Ədalət həkimin fədakarlığı...



                             İnsanın qiyməti onun etdiyi yaxşılqla ölçülür.
                                                                                   Həzrət Əli
    

      “Qurani - Kərimdə” buyrulub: “Allah istədiyini yaradar, istədiyini də peyğəmbər seçər. İstəyər ki, bəndəsi ən kamil məxluq, məxluqların əşrəfi olsun. Odur ki, insanlar arasından peyğəmbərlər seçilir, onları insanlar üçün əxlaq nümunəsi edir, insanlara başçı göndərir, dara düşəni, xəstəni, çarəsizi qurtarmaq üçün...” Gecənin bir aləmində nəvəmin halı pisləşdi, möhkəm ağrı- sancılarla yediklərini qaytarmağa başladı. Mənim Qüdsim - ilk oğul nəvəm, ilk qızım Sevincimin sevinci - ilk və son ümidi, yəni ilk və yeganə oğlu ölüm ayağında idi! Özümüzü itirmişdik. Hamının güman yeri olan həkimlərə üz tutduq. Çox təəssüflər ki bəzən savadsız həkimlərlə də qarşılaşırıq. Beş həkimin imzası ilə nəvəmə zəhərlənmə diaqnozu qoyuldu...
     Mən arxayınlaşdım, evə gəldik, müalicəyə başladıq. Lakin gecə uşağın vəziyyəti daha da ağırlaşdı. Hərarəti, temperaturu yüksəldi. Bu dəfə qızımla Qüdsünü götürüb Bərdəyə- Bərdə həkimlərinə müraciət etməyə məcbur olduq. Biz Ağdam təmas xəttində yaşadığımızdan məlum koronovirus karantini ilə əlaqədar polislər bizi Bərdəyə buraxmadı, icazə mesajımız da var idi.
     ...Axır ki qeyrətli oğlanların yardımı ilə Qüdsini xəstəxanaya çatdırdıq. Lakin bazar günü olduğundan xəstəxanada heç kim yox idi. Ağlaya-ağlaya neçə həkimə zəng etdim. Gələn yox idi. Qüdsinin inildəyə-inildəyə: “Ana, nənə, məni bu ağrıdan qurtarın! Dözə bilmirəm axı!”- deməsinə mən də dözə bilmirdim... Nəhayət həkim Süleymanov Ədalət Səttar oğlu səsimizə səs verib, özünü xəstəxanaya yetirdi! Çox ağrılı vəziyyət idi.

Alışanda min bir ulduz,
Siz ac- susuz qalırsız,
Üstümüzə uçursuz,
Quş qanadlı həkimlər,
Ağ xalatlı həkimlər.
      

 
      İlahi, elə bil Xızır Peyğəmbər göydən endi! Və dərhal göstəriş verdi: - əməliyyat stolunu hazırlayın, dedi. Vəziyyət ciddi idi, analiz göstərdi ki, kor bağırsaq artıq içəridə şişib, savadsız həkimlərin səhlənkarlığı ucbatından partlayıb! Bir gün gecikmişdik...
      İki saata yaxın davam edən əməliyyat başa çatdı. Balamın, nəvəmin xilaskarı olan həkim əməliyyat otağından gülümsəyərək çıxanda, sanki üzərimdən dağ götürüldü, rahat nəfəs aldım:
Xəstələrə cansınız,
 

Ürəksiniz, qansınız,
Siz qaynar ocaqsınız,
Nə yaxşı ki varsınız,
Ay Loğmanlar, təbiblər,
Ağ xalatlı həkimlər,
Ədalət tək həkimlər.
       

    Bu qeyrətli el oğlu, Qüdsinin xilaskarı Ədalət Süleymanov 1986- cı ildən Bərdə rayon xəstəxanasının Cərahiyyə şöbəsində həkim işləyir. Peşəkar, savadlı həkim kimi Qüdsi kimi xəstəni həyata qaytarmış, ölümün pəncəsindən xilas etmişdir. Demək olar ki, hər yandan, ətraf rayonılardan da xəstələr onun işığına, nuruna gəlir. Bu nurdan pay alaraq sağalıb evinə dönürlər. Üç övlad atasıdır. Övladlarında da biri xaricdə təhsil alır. Qüdsimi mənə göydə Allahım, yerdə isə Ədalət həkim bəxş etdi. Mən bir nənə kimi Ədalət həkimə öz minnətdarlığımı bildirir, ona bu şərəfli işində uğurlar diləyirəm: - Sağ ol, həkim! Gözün həmişə işıqlı, üzün nurlu, əllərin şəfalı olsun! Qəlbin xəstələrinə ümid çırağı olsun! Mərhəmət hissindən, sevgi payından uzaq düşməyəsən!!!
 

Ürəklərin tacı olar,
Bizə qardaş bacı olar,
Dərmanları acı olar,
Gül - nabatlı həkimlər,
Ağ xalatlı həkimlər.

  NƏCİBƏ HƏSƏNOVA,
  Ağdam 95 saylı köçkün tam orta məktəbin dil-ədəbiyyat müəllimi


Facebook-da paylaş