ŞUŞA ETÜDLƏRİ

                                                                                                                                        İSMAYIL MƏRCANLI İMANZADƏ



Şuşa etüdləri
(lirik poema)

1.
 
Ta uzaqdan boylanıb
Səni soraqlayanda,
Acımadım halına.
“Zəfər yolu”yla gedib,
İllər ayrısı kimi
Qovuşdum vüsalına.
Daş köynəkli ərənim,
Zəfər müjdəli qalam -
Ulu dastanım Şuşa.
Yadlara baş əyməyən
Yenilməz şah vüqarlı -
Xanım, sultanım Şuşa.
Qoy, öpüb əzizləyim
Şəhid qanı çilənən
Daşını, torpağını.
Unut dərdi-ələmi,
Yaşa sevinclə, yaşa,
Təmtəzə növrağını!
 
2.

Varlığından söz açır
Xoş keçən hər çağımız.
Qələbə müjdəlidir,
Başın üstə yellənən
Üçrəngli bayrağımız.
Dikəltdikcə qəddini
Göz oxşayır al-əlvan
Çiçəyin-gülün sənin.
Təkçə ətir saçmır haa,
Dönüb daş heykələ də
Xarı bülbülün sənin...
 
3.
 
Qayıdıbdı qoynuna
Natəvanın, Üzeyirin,
Bülbülün heykəlləri.
Xoş avazla səsləyir
Mir Mövsüm, Cabbar, Seyid
Obaları, elləri.
Gəlir Cıdır düzündən
Yenə də Xanın səsi.
Könülləri oxşayır
“Qarabağ şikəstəsi”.
“Zəfər yolu”, Daşaltı
Yolçuları elə hey
Salamlayıb, dindirir.
Al günəş, səhər mehi
Pənah xanın nigaran
Ruhunu sevindirir.
 
4.
 
Xoş gördük, 
Molla Pənah Vaqif,
Əziz şair babamız.
Görüşünə can atır,
Neçə-neçə doğma
Elimiz-obamız!
Gorevini talayan, 
Ruhunu odlara qalayan
Qarı düşmən
Ərənoğullarımızın
Zəhmindən xoflanıb
Yanlarını tuta-tuta
Çıxdılar aradan.
Heç zamanın özü də
Adını ürəklərdən
Silməyə qadir deyil!
Axı, sənə əbədi olaraq
Yaşamaq haqqı veribdi,
Böyük Yaradan!
Ta rahatol, gor evində -
Abad son mənzilində.
Adın bundan sonra da,
Zaman-zaman, nəsil-nəsil
Yaşayacaq hamının dilində!..
 
5.
 
Salam, Xan qızı Natəvan,
Bizim xanım-xatın
Şairə nənəmiz!
Uzun illərdən sonra
Şuşaya qayıdışın mübarək!
Dumanlı-çənli yazın,
Qarlı qışın mübarək!
Xoşladığın ucalıqda
Üzeyirlə, Bülbüllə
Dayanmısa yanaşı.
Şükürlər olsun, daha
İsminə yaraşan çeşmədən
Yenə dədumduru su gəlir.
Elə bil hər damladan
Turşsuyun avazı,
Yarpızın-nanənin
Ətri-qoxusu gəlir!
Ovuclarımı qoşalayıb
Su içdim adını süsləyən
Bulaqdan.
Ruhuna tapınıb,
Sənə rəhmət dilədim
Dönə-dönə Haqqdan...
 
6.
 
Yurdumun ərən oğulları
Bir göz qırpımında
Qayalarını dırmanıb,
Sənin harayına çatdılar.
Sədləri keçə-keçə,
Türk oğlu türkün
Yenilməyən gücünə
Tükənməyən güc qatdılar.
“Dəmir Yumruq”
Zəfər soraqlı
Bu döyüşdədə
Uğurlu sonluqla
Tamamladı öz işlərini.
Başları əzilən “hay”lara
Dönə-dönə xatırlatdı
Şərəfsiz keçmişlərini…
 
7.

Dağlardan, təpələrdən
Keçən yel kimi,
Sərt enişli-yoxuşlu
Dərələrdən sel kimi
Adlayıb görüşünə gəldik,
Xəzinə qayalı, Cıdır düzlü
Qürub çeşnili, dan üzlü
Xanım, Bəyim, Sultanım.
Əzəli-əbədi məskənim,
Yurd yerim, ünvanım.
Nəğməkar İsa bulaqlı,
Ay-ulduz nişanlı
Zəfər bayraqlı Şuşam.
Yeniməz gücünlə hayqırıb
Şimşək kimi çax!
Bir qəfil leysan kimi
Yağdıqca yağ!
Qoy, silinsin yağıların
Daşına-torpağına hopmuş
Murdar nəfəsləri.
Dikəlt qəddini, rahat yaşa,
Ta birdə qoymarıq
Yaxınına gələ,
İllər boyu sabahına
Qənim kəsilən yadları,
Əlləri qanlı nakəsləri!..
 
8.

Yolun-cığırın təzə
Aylı-ulduzlu gecən,
Nur saçan səhərin var.
Ta dilim gəlmir deyəm
Nalə çəkən sızıltın, 
Nisgilin, qəhərin var.
Hərdən başının üstən
Ruhuma sığal çəkən
Əlçim-əlçim çən keçir.
Şəhid ucalığından
Tanrının dərgahına
Gedən yol səndən keçir!
 
9.
 
Beşiyisən Qarabağın,
Dil açır pöhrən-budağın.
Göz dağıdır daşın-dağın -
Yağıya, namərdə, Şuşa! 
 
Yurdun taleyi-baxtısan.
Əbədi xanlıq taxtısan.
Nəğmə-sənət paytaxtısan -
Bir cənnətsən yerdə, Şuşa!
 
Nə xoşdur avazın-səsin,
Aləmə sığmır həvəsin!
Var olsun Topxanan, Kirsin -
Məlhəmsən min dərdə, Şuşa!..
 
Xarıbülbülün bir dadım,
Gözəl hüsnündən doymadım…
Yadında qaldımı adım - 
Gələsiyəm bir də, Şuşa!
 
04-17.09.2021
Mingəçevir şəhəri


Facebook-da paylaş