“...Qırmızı koftalı, yaşıl tumanlı...” Xan Şuşinski bayrağımızı gizli musiqi ilə vəsf etmişdi ..

 
Xalq mahnısı kimi tanınan, indiyədək bir çox sənətkarlar tərəfindən ifa edilən, Şuşanın gözəllikləri əks olunan bu mahnının ilk ifaçısı Xan Şuşinski olub. Xan Şuşinski səsinin qanadlarında təkcə dünyanı dolaşmırdı. O, eyni zamanda, Azərbaycan xalqının zəngin musiqi mədəniyyətini bütün dünyaya tanıdırdı. Buna görə də böyük nüfuz və hörmət-izzət sahibi olub. Mürəkkəb muğamların mahir bilicisi və ifaçısı olan Xan Şuşinski Azərbaycan milli musiqisinin təbliği yolunda böyük nailiyyətlərə imza atıb. Səsinin ahəngi zəngulələrə böyük imkanlar açıb. O, muğamların ruhuna uyğun qəzəllər seçməkdə də mahir olub.
Əsl adı İsfəndiyar Aslan oğlu Cavanşirov olan Xan Şuşinski Şuşada, musiqi və muğam beşiyinin bünövrəsini qoymuş məşhur Cavanşirlər sülaləsinin nəsil daşıyıcılarından idi.
Xan Şuşinski təkcə muğam ustası olmayıb, o, eyni zamanda, həm şeir yazır, həm də mahnı bəstələyirmiş. Lakin uzun müddət onun bəstələri xalq mahnısı kimi təqdim edilib. Bir çox hallarda xalq mahnısı kimi təqdim edilən "Şuşanın dağları" mahnısının sözləri də Xan əminindir. Deyilənlərə görə, o zaman mahnının sözlərinə "siyasi don" geyindirənlər tapılıb və bəstəkar-xanəndəni çək-çevirə də salıblar. Şuşanın dağlarının başının niyə dumanlı olması, bununla onun nə demək istəməsi barədə sorğu-sual, az qala, istintaq səviyyəsinədək yüksəlibmiş. Bundan yaxa qurtarmaq üçün hətta Xan Şuşinski mahnının sözlərini bilərəkdən dəyişib, "Şuşanın dağları deyil dumanlı" şəklində də ifa edibmiş.

Şuşanın dağları başı dumanlı,
Qırmızı koftalı yaşıl tumanlı.

Bu mahnıya görə uzun müddət təqiblərə məruz qalan Xan Şuşinski Sovetlərin “milli mənəviyyatı məhvetmə” siyasəti zamanı Azərbaycanın dövlət rəmzini musiqi ilə vəsf etdi: mavi səması dumanlı, qırmızı koftaya bürünən ətəyi yaşıl Azərbaycan. Bu, ideoloji mübarizənin bu gün də dinlənilən, unudulmayan nümunəsidir.
Göy, qırmızı və yaşıl rənglər ilk müstəqil Azərbaycan dövlətinin rəmzində əks olunur. Hələ 1918-ci ildə qəbul edilən üçrəngli bayraq ölkəmizin türkçülüyünü, müasirliyini və İslam dininə mənsub olduğunu göstərir. Bayraqda təsvir olunan aypara və ulduza gəldikdə isə, bu barədə çoxlu fərziyyə var.
Aypara ilk dəfə Bizans imperiyasında yaranan qədim türk rəmzidir. Konstontinopolun fəthindən başlayaraq türklər uzun müddət işğal etdikləri ərazilərdə öz simvolu kimi ayparadan istifadə edirdilər. Sonradan bu simvol İslamın rəmzi kimi də istifadə olunmağa başladı. Çünki türklər müsəlman dünyasında ən böyük imperiyanın yaradıcıları idi. Nəticə odur ki, bayraqdakı aypara bir türk dövlətindən xəbər verir.
Səkkizguşəli ulduz isə əski Azərbaycan əlifbasında Azərbaycan sözündəki hərflərin sayıdır. Tarixi mənbələrin əksəriyyəti səkkizgüşəli ulduza bu cür açıqlama versə də, bəzən bu simvolun 8 sərkərdə ilə bağlı olduğunu da deyirlər. Amma mübahisəli variant tək bu deyil.
Bir sözlə tarix bizdən çox şeyi gizlədir. Əsas odur ki, biz tariximizi bilək və gizlətməyək. Azərbaycanın qədim tarixi var və bu özünü dövlət rəmzlərində, onların etimalogiyasında açıq-aydın göstərir.
Sənət o zaman sevilir ki, sənətkarda xarakter bütöv olsun. Kamil sənətkar eyni zamanda həm də şəxsiyyət kimi formalaşmış insan deməkdir. Xan Şuşinskidə bu fəlsəfi anlamlar bitkin və bütöv olduğundan, o, sözün əsl mənasında, ustad və şəxsiyyət kimi tanınıb. O, bütün muğamları məharətlə ifa edirdi. Ritmik muğamları isə qeyri-adi bir ustalıqla oxuyar, dinləyicidə böyük ruh yüksəkliyi yaradardı. Azərbaycan musiqi tarixinin əvəzsiz korifeyi sayılan Xan Şuşinskinin səsinin yadigarı kimi onun 40 saatlıq lent yazısı qalıb.
Şuşanın dağlarının başı dumanlı olsa da, o yerlərə qayıtmağa hələ çoxdu gümanlı...
 
Pərvin ARZUQIZI


Facebook-da paylaş