Ağıl gücə çevrilərsə...

 
-Sən onu tanıyırsan ki? Nə deyirdin ona, ana?
-Heç nə, oxuyurdu ki, gedək Qarabağa bir salam verək. Mən də qarabağlıyam axı. Dedim, əleykum salam.
   Ticarət mərkəzində təsadüfən eşitdiyim bu dialoq məni  qəfil fikrimdən ayırdı. Balasının əlindən tutub asta-asta yeriyən ana qarşımdan sərbəst şeir kimi ötüb keçəndə düşündüm, yurd sevgisi də gərək adamın böyrəyi, ürəyi kimi onunla birgə doğula, sonradan alıb nə yerinə qoymaq olur, nə dadına baxmaq...
    Necə ki heç tanımadığım bu qadını sevgisindən tanıdım o gün- o, qarabağlıydı...
     Sən onu tanıyırsan ki, ana?
     -Yox, tanımıram. Oxuyurdu ki, gedək Qarabağa bir salam verək, mən də qarabağlıyam axı, dedim, əleykum salam.
Fikrimdən ayılıb qadınla oğlun axtaranda, onlar xeyli qabaqda əl-ələ tutub gedirdilər. Təəssüf ki, daha nə danışdıqlarını eşidə bilmirdim. Bir gün doğulduğun, böyüdüyün torpağa uzaqdan salam verirsən- nə bilsin uşaq? Uşaq bu sevgini anladımı? Uşaq anasının tanımadan salam verdiyi o gəncin Qarabağa nə üçün gedə bilmədiyini, ətrafına fikir vermədən oxuduğu o nəğmənin yanğısını duydumu, yoxsa yaşı çatmır hələ?  
 Hərə bir zümzümə edir keçmişdən, hərə içində bir bəstə saxlayır - nə bilsin uşaq?!
       O gündən sonra həmin dialoq həzin bir yurd şeiri kimi günlərlə əzbərimdə hecalandı. Halbuki mən onda bilmirdim, bir ay keçməmiş düşmən yenə bizə atəş açacaq və ayağa qalxan yurd, Vətən sevgimizi görüb həmişəki kimi geri qaçacaq. Mən onda bilməzdim ki, bir ay sonra Qarabağa salam vermək üçün təkcə ana-bala kimi yox, böyük bir xalq, ordu olaraq ayağa qalxacağıq - əleykum salam!.
... Ayın 14-ü gecə anamı qəfil yuxudan oyadan qardaşımın zəngi idi.
-“Həyəcan çantası”nı götürməyə gələcəyini deyirdi: Gecəylə işə qayıtmalıyıq, çantamı çıxar, gəlib götürüm, - deyəndə, anam oturduğu yerdən qalxa bilmədi, əli çənəsində xeyli düşündü, yuxulu gözlərində gördüyüm həyəcan məni sarsıtmışdı...
Qardaşım evə gəlib çantasını götürəndə, anamın əhvalından halı kimi tələsik gülümsündü- elə bil təbəssümü də harasa tələsirdi qardaşımın...     “      
“Şəhidlər xiyabanı”nın qarşısında bir izdiham var ki, gəl görəsən, hamı bir səslə Vətən deyir, yurd deyir, sən niyə qorxursan, ana...
       ...İndi anamın qorxu və həyəcanı qardaşımın təbəssümü fonunda mənə çox xırda göründü. Düz deyirdi qardaşım, Vətən, yurd deyə bilməyənlər qorxsun, biz yox.  
     Düşündüm, bu xalq ayağa erməni kimi aclığa, yoxsulluğa, səfilliyə görə qalxmaz, ölümə getmək üçün qalxar, Vətən, yurd deyib qalxar... Qardaşımı “Həyəcan çantası” ilə birgə gecə saat ikidə evdən işə yola salandan sonra internetdə qarşıma çıxan ilk videoda gördüyüm mənzərədən daha da qürurlandım. Hər kəs içində gizli saxladığı nəğməsini götürüb meydana çıxmışdı, bir mən qalmışdım deyəsən. O milli birliyi, milli sevgini görənlərin ürəyindən bircə o keçirdi desin ki, yaxşı-yaxşı baxın, indi gördünüz Qarabağ kimindi?


   
     Gözüm o izdihamın, o sevginin içində həmin anayla balanı gəzirdi. Bilirdim ki, onlar da indi o meydanda, o insan selinin arasındadı, olmaya bilməzlər- əleykum salam!.
Bu dəfə onlar ticarət mərkəzində deyil, böyük bir meydanda əl-ələ verib addımlayırdılar. Ana yenə də Qarabağa salam göndərirdi. Bu dəfə tək deyildi.  Elə ona görə də, şübhəm yoxdu, bir gün bu sevgi əl-ələ tutub yurda yollanacaq. Onda o oğlanın neçə yaşı olacaq- bilmirəm. Amma həyat gec-tez o uşağı yurd həqiqətinə qovuşduracaq, gec-tez o uşaq biləcək ki anası ilk dəfə gördüyü və heç tanımadıqları o adama hardan qohum idi.
     ... Yazıma ticarət mərkəzində təsadüfən eşitdiyim kiçik bir dialoqla başlamağım heç də təsadüfi deyil. Bir ay əvvəl o səs qulağıma şəhərin bir yerindən gəlirdi, indi şəhərin hər yerindən gəlir: “Mən də qarabağlıyam axı, dedim, əleykum salam”. Həm doğma paytaxtımızda, məmləkətimizin digər bölgələrində, həm də dünyanın əksər şəhərlərində üçrəngli, ay-ulduzlu milli bayrağımız qürurla dalğalanması, vətəndaşlarımızın milli birliyi göstərdi ki, mən də qarabağlıyam, dünyanın o başında yaşayan azərbaycanlı da qarabağlıdı... harda yaşamağımızın fərqi yoxdu, elə ona görə də, əleykum salam!
      Saytların birində Türkiyənin Antalya şəhərindən  - “Azərbaycan Kültür Parkı”nda keçirilən aksiyadan bizə salam göndərənlərdən biri də Türkiyədə yaşayan qrup yoldaşım idi- əleykum salam!
     O da həyat yoldaşı ilə birgə “Qarabağ bizimdir, bizim olacaq", "Vur keç səngəri, Azərbaycan əsgəri", Şəhidlər ölməz, Vətən bölünməz" kimi şüarlarla Azərbaycan bayrağını Türkiyə səmasına qaldırmışdı. Özü də necə? Atasının boynuna çıxardığı balaca qızının kiçik ovuclarında. Banu bayrağımızı ovcunda elə möhkəm sıxmışdısa, balaca yumruğu mənə dünya boyda göründü. Necə qürurlanmayasan? Qrup yoldaşımın balaca qızı da bayraq qaldırdığı bu sevgini yaxşı tanıyır, bilir ki, bayraq da sevgidi, gərək onu ovcunda elə sıxasan ki, yumruğun böyüyə. Dünyanın hər yerində neçə belə körpəmiz böyüyür. Qarabağ həqiqəti həm də elə onların dilinin ucundadı-  ağızları, burunları, yumruqları kimi böyüyəcək bu həqiqət.
      Bir gün analarımız Qarabağa salam göndərməyəcək, salam aparacaq. Çünki o anaların böyütdüyü qızlara, oğullara arxayınıq, bilirik ki, Vətən, yurd sevgisiylə sıxılan neçə balaca əli var bu yurdun. Özü də dünyanın hər yerində- əleykum salam! O əl də, o sevgi də böyüyəcək. Yumruq olacaq o sevgi - güc, qüvvət, qürur olacaq... General-mayor Polad Həşimov kimi,  Polkovnik İlqar Mirzəyev, Mayor Namiq Əhmədov, mayor Anar Novruzov, Gizir İlqar Zeynallı, Gizir Yaşar Babayev kimi...

Təranə Əlizadə


Facebook-da paylaş