Yazıçını cəmiyyətə sevdirən qəlbinin qanı, insan haqqı uğrunda savaşıdır....


 
      Dövrümüzdə sosial şəbəkələr insanları tanımaq, ədəbiyyat aləmini, sənətin müxtəlif sahələrini, elə gündəlik həyatın ictimai - sosial məzərəsini, hərəkətdə olan tarixin özünü izləməyə, müşahidə etməyə imkan verən çox qiymətli bir vasitədir.  Açığı deyim ki, son bir neçə ildə ədəbi mühitdə məşhurlaşmış  yazıçı Ulduz Qasımı da  öncə ədəbi həyatın mənzərəsini kifayət qədər aydın əks etdirən sosial şəbəkədən tanımışam. Əvvəlcə qarşıma çıxan xırda statusları diqqətimi çəkdi. Getdikcə onun müxtəlif mövzulara həsr edilmiş çevik düşüncəli  publisistik yazılarını da oxuduqca bir dərinlik, çoxlarına yad olan bir vətəndaşlıq yanğısı  hiss etdim. Hərdən qarşıma  çıxan şeirlərindəki lirik – nostalji ovqat yaradan duyğular da onun şairlik istedadının göstəricisi kimi imzasının yaddaşıma həkk olunmasında təsirsiz ötüşmədi.   Əlbəttə, bu şeirlərin bəziləri  ilk gənclik illərində yazılsa da, bu günün özündə də duyğusal yaşantılara səbəb olurdu. Demək, Ulduz Qasım həm də bir şair ürəyi, şair qəlbiylə qələmə sarılır. Axı əksər şairlərin öz yaşarılığı ilə seçilən dəyərli nəsr nümunələri olur. Ancaq Ulduz Qasım özünün rəngarəng yaradıcılıq laboratoriyasında yazıçılığa, xalqın tarixi taleyilə səsləşən nəsr nümunələri - ədəbi romanlar yazmağa üstünlük verib. Onu şair   deyil, yazıçı kimi tanımağımızın başlıca səbəbi də elə budur. Lakin qəlbimdə onun üzə çıxarmadığı, zəngin poetik yaradıcılığının varlığına dair bir inam olduğunu da danmıram.


      Ulduz Qasım ölkəmizə böyük sənət adamları, alimlər, yazıçılar, ictimai xadimlər, tarixi şəxsiyyətlər, maarif işığı yayan ziyalılar bəxş etmiş Qarabağın (indi Zəngəzur iqtisadi rayonuna daxil olan) qədim Cəbrayıl bölgəsində doğulub və 40 ilə yaxın bir müddətdir ki, Rusiyada – Moskva şəhərində yaşayır. Hərgah düşünmürəm ki, yazıçının yaradıcılığına yaxşı bələd olan kimsə üçün onun harada doğulması ciddi maraq kəsb etsin. Çünki əslində varlığın taleyini düşünən və bu yöndə təmənnasız yaradıcılıq sərgiləyən sənətkarların doğum təqvimi elə də ciddi  əhəmiyyət kəsb etmir, əsas olan onların ruhi – mənəvi müstəvidə ortaya qoyduqları, hansı ideallar uğrunda mübarizə apararaq yaşarı sənət nümunələri yaratmasıdır. Bu baxımdan Ulduzun bütün əsərləri sevgi dililə - insana, təbiətə, həyata, varlığa olan sonsuz sevgisiylə yazılıb. Hər necə yazılıbsa kitablarını oxuduqca ona daha çox inanır, müəllifin bədii ədəbiyyat səhnəsinə daxil etdyi həyatın, ömrün minbir çalarını daşıyan mənəvi fəsillərə heyranlığını dilə gətirmədən ötüşə bilmirsən. Bütün bunlar yazıçı fantaziyası da ola bilər deyə qəlbindən belə bir fikir əsla keçmir. Əsərlərində cərəyan edən hadisələr o qədər təbii çərçivədə və reallıq aynasında hərəkət edir ki, bunun fantaziya olduğuna zərrə qədər də olsa ürəyində şübhə yeri qalmır.

 
    Ulduz xanım silsilə romanlar müəllifidir. Bu romanların bir çoxu Qarabağ mövzusundan, erməni vandalizminin Rusiya hərbi birləşmələri ilə əlbir olub  Azərbaycanın  başına gətirdikləri fəlakətlərdən bəhs edir. Yazıçı müharibə dövrünün tarixini müharibənin içərisindən çıxmış insanların taleyilə birgə araşdırıb və çox həssas müşahidələri əsasında Qarabağ olaylarını, xatirələrdə yaşayan yaddaşın yaralı yerlərini – müsibətlərlə boyanmış Azərbaycan həqiqətlərini çox böyük ürək ağrısıyla ədəbiyyat səhifələrinə daşıya bilib. İlk növbədə, bu əsərlərin yazılması üçün böyük zəhmət və istedaddan başqa həm də insanın daxilində daim alova çevrilən bir  vətəndaş yanğısının olması zəruriliyini də bir oxucu kimi anlamaq çətin deyil. Bu həm də diriliyini hər zaman qorumaq gücündə olan ədəbiyyatın,  əsl sənətin özünün yazıçıdan tələb etdiyi vacib şərtlərdən biri, daha doğrusu ən zərurisi, sənətkarın ictimai nüfuzunu əbədiləşdirən keyfiyyəti - ədəbi vicdan pasportudur.


     Bəs yazıçı özü nə deyir? O, nəyi yazmalı,nəyin üstündən sükutla keçməlidir:  “Ömürdən ötüb keçən nəinki günlər,hətta illər var ki, o illərə,o günlərə məxsus olmuşları daha heç bir zaman yada salıb xatırlaya bilmirsən, onlar yaddaşın hansı dərin küncündəsə qaranlığa batıb yox olur, bir anı, bir dəqiqəsi, bir saniyəsi belə yenidən canlanmır. Amma elə gün var,  elə gecə var, bir saniyəsini istəsən belə unutmursan. O gün, o gecə gəlib ömür kitabına pozulmaz hərflərlə yazılır. Fərq etməz, o səni sevindirir, yoxsa ağladır...” 
    

    Yazıçı hisslərinin söylədiyi həqiqətlərdən uzaq qaçmaq fikrim yoxdur. Gerçəklərə niyə də inanmayasan. İnsanın mənəvi aləmi olduqca mürəkkəb və təzadlarla dolu bir çəməndir, yazıçı bəzən bu çəməni  bütün  əlvanlığı, bütün rəngi, ətrilə birgə sözə çəkməyi həyatının vacib nəfəsi bilir və qələm  bu işi ürəyin, qəlbin hökmü ilə yerinə yetirir.
     

     Ulduz Qasımın “Qarabağda qiyamət”, “Xocalı şikəstəsi”, “Solmayan Nərgiz”, “Mən aşiqəm Qarabağda”, “Ağ göyərçinlər” kimi əsərləri 30 illik bir tarixi əhatələyən işğal dövrünün qanlı faciələrini, müharibənin insan həyatında törətdiyi hadisələrin zamanla inkişafını  əks etdirir. Və bu əsərlər heç şübhəsiz ürək qanıyla yazılıb, müəllifi Azərbaycan, eləcə də dünyanın söz haqqına göz yummayan oxucusuna sevdirən də elə   bu ürək qanıdır, yazıçının insan haqqı uğrunda inadla apardığı savaşın bəhrəsi olan kitablarıdır.

     Azərbaycan nəsr yaradıcılığını yeni dövrdə yaddaqalan  obrazlarla zənginləşdirmiş Ulduz xanımın ədəbi fəaliyyətinin hər səhifəsində  tarixi faciələrimizi yaddaşa ötrüməklə bərabər, həm də düyününü açdığı, çözdüyü hadisələrin fonunda  insanlığı tərənnüm istəyini görməmək mümkün deyil.  Və bu insanlığı tərənnüm arzusunu zəngin obrazlar qalareyası ilə gerçəkləşdirən müəllifin İlk dəfə “Xocalı şikəstəsi” romanını oxuyanda özümü də ermənilərin törətdiyi vandalizm aktı kimi tarixləşən faciənin işərisində hiss etdim, elə sandım ki, qətliamın bir qurbanı da mənəm. Əslində əsərin təsir gücü mənim özümü də qurban hesab etməyimdəydi, əgər soydaşlarım soyqrımına məruz qalıbsa , ən azından mənəvi olaraq sağ qala bilməzdim. Heç əsəri başa çatdırmağa səbrim çatmamamış sosial şəbəkədə bir status da yazdığım yadımdadır. Müəllif Xocalı dərdini, Xocalı ağrısını sözün gerçək mənasında Xocalı şikəstəsinə çevirə bilmişdi. Və bu ah, bu nalə səssiz - səssiz mənim içimə axdıqca qəlbim göynəyir, yaddaş ağrısının diş ağrısından da betər olduğunu düşünürdüm. O zaman əsəblərimin, məni bürüyən iztirabların  gərilmiş tellərini xırda bir postla aradan qaldırmağa çalışdım. 
     

      “Yazıçı Ulduz Qasımın "Xocalı şikəstəsi" romanını oxuyuram. Dəhşətli Xocalı faciəsini əks etdirən əsəri birbaşa, dayanmadan oxumaq mümkün deyil. Arada özünü toparlayıb, yenidən oxumalısan. Normal hisslərə sahib adam bu əsəri sakit düşüncə ilə oxuya bilməz... erməni vandalizminin törətdiyi hadisələr, xalqın başına gətirilən müsibətlər əsərdə qan donduran təsvirlərlə qələmə alınıb. Xocalı hadisələrini insan ürəyinin qabığını soyan belə göynərtili bədii detallarla yazıldığı başqa bir əsər təsəvvür edə bilmirəm, romanın hər səhifəsində erməni vəhşiliyinin, barbarlığın, vandalizm aktının Azərbaycanın sinəsində açdığı qanlı şırımları görür, dəhşətli səhnələrdən baş götürüb qaçmaq istəyirsən. Amma hara qaçacaqsan, kitab bir daha qanlı tarixi yaddaşla üz-üzə qoyur. Gözlərinin aynasını tutan göz yaşlarını silib bir də oxumalı, mənfur düşmənin namərd, xain, insanlığa qara ləkə salmış əməllərilə boyanmış səhifələri ard-arda çevirməlisən. Həyəcan, ürəyi ağıza gətirən səhnələr , qanlı qətliamın əsərdə çırpınan qəlbi insanı susdurur, dünyanın bu dəhşətli həqiqətlərə göz yummasından əsəblərin tab gətirmir, dilin söz tutmur. Sənət , ədəbiyyat isə yazıçı qələmində tarixi, zamanı, baş verənləri kifayət qədər yetərli bir güclə ittiham edir...

