“Çox şükür olsun ki, bizə Qələbə sevinci yaşamaq nəsib oldu”

Qazilərimiz
      44 gün davam edən Vətən müharibəsində ölkəmizdə yaşayan, Azərbaycan vətəndaşı olan bütün xalqların nümayəndələrinin yaxından iştirak etdiyi və düşmən üzərində qazanılan Qələbəyə öz töhfəsini verdiyi hər birimizə məlumdur. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin çıxışlarının birində qeyd etdiyi kimi: “Bütün Azərbaycan xalqı, Azərbaycanda yaşayan bütün xalqların nümayəndələri bir yumruq kimi birləşərək düşməni məğlub edib və torpaqlarımızı işğaldan azad ediblər”.
“Qazilərimiz” rubrikasının budəfəki qəhrəmanı milliyyətcə ləzgi olan və Vətən müharibəsində ağır yaralanaraq sol qolunu itirən cəsur silahdaşımız çavuş Abuyev İlkin Elxan oğludur. 
Çavuş İ.Abuyev 1998-ci il avqustun 29-da Qusar rayonunun Atluxan kəndində anadan olub. Orta təhsilini böyüyüb boya-başa çatdığı Atluxan kənd tam orta məktəbində alıb. Müddətli həqiqi hərbi xidmətini 2016-2018-ci illərdə Daxili Qoşunların Bakı şəhəri, Nərimanov rayonunda yerləşən “N” saylı hərbi hissəsinin komendant bölüyündə keçib. Hələ uşaq yaşlarından hərbi xidmətə böyük marağı olduğundan, Daxili Qoşunların Hacıqabul rayonundakı “N” saylı hərbi hissəsinin xüsusi vasitələrin tətbiqi dəstəsində müddətdən artıq həqiqi hərbi xidmətdə qalaraq, Vətən qarşısında olan şərəfli borcunu yerinə yetirməkdə davam edib.
2019-cu ilin sentyabr ayından 2020-ci ilin fevral ayınadək qardaş Türkiyə Respublikası Jandarm Baş Komandanlığının Jandarm Komando Məktəbi və Təlim Mərkəzi Komandanlığında keçirilən “Gizir komando təməl kursu”nda təhsil alıb. 
     2020-ci ilin fevral ayından Daxili Qoşunların Lənkəran rayonunda yerləşən “N” saylı hərbi hissəsində xidmətini davam etdirən çavuş İ.Abuyev yaralandığı günədək xüsusi təyinatlı dəstənin xüsusi həmlə qrupunda atıcı kimi vəzifə borcunu ləyaqətlə yerinə yetirib. Xidmət etdiyi dövrdə yüksək döyüş hazırlığı, hərbi intizamı və müsbət fərdi keyfiyyətləri ilə fərqlənən hərbi qulluqçu kimi hərbi hissə komandanlığı tərəfindən bir neçə dəfə mükafatlandırılıb.
Bir xüsusi təyinatlı kimi müqəddəs torpaqlarımızı düşmən tapdağından azad etmək uğrunda başlayacaq döyüşlərdə fəal iştirak etmək İlkinin də ən böyük arzularından biri olub. Vətən uğrunda bu gün də canından keçməyə hazır olduğunu deyən silahdaşımız Füzuli və Şuşa istiqamətlərində aparılan hərbi əməliyyatlarda fəal iştirak edib. İlk döyüşü isə 2020-ci il oktyabrın 17-də Füzuli istiqamətində, “Karyer” deyilən ərazidə olub: “Burada düşmənin “Beton post” deyilən möhkəmləndirilmiş mövqeləri istiqamətində baş vermiş şiddətli döyüşdə dəstəmizin cəsur hərbi qulluqçularından kiçik gizir Anar Məmmədov qəhrəmancasına şəhid oldu, digər silahdaşımız çavuş Elvin Abbasov isə ağır yaralandı. Lakin buna baxmayaraq, düşməni məhv edərək strateji əhəmiyyətli mövqelərini tutmağa müvəffəq olduq. Bundan sonrakı döyüş tapşırığımız isə Şuşanın azad olunması oldu.
     Şuşa istiqamətində təxminən 4-5 gün piyada, düşmənin xəbəri belə olmadan, çətin keçilə bilən dağlıq-meşəlik, sıldırım qayalıq yollarla irəliləməli olduq. Nəhayət, çətinliklə da olsa, qrup komandirimiz kapitan Taleh Rüstəmlinin rəhbərliyi altında təyin olunmuş vaxtda, qarşımıza qoyulan tapşırığa uyğun olaraq, şəhər ətrafındakı yüksəklikdə mövqe tutduq və növbəti əmri gözləməli olduq. Dəhşətli dərəcədə yorulmuşduq. Səhər alaqaranlıqda düşmən üzərinə hücuma keçməli idik. Lakin gecə saatlarında olduğumuz mövqelər və ətraf ərazilər ermənilər tərəfindən müxtəlif çaplı silahlardan, o cümlədən tank və minaatanlardan güclü atəşə məruz qaldı. Bu vaxt yerimi dəyişmək istəyirdim ki, yanıma düşən tank mərmisinin qəlpəsi sol qolumu ağır yaraladı. Şiddətli ağrıdan sanki bir anlıq başıma mismar batırdılar. Əvvəl nə baş verdiyini bilmədim. Sonra baxıb gördüm ki, sol qolum yoxdur. Bir tərəfdən zülmət qaranlıq, digər tərəfdən də yağış leysan kimi tökürdü. Göz-gözü görmürdü. Atıcı-sanitarlardan çavuş Famil Məmmədov (Vətən müharibəsi zamanı Şuşa istiqamətində gedən döyüşlərdə yaralanıb), çavuş Zeymud Mustafayev və qoşunların Sumqayıt şəhərindəki “N” saylı hərbi hissənin hərbi qulluqçusu çavuş Tahir Babayev mənə ilkin tibbi yardım göstərərək, ağrıkəsici iynə vurub, jqutla qanaxmamı dayandırıb, yaramı tənziflə sarıdılar. 
    Sonra döyüşçü yoldaşlarımın köməyi ilə məni yaralılarımızın saxlanıldığı otel kimi bir evə gətirdilər. 3 gün burada qaldıqdan sonra, noyabrın 9-u axşam oradan təxliyyə olunduq. Əvvəlcə bizi Hadrut qəsəbəsinə, burada tibbi yardım göstərildikdən sonra Füzuli Rayon Xəstəxanasına, oradan isə Bakıya, Daxili Qoşunların Hərbi Qospitalına gətirdilər”.
   
    İlkini üzən ən ağrılı hadisə isə yaralandığı zaman birgə xidmət etdiyi iki döyüşçü yoldaşının onun yanında eyni anda həlak olmasıdır: “Çox təəssüflər olsun ki, mən yaralandığım vaxt dəstəmizin cəsur döyüşçülərindən baş çavuş Allahyarov Vüsal Şakir oğlu və çavuş Orucov Afər Yafət oğlu düşmənin atdığı tank mərmisinin partlaması nəticəsində eyni anda şəhid oldular. Bundan əlavə, bu döyüşdə dəstəmizin digər cəsur hərbi qulluqçusu, mənim də ən yaxın dostum olan əsgər* Məmmədov İsmayıl Fərhad oğlu gözlərini əbədi yumaraq şəhidlik zirvəzinə yüksəldi”.
   
    Vətən uğrunda sol qolunu itirən cəsur qazimizin təsəllisi isə dəmir yumruqtək birləşərək, düşməni məğlubiyyətə uğradaraq müqəddəs torpaqlarımızı azad etməyimizdir: “Çox şükürlər olsun ki, bizə Qələbə sevinci yaşamaq nəsib oldu. Qalib ölkənin vətəndaşı olmağımla yalnız qürur duyuram”.  
    Azərbaycan Respublikası Prezidentinin 18.12.2020-ci il tarixli, 25.12.2020-ci il tarixli, 29.12.2020-ci il tarixli müvafiq sərəncamları ilə çavuş Abuyev İlkin Elxan oğlu “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
    Daxili Qoşunların “N” saylı hərbi hissəsinin “Gürzə” şərti adını daşıyan xüsusi təyinatlı dəstəsində xüsusi həmlə qrupunun komandiri, “Füzulinin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” və “Şücaətə görə” medalları ilə təltif edilmiş kapitan Taleh Rüstəmli (Vətən müharibəsi zamanı Şuşa istiqamətində gedən döyüşlərdə yaralanıb) çavuş İ.Abuyevin qrupun nümunəvi xidmət edən fəal atıcısı olması ilə yanaşı, həm də döyüş meydanında əsl vətənpərvər hərbi qulluqçusu kimi özünü təsdiq etdiyini bildirdi: “Dəstəmizin Vətən müharibəsində öz qorxmazlığı və mərdliyi ilə əsl qəhrəmanlıq nümunəsi göstərən qazi hərbi qulluqçularından biri də çavuş İlkin Abuyevdir.     
     Dəstəmizdə xidmətə başladığı qısa bir müddətdə vətənpərvərliyi, yüksək döyüş hazırlığı, peşəkarlığı, nümunəvi intizamı ilə bütün kollektivin hörmətini qazanıb. Çavuş İ.Abuyevin Vətən müharibəsi zamanı göstərdiyi şücaət nəinki xüsusi təyinatlılar, eləcə də bütün hərbi qulluqçular üçün örnəkdir. İlkin kimi cəsur qazi hərbi qulluqçularımızla qürur duyur, tezliklə hər birinin sağlamlıqlarına qovuşmalarını arzulayırıq”.   
    Məlumat üçün bildirək ki, “APA” TV saytının “YouTube” internet portalı vasitəsilə yayımlanan xəbər proqramında, jurnalist Sevinc Vaqifqızının təqdimatında “Qolunu itirən xüsusi təyinatlı:        
Şuşaya doğru 4-5 gün piyada yol getdik” adlı süjetdə çavuş İ.Abuyevin döyüş yolu barədə izləyicilərə məlumat verilib.
   Sonda Respublika Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin çıxışlarının birində qazilər barədə səsləndirdiyi çox dəyərli sözləri qeyd etmək istəyirəm: “Yaralanan əsgərin yarası hər bir azərbaycanlının yarasıdır”.
Adını şanlı hərb tariximizə öz fədakarlığı ilə yazan cəsur qazimizə bundan sonrakı həyatında uğurlar diləyirik.

Mayor Anar Əhmədov
 
 
 
 
 


Facebook-da paylaş