ƏBƏDİYYƏTİN ƏBƏDİ SAKİNİ...
(Əziz dostumuz Vaqif Səməd oğlu Həsənovun
elmi-pedaqoji və həyat fəaliyyəti haqqında düşüncələrim)
Bu yazını hamının – səni sevənlərin – dostlarının, iş yoldaşlarının və tələbələrinin adından yazıram. Bu gün vəfatından bir il keçdi... Deyirlər torpağın üzü soyuq olur... Ancaq torpaqda bizim sənə olan məhəbbətimizi azalda bilmədi. Hər ötən gün səni bizdən cismən uzaqlaşdırdıqca, mənən qəlbimizdə əbədi məskən salırsan. Yoxluğun ömür gün yoldaşın Sürəyya xanımın gözlərində kədər məskəni salıb, oğlanların, qızın “sənli günü ha haylayır” səni anır... Sənin qayıtmayacağını bilə-bilə...
Gedişinlə yaxınlarının qəlbinə çalın-çarpaz dağ çəkdin... Səninlə illər uzunu bir yerdə, eyni kollektivdə işlədik. Görmədim, eşitmədim ki, kimisə incidəsən, kiminsə qəlbinə dəyəsən. Elə bil bu dünyanın adamı deyildin. Elə bil göylərdən gəlmişdin və sonda da göylərə qayıtdın, əbədiyyətin sakini olmaq üçün... Heç vaxt incitmədiyin, qəlbinə dəymədiyin yaxınlarının sinəsinə dağ çəkmək üçün...
İnsan övladı yaranışından üzü işığa doğru yol gedir. İnsanın yolu insanın həyatıdır. Bəşər övladının yolu qurtaranda həyatı, həyatı qurtaranda yolu bitir.Hamı dünyaya gələndə məqsəddən arzuya, arzudan məqsədə doğru yol gedərək dünyanı fəth eləməyə çalışır. Ancaq sənin arzularının özü dünya böyda idi… İnsanları sevmək, insanlara vaxtında dəstək olmaq… Ətrafına sanki, sevinc paylayırdın…
Həmişə deyərdin adam həyatı boyu çalışıb başqasının həyatını az da olsa yaxşlaşdırmalıdır, kiməsə işıq verməlidir. Həttda öz həyatındakı işığın hesabına olsa da. Ömrünün düz 50 ilini könüllərə işıq saldın, öz qəlbindən, həyatından.
Vaqif Səməd oğlu Həsənovunqısa həyat yolu belədir: Göyçə mahalında, Toxluca kəndində müəllim ailəsində anadan olub (1950-ci il avqustun 1-də). Toxulca kəndində orta məktəbi qızıl medalla (1957-1967), Azərbaycan Dövlət Pedaqoji İnsitiutunda (indiki ADPU-da) Kimya fakültəsini fərqlənmə diplomu ilə bitirib(1967-1971). Lenin təqaüdçüsü olduğu üçün təhsil aldığı ali məktəbdə saxlanılıb. Tələbəlik illərində yüksək qiymətlərlə oxumaqla yanaşı, fakültənin və universitetin ictimai həyatında fəal çalışıb, elmi işə böyük marağı olub.
Vaqif müəllim gənclik illərindən Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Üzvi kimya və kimya texnologiyası kafedrasında laborant (1971), Üzvi kimya tədris laboratoriyasının (1976-1989) və Yeni bioloji aktiv birləşmələr elmi-tədqiqat laboratoriyasının müdiri (1989-2011), kafedrada baş müəllim (1991-1993), dosent (1993), ADPU-nun Tələbə Elmi Cəmiyyətinin (TEC) sədri (1997), Elmi katibi, Tədris–metodiki şöbəsinin müdiri (1999-2004), kafedra müdiri (2004-2011), Kimya fakültəsinin dekanı (2006-2016), fakültə Elmi Şurasının sədri, universitet Elmi Şurasının və Təhsil Nazirliyinin Elm İdarəsi yanında Elmi-Metodik Şuranın üzvü olub. Təhsil Nazirliyinin kurikulum proqramı üzrə Dərslikləri Qiymətləndirmə Şurasının (kimya fənni üzrə) üzvü olub (2013-2016). Təhsil nazirinin əmri ilə Gəncə Dövlət Universitetində (GDU) Kimya ixtisası üzrə Yekun Buraxılış Dövlət Attestasiyası Komissiyasının sədri olub (2005). Müxtəlif illərdə Təhsil nazirinin əmri ilə Bakı Dövlət Universitetində (BDU) və Qərbi Kaspi Universitetində Attestasiya və Akkreditasiya Komissiyasının işində üzv kimi fəal iştirak edib. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (indiki DİM) ADPU üzrə Sənəd Qəbulu Komissiyasının məsul katibi (2007-2009), Sənəd Qəbulu Komissiyasının məsul katibinin müavini olub (2010-2013).
Vaqif müəllimin rəhbərliyi ilə onlarla magistr, fəlsəfə doktoru dissertasiyası müdafiə edilib. O, üzvi kimya ixtisası üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim edilmiş çoxlu dissertasiya işinin rəsmi opponenti olub. Xarici ölkələrdə keçirilən Beynəlxalq simpozium və konfranslarda iştirak edib.
Vaqif Həsənov 350 elmi-metodik əsərin, o cümlədən 141 məqalənin (xaricdə 47, respublikada 94), 84 tezisin (xaricdə 4, respublikada 80), 1 dərsliyin, 9 dərs vəsaitinin, 25 metodik vəsaitin, 61 fənn proqramının,19 ixtira üçün alınmış Müəlliflik Şəhadətnaməsinin və 5 Azərbaycan Patentinin müəlliflərindən biridir. Onun həmmüəllif olduğu dərs vəsaitləriali məktəb tələbələrinin sevərək oxuduğu kitablardandır.