     "Xocalı şikəstəsi " çox amansız bir kitabdır; bu kitabıntarixi mühakimə etmək, ermənizmi dünyaya tanıtmaq,  mənəvi yaddaşı silkələmək, unutqanlığa yox demək üçün danılmaz faktlara söykənən olduqca sərt səhifələri var”.
    

     Yaddaş dedim, bu günlərdə oxuduğum “Maral” əsəri də ideya və məzmunca, cəmiyyət qarşısında qoyduğu problemə görə insanlığın yaddaşına təsir etmək məqsədilə yazılıb. Yazıçı əvvəlki romanları kimi bu əsərini də faciələrin və insanlığın fövqündə cəmiyyətə təqdim etməyin öhdəsindən uğurla gəlib.  Maral əsərin baş qəhrəmanıdır. Cəfər Cababrlı adına Respublika Gənclər Kitabxanasında Ulduz xanımın yeni əsərlərinin təqdimatı zamanı görkəmli naşir, Azərbaycanda ilk poliqrfaçı alim Şəddad Cəfərov da Ulduz xanıma “Maral” deyə müraciət edəndə yazıçı ilə görüşə gəlmiş adamların bir çoxunun çöhrəsində  təbəssüm yaranmışdı. Və mənim bu xatırlatmamdan belə çıxmasın  ki, əsərin baş qəhrəmanı Maral elə həm də  müəyyən mənada müəllifin öz obrazıdır. Bu tamamilə yanlış bir nəticə olardı. Lakin təbii ki, əsərdəki obrazların ruhunda yazıçının özünün də mənəvi dünyasından qopub gələn cizgilər az deyil. Heç şübhəsiz ki, hər bir həssas oxucu bunu da hiss etmiş, duymuş olur.Yazıçının özünün mənəvi aləmi zəngin olmasa o, ədəbiyyata heç nə verə bilməz,yaratdığı Maral kimi dolu  obrazlardan öncə özünün şəxsi mənəviyyatı dolu olmalıdı.Bu məqamda şair, publisist kimi də çox  yaxşı tanınan Vaqif Bəhmənlinin Ulduzun portret cizgilərindən söhbət açan sətirlərinə istinad etmək zənnimcə yerinə düşərdi: “O , körpə çağlarından öz xarakteri, düşüncə tərzi ilə başqalarından seçilən, obrazlı deyilsə, bədii sözə əsir düşən istedadlı bir azərbaycanlı xanımdır. Canımız-ciyərimiz Bakı şəhərinin altun dövründə mükəmməl filoloji təhsil alıb (Azərbaycan Dövlət Universiteti, jurnalistika fakültəsi). Mətbuatda ilk yazıları ilə çıxış edib. Sonra isə taleyin hökmü, ailə vəziyyətinin tələbi ilə Moskva şəhərinə köçüb.

      Başqalarından heç də geri qalmayan dolanışıqlı həyat düzəldib, oğul-qız böyüdüb, nənə adının şirinliyini dadıb. Aradan ötüb keçən 30 il müddətində Ulduz Qasım nə vətəni Azərbaycanı, nə gəncliyin və tələbəliyin doğma yuvası Bakını, nə də dünyaya göz açdığı Cəbrayıl rayonunu bir an belə unutmayıb. Elə bir il olmayıb ki, yaranan ilk fürsətdə, hətta ildə iki-üç dəfə vətənə qədəm basmasın, doğmalarla görüşüb onların dərdinə-oduna yanmasın. Qəribədir Ulduz dünyanın paytaxtı sayıla biləcək bir şəhərdə - Moskvada yaşasa da, vətənində qırılmaz əlaqə saxladığı insanlarla dostluqdan qürur duyur, hərdən adama elə gəlir ki, o, Azərbaycan türkünün yaxşısı bir yana, ortababı ilə də fəxr edir. Onun ailəsinin Moskvadakı 30 ildə bir neçə dəfə dəyişilən, bəzən ucqarda, bəzən mərkəzə yaxın, bəzən darısqal, bəzən geniş sahəli mənzilləri də heç bir fərq qoyulmadan onları soraqlayıb gələn hər bir azərbaycanlının üzünə taybatay açılıb.

     Görünür, təbiətindəki yenilməz milli qürur hissi, yurda, dilə, valideynlərə, adət-ənənələrə, islam inancına, vətənin torpağına-daşına, ümüdləri heç zaman üzülməyən müqəddəs göy üzünə bağlılıq Ulduz xanımın yazıçı yaddaşını hifz edib qoruyan, ona əlvan yaradıcılıq ruhu bəxş edən  həyatla dolu əsərlər, maraqla oxunan romanlar yazdıran səbəblərdir. Əslində bu səbəblərin bircə adı var: insanın özünə sadiqliyi, yaddaşına ehtiramı...”
Əvvəllər elə sanırdım Ulduz Qasım yalnız Qarabağ mövzusunda əsərlər yazır. Və bu mənə hardasa yaradıcılıq lövhəsinin məhdud bir dairədə qapanmasına dair düşünməyə ayaq verirdi. Sən demə heç də belə deyilmiş , yazıçının müxtəlif mövzulardan bəhs edən kitabları – məsələn,“Qaçaq Aslan”, “Badamgözlü” və “Maral” kimi tamam fərqli mövzulardan qaynaqlanan əsərləri də var axı...hələ çapa hazır olmayan, müəyyən parçaları ilə tanış olduğum “Arzu” romanı, illərin o tayında qələmə alınmış “Tələbə gündəliyi” və sair...


