Əməkdar müəllim Validə Həsənovanın "Bir Tanrı sənəti " kitabı barədə qeydlərim


Tanınmış təhsil işçisi, əməkdar müəllim Validə Həsənovanın “Bir Tanrı sənəti” kitabı yenicə çapdan çıxıb. Kitabın adı da təsadüfi seçilməyib. Qədim Yunan hikmətinin müəllimə və müəllimliyə verdiyi dəyərdən qaynaqlanır. Kitabın annotasiya səhifəsində yazıldığı kimi, ““Bir Tanrı sənəti” kitabına yurdun “alimlər beşiyi” adlanan Cəbrayıl bölgəsinin maarifçi fədakarları- müəllimlərin həyat və fəaliyyətlərini əks etdirən ensklopedik xarakterli yazılar toplanmışdır. Bunlar elm və mədəniyyət xadimləri adlandıra biləcəyimiz sadə peşə adamları, lakin dünyanın ən xeyirxah, mənəvi rəhbərlərimiz, hər birimizin həyat yoluna işıq tutan müəllimlərin həyatı və fəaliyyəti haqqında yazılardır.
Kitab kimi hər biri yazı nümunəsi də bu üzdən unutmadığımız, unutmayacağımız bir tərbiyyəvi ədəbiyyat olaraq qalacaqdır. Ədəbiyyat demişkən, müəllifin bu kitabı  bədii  nümunə  deyil, fəqət elm və təhsilimiz üçün bir çox keyfiyyətlərinə görə dəyərli ədəbiyyat hesab oluna bilər. Qısa da olsa demək istəyirəm ki, kitabda ən azından Cəbrayıl bölgəsində yayılmış məktəblərin tarixi araşdırılıb. Təkcə bölgədə Sovet hökumətindən üzübəri deyil, həm də ondan əvvəl fəaliyyət göstərmiş Mollaxanaların, Mədrəsələrin  , digər təhsil yönlü ocaqların yeri, yurdu, məkanı göstərilir, onlar haqqında qismən də olsa dövrün oxucularına müəyyən məlumatlar ötürülür.

Cəbrayıl bölgəsi elmə, təhsilə, sənətin müxtəlif növlərinə həssas bir bölgə olduğu üçün bu yerlərdən çox böyük alimlər, ziyalılar, müəllimlər, incəsənət adamları, ictimai - siyasi xadimlər,  fədakar dövlətçilər çıxıb ki, bunlar təkcə bir ərazinin deyil, bütövlükdə respublikanın fəxarət duyduğu insanlar səviyyəsinə ucalıblar. Əlbəttə, bu kitabda müəllifin əsas məqsədi bölgənin maarifçi və fədakar müəllimlərini cəmiyyətə bir daha tanıtmaqdır ki,  bu  xüsusda  müəllif   zəhmətini , əməyini səfərbər edib. 
“Bir Tanrı sənəti” kitabına rəy yazmış Türkoloq alim Minəxanım Təkləli də bu detalların üzərində həssaslıqla dayanır: “Ömrünü gənc nəslin təlim-tərbiyəsi işinə həsr etmiş belə müəllimlərdən  vaxtilə rayon təhsil şöbəsinə başçılıq etmiş Şirin Zeynalov, Əminə Əbilova, Məmi Bədirxanov, Nəriman Sadıqov, Fərhad Kərimov, İslam İsmayılov, Osman Vəliyev, Qamboy Əhmədov və başqalarının həyat və fəaliyyətləri ilə bizi-oxucuları tanış edir. Çox şübhəsiz, bu zəhmət adamları, elm-maarif fədailəri Cəbrayıllıların yaxşı yadındadır. Həqiqətən, fədai. Mən bu sözü təsadüfən, necə gəldi işlətmədim, işlədə bilməzdim də… Bu həyatdakı kimlərinsə tanıdığı, kimlərinsə də adını, sorağını eşitdiyi müəllimlərdir...

