Əbədiyyətə qovuşan Əsgər

 
     Lənkəran rayonunun Ləj kəndində  dünyaya göz açmış Əsgər Ələkbər  oğlu Əliyev  çox qısa bir ömür yaşadı. Təzəcə  həyatının  21-ci  baharına qədəm qoymuşdu.  Ancaq bu qısa   ömür yolu da olduqca şərəfli keçdi. Doğma Azərbaycanın  müqəddəsliyinə tapınan  Əsgər  vətənin qeyrətini hər şeydən üstün tutmaqla  mart hadisələri zamanı  əbədiyyətə qovuşur. Göstərdiyi hünər, elinə, yurduna  bağlılığı  tarixə yazılır. Sağlığında əsl ər, igid idi Əsgər, ölümü ilə də bütöv Azərbaycanın iftixarı oldu.
  Əsl vətənpərvər kimi boy atan Əsgər həyatı dərk edəndən gündən,  niyyətini  Vətənin mənafeyi naminə, ülvi məqsədlər uğrunda mübarizəyə  yönəldir. 1991-ci ildə orta məktəbi bitirib hərbiçi olmaq arzusu ilə  Bakı  Ali Ümumqoşun Komandirlər Məktəbinin Tank-Artilleriya  fakültəsinə daxil olur. Dərslərinə davamiyyəti, vətənpərvərliyi  adına dərin hörmət qazandırır. Hərb elminin sirlərinə bacarıqla yiyələnir, qəlbində ona böyük bir sevgi bəsləyir. Vətənə ləyaqətlə xidmət etmək üçün  gələcəkdə general olmaq haqqında düşünür.
     1995-ci ilin  məlum mart hadisələri Əsgərin qanını coşdurur. Kursant yoldaşları ilə bərabər silaha sarılıb  müstəqil dövlətimizin müdafiəsinə qalxır. Vətənin varlığı naminə  cəsur, qorxmaz  döyüşçü kimi meydana atılır. Dörd kursant yoldaşını  ölümün pəncəsindən xilas etsə də, özü  snayper  gülləsinə tuş olur. Qanı ilə vətənə sadiqliyini nümayiş etdirən Əsgər  qəhrəman kimi həyatla vidalaşaraq,  Azərbaycan  xalqın qürur mənbəyinə çevrilir. O, Azərbaycan Respublikanın Prezidenti  Ulu öndər Heydər Əliyevin 4 aprel  1995-ci il 307 saylı  fərmanı ilə  “  Azərbaycanın Milli Qəhrəmanı” adına  layiq görülür.
 Cənub bölgəsində Əsgərin  xatirəsini hamı əziz tutur. Lənkəranın Qala  Xiyabanı ərazisindəki mədəniyyət və  istirahət parkında onun abidəsi ucaldılıb. Park həm də qəhrəmanın adını daşıyır. Oxuduğu  Ləj kənd, Haftoni  qəsəbə orta  məktəblərində ona həsr olunmuş “ Xatirə  guşəsi”  yaradılıb.  8 noyabr Əsgərin doğum günüdür. Həmin gün Vətənin igid oğlu böyük məhəbbətlə xatırlanır,  el-oba onu özünə  şərəf, qeyrət, ucalıq zirvəsi sayır.
 

Zəfər ORUCOĞLU,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü


Facebook-da paylaş