AZƏRBAYCAN DÖVLƏT PEDAQOJİ UNİVERSİTETİNİN PROFESSORLARI...


     Pedaqoji elmlər doktoru, Əməldar elm xadimi, Beynəlxalq Pedaqoji Akademiyanın həqiqi üzvi, Pedaqoji və Sosial Elmlər Akademiyasının akademiki, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, , “Akademik Mehdi Mehdizadə”, “Gənc alimlər” və “Qızıl qələm” mükafatları laureatı  Fərrux Rüstəmovun müəllifi olduğu “Azərbaycan Dövlət Pedaqoji Universitetinin Professorları” kitabı (Fərrux Rüstəmov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin professorları, Bakı, ADPU, 2021, 544 s.) Pedaqoji Universitetin bir əsrlik tarixi onu yaradan, inkişaf etdirən və sabaha aparan alimlərin simasında təqdim edilir.
     Məlumdur ki, müasir mürəkkəb dünya nizamında ölkələrin yeri və rolu, iqtisadi inkişafı, hərbi əzəməti onun elmi potensialı ilə bilavasitə əlaqədardır. Buna görə də ölkəmizdə elm və təhsil dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilərək, xüsusi diqqət də saxlanılır. Xalqımız tarixin bütün dövürlərində bəşər mədəniyyətinə dəyərli töhfələr verən neçə-neçə işıqlı zəka sahibləri yetişdirmişdir. Onlar dünya elm və mədəniyyətinin inkişafına zəngin mənəvi xəzinə bəxş etmişlər. Müxtəlif zamanlarda insanlıq qarşısında böyük xidmətləri olmuş Mirzə Kazım bəy, Abbasqulu ağa Bakıxanov, Mirzə Fətəli Axundov, Mirzə Şəfi Vazeh kimi ziyalılar millətin xilasını maariflənməkdə görür, bu yolda əzmlə çalışırdılar.
Məktəbimizin və pedaqoji fikrimizin keçmişini öyrənmək, onun hazırkı vəziyyətini də müqayisə edib öyrənməyə kömək edir. Keçmiş irsimizə nəzər saldıqda bu günün nailiyyətlərinin keçmişdən qidalandığını, ondan qüvvət aldığını da görürük.  Keçmişlə müasirliyi düzgün uzlaşdırıb dəyərləndirmədən, müqayisə etmədən pedaqoji fikrimizin səviyyəsini müəyyənləşdirmək çətindir.
    Müdriklər yaxşı demişlər ki, keçmişi unutmaq olmaz, çünki o gələcəyin müəllimidir.  Elmimizin bir çox sahələrində gələcək üçün zəmin təşkil edən bu günün ağıllı, qabaqcıl fikirləri keçmişin mütərəqqi irsi ilə sıx bağlıdır. Məktəbin və pedaqoji fikrin keçmişini öyrənmək, onun gələcək perspektivlərini də öyrənməyə kömək edir.
     Şərqdə, o cümlədən Azərbaycanda təhsilin, pedaqoji fikrin inkişafında Nizam-əl Mülkin yaratdığı «Nizamiyyə» mədrəsəsinin böyük rolu olmuşdur. Bu mədrəsələrin quruluşu, tədris üsulları, buradakı təhsilin məzmunu Şərqin və Qərbin təhsil sisteminə qüvvətli təsir göstərmişdir. «Nizamiyyə» mədrəsəsində dərs demiş və təhsil almış azərbaycanlı müəllim və tələbələr yüksək mənəvi, əxlaqi keyfiyyətlərə, geniş və hərtərəfli bilik və dünyagörüşə malik olaraq ümumşərq mədəniyyətinin inkişafma xidmət etmişlər.
  
      Yüz illərlə Azərbaycan alimlərinin ədəbi-pedaqoji yaradıcılığı, didaktik fikirləri, ümumtürk mədəniyyətinin, tərbiyə və təhsilinin zənginləşməsinə öz töhfələrini vermişdir. Azərbaycan alimləri heç vaxt milli çərçivədə qalmamış, müsəlman-Şərq aləminin mühüm mədəni mərkəzlərini gəzib-dolaşmış, bir tərəfdən elmləri öyrənmiş, digər tərəfdən isə öz biliklərini həvəslə başqalarma öyrətmiş, müxtəlif tədris müəssisələrində müəllimlik etmiş, əsərləri ilə insanlarm mənəvi inkişafma, əxlaq tərbiyəsinə qüvvətli təsir göstərmiş, əqli həyatın, mütərəqqi yaşayışın inkişafma kömək göstərmiş, dünya mədəniyyətini zənginləşdirmişlər.