Validə xanım böyük qədirşünaslıqla Cəbrayıl elinin müəllimlərinin həyat və fəaliyyətinin işığa çıxarılması ilə, əlbəttə böyük işlər görmüşdür. Bunlar bölgədə fəaliyyət göstərən, həyatlarını Cəbrayılın varlığı ilə birləşdirən elm-maarif xadimləri - müəllimlərdir. Hələ Cəbrayıldan çıxıb ölkənin ali məktəblərində təhsil sahəsində yorulmadan çalışan, respublikanın elmi potensialını gücləndirən alim pedaqoqlar…akad. Mehdi Mehdizadə, Tofiq Hacıyev, prof. əməkdar elm xadimi Qəzənfər Kazımov… 
Kitabda Cəbrayılın təhsil işçilərinin işi-fəaliyyəti dəqiq və səliqəli şəkildə, bir növ xronoloji ardıcıllıqla günümüzədək izlənilir. Bunların sırasında - şair təbiətli Qorxmaz Bayramov, Teymur Quliyev, Kamil Məmmədov, Zamiq Qurbanov, Aydın Bəyişov, Rəşid Məmmədov, Arif Xəlilov…və başqalarının adı çəkilir. Validə müəllim otuz il çəkən köçkünlük illərində də yurd-yuvadan ayrılan, fəaliyyəti köçkünlük illərinə düşən müəllimlərin ağır məhrumiyyətli illərdəki fədakar əməyini də göstərməyi unutmur”.
     
Qeyd edim ki, kitabın bir bölməsində müəllimlərin tərcümeyi-halı verilir. Lakin bu sadə tərcümeyi-hal deyil. Validə xanım müəllimlərin məktəb illərindəki fəaliyyətini xronoloji ardıcıllıqla işıqlandırarkən onların mənəvi simasını da maraqlı cizgilərlər cıza bilir.  Tanıdığı  hər bir müəllimi  elmi - pedoqoji bacarıqlarından əlavə insani  keyfiyyətlərinin incəliklərini də  sözün ruhundan keçirərək  mənəvi yaddaşa ötürməyə  çalışır və işin bu tərəfi  onun qələmində uğurlu alınır. Çünki  özü də  sevgi doludur , yazdıqca sözü, qələmi, kitabının səhifələri də işıqlanır. Hətta bəzən həyatla vidalaşmış,  hörmət və ehtiramla xatırladığı  müəllimlər barəsində elə yanğı ilə danışır ki, kövrəlməyə bilmirsən. Kitabın dünyadan köçmüş mənəviyyat örnəyi olan müəllimlərin əziz xatirəsinə ithaf olunması da şəxsiyyətə və sənətə diqqətin göstəricisi üzərindən gəlir .  Daha dəqiq desək, kitabdakı publisistik qeydlər oxunarkən emosional duyğular yaradır ,sözügedən ,adı keçən ,pedaqoji fəaliyyətinə diqqət ayrılan hər bir  müəllimin obrazı canlanır. İstər - istəməz  yenə də müəllim ucalığından formalaşmış   antik fikirləri yada salır. Dünyadakı bütün peşələr insanlardandır və yalnız üçü Allahdandır- müəllim, hakim və həkim...
    Təkrar da olsa, deməyin yeri var , kitabın adının “Bir Tanrı sənəti” seçilməsi müəllifin kitab üzərindəki əsas uğurlarından biridir. Ədaləti və sağlamlığı qoruyan hakim  və həkimlik kimi ,müəllimlik də Allahdandır ,gerçəkdən Tanrı sənətidir ,insanı haqqa ,həqiqətə təmiz əqidəyə kökləyən ,hazırlayan bir sənət...
   
