XOCALI QADINININ ANALIQ HİSSİ

 
 Müsahibim, türkiyəli operator Ağası Hunun Qaraqayada çəkdiyi kadrlara düşən - kürəyində 1 yaş 8 aylıq körpəsini və ayağından mərmi yarası alan bacısı qızını min bir əzab-əziyyətlə ölümün qucağından alan Süleymanova Cəmilə Əhməd qızıdır. O, dəhşətli günləri mənə danışarkən erməni quldurlarının vəhşiliklərini bir daha gözlərimin önünə gətirməyə çalışdım. Cəmilə Süleymanova anasız körpəni susdurmaq üçün ona ana südü verərək sakitləşdirmişdir. Xocalı qadını ətrafında olan onlarca adamın yerinin düşmənə bilinməməsi və körpə uşağın acından ölməməsi üçün əsl Azərbaycan qadını kimi fədakarlıq etmişdir. Cəmilə Sülüymanovaya ilk sualım soyqırım gününü necə xatırlamağı ilə bağlı oldu.

- Xocalı soyqırımı törədilən gecə yoldaşım posta gedəndən sonra - təxminən saat 11-də xəbər verdilər ki, ermənilər ağır texnikalarla şəhərə yaxınlaşıb. Şəhəri tərk etmək məcburiyyətində qaldıq. Uşağın birini kürəkənimiz, birini də mən aldım. Bacım qızı Aynurə, bacım Ətrabə, kürəkənimiz və iki uşağımla bərabər Qarqarçayına tərəf getdik. Uşaq üçün çörək, odeyal götürmüşdüm. O enişli-yoxuşlu yolları, qayaları necə təsəvvürünüzə gətirim- bilmirəm. Qarlı-tufanlı gecə sıldırım qayaları enib-qalxmaq üçün var gücümüzü toplayaraq xeyli getdikdən sonra asfalt yola yaxınlaşarkən atışma başladı. Asfalt yolun hər iki tərəfində BMP-lər yolu keçmək istəyən adamları gülləbaran etdilər. Hərəmiz bir tərəfə qaçaraq pərən-pərən düşdük. Bacım və kürəkənimiz, oğlum Vüsalla birlikdə məndən aralı düşmüşdü. Qızımı və bacım qızını mən aparırdım. Xeyli sayda adam orada şəhid oldu.
 - Orda konkret nə qədər adam olardı?
Çoxlu sayda adam var idi. Bəlkə də 1000-dən çox. Qocalı, cavanlı, qadınlı, uşaqlı, yaralı olanlar -  hamı düşmən gülləsindən canını qurtarmağın hayında idi. Fəryad səsləri hər tərəfə yayılmışdı. Ağır silahlardan atəş açırdılar. Necə atırdılarsa, baş bir tərəfə, bədən bir tərəfə gedirdi. Tikə-tikə olurdu adamlar. Atışma olarkən mən uşaqların üstünə uzandım ki, onlara heç nə olmasın. Bacım qızı Aynurənin ayağı paltodan kənara çıxmışdı, mərmi onun ayağına dəydi. Qan fışqırdıqca qız imdad diləyirdi. Başımdan yaylığımı açıb içini qarla doldurub onun yarasını sarıdım. Qızım Vüsaləni donmuş şəkildə heç bir köməyim olmadan aparıb kolun dibinə qoyub, qayıdıb bacım qızını aparırdım. Həmin yeri birtəhər keçdik. Mənim kürəyimdə və yanımda uşaq olmağına baxmayaraq, tez-tez gedirdim. Asfaltdan xeyli aralanmışdım. Kollara yaxın gedirdim ki, uşaqları salamat apara bilim. Saçımı kollar aparmışdı. Rayonumuzun keçmiş icra başçısı Elman Məmmədov adamların çıxması üçün köməklik göstərirdi. Qaraqayaya çatmağa az qalmış bizi Azərbaycan dilində səslədilər. Dedilər ki, qorxmayın, gəlin, biz ağdamlıyıq, sizə köməyə