Yolların gözlədiyi adam...

   
    İyulun 1-i polis-polkovniki Rahib Qarayevin doğum günüdür... Ömrünün qızıl dövrünü, həyatın hər üzünə bələd olub nəticə hasil etdiyi çağlarını yaşayır. Doğrudur, təkcə cəmiyyətin, insanlığın deyil, həm də həyatın keşiyində dayanan bu ömrün nə az-nə çox, düz 30 illik həsrəti də var.  
    Polkovnik Rahib Qarayev qədim diyarımız olan Laçