Hələ də intiqamını alıb qoynuna sığına bilmədiyimiz Meşəli...
Qanlı olaydan 28 il ötür
Etiraf etmək lazımdır ki, Azərbaycan, o cümlədən Dağlıq Qarabağ haqqında bizim internet resurslarımız o qədər də zəngin deyil. Əslində, bəzi məqamlarda tədqiqatçılarımızın, araşdırmaçı-tarixçilərimizin, jurnalist həmkarlarımızın belə zəif damarları üzə çıxır. O yerdə ki ciddi əhəmiyyət kəsb edən bir hadisə, bir olay barədə axtardığımız məlumatı əldə edə bilmirik. Götürək elə tariximizə ağrıyla, yaddan çıxmayan yaralarla yazılmış Meşəli hadisəsini. Bu qanlı tarixdən 28 il ötür. Amma biz, nəinki biz, bütövlükdə, Azərbaycan mətbuatı hələ də bu dəhşətli hadisəni bütün təfərrüatı ilə işıqlandırmaqda çətinlik çəkir. “Qarabağa aparan yol” qəzeti illərdir ki, bu mövzuda müxtəlif səpkili yazılar dərc edir. Hər zaman çalışmışıq ki, hadisənin canlı şahidlərini dindirək və onların dilindən çıxmış sözlərlə gerçək tarixi qələmə alaq. Hadisənin şahidi olmuş insanlar bu gün də var və biz onların vasitəsilə ötən 28 ilin hər birində Meşəli hadisəsini gündəmə gətirmişik...
Meşəli hadisəsi deyəndə, 1988-1990–cı illərdə xalq şairi Xəlil Rza Ulutürkün meydanlardan, küçə və tribunalardan hayqırtılı səsi qulaqlarımda cingildəyir. O, hər dəfə tribunaya qalxanda, mən bu gün Xocalıdan, Meşəlidən, Kərkicahandan, İmarət-Qərvənddən, Tuğdan, Xocavənddən, Kosalardan gəlirəm söyləyərdi...
Vətən naminə sinəsində ocaq çatmış Xəlil Rza həmin kəndlərin gələcək taleyindən soraq verirdi bu ifadələri ilə. Paytaxtdakı əhalini ayağa qaldırmağa çalışırdı ki, torpaq, yurd, Vətən əldən gedir, Dağlıq Qarabağ Azərbaycan xəritəsindən qoparılır. Əfsus ki yüzlərlə, minlərlə belə Vətən fədaisinin ürək göynədən, qəlb titrədən harayına məhəl qoyulmadı. O dövrki hakimiyyət öz vəzifə və şöhrətpərəstliyi, tamahkarlığı, nəfsi naminə çox şeylərin, o cümlədən ən müqəddəs olanların da üstündən xətt çəkdi. Başına gətirilmiş qanlı olaylarla tarixə düşmüş kəndlərimiz bir-birinin ardınca işğala məruz qaldı. Adlarını sıraladığım İmarət-Qərvənd, Tuğ, Xocavənd, Kosalar, Kərkicahan, Yuxarı Divanalılar, Todan, Daşbulaq, Həsənabad, Pirəməki, Meşəli, Nəbilər, Malıbəyli və s... Dağlıq Qarabağın azərbaycanlılar yaşayan kəndləri vəhşicəsinə talan edildi, əhali düşmən tərəfindən amansızlıqla qətlə yetirildi; qocasına, cavanına, xəstəsinə, qadınına, uşağına baxmadan qanına qəltan edildi. Bütün bu kəndlərə od vurulub- yandırıldı. Sözün həqiqi mənasında, adıçəkilən bu kəndlərin timsalında Azərbaycan xalqına qarşı genosid törədildi. Qeyri-bərabər döyüşlərdə rus artilleriyasının, rus hərbisinin gücünə arxalanan ermənilər qədim və böyük türk mədəniyyətinin daşıyıcısı olan Azərbaycan kəndlərini xarabazarlığa çevirdilər. Min illərin yadigarı olan yaşayış məskənlərindəki tarixi abidələr də dağıdılaraq izi-tozu itirildi.