Validə xanım Həsənovanı hələ “Ləyaqət həmayili” kitabından tanıyıram. Bu kitabda onun şəxsiyyətinə güzgü tutmuş yazılar bir yana dursun, onun özünün xatirələri məni çox təsirləndirmişdi. Ümumiyyətlə, xatirə yazıları qəlbimi həmişə silkələyib. Validə xanımın yazısında isə ailəmizin yaşayışı, həyat tərzi, bizim əxlaqımız, əqidəmizlə bağlı bənzərliklər çox olduğuna görə mənə çox doğma gəldi. Hisslərimi sosial şəbəkənin feysbuk bölməsində bir status səviyyəsində də olsa yazmaya bilməmişdim:.
“Uzun illər Cəbrayıl rayon Təhsil Şöbəsinin müdiri vəzifəsində çalışmış əməkdar müəllim Validə xanım Həsənovanın "Ləyaqət həmayili” kitabındakı uşaqlıq, ailəsinin aran - yaylaq həyatı ilə bağlı xatirələrini oxuyuram. Köçəri -elat dünyasının sərtlik, sınaqlara sinə gərən məşəqqətli həyatı bu xatirələrdə dil açıb danışır, həm də elə danışır ki ,sanki ildırımı - dolusu, şimşəyi, gürşadı ilə başın üzərində şaqqıldayan bir həyatın birbaşa özünü dinləyirsən. Aran -yaylaq yollarının dözülməz sınaqları içərisində insanın həm də səadət işığı tapması adamı qoynuna alır. Köçəri - elat ömrü - yaşamın ən çətin, ən sərt məktəbi ...bu məktəbdə bir Leyli məhəbbəti, bir məcnun sədaqətilə oxumaq, sonra hiss -həyəcan dolu bu mənəvi yaşantıları ali məktəb pillələrində daha parlaq cizgilərlə cilalamaq və zamanla dolu bir mənəviyyat obrazı yaratmaq ... Keşməkeşli bir ömrün heyrət və heyranlıq doğuran həyəcanla oxunan epizodları kitabın bir fəslində bir neçə səhifəyə sığışdırılıb. Təəssüf edirsən ki, təkcə şirinliyilə deyil, ürək göynəyinə çevrilməsilə də yaddaşa dönən bu xatirələr bir ədəbi roman libası da geyinə bilərmiş... Validə xanımın babaları, nənələri, ona dərs demiş, oxumaq, yazmaq öyrətmiş müəllimləri, habelə başqa doğmaları, yadları haqqındakı söhbətləri kitabın qızıl səhifələridir və burda qarşına çıxan hər xatirə epizod bir örnək, bir müəllimin həyatın gün tutmayan kölgəli tərəflərinə də işıq salmaq cəhdidir. Özündən geridə qoyduğu izlərin, ləpirlərin gələcək nəsillər üçün təcrübəli bir bələdçi olmasına inamın bəhrəsidir.
 
    Adını çəkdiyim kitabda Validə xanım haqqında mənim də yazım gedib. Ancaq etiraf edim ki, mən o yazını yazanda Validə xanımı bu qədər doğmalıqla, bu qədər yaxından tanımırdım. Xatirələrini oxuduqca öz ailəmizin taleyini yenidən gördüm, bu qələmin səsində daş üstə bitən ömürlərin nağılını, nəğməsini dinlədim. Təbiətdə qayalar, daşlar üzərində qol -qanad açan zərif bir çiçək də gözlərim önünə gəldi, zərifliyin sərtlik üzərində qələbəsinə bir daha əmin oldum ..
Tanınmış pedaqoq Əlibala Zaloğlu kitaba yazdığı həyat sevgisilə dolu “ön söz”ü ilə yaşarı bir körpü atıb. Nə yaxşı ki, kitab və müəllif arasındakı bu uçulmaz körpüdən keçib mən də Validə xanımın dünyasıyla yaxından tanış oldum”.
 