Vaqif Həsənov “XXI əsrin tanınmış alimi” Beynəlxalq diplomu ilə (2004), Təhsil Nazirliyinin Fəxri Fərmanı ilə (2006), Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Fəxri Fərmanı ilə (2012), təhsilin inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə “Tərəqqi” medalına (2012) vəƏməkdar müəllim (2021) adına layiq görülüb.
Bu yaxınlarda ömür gün yoldaşın, ADPU-nun əməkdaşı Sürəyya xanım bizim kafedraya gəlmişdi. Gözlərində sonsuz kədər yuva salmış, başına gələn müsibətdən əyilmiş, sınmış halda idi… Hal-əhval tutdum... Sakitcəüzümə baxıb, başını yana əydi... Elə bil gözlərində sonsuz kədər yuva salmışdı... Həmişə nurani görkəmi olan Sürəyya xanımın bu dəfə üzündən bu bayatını oxumaq olurdu...
Əzizim el yoludu,
Bu gələn el yoludu.
Başımda bulud oynar,
Gözlərim sel yoludu.
Təskinlik verməyə söz tapmadım... Yadıma bir əhvalat düşdü. Uşaq idim… Heç leylək deyilən quş görməmişdim. Biz tərəflərdə belə quş olmaz idi. Bir yaz kəndimizin o biri üzündə “Çala” deyilən yerdə təzə cücərib yaşıllaşmış taxıl zəmisində iki qəribə quş gördüm. Böyüklər bu quşların leylək olduğunu dedilər. Qoşa leyləklərə tamaşa etmək üçün kənd uşaqları olan tay-tuşlarımızla həmin yerə, taxıl zəmisinə gedərdik. Bu quşlar nə qədər böyük həvəslə bu yerlərdə gəzər, heç bizdən qorxub çəkinməzdilər. Sonra yol kənarında, işıq dirəyinin düz təpəsində qurumuş çoplərdən bir yuva qurdular. Bütün günü yuvanın üzərində atılıb düşür, sanki həyatdan zövq aldıqlarını ətrafa bldirirdilər. Həmişə birlikdə olardılar, bir-birindən ayrılmazdılar. Bir gün kimsə həyatlarını bir-birinə bağlayan bu quşların birini öldürdü. Tək qalan leylək bu hadisədən sonar bir neçə gün yuvanın üstündə vurnuxur, qanadlarını bir-birinə çırparaq dik yuxarı qalxır, təzədən qayıdıb yuvaya düşürdü. Təxminən bir həftə sonra bu leyləkdə qanadlarını yuvanın üstünə sərərək yerindən tərpənmədi. Sanki, həyatın ayrılıq dərdinin ağır yükü onun üzərinə hopmuşdu...
Sürəyya xanım mənə ayrılıq dərdinə dözməyən həmin leyləyi xatırlatdı.
Artıq övladları böyüyüb, pərvazlanıb yuvadan uçan, hər birinin ayrıca ev-eşiyi olan Sürəyya xanım ömür gün yoldaşı Vaqif müəllimdən sonra illərlə birlikdə tikdikləri yuvada tək qalmış, sankiqəm-kədərdən tökülmüş heykələ bənzəyirdi...
...Sürəyya xanım Vaqif müəllimin illərlə işlədiyi otaqdan asta-asta çıxanda onun arxasınca baxa-baxa qalmışdım. Mənə elə gəldi ki, Sürəyya xanım dünyalar qədər sevdiyi ömür-gün yoldaşının arxasınca rəhmətlik Musa Yaqubun şeirlərindən bu bir parçanı oxuyurdu.
Ot göyərdib o cığırım, o izim,
Tufanlanıb çalxalanmaz dənizim.
Daha məndən sevgi umma, əzizim,
Bu dünyanın qara daşı göyərməz.
Vaqif müəllim ailəsinə, övladlarına qarşı ürəyində böyük bir eşq gəzdirirdi. Onun ailəsinə qoyub getdiyi eşq öz təravət və dəyərini daim qoruyub saxlayacaq... Bu yadigarı Sürəyya xanım, övladları, nəvələri yaşadacaq.
Vətənini, torpağını çox sevən Vaqif müəllimə Göyçə nisgilidə bir dərd olmuşdu, onu yeyirdi içəridən, didib parçalayırdı. İnanırdı ki, bir gün dünyaya göz açdığı Göyçə mahalına, Toxluca kəndinə qayıdacağıq... Amansız əcəl o müqəddəs torpağa gedib ziyarət etməyə ona imkan vermədi...
Bu dünya başdan-başa möcüzədir. İşığıda möcüzədir, qaranlığı da, xeyridə də möcüzədir, şəri də. Bu dünyanın möcüzələrindən biri də Vaqif müəllim idi. Bir pəncərə olan bu düyaya gəldi baxdı və getdi... Vaqif müəllim əzizləriniz sizin üçün çox üzülür... Hətta bunu Sürəyya xanımın sükuta dalmış gözlərindən oxudum... Bilirsənmi necə çətindir yaş gözlərlə yatmaq, toxunanda qanayan bir qəlb daşımaq, həsrət dolu gözlərlə ətrafa baxmaq və bilirsənmi necə çətindir bu həyatı sevdiyin adamsız yaşamaq. Kaş ki, o uzaq illərdə çox xoşbəxt olmayıb bir azını da bu zamanlara saxlasaydım...
Allahdan Vaqif müəllimə rəhmət, yaxınlarına isə səbr diləyirəm!
Əli ZALOV,
Azərbaycan Dövlət Pedaqoji Univrsitetinin
Analitik və üzvi kimya kafedrasının müdiri,
kimya elmləri doktoru, professor
Facebook-da paylaş