Azərbaycanda məktəb və pedaqoji fikrin inkişafı ümumtürk, ümumislam pedaqogikası və mədəniyyəti, ədəbiyyatı və fəlsəfəsi ilə sıx qarşdıqlı əlaqədə olmuş və bu əlaqələr Azərbaycan məktəb və pedaqoji fikrinin inkişafına qüvvətli təsir göstərmişdir. Ensiklopedik zəka sahiblərinin bədii-fəlsəfi, didaktik-pedaqoji əsərləri şəxsiyyətin formalaşmasında, kamil insan yetişdirilməsində önəmli yer tutmuşdur. Azərbaycan məktəbi, təhsili və pedaqoji fikri ümumtürk, ümumislam mədəniyyətinin bir parçası kimi həm Şərq, həm də ümum bəşəri dəyərlərdən faydalanaraq öz milli inkişafını sürdürmüş, Şərq, Azərbaycan ruhunu saxlamış və dünya elm və mədəniyyətinə dəyərli töhfələr bəxş etmişdir. 
      Azərbaycan xalqınm, onun yetişdirdiyi böyük alimlərinin gənc nəslin təlimi və tərbiyəsi, kamil, hərtərəfli, ahəngdar inkişaf etmiş şəxsiyyətin yetişdirilməsi haqqmda çox əsrlik pedaqoji fikir və düşüncələri bu gün də aktual və əhəmiyyətlidir. Yeni məzmunlu, milli zəminə əsaslanan təhsil sistemimizin qurulmasmda, yeni pedaqoji təfəkkürün yaradılmasmda, təhsilimizin dünya təhsil sistemi ilə bir sırada addımlamasında heç şübhəsiz klassik pedaqoji irsimizə, onun ən yaxşı ənənələrinəmüraciət edilməlidir. 
      Yüz yaşlı Azərbaycan Dövlət Pedaqoji Universiteti çətin, mürəkkəb və şərəfli bir yol keçmiş, pedaqoji və elmi-pedaqoji kadr hazırlığı sahəsində zəngin ənənələrə malik elm və təhsil ocağına çevrilmişdir. Burada parlaq zəka sahiblərindən dərs alanların bir çoxu istedadlı alim, mədəniyyət xadimi və yazıçı kimi məşhurlaşdı, partiya və dövlət xadimi kimi tanındı, qabaqcıl müəllim kimi ad-san qazandı, bir sözlə xalqımızın şöhrət simvollarına çevrildilər.
Azərbaycan Milli Elmlər Akademiyasını təsis edənlərdən   Yusif Məmmədəliyev, Heydər Hüseynov, Səməd Vurğun Pedaqoji Universitetin məzunu,  Aleksandr Qrossheym, Üzeyr Hacıbəyov və Mir Əsədulla Mirqasımov isə müəllimi olmuşdur. Akademiyanın prezidenti seçilmiş alimlərdən Yusif Məmmədəliyev, Zahid Xəlilov və Həsən Abdullayev ADPU-nun yetirmələri olmuşdur.
     Pedaqoji Universitetin məzunları və ya təmsilçiləri sırasından SSRİ Pedaqoji Elmlər Akademiyasının müxbir üzvləri, Azərbaycan EA-nın müxbir üzvləri, SSRİ xalq müəllimləri, Sosialist Əməyi Qəhrəmanları, Sovet İttifaqı Qəhrəmanları, Azərbaycanın Milli Qəhrəmanları olmuşdur.
     Pedaqoji Universitetin belə parlaq zəka sahibi olan məzunlarının fədakarlığı nəticəsində ölkəmizdə güclü elm və təhsil mühiti formalaşmış, müxtəlif təhsil ocaqlarının geniş şəbəkəsi yaranmışdır.
    Pedaqoji İnistitut yaradıldıqdan sonra təhsilin və elmin təşkilinə kömək etmək məqsədilə Azərbaycana dəvət olunan görkəmli alimlərin sayəsində dilçi və ədəbiyyatşünasların, tarixçilərin, pedaqoq-psixoloqların, riyaziyyatçıların, bioloq və kimyaçıların ilk nəsli formalaşmışdır.
     Bu elm və təhsil fədailərinin köməyi ilə yetişən milli elmi-pedaqoji kadrlar sonrakı  illərdə bütün çətinlikləri dəf edərək elmi məktəb və elmi istiqamət yaratmağa nail oldular.