      Bu yazıda qismən də olsa  “Maral” romanından söhbət açmaq istərkən fikirlərimin yazıçının yaradıcılığının müxtəlif istiqamətlərinə doğru şaxələnməsindən narahat deyiləm. Bilirəm ki, şah budaq yenə də Maralın özüdür.  Roman atılmış bir uşağın həyatından, taleyindən bəhs edir. Adı kimi məsum, cismani gözəlliyilə, ruhani aləmi harmoniya yaradan Maralın adını daşıyan romanda sovet rejiminin birdən – birə  çökməsilə Azərbaycanda yaranmış  çətin həyat şəraitindən, ağır iqtisadi durumdan baş götürüb Rusiyanın şəhərlərinə, konkret elə Moskvaya üz tutmuş azərbaycanlıların acınacaqlı həyat tərzi araşdırılır. Maralın atası Zəfər, anası Nərgiz (Zeynəb) xanım da bir tikə ruzi qazanmaq istəyilə Moskvaya gələnlərdəndir. Və bir tikə çörək üçün bu qədim şəhərin bazarında çalışırlar. Və günlərin bir günü Zəfər Tatyana adlı bir qadınla tanış olur. Elə körpə Maralın da acınacaqlı günləri Tatyananın bu evə gəlişiylə başlayır. Zəfərlə Tatyana birləşərək Maralın anasını ailədən təcrid edib Azərbaycana göndərirlər. Maral, el dilində desək, ögey ananın və özünü Tatyanaya bütünlüklə təslim etmiş atası Zəfərin ümidinə qalır. Zəfər isə Tatyananın dediklərinə inanaraq Maralın analığı tərəfindən hər an əzilməsinə, haqsız yerə cəzalanmasına ən yaxşı halda biganə qalır. Tatyananın elə Maral yaşda olan qızı Maşa da Maralın həyatının zəhərə dönməsi üçün anası Tatyanaya yardımçı olur. Bir gün də Maralı yetimlər evinə verirlər. Çünki təbiətcə amansız olan Tatyana uşağın yetimlər evinə verilməyəcəyi təqdirdə Zəfərdən boşanacağını qətiyətlə bildirir. Beləliklə, Maralın sonrakı həyatı yetimlər evindən başlayır. Hələ əsərin bu yerinə qədər oxucuda Zəfər və Tatyanaya nifrət hissi yaranır. Çünki nə Zəfər, nə də Tatyana nəinki  valideyn, həm də bu müqəddəs hissdən çox uzaq olan mənfur insanlardır. Onlar valideynlik missiyasını tapdalayıb üstündən keçərək Maralın həyatını qaranlıq bir zülmətə gömürlər. Əsərdə psixoloji gərginlik yaradan parçalar yetəri qədər olsa da diqqətimizi bir epizoda yönəltsək, dediklərimizə bir qədər də aydınlıq gətirmiş olarıq. Onu da deyim ki, cəmiyyətdəki sosial ədalətsizliklər, insanların xarakterindəki mənəvi düşgünlüklər Maralın həyatını əvvəldən axıradək izləyən müxtəlif epizodlarda üzə çıxır. Hadisələrin Maralın öz dilindən nəql edilməsi də bir çox hallarda xüsusi maraq yaradır: 


      “Sovetlər birliyinin dağıldığı illərdə bizim yetimlər evi çox çətinliklər çəkirdi. Dermək olar ki, tərbiyəçilərin çox az əməkhaqqı aldığına görə işdən çəxıxr, məktəbdə də müəllimlər işləmək istəmirdilər. Hamı ailəsini, uşaqlarını dolandırmaq üçün başqa yerlərdə iş axtarırdı. Buna görə bizim dərslərimiz də çox zaman boş keçirdi. Belə vaxtlarda bəzən qızlarla şəhərə gediridk. Əvvəllər heç zaman görmədiyim yerlərlə tanış olurdum. Bir dəfə təsadüfən parkda olanda Rüslanı gördüm Bir neçə oğlanla harasa gedirdi. Məni tanımadı deyəsən. Çünki heç baxmadı da. O heç dəyişməmişdi demək oalr. Sadəcə boy atmışdı, o qədər. Bir az da özünə çəki-düzən vermişdi. Yəqin ki, indi Universitetdə oxuyurdu- I, II kursda, ya da haradsa işləyirdi. Yəqin ki məni tamamilə yadından çıxarmışdı. Təbii, kim yetimlər evindəki birisini itirib axtarar. Onun nəyinə lazımdır beləsilə dostluq etmək?! Onda da yəqin xala xətrin qalmasın “səni görməyə gələcəm” deyirdi.

 
     Təki xoşbəxt yaşasın. Anasının yanında olsun həmişə. Mənimlə görüşüb görüşməməsi önəmli deyil. Bəlkə mən də dəyişmişəm. Son dəfə bir-birimizi görndə 3-cü sinifdə oxuyurduq. Düz 5 il keçib ondan. Heç bilmirəm niyə məni bu qədər düşündürür bu məsələ. Qardaşım deyil, qohumum deyil, öz doğma atam bu ölkədə yaşaya-yaşaya bir dəfə yadına salmır qızının harada olduğunu, yadlar niyə məni düşünməlidir ki? Qəribə qızam e mən də. Ruslanın yəqin indi yeni dostları, tanışları, tələbə yoldaşları var. Belə yerdə niyəözünə dost axtarmalıdır axı? Anastasiya fikirli olduğumu görüb əl çəkmədi”. 
        Diqqətli oxucu bu kiçik parçada olmazın əzablara tuş gəlmiş bir uşağın taleyini görür və özü də Maral tək deyil, onun çevrəsində belə atılmış uşaqlar çoxdur. Sergey var, Vladimir var, Ruslan var... Yazıçı adını çəkdiyimiz uşaqların hər birinin təbiətini, xarakterini, davranışını, Maralla münasibətlərini ən xırda detallarına kimi incələyir. Bunların içərisində Maralın təbiətinə, ruhuna yaxın olan uşaq Ruslandır. Ruslanın atası azərbaycanlı, anası rusdur. Bəlkə də onu Maralla doğmalaşdıran da elə bu idi- atalarının azərbaycanlı olması. Maral da həssas  uşaq olduğuna görə Ruslanın digərlərindən fərqini tez anlayır. Sergeylə Vladimir isə mənəviyyatı kifayət qədər pozulmuş uşaqlardır. Hansı ki onlar yuxarı siniflərdə oxuyanda Maralı izləyib soyuq qış günündə kitabxanadan qayıdarkən binaların birinin altında beton dirəyə sarıyıb təcavüz etmişdilər. Əgər təsadüfən Ruslan gəlib çıxmasaydı, Maralı axtarmayacaqdılar və o da orda səhərə qədər soyuqdan donub öləcəkdi. 


   Əsərdə bu və buna bənzər epizodlar onlarladır. Romanda belə ağrılı epizodları oxuduqca təsirlənməmək, atılmış uşaqların taleyi barədə düşünməmək olmur. Yazıçı ustalıqla əsərdə adı keçən hər bir obrazın taleyini sonadək öz oxucusuna təqdim edir. Kimi harda , necə cəzalandırmaq, kimi harda, necə mükafatlandırmaq lazımdırsa, onun öhdəsindən sənətkarlıqla gəlir. Və adam hərdən düşünür ki, bütün bunlar yazıçı fantaziyasıdır. Lakin müəllifin özündən də soruşanda cavab verir ki, xeyir, oxuduqlarınız həyat hadisələridir. Mən sadəcə bu hadisələri sistemləşdirib bədii ədəbiyyata çevirmişəm. Doğrudan da, hadisələr yazıçı fantaziyasına bənzəməkdən çox uzaqdır. Azmı ailələr olur, Azərbaycandan Rusiyanın şəhərlərinə gedərək orada yenidən evlənib ailə, uşaq sahibi olur? Və bununla da cəmiyyətdə ailə-məişət zəminindəki pozğunluqlar baş alıb gedir. Bütün bunların kökündə isə hər şeydən əvvəl maddi ehtiyac , hər nə vasitə ilə olur olsun, yoxsulluqdan birdəfəlik yaxa qurtarmaq çabası dayanır. Bəlkə də Maralın atası Zəfərin, elə bibisi Səfurənin, onun həyat yoldaşı Həmidin yetəri qədər dolanışıq məvacibi olsaydı heç bəlkə də Maralın taleyi bu qədər acınacaqlı günə düşməzdi. Çünki Tatyananın hədə-qorxularından boğaza yığılan Zəfər Maralı aparıb bibisi Səfurəyə verir. Səfurənin həyat yoldaşı Həmid də elə Zəfərin tayıdır. Mənəviyyatca bir-birinə yaxın, insani dəyərləri bir saman çöpü qədər qiymətləndirməyən obrazlardır. Həmid də hər gün qaynı Zəfərin qarasına söylənərək Səfurəni gözümçıxdıya salır. Mənim artıq qazancım yoxdur ki, sənin qeyrətsiz qardaşının uşağına məsrəf edəm. Nə edirsən, et, bu uşağı burda gözüm görməsin. Səfurə Həmidin qarşsıında dəfələrlər diz çöksə, yalvarıb-yaxarsa da qızcığazın onlarda qalmasına razılıq vermir. Beləliklə Səfurə məcburiyyət qarşısında qalıb Maralı yetimlər evinə verir. Körpə ikən anasından ayrı dşüən Maralın yeganə ümid- pənahı olan bisibisindən də əl üzməsi oxucuya dərd olur, onu mütəəssir edən yeni səhifələrlə üz –üzə qoyur.  Romanda göstərilir ki, Səfurə də özünün mənəvi qəddarlığı ilə seçilən əri Həmiddən iztirablar üzündən çox yaşamır. Həmid və Səfurə obrazı da əsərin səhifələrindən qısa bir müddətdə çəkilib gedir. 


