, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “Cihaz mühəndisliyi” kafedrasının müdiri, texnika elmləri doktoru Lalə xanım Bəkirova təklif irəli sürəndə “əlbəttə yazarıq” deyə düşünürdüm. Çünki, Məhəmmədəlinin ailəsini tanıyırıq, itkin düşəndən sonra 63 gün axtarışlarını izləmişik, gecə-gündüz ümidlə yolunu gözləmişik, əziz tələbəmiz olub, bir sözlə onun haqqında kifayət qədər məlumatımız var. Məlumatları əlyazmasında qeyd etməyimizə baxmayaraq, yazını formalaşdırmağın nə qədər çətin olduğunu başa düşdük. İnsanın bir barmağı kəsiləndə dünya gözündə qaralır. Gözünü qırpmadan sinəsini güllələrə sipər edən gənc, gözəl, magistratura bitirmiş bir oğlanın torpağı suvaran qanı ilə yazılmalı qəhrəmanlıq dastanını yazmaq asan deyilmiş. Deyiləcək söz, onun ömür yolunu ifadə edəcək kəlmələr tapmaq çətindir. Vikipediyada Məhəmmədəli barədə yazılanları görəndə isə Lalə xanımın Məhəmmədəlinin anası İlhamə xanımın səsinə qarışan “can ay Məhəmmədəli” nalələrini eşitməmək mümkün deyil.  Bu ana ağıları  onun şəhid olduğu yerləri işıqlandırır yəqin. Bu mütləq belədir, çünki, anaların fəryadı oğulların şəhid olduğu məkanlara çatır...

    Azərbaycanın qəhrəman oğlu Məhəmmədəli Mütəllim oğlu İbrahimli əslən Fizuli rayonunun Cuvarlı kəndindəndir. Qaçqınlıq onun ailəsini Beyləqana gətirib. Məhəmmədəli 22 noyabr 1996-cı ildə Beyləqan rayonunda anadan olub. Qəhrəmanlıq elə bir fenomendir ki, mütləq ailədən, qandan, genetikadan başlanır. Məhəmmədəlini tanıyan hər kəs onun potensial qəhrəman olduğunu bilirdi. Bakının Sabunçu rayonundakı 215 saylı məktəbi bitirib. Hələ ibtidai sinifdə oxuyarkən təşkilatçılıq qabiliyyəti ilə seçilib, sinif nümayəndəsi olub. Onun ibtidai sinifdə oxuyarkən hərbiçi olmaq istədiyi məktəbin şagirdləri barədə yazılmış kitabda öz əksini tapır. Bu kitabda Məhəmmədəlinin dediklərini eynilə nəzərinizə çatdırırıq. Şəkillərdə bu yazını tapa bilərsiniz. 
    ADNSU-nun 601 qrup tələbəsi olanda da, o  müəllimlərin, kafedra əməkdaşlarının və tələbələrin sevimlisi olub. Qrupda daim lider olub, zəif tələbə yoldaşlarına hazırlaşmaqda kömək edib, hamının yaxşı qiymət almasına çalışıb. Qrup yoldaşları ona Maqa deyirdi. Ona dərs deyən bütün müəllimlər onun vətənini sonsuz məhəbbətlə sevən əsil türk oğlu olduğunu təsdiq edir. Millət və dövlət sevgisi, ölkəmizin gələcəyi barədə düşüncələri ilə həmişə müəllimlərin, onu əhatə edənlərin, dostlarının xüsusi rəğbətini qazanıb. Universiteti bitirəndən sonra da həmişə kafedraya gəlirdi. Kafedranın müəllimləri onun Azərbaycan sevgisinə, azərbaycançılıq uğrunda çalışmalarına hörmət edirdi. Qarabağ FK-nın (İmarət) əsil azarkeşi olub. Dostaları ilə komandanı aktiv dəstəkləyən şəhidimizin xatirəsinə hörmət əlaməti olaraq komanda bu ilki oyunlarının birində üzərində Məhəmmədəlinin şəkilləri olan köynəklər geyinərək qəhrəman şəhidimizi ehtiramla anıblar. 

   
 Yurd, torpaq həsrətli ailədə böyüyən qəhrəmanımız Xocalı soyqırımı günlərində özünə yer tapmaz, “Biz mütləq Xocalının, ermənilərin insanlığa sığmayan vəhşiliklə törədikləri soyqırımına məruz qalan soydaşlarımızın, körpələrimizin, əsir alınan qız-gəlinlərimizin qisasını alacağıq, almalıyıq!” deyərdi. İşğal olunmuş torpaqlarımızın alınmasına çox inanırdı.  Orda bir yol var uzaqda, o yol bizim yolumuzdur... Biz hamımız onun bu yolu gedəcəyinə, qələbə ruhuna əmin idik. Təəssüflər olsun ki, bu yoldan geri dönməyəcəyini bilmirdik.  
Atası Xəlilov Mütəllim İbrahim oğlu I Qarabağ müharibəsi iştirakçısıdır. Onu dinləyəndə adamın ürəyi qürur hissi ilə döyünür. Məlum olur ki, Məhəmmədəli məhz bu tərbiyənin nəticəsində qəhrəman olub. Mütəllim son günə qədər evindən çıxmayıb, qonşu qızları axşamlar Mütəllimgildə toplaşırmış, bir yerə yığılarlarmış ki, erməni gələndə tək olmasınlar. Mütəllim bacısına deyib ki, şkafın üstünə 2 güllə qoymuşam, əgər ermənilər gəlsə özünüzü vurun. Bacısı bundan sonra sakitləşib, Mütəllimin qoyduğu güllələrə görə arxayınlaşıb ki, erməni əlinə düşməyəcəklər. Beləliklə, Mütəllimin ailəsi kənddən getməyi düşünmürmüş. Qonşular yığışıb anasının yanına gəlir ki, Mütəllim kənddən çıxsın ki, bizdə çıxaq, yoxsa ermənilər hamımızı qıracaq. 
     Mütəllim biləndə ki, ermənilər kənddə iki qadının qulağını kəsib, birini atın quyruğuna bağlayıb ölənə qədər sürüyüblər, artıq kənd əhalisinin zərər görməməsi üçün kənddən çıxmaq qərarına gəlib. Anasını və bacısını ata mindirib ki, qaçsınlar, anası ev paltarında imiş, soruşub ki, “ay Mütəllim, mən hansı paltarı geyinim?”, bu sual insanı dəhşətə gətirir, çaşıb qalmış ananın nə geyinməyini belə unutması, bu qırğının amansızlığını bir daha təsdiq edir. Anasını, bacısını yola salandan sonra Mütəllim geri, müharibə zonasına qayıdır. 
Mütəllim ata onu da yana-yana qeyd edir ki, mən Məhəmədəliyə az xərclik verirdim, daha çox pul verə bilərdim, bu məni çox incidir, unuda bilmirəm. Bir dəfə yuxuda gördüm ki, deyir ata, niyə narahat olursan, mən uşaq deyildim ki. Ona təzə ayaqqabı almışdım, evə gələndə gördüm ki, yenə köhnə ayaqqabı geyinib, anası dedi ki, ayaqqabısını bir dostu ilə dəyişib. Mən Məhəmmədəliyə həmişə düzlük öyrətmişəm, amma, həyatın bu biri tərəfi də var axı, bu tərəfi barədə heç nə öyrətməmişdim. 26 fevral gələndə dəyişirdi, narahat olurdu, Mübarizin qəhrəmancasına həlak olmasından sonra Məhəmmədəli birdən birə tamamilə dəyişdi, fikri, məqsədi ancaq Xocalının qisasını almaq idi. 