Bu görkəmli elm xadimlərinin bilavasitə diqqət və qayğısı nəticəsində universitetimizdə yetişən yeni nəsil professorlar onların yaratdıqları ənənəni uğurla davam etdirirlər.
“Azərbaycan Dövlət Pedaqoji Universitetinin professorları” kitabında həyatının hansısa məqamında Pedaqoji Universitetlə bağlı olan 400 nəfər elmlər doktoru, professor haqqında oçerklər verilmişdir. Kitabda haqqında oçerk verilmiş elm və təhsil adamlarının əksəriyyəti adlarını nəinki Pedaqoji Universitetin, eyni zamanda Azərbaycan xalqının elm və təhsil tarixinə yazan alimlərdir. 
     Pedaqoji Universitetin inkişafında misilsiz xidmətləri olan müxtəlif taleli böyük zəka sahiblərinin həyat və yaradıcılığından bəhs edən bu kitabın əsas məqsədi elm və təhsil fədailərinin xalqa yaxından tanıtmaq, onları hörmət və ehtiramla xatırlamaqdır.
Fəxr hissi ilə qeyd etmək istərdim ki, ADPU-nun kollektivi ilə birgə fəaliyyət göstərərək şərəfli missiyanı davam etdirmək mənə də nəsb oldu. Bir sözlə Azərbaycan Dövlət Pedaqoji Universitetinin tarixi bu universitetlə bağlı olan insanların tarixidir.
     Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illik yubileyinə həsr olunan bu kitab - layihənin rəhbəri və ön sözün müəllifi ADPU-nun rektoru, tarix elmləri doktoru, professor Cəfər Cəfərovun yazdığı kimi (kitabın elmi redaktoru  ADPU-nun elm və innovasiyalar üzrə prorektoru, fizika-riyyaziyyat elmləri doktoru, professor Asəf Zamanovdur) taleyini bu elm məbədi ilə bağlamış parlaq zəka sahiblərinə ucaldılan bir abidədir.
    “Azərbaycan Dövlət Pedaqoji Universitetinin professorları” kitabını sona qədər vərəqləyib başa çıxdım. Kim bilir hələ neçə dəfələrlə bu dəryaya yenidən baş vuracağam. İnsanların taleyinə, keşməkeşli ömür-gün yoluna baxıb xəyallara dalaçağam. Fikirimə, düşüncəmə qüvvət vermək üçün bax elə burdaca müəllifin –istedadlı alim Fərrux Rüstəmovun fikirlərinə söykənirəm. “...Adları bu kitaba daxil edilmiş elm adamları ilə bağlı materialları hazırlayarkən xeyli müddət arxivlərdə oldum, müxtəlif mənbələri araşdırdım, müdrik insanlarla həmsöhbət oldum. Bu təhsil ocağını yaradanların, yaşadanların və sabaha aparanların işgüzarlığına, milli təssübkeşliyinə, fədakarlığına heyran qaldım. Onlar ilk milli təhsil ocağının yaradılması uğrunda, sözün həqiqi mənasında böyük mücadilə apararaq bütün çətinliklərə və əziyyətlərə baxmayaraq möhtəşəm bir təhsil məbədi yaradıb, onu dövrün buz kimi soyuq ictimai-siyasi hadisələrindən, totalitar rejimin təzyiqlərindən qoruyub. Represiya olunaraq Sibirin şaxtalı-qarlı çöllərində donsalar da, 15-20 dəqiqəlik dindirmələrdən sonra güllələnsələr də, bu müqəddəs ocağın alovunu sönməyə qoymayıblar. Estafeti ildən-ilə layiqli və ləyaqətli nəsillərə ötürüblər.”
Böyük axtarışın, gərgin əməyin bəhrəsi olan bu sanballı əsərlə tanışlıq insanlarda sələflərimizin və müasirlərimizin yaratdığı elmi-pedaqoji irsə ehtiram hissi aşılayacaq, tələbə və gənc tədqiqatçılarda isə milli təssübkeşliyi gücləndirəcək və müəllim peşəsinə daha böyük maraq oyadacaqdır.
 
Əli ZALOV,
Azərbaycan Dövlət Pedaqoji Universitetinin
Analitik və üzvi kimya kafedrasının müdiri, 
kimya elmləri doktoru, Qabaqcıl Təhsil işçisi


Facebook-da paylaş