Tələbə adını qazanmağın sevinci...




     Dövlət İmtahan Mərkəzi (DİM) 2023/2024-cü tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə ixtisas seçiminin nəticələrini elan edib. Tələbə adı qazanmış 51941 abituriyent arasında şəhid övladları da var. Hər il olduğu kimi, bu il də minlərlə abituriyent tələbə adını qazandı. Minlərlə tələbənin ailəsində sevinc hissləri yaşandı. Valideynlər övladları ilə qürur duydular, keçirdikləri həyəcan, intizar artıq geridə qaldı. Müəllimlər də sevindi, onların da etimadları doğruldu, çəkdiləri zəhmət hədər getmədi.

    Tələbə adını qazananlarsa özlərini çox xoşbəxt hesab edirlər. Valdeynlərinin, müəllimlərinin, əzizlərinin, yaxınlarının-bir sözlə, onlardan xoş cavab gözləyənlərin ümidlərini doğrultduqları üçün sevinirlər. Bəlkə də, sevinclərinin səbəbləri sırasına fərqli mühitə düşmə, yeni-yeni dostlar, tanışlar qazanma duyğusu da daxildir. Həm də yuxusuz, gərgin gecə və gündüzlərin, stress və narahatlıqların artıq arxada qalması düşüncəsi onları fərəhləndirir. Bəli,  onlar tələbə adını qazanmaq şərəfini yaşayırlar. Bu gün sonsuz sevincdən  Xırdalan şəhəri 1 nömrəli tam orta məktəbin məzunları Humay və Səbinə Əliyeva bacılarına da böyuk pay düşüb. Onlar da ən yüksək bal toplayaraq Azərbaycanın ali təhsil ocaqlarının tələbəsi olublar. İllərin zəhməti nəhayət öz bəhrəsini verdi.  Humay Bakı Dövlət Universitetinin Azərbaycan dili-ədəbiyyat fakültəsinə, Səbinə isə Sumqayıt Dövlət Universitetinin Fizika fakültəsinə qəbul olundular. Bacıların anası Elnurə İsgəndərova da müəllimdir. Elnurə xanım hər iki qızını özü kimi vətənpərvər, xeyirxah və yardımsevər yetişdirib. Bu təcrübəli pedaqoqun işlədiyi məktəbdə tez -tez təşkil edilən şəhid anımı tədbirlərində bu qəhrəmanları dünyaya gətirən analardan qürurla söz açır. Öz şagirdlərinə Şəhidlik məqamının necə  yüksək zirvə olduğunu başa salır. Həqiqətən də Şəhidlərlərimiz və qazilərimiz  bizim fəxrimizdir, hər bir azərbaycanlı onlarla qurur duyur, şəhid ailələrinə sayğı və hörmətlə yanaşır. Onlar bizim baş tacımızdır. Elnurə xanım  hazırda Abşeron Xızı Regional Təhsil İdarəsi Güzdək qəsəbə tam orta məktəbdə tədris işləri üzrə direktor müavini vəzifəsində çalışır. Elnurə Fizuli qızı İsgəndərova könüllü olaraq birinci Qarabağ müharibəsi zamanı, 2003-2013-cü illərdə Tərtər rayonunda orta məktəbdə 10 il riyaziyyat fənnini tədris edib. Sonralar Xırdalan şəhəri 1 nömrəli tam orta məktəbdə direktor müavini  işləyib. Belə fədakar analar cəmiyyətin aparıcı qüvvəsidir.  

Bir neçə sertifikat, fəxri adla təltif olunan Elnurə xanımın oğlu Amid Əlizadə də 9-cu sinifi əla qiymətlərlə, yüksək nəticə ilə  başa vurub. Hazırda 10-cu sinifdə oxuyur.  Elnurə xanıma və övladlarının müəllimlərinə gözaydınlığı verir, Humay və Səbinə Əliyevalara isə tələbə adına ucalması münasibətilə təbrik edir, təhsildə yeni-yeni uğurlar diləyirik.

Hüsniyyə Əlizadə, 
Aysu Əsgər qızı


Facebook-da paylaş