Mübarizdən sonra Məhəmmədəli hələ təhsil almasına baxmayaraq, müəllimlərinə də deyirdi ki, valideynlərimə qarşı haqsızlıq etmək istəmirəm, təhsilimi yarıçmıq qoysam onlar narahat olacaq, amma Qarabağa getmək istəyirəm, vuruşmaq istəyirəm. Dəfələrlə təhsilini yarımçıq qoyub Qarabağa getmək istəyirdi, amma müəllimlər ona məsləhət görürdü ki, təhsilini tamamlasın, sonra orduya getsin. Qəhrəman Mübarizin qəbri üstündə Məhəmmədəlinin şəklini də sizə təqdim edirik. Təqdim edirik ki, bu xalqın Vətənə canını fəda edən oğullarının nə qədər uca amala xidmət etdiyini bilək. 
          Anası İlhamə xanım 63 günlük itkinlik zamanını belə ifadə edir: 57 gün idi ki, axtarırdıq, yollarda həlak olmuşduq. Axırda dedik ki, allaha həvalə edək, ona pənah aparaq, görək nə olacaq. Əllərimi göylərə açdım, dedim, ay Allah dözə bilmədiyimiz yükü bizə vermə, bizə bir yol göstər. Həmin gecə yuxuda gördüm Məhəmmədəli gəlib, başımı dizinə qoydum, həmin dəqiqə ayıldım. Üç gündən sonra xəbəri gəldi. Övladımdır deyə demirəm, o çox rəhimli idi, ürəyi böyük idi. Özü qaçqınlıq həyatını görmüşdü, yoxluğun nə demək olduğunu bilirdi. Qaçqınların ailələri ilə daim əlaqə saxlayırdı. Bir dəfə eşidib ki,  uşaq anasından soruşur: şirinçayla içməyə şor-çörək də yoxdur? Bu sözləri eşidəndən sonra gəlib yoldaşlarına deyib ki, kimin nə qədər pulu var, məndə üç manat var, ikisini qoyuram, biri yol pulu qalsın. Uşaqlardan biri 50 qəpik, qalanları 1-2 manat olmaqla pul toplayıb, bazarlıq edib gətirib o ailəyə verib. Həmişə zarafatla deyirdi ki, anam elçi gedəndə deyəcək ki, oğlumun iki diplomu var (bakalavr və magistr). Qardaşı ilə əziz, böyük qardaş kimi, onun övladı ilə əmi kimi çox mehriban idi, ümumiyyətlə, evdə sakit, problemsiz uşaq olub. Qardaşı ondan doymayıb, oğlu isə hələ də inanır ki, bir gün sevimli əmisi Məhəmmədəli qapıdan girəcək. 
     Tələbə olanda Məhəmmədəli dostları ilə çayxana işlədib “Nur” uşaq evi üçün pul toplayırmış. Atası deyir ki, indi bu çayxananı böyütmək, onun işini davam etdirmək istəyirəm. Məhəmmədəli kənddən gələn kasıb tələbələrin kirayə pulunu vermək üçün 700 manat pul yığıbmış. Sonra bu pulla Nur uşaq evində yaşayan ata-anasız uşaqlara paltar və idman forması alıb. Çünki, uşaq evindəki ehtiyac daha çox idi. İndi qardaşı tez-tez həmin uşaqlara baş çəkir, yardım əli uzadır. Deyir Məhəmmədəlinin getməmişdən əvvəl gəlincik almağa söz verdiyi körpə qıza gəlinciyi verəndə “bəs Məhəmmədəli əmi  gəlməyəcək?” deyə soruşub...
Sonra Məhəmmədəli görür ki, bu pul azdır, gələcəkdə işi böyüdüb, uşaq evinə, tələbələrə və məcburi köçgünlərə kömək etmək istəyirmiş. İndi atası bu işi davam etdirmək istəyir, allah kömək olsun. İdman formasını Təbrizin “Traktor” komandasını tanıtmaq üçün alırdı. Özü də bu komandanın azarkeşi idi. 
     Atası deyir ki, mən Qarabağdan qaçqın kimi Bakıya gəldim, Məhəmmədəli isə Bakıldan Qarabağa getdi və qayıtmadı... Bu yerdə Prezidentimiz İlham Əliyevin müharibə vaxtı dəfələrlə dediyi “bu uşaqlar Qarabağı görməyib, amma Qarabağ uğrunda canlarını fəda etdirlər, Qarabağ uğrunda qəhrəmanlıqla döyüşürlər” sözlərini xatırlayırıq. 