       Bir qədər əvvəldə qeyd etdiyimiz kimi, əsərdəki müsbət obrazlardan biri də Maralın uşaq evində tanıdığı və ondan həqiqi insani münasibət hiss etdiyi Rüslandır. Maral özü də azyaşlı olmasına baxmayaraq Ruslana yetimlər evində ağıllı məsləhətlər verir və bu məsləhətlər də zamanla Ruslanın karına gəlir. Ruslan yetim böyüyür, atası dünyasını dəyişib, anası da içki düşgünüdür. Lakin Maralın və Ruslanın birgə səyi nəticəsində Ruslanın anası müalicə olunur. Ruslan da böyüyüb universitetə daxil olur. Bu illər ərzində Maral da təhsil alaraq universitet tələbəsi olur. Ruslanla Maralın arasındakı doğmalıq onları birləşdirən bir körpüyə çevrilir. Ruslanla Maral nişanlanır. Lakin Ruslan Almaniyaya işləməyə gedir. Əsərin bu xətti boyunca faciələr yenə də Maralın həyatını izləməkdə davam edir. Günlərin bir günü də Ruslan ağır xəstəliyə tutulur. Lakin bundan öncə yazıçının ürək yanğısıyla faciəli həyatın daha bir gündəliyini təsvir edən səhifəsinə qayıtmaq istəyirəm. Bu, Ruslanın anasının ölüm səhnəsidir.
“Bundan iki gün sonra Ruslan mənə zəng vurdu. Gec idi. Məəttəl qaldım. Axı o heç vaxt belə zəng vurmazdı. Nədənsə, özümü çox pis hiss etdim. Bəlkə anasına bir şey olub, Allah eləməmiş. İlahi, bircə bu olmasın, yazıqdı Ruslan. Dözə bilməyəcək bu itgiyə. Cavab vermək istədim. Düyməni basan kimi onun ağlamasını eşitdim. Nə qədə onu sakitləşdirmək istədimsə də, alınmadı. Məni də qəhər boğmuşdu, özümü tox tutmağa çlışsam da. Gördüm bir şey alınmayacaq, tez özümü küçəyə atdım. Taksi tutub onlara getdim. Qapı açıq idi. İçəri girəndə Ruslanın anası Svetlana Valentinovnanın yataqda olduğunu gördüm. Qonşuları da orda idi. Ruslan anasının əlini tutub çarpayısının yanında oturmudşu. Ağlamaqdan gözü şişmişdi. Başını qaldırıb kədər dolu nəzərlərlə elə baxdı ki, çarpayıya qədər güclə addımlaya bildim. Qadın gözlərini açıb mənə baxdı. Yaxınlaşıb saralmış üzündən öpdüm. Əlimi tutdu. Bir neçə gündə o qədər arıqlamışdı ki, tanınmaz hala gəlmişdi. Yanında oturdum, barmaqları titrəyə-titrəyə güclə əlini qlaıdırb üzümü sığalladı. Özümü tuta bilmirdim. Gözümdən axan yaş onun əli üstünə düşdü”.


      Xırda texniki qüsurları nəzərə almasaq, insan ruhuna təsir etmək gücündə olan epizodlardır. Ən başlıcası isə, yazıçı hadisələri canlandırarkən insanların milliyyətinə fərq qoymur. Əsas olan insanların nə düşündükləri, nə etdikləridir. Milliyyətcə rus olan obrazlar içərisində müsbəti də var, mənfisi də. Eləcə də azərbaycanlıları təqdim edir. Məsələn, Ruslanın anası çox sağlam mənəviyyatlı bir qadındır. Marala da münasibətdə çox həssasdır. Hətta Ruslanın Maralı sevməsinə, onunla evlənib ailə qurmasına ürəkdən sevinir. Lakin tale elə gətirir ki, Svetlana Ruslanla Maralın nişanlandığı günü də görmür. Doğrudur, Maralı bu hadisənin də fonunda xoşbəxtlik gözləmir. Çünki Ruslan da həyatdan gənckən ayrılır. 
    Bütün həyatı boyu faciələrlə üzləşən Maral Ruslanın vaxtsız ölümündən də ağır yaralar alır. Əsərdəki həmin parçaya diqqət yetirək:
“İki gün sonra Rüslan qəflətən, acı çəkmədən köçdü bu dünyadan. Nə edəcəyimi bilmirdim. Heç kim, heç bir təsəlli məni ovuda bilmirdi. Sanki yenidən yetim qalmışdım. İçimdən alov püskürürdü. Onu Tatar qəbiristanlığında dəfn etdik. Bu, onun vəsiyyəti idi. Anamın yanına gedərdim, ancaq mən müsəlmanam, olmaz. Bilirəm, o məndən inciməz. Həmişə deyirdi ki, dinini seçməkdə azadsan. Səni heç nəyə məcbur etməyəcəm, buna görə anama minnətdaram. Sonra da gözləri yaşardı. Anasından üzr dilədi bir neçə dəfə. Yaxşı ki, izndəydim. Ruslan gəlməmişdən bir gün əvvəl etmişdim bunu. Məhərrəmin də bunu bilməməsi ürəyimdəndi. Dəfndə demək olar ki, bazardan məni tanıyanların hamısı iştirak etdi. Çox köməkləri dəydi mənə. Heç zaman unuda bilmərəm. Mərdan kişiylə Rafik dayının etdikləri isə əvəzedilməz idi. Bütün rituallar onların sayəsində oldu. Elə bilirdim elə öz əmimdi, dayımdı, özgəsi deyillər. Hər axşam da bizə gəlir, oturub söhbət edirdilər. Bizə mənəvi dəstək olurdular. Sanki yorulmurdular, bütün gün bazarda işləyirdilər, sonra da bizdə. Meyvə, göyərti gətirirdilər. Bir neçə dəfə onlarla həyat yoldaşları da gəldi. Nə qədər desəm də, razılaşmır, “biz bacımız qızını tək buraxa bilmərik” deyirdilər”. 