gəlmişik. Xeyli adam onlara tərəf getdi. Onlar gedən kimi mühasirəyə aldılar. Təxminən 100-ə yaxın adam onlara tərəf getmədi. Biz tanımadığımız bir dərəyə endik. Xəstəxanada işləyən Ramilənin yoldaşı Taleh qumbara ataraq bir neçə ermənini öldürdü. Ermənilər tez Taleyi mühasirəyə aldılar. Bir erməni Taleyə deyirdi ki, sən mənim qardaşımı öldürmüsən. Taleyi yavaş-yavaş zülm verə-verə güllələyərək öldürdülər. Əsirlərin içində onun yoldaşını da aparırdılar. Ancaq onun Taleyin yoldaşı olduğunu bilmirdilər. Onları əsir aparanda necə olmuşdusa, Ramilə və bir neçə nəfər qaça bilmişdi. Düşmən əsirliyindən canlarını qurtaran həmin adamlar gəlib bizə qoşuldular.
Biz hamımız arxası üstə kolun arxasında qarın üstünə uzanıqlı qalmışdıq. Qaladərəsində yaşayan Həsrət xalanın biraylıq nəvəsi də bizimlə idi. Onun atasını, anasını qətlə yetirmişdilər. Uşaq elə ağlayırdı ki, səsi insanı dəhşətə gətirirdi. Öz övladım gözlərimin önünə gəlirdi. Həmin vaxtı övladımın birini itirmişdim. Yəni necə olduğundan xəbərim yox idi. Hamı deyirdi ki, o ağlayan uşağın səsini kəsin. Mən aşağıda idim, Həsrət xala və nəvəsi məndən bir az yuxarıda idi. Həsrət xalaya əlimlə işarə edərək uşağın acından ağladığını başa saldım. Yanıma göndərməyini bildirdim. Mən uşağa ana südü verəndən sonra o, sakitləşdi.
 - Əgər uşaq ağlamağa davam etsəydi, erməni quldurları sizin yerinizi bilərdi?
- Uşaq kiriməsəydi qırılan çox olacaqdı. Uşaq sakitləşdikdən sonra nənəsinə göndərdim.
     Bizim içimizdə Həsənabaddan Məmməd adlı oğlan var idi. Yanımızda təkcə kişi o idi. Onun yoldaşı, bacısı da bizim dəstədə idi. Ona yalvarırdıq ki, əsir düşsək əlindəki qumbara ilə bizi öldürsün. Axşam saat 7-yə qədər qarın üstündə uzanıqlı qaldıq. Bir qədər sonra bizim qüvvələr erməniləri həmin yüksəklikdən uzaqlaşdırdılar. Artıq biz təhlükədən sovuşmuşduq. Bizi sonra Ağdama xəstəxanaya gətirdilər.
 - Xocalı soyqırımında hansı yaxınlarınız şəhid oldu?
- Bir bacımın yoldaşı, 7 yaşında qızı, digər bacımın yoldaşı və 3 oğlu şəhid oldu, başqa bacımın bir qızı itkin düşdü. Xalamın uşaqları və digər yaxın qohumlarım da şəhid oldular.
 - Övladınızı tapa bildiniz?
- Bacım meşədə ayağından yaralandığı üçün yol gedə bilməyib. Bacımın yoldaşı gedən adamlara yalvarıb ki, bu uşağı aparmağa kömək edin. Hərə bir qədər götürməklə Vüsalı Ağdama qədər gətirib çıxarmışdılar. Ancaq uşaq bacımdan ararlı düşdüyü üçün onu Sarıcalıdan bir nəfər qadın götürüb. O, deyib ki, bu uşağı aparıb evdə baxaram, yiyəsi çıxar gətirib verərəm, çıxmaz özüm saxlayaram. Vüsalı üç gün gəzdikdən sonra soraqlayıb tapdıq. Meşədə qalmış uşaq bərk soyuqlamışdı. 11 ay müalicə etdirsək də, heç bir faydası olmadı.
Başımıza gətirilən faciələri sözlə ifadə etmək çətindir.

Qalib BƏYMƏMMƏDOĞLU


Facebook-da paylaş