     Çox təsirli bir hadisə də var, bunu necə izah etmək olar bilmirik, amma, şəhid ruhu xəbər verib yəqin. Bu yaxınlarda Mütəllim ata yuxuda Məhəmmədəlini görüb, soruşub ki, hardasan, Məhəmmədəli cavab verib ki, Zəngəzurdayıq. Axı, o gedəndə Zəngəzur məsələsi yox idi, bu necə ola bilər? Mütəllim ata çox təsirləndiyi bir məsələni də qeyd etdi:Məhəmmədəlini gətirəndə mən özümü itirmişdim, demək istədiyim sözləri tapıb deyə bilmirdim, Lalə xanım mənim demək istədiklərimi o qədər yaxşı ifadə elədi ki, ürəyim sakitləşdi. Ürəyimdə nə vardısa, Lalə xanım məhz bu sözləri dedi. 
    Lalə xanımla çox isti, mehriban münasibəti vardı, həyatda gördüyü ədalətsizlikləri, etibarsızlıqları onunla bölüşürdü. Deyirdi ki, vaildeyinlərimə haqsızlıq etsəm belə, Qarabağa gedəcəm.  Magistr olanda bir müəllim hazırlıqlı, çalışqan olmasına baxmayaraq, ona aşağı qiymət yazmaq istəyirmiş. Lalə xanım həmin müəllimin adını soruşub ki, de, mən xahiş edərəm səninlə əlavə məşğul olsun, yuxarı qiymət ala biləsən, amma Məhəmmədəli deməyib, desəm bu satqınlıq olar deyib, özü çalışıb yuxarı qiymət alıb. 
    Məhəmmədəlinin yaşında dünya səviyyəsində çox qəhrəmanlar var, biz bunu bilirik, amma, hər qəhrəmanın öz tarixi var, öz taleyi var. Məhəmmədəli əsil xalq qəhrəmanıdır, ürəyi Azərbaycan sevgisi ilə dolu, ancaq xalqı üçün, torpaqların azad olunması üçün yaşayıb, biz bunu onun ibtidai sinifdə olanda yazdığı yazıda görürük. Beyləqanda anadan olan, sonra Bakıya köçüb gələn ailənin həyatı Məhəmmədəlinin qəhrəmanlıq tarixində əks olunur. Onun otağında az yaşında çox məlumatlar toplanıb. Bu otağa girəndə onun şəxsiyyətini tam mənasında dərk edirsən.  Döyüş tarixi sentyabrın 27-də başlayan şəhidimiz oktyabrın 3-dən 4-nə keçən gecə döyüşdə ağır yaralansa da, bir həftə hospitalda müalicə aldıqdan sonra özünün təkidi ilə yenidən cəbhəyə qayıdıb. 13 oktyabr 2020-ci ildə Ağdərə istiqamətində gedən döyüşlərdə şəhid olub. Məhəmmədəli İbrahimli 15 dekabr 2020-ci ildə Sabunçu Şəhidlər Xiyabanında dəfn edilib. Vətən üçün can fəda deyən bir vətəndaşın yolunu keçən şəhidimiz burda torpağa qovuşub. Burada bir qeyd də etmək lazımdır. Lalə xanım gözləyir ki, o yerlər minalardan təmizlənsin, Məhəmmədəlinin həlak olduğu yerə gedək, bu bizə böyük təsəlli olar. Ilhamə xanım dedi mənə söz veriblər, oralar minalardan təmizlənəndə  bizi ora aparacaqlar, gedib oralara güllər əkəcəyəm. Biz də gözləyirik.
    Orda bir yol var uzaqda, o yol bizim yolumuzdur... Biz də bu yola çıxaq, nur üzlü, böyük ürəkli şəhidimiz Azərbaycanın qəhrəman oğlu Məhəmmədəli İbrahimlinin və onun kimi qəhrəmanlarımızın qanı ilə suvarılmış o yerlərə gedək... 





Lalə Bəkirova,
Amaliya Murad
 


Facebook-da paylaş