Qanına qəltan edilmiş, torpağına, suyuna, tarlalarına, meşələrinə qan çilənmiş kəndlərimizdən biri də Meşəlidir. 23 dekabr 1991-ci il Meşəli faciəsinin törədildiyi gündür. Lakin həmin hadisədən 28 il öməsinə baxmayaraq, hələ də Meşəli yarası qaysaq bağlamayıb. O ağrını, o dəhşəti sinəsində gəzdirən insanlar hələ də düşməndən intiqam ala bilməyiblər.Onlar hələ də doğma torpaqlarına həsrət qalan bir ömür yaşayırlar; həsrətli, xəcalətli bir ömür... Buna baxmayaraq, əvvəldə də dediyim kimi, Meşəli faciəsi ilə bağlı tarixi xronikalarda, qəzet səhifələrində, televiziya və radio verilişlərində, o cümlədən ən müxtəlif KİV-lərdə normal bir məlumata, Azərbaycan, o cümlədən dünya ictimayiətini belə, irimiqyaslı qırğınla tanış edə biləcək bilgilərə rast gəlmək olmur. Budur, internetdə xeyli axtarış etdikdən sonra bir mənbədə Meşəli qırğınını əks etdirən sətirlər gözümə dəyir: “Öz füsunkar təbiəti, buz bulaqları, yaşıl ormanları, azman meşələri ilə dağlar qoynunda binə tutmuş Meşəli kəndi Yer üzündən silindi.
Dekabrın 23-də (1991-ci il) səhər saat 7 radələrində türk qanına susamış erməni faşistləri kəndi mühasirəyə almış və son evədək yandırmışlar. Çox böyük insan tələfatı olmuşdur. İlkin məlumata görə, ermənilər 30 nəfərdən çox azərbaycanlını -qocaları, qadınları, uşaqları qətlə yetirmiş, bir çoxunu isə vəhşicəsinə yandırmışlar. İtkin düşənlər olmuşdur. Kənd sakinlərindən 5 nəfərin evindən heç kəs sağ çıxa bilməmiş, 12 qadın, uşaq və qoca diri-diri yandırılmışdır.
Meşəli faciəsi bir daha göstərdi ki, ermənilər Dağlıq Qarabağı azərbaycanlılardan tam təmizləmək üçün Moskvadan və Yerevandan xüsusi göstəriş alıblar.
Meşəlidə genosid törədildi. İki gün ərzində keçilməz dağ yolları ilə erməni qəsbkarlığının qurbanı olmuş günahsız adamların meyitləri Laçının Fərraş və Nurəddin kəndlərinə aparılmışdır...”
...Hadisənin şahidlərinin dediklərindən, o cümlədən tarixi gerçəkliyi təsdiqləyən bu sətirlərdən də bəlli olur ki, kənd üzərinə hücum planlı şəkildə həyata keçirilib. Azərbaycanlıların yaşadığı sonuncu kəndlərdən olan Meşəli üzərinə hücum 23 dekabrın axşam saatlarından başlayaraq 24 dekabrın gecəyarısınadək davam edib. Kənd əhalisinin dediklərinə görə, həmin döyüş müddətində meşələr qoynundakı bu kənddə qan su yerinə axıdılıb, əhali son nəfəsinədək döyüşsə də, böyük itgilərə məruz qalaraq kəndi tərk etmək məcburiyyəti qarşısında qalıb. Beləliklə, 30-dan çox şəhid verib Meşəli.
Qəzetimizin 14 illik saylarında bu barədə daha müfəssəl, dəqiq məlumat vermişik. Ölənlərin, yaralananların, şəhidlərin, itgin düşənlərin adlarını, soyadlarını Meşəli faciəsini əks etdirən yazılarımızda təkrar-təkrar söyləmişik. Bu qırğında döyüşçülərdən əlavə 29 dinc kənd sakini vəhşicəsinə qətlə yetirilib. 23 dekabr 1991-ci ilin həmin müdhiş gecəsində təkcə elə Novruzovlar ailəsindən 5 nəfər həyatını itirib: Novruz, Adilə, Pakizə, Rübabə, Zakir Novruzovlar, Əvəz və Qönçə Sadıqovlar, Hüseyn və Pakizə Nurməmmədovlar, Qənimət, Rüba, İsmayıl, Mətləb Quliyevlər, Sürəyya Xudayarova, Xəlil Kazımov, Bəhlul Hümbətov, Ənvər Qasımov, Əli Mehrəliyev, Nadir İbadullayev, Vidadi Allahverdiyev və başqaları qanlı faciənin qurbanlarındandır.
Meşəli kəndinin 400-dən çox sakininin bir hissəsi bu gün Goranboy rayonunun Ağcakənd qəsəbəsində salınmış yeni “Meşəli” qəsəbəsində məskunlaşaraq, bu qəsəbədə dədə-baba yurdlarına dönmək arzusu ilə yaşayıb-yaradır. Hadisədən ötmüş bu 28 il ərzində əhalinin sayı bir qədər də artıb və gənc nəslin yaddaşında da Meşəli hadisəsi, Meşəli olayı dipdiri yaşamaqdadır. Hər bir meşəlilin yaddaşında hadisənin ağrıları canlı olaraq qalmaqdadır.
Meşəlini Yer üzündən silən erməni caniləri unutmasınlar ki, gec-tez tarix qarşısında cavab verməli olacaqlar. Hələlik isə Meşəli də itirilmiş digər Azərbaycan əraziləri – Ağdam, Laçın, Şuşa, Kəlbəcər, Füzuli, Qubadlı, Zəngilan... kimi düşmən tapdağındadır. Adama elə gəlir ki, adını çəkdiyim dilbər guşələrimizdə, o cümlədən elə Meşəlinin özündə də çaylar axmır, bulaqlar zümzümə etmir. Budaqlarda nəğmələr susub. Çünki bu torpaqlarımızın hər bir qarışında düşmən gülləsi, düşmən mərmisi Azərbaycan övladlarını qanına qəltan edib. Fəqət ruhumuzu öldürə bilməyib, yaddaşımızın, ağlımızın səmtini dəyişməyib, mənəvi gücümüzü sarsıda bilməyib. Meşəlinin dörd bir tərəfindəki yer-yurd adlarımız hər an dilimizin ucundadır: Alaqaya, Pələng qayası, Eyvazlı, Şah seyrəngahı, Meydan düzü, Orta Tala, Seyid qəbri, Qırxqız, Xocalı yurdu, Qasım bulağı, Kosalı bulağı, Baldırğanlı bulağı kimi qan yaddaşımızın bir parçası olan bu yerlərə dönmək arzusu içimizdə boğulub qalmayacaq. Azərbaycan ordusu indi dünyanın qüdrətli orduları sırasında yer alır. Ötən illər ərzində iqtisadi və hərbi qüdrətimiz də kifayət qədər möhkəmlənmişdir. Bu gün Dağlıq Qarabağ münaqişəsilə maraqlanan dünyanın tanınmış siyasətçiləri də hadisələrin ədalətli şəkildə Azərbaycanın xeyirinə qurtaracağını iddia etmələri mənəvi baxımdan bizi bir az da ruhlandırır, tezliklə öz haqqımıza, ədalətimizə əlimizin çatacağına ümidli edir. Acı həqiqət isə ondan ibarətdir ki, biz hələ də Meşəlinin intiqamını ala, doğma yurdun qoynuna sığına bilməmişik...
Fariz Çobanoğlu
Facebook-da paylaş