Yenə də professorun Validə xanımın “Bir Tanrı sənəti” kitabına rəy kimi yazdığı məqaləyə dönmək istəyirəm:
“Doğrudan da, Validə xanımın həm bir cəfakeş pedaqoq, həm də dürüst və həaytsevər bir insan kimi zəngin ruhi-mənəvi aləmi var. Professor İsmayıl Kazımovun fikirləri də bu zəngi ruhi-mənəvi aləmin daşıyıcısı olan insanın obrazından qaynaqlanır:
“Validə xanım şərəfli yolun yolçusudur. Yeri düşəndə Validə xanım deyir ki: “Dərs müəllimin əsəridir. Bu əsəri yaxşı yazmaq lazımdır”.
     Validə xanımın keçdiyi həyat və pedaqoji fəaliyyət yoluna nəzər saldıqda adam düşünür. Sadə bir ailədə dünyaya gəlmiş, müəllim peşəsinə yiyələnmiş, sonra da işgüzarlığı, bacarığı ilə vəzifəyə çəkilmiş bu xanım Azərbaycan təhsil dilində sözünü deyə bilmişdir. İstedadlılıqdan peşəkarlığa, peşəkarlıqdan məhsuldarlığa doğru inkişaf etmişdir. Validə xanım bu dünyaya nə zaman gəlib, harda gəlib, fərqi yoxdur, ancaq istedadla gəlib. İstedad ( yaxud enerji) olmayan yerdə əsl insan (yaradan, müzakirə və mübahisə doğuran) yoxdur!..”
    Elə mən də belə düşünürəm, Validə xanım bütün mənəvi, işgüzar keyfiyyətləri, qüsursuz pedaqoji fəaliyyətilə Azərbaycan qadınları üçün bir etalondur. O, çox ağrılı bir tale yolu keçib, xatirələrindən oxuyuram:
“Bu həyatda təmiz, ləkəsiz, xainlik, paxıllıq bilməyən, heç kəsə, heç kimə pislik etməyən, dalaşmağı bacarmayana bir duyğusal ömür yaşayıb 65 yaşa çatdım. Bu 65 yaşda nə itirdim, nə qazandım?! İtirdiklərim çox oldu, atamı, anamı, bacımı, qızımı, torpağımı, evimi itirdim. Bunlar çox ağır itgidir. Buna dözməyə böyük ürək, böyük səbr lazımdır...”
     Validə xanımın ən çətin situasiyalarda belə itirmədiyi qazancı onun vətəndaşlığı, insanlığı, ləyaqətidir. Məhz bunları itirmədiyinə görə cəmiyyətin, elin, Azərbaycan təhsilinin hörmət və izzətini qazana bilib. Validə xanım Həsənova böyük sevgiyə layiqdir. Onun yeni kitabı da müəllim sənətinə hədsiz bir sevgi, bu peşəyə daha böyük rəğbət aşılamaq gücündə olan bir vurğunluqla qələmə alınıb.”
Onu da deyim ki, "Bir Tanrı sənəti" kitabında müəllifin "ön söz" yerinə yazdığı səhifələrdə, eləcə də "Müəllif" qeydlərində tarixi Qarabağın elmi irfanı, söz - sənət  bağçaları ilə  zəngin olan Cəbrayıl bölgəsinə dair çox maraqlı faktlar və bilgilər yer alıb. Coğrafi ərazinin memarlıq abidələri, mənəvi - mədəni mühiti, rayonun təhsil, məktəb irsi bu qədim diyarın özünün tarixi barədəki məlumatlar  kitabın informasiya bazasını daha da əlvanlaşdırmış və səhifələrin gözünə əlavə dəyər qata bilmişdir.
Validə xanım Həsənovanın  son Qarabağ savaşımızdakı zəfərimizlə ilgili təəssüratları - müharibə ağrıları və qələbəmizdən dolayı sevinc hissləri, şanlı ordumuza və qəhrəman Ali Baş Komandanımıza rəğbət dolu düşüncələri kitabın həyəcanla oxunan vərəqləridir.
"Bir Tanrı sənəti"nin  üz qabığındakı  mənzərə rəmzi məna daşıyır , Xudafərin körpüsüdür .Xudafərin deyəndə Cəbrayıl yada düşür və  Redaktorun bu seçimi də məncə yerinə düşüb . Əsrlərin zamanla çarpışan zərbələrinə sinə gərən ulu körpülər memarın canlı ruhunu köçürdüyü  möcüzəsidir .lakin bu memarın da bir müəllimi olub deyiriksə - demək ən böyük möcüzə , ən ulu , ən şərəfli körpü elə müəllimlərdir  , böyük müəllimlik yolunda çiyinlərini körpü tağları edənlərdir .Validə xanıma   " Bir Tanrı sənəti "ni yazdıran ,cəmiyyətə təqdim etməyə sövq edən də məncə elə bu düşüncədir, milləti, xalqı  formalaşdıran elmdir, təhsildir. Yəni üzünü hara tutsan yenə də qüdrətli müəllimdən, müəllim qüdrətindən danışmalısan.

Əlbəttə kitab, görülən iş barəsində daha geniş danışmaq olardı, hesab edirəm ki, yazdıqlarım da yetərlidir.
Bir məsələni deməyi də özümə borc bilirəm. Kitabın nəşr olunmasında maddi və mənəvi köməyini əsirgəməyən qocaman müəllim hacı  Ramiz İmanovun da adını ehtiramla çəkirəm. Kimsə kimsənin kitabını oxumadığı bir zəmanədə belə xeyirxahlıqlar günümüzün nadir hallarındandır və hacı Ramizin bu sayaq xeyirxahlığı birinci deyil...

Fariz Çobanoğlu


Facebook-da paylaş