    Mətndə adları keçən obrazlar Məhərrəm, Mərdan, Rafik – bütün bunlar Maralın yaxın rəfiqəsi Leylanın sayəsində tanıdığı azərbaycanlılardır. Rafik Leylanın dayısıdır. Məhərrəm isə yazıçının təqdim etdiyi mənfi tiplərdən biridir. Hansı ki, o da Maralın həyatının müxtəlif mərhələlərində iştirak edir. Mərdan kişi də bazardakı ağsaqqallardan biridir. Epizoddan da aydın olur ki, soydaşlarımız Vətəndən uzaqda yaşasalar da, bir-birlərinin çətin günündə bir araya gəlib, bir – birinə hayan ola bilirlər. 


   Maralın yaxın rəfiqəsi Leyla da Azərbaycandan Moskvaya oxumağa gəlmiş tələbələrdən biridir. Xoş bir təsadüf nəticəsində Maralla tanış olur və bu dostluq əsərin son səhifələrinə qədər davam edir. Hətta Maral Azərbaycanda anasını axtarmağa gələndə də Leyla və analığı Tatynananın qızı, yəni Maşa ilə birlikdə gəlir. 


   Maralın maraqlı xüsusiyyətlərindən biri də odur ki, əslində, o, kifayət qədər güclü obrazdır və o, təkcə öz həyatını düşünmür. Öz həyat uğrundakı mübnarizəsini yalnız özünə sərf etmir. Bu gücdən başqalarının həyatı üçün də daim pay ayırır. Məsələn, bazarda işlədiyi müddətdə tanış olduğu Orxan adlı uşağa da kömək edərək onun həyatında, şəxsi taleyində işığa çevrilir. Orxanın atası Nəriman kişini yola gətirərək Orxanı oxutdurmağa razılaşdırır. Orxan gecə məktəbinə yazılır. Gündüzlər atasının yanında işləyir, gecələr isə oxuyur. Orxanın  rus dilini öyrənməsi, dərslərini normal hazırlaması üçün Leyla və Maral ona əlindən gələn köməyi edir. Orxan da təhsilini başa vurur, arzuladığı baytarlıq peşəsinə yiyələnir. 
Bütün bunlar Leyla və Maralı gözümüzdə daha da ucaldır. Yazıçı atılmışlığın məhv etdiyi digər gənclərin də üzərindən sükutla keçmir.   Sergey və Vladimirin taleyini də oxucuya vərəq-vərəq oxutdura bilir. Sonda onlar da taleyi hökmü ilə öz cəzalarına çatır. İnsanları müxtəlif yollarla banka cəlb etməklə əllərində olan pullarını yağmalayıb narkotik ticarəti ilə varlansalar da, son nəticədə Maralın işə fəal müdaxiləsi hesabına həbs olunurlar. Onlarla birgə işləyən azərbaycanlı Məhərrəm də  öz cəzasına çatır. Tale sanki Marala etdiyi pisliklərə görə də Məhərərmi ittiham edir. Məhərrəm sonda səfil həyatı yaşamağa məhkum edilir.


     Əsərin sonuna doğru getdikcə bütün hadisələr sürətlə bir-biriylə qarşılaşdırılır. Əvvəldə olanlar bir də sona gətirilərək əsərin daha şəffaf görünməsinə xidmət edir. Maral anasını tapmaq üçün bibisi Səfurənin yanına dönməlidir. Çünki anası haqqında məlumatı yalnız ondan ala bilər. Maralın da eşidib bildiyi kimi bibisi rəhmətə gedib, yeganə ümid bibisinin yoldaşı Həmidə qalır. Həmid də hər şeyi pula satan birisidir. Maralın ilk gəlişində anası haqqında ona heç bir məlumat vermir. Başqa vaxt gələrsən məsələyə baxarıq deyir. Həmid özü də Səfurədən sonra rəzil bir günə düşür. Sanki Səfurəyə etdiklərinin intiqamını da həyat ondan alır. Tək-tənha yaşayan Həmidin yaşadığı ev də tör-töküntü, kir-pas içindədir. Maral növbəti dəfə Həmidgilə Leylanın dayısı Rafiqlə gəlir. O, Həmidin dilini bilir. Onun  evinə bir xeyli bazarlıq edərək gəlir və Maralın anası haqqında bilgiləri ondan məharətlə almağə bacarır.
   Əsər uğurlu bir finalla bitir. Bank sektorunda insanlığını itirmiş Sergey, Vladimir və Məhərrəmin cinayətlərinin üstünün açılmasından Maral, Orxan və Leylanın əlinə xeyli pul keçir. Maral oğurlanmış bu pulların sahiblərini bir-bir tapıb pulları geri qaytarır. Bir hissəsinə xüsusi qayğıya möhtac heyvanlar üçün baytarlıq guşəsi yaradır. Bir hissəsini yetimlər evinə verir. Və özü də Azərbaycana dönmək, anasını axtarıb tapmaq haqqında düşünməyə başlayır. O, Azərbaycana Leyla, bacısı Maşa ilə birlikdə qayıdır. Ancaq bundan əvvəl Maral doğma atası Zəfəri tapmağa çalışır. Əsərin bu məqamına “Maral” romanına rəy yazmış poliqraf alim Şəddad Cəfərovdaha doğru mülahizələrlə yanaşır:


    “Ulduz Qasım uzun illər Rusiyada yaşadığından bu ölkənin siyasi-mənəvi-iqtisadi həyatını mükəmməl öyrənə bilib. Yəqin ki elə bu bilgilərin əsasında Rusiyanın ayrı-ayrı ərazilərini, başqa-başqa əyalətlərinin adamlarını da öz təbiətlərinə uyğun təsvir edə bilir. Əgər Moskva mühiti bütün əhatəliliyi ilə “Maral”   romanında öz əksini tapırsa, bu, bilavasitə hadisələrin Moskvada cərəyan etməsilə daha çox bağlıdır. Amma müəllif qəhrəmanlarının ayrı-ayrı ərazilərdə yaşadığını da nəzərdən qaçırmır. Rusiyanın ən müxtəlif tərəflərinə, əgər belə demək mümkünsə, qəhrəmanları ilə birgə səyahət edir. Atası yüngül həyat tərzi keçirən Tatyanaya qoşulub uzaq Sibirə, əsərdə konkret olaraq göstərilən Nijne-Vartovski şəhərinə gedir. Əslində, cənubda, yəni isti təbiətli Azərbaycanda doğulub böyümüş Zəfər üçün uzaq Sibir iqliminə uyğun həyat tərzini qura bilməyəcəyini qabaqcadan bilməli idi. 


   O, əslində mənəvi cəhətdən kordur. Tatyananın açıq-aşkar qərəzkarlığını, qəddarlığını görsə də onunla yaşamağın qeyri-mümkünlüyünü sövq-təbii anlasa da, bundan vaxtında nəticə çıxara bilmir. Tatyana Zəfərin xaraktercə zəifliyindən istifadə edərək onun ailəsini dağıdır, körpə qızını necə ki Zəfər anasından ayırmışdı, eləcə də Maralı atasından ayrırır. Bu, əslində Zəfərin həyatının qırmızı xətti idi. O, tezliklə bütün Azərbaycanla, doğmaları ilə əlaqələrini itirir. Tatayana Zəfərin evini satdırıb onun pullarını da mənimsəyir. Əslində, Tatyana bütün bunları düşünülmüş şəkildə icra edir. Yaxşı bilir ki, Zəfər əgər Moskvada qalmalı olsa, onun qızı ilə əlaqəsi kəsilməyəcək. Hətta onu tanıyan azərbaycanlılar bir vaxt Zəfərin ayılmasına, ətrafına baxmasına şərait yaradacaq, təsir göstərəcək. Əgər belə demək mümkünsə, Tatyananın Zəfəri təsir altına alması mənəvi işğal demək idi.


       Zəfər yaşadığı həyatın mənasızlığını əslində dərk edir, ancaq Tatyananın arxasınca düşüb gedəndən sonra. Əlindən apardığı pullar qurtarır və bu zaman əlavə qazanc gətirə bilmədiyi üçün Tatyana onu ailə başçısı kimi tanımır. Tezliklə Zəfəri daha imkanlı biri ilə əvəz edir. Zəfər bunları görür, başa düşür. Ancaq o artıq bütün mənəvi potensialını itirmişdi. Nəyəsə etiraz etməyə belə gücü, iradəsi qalmamışdı. Əslində, onun qəzada həlak olması bir növ bilərəkdən intihar idi. Çoxlu spirtli içki qəbul edərək idarə etdiyi “Jiquli” maşınını “Kamaz” qabağına sürür və ağır qəza törədir. Bununla da onun həyatı sona çatır.”


    Zəfərin, eləcə də əsərin finalına doğru yaddaşımızda mənəviyyatı qüsurlu obrazlar kimi qalmış surətlərin həyatından fərqli olaraq, roman özü də hər kəsə fərəh gətirən, könül açan səhifələrlə yekunlaşır. Belə ki Maral Azərbaycana dönüb anasına, bacı və qardaşlarına – bütövlükdə ailəsinə qovuşur. Ailəsindən zərrə qədər də ögeylik duymayan Maralın həyatı xoşbəxtliyinin səhifələri məhz bundan sonra başlanır. Lakin romanın son vərəqi də artıq çevrilib, gerisi düşüncələrdə, xəyallarda canlan bir həyat hekayətinin sonrakı ömrü ədəbiyyatın,sənətin ixtiyarına buraxılıb...


İnanıram ki, Maral öz müəllifini sənətin əbədi yaddaşında qoruyub saxlayacaq. Və Maral tək deyil, onun bir bacısı da Xocalı şikəstəsindəki Məryəmdir. Onlar doğma bacı olmasalar da mənəviyyatca, ruhi – mənəvi bağlantılarla bir – birinə daha möhkəm tellərlə bağlıdırlar... Hələ “Qürbət Zöhrəsi”nin Zöhrəsi, “Ağ göyərçinlər”in Muradı və digər Vətən sevdalı qəhrəmanlar...


Ulduz Qasım yaradıcılığı - istedad və iztirablı zəhmətin birgə yaratdığı ədəbi irsin fəsillərinə bələd olduqca, həyatı sədaqət və ümid hekayətlərindən yoğrulmuş obrazların mənəvi ucalığından cəmiyyəti seyr edən, yüksək mənəvi ideallara söykənən yazıçı şəxsiyyətinin özü belə kamil bir əsər kimi oxunur.


Ardı var...


Fariz Çobanoğlu


Facebook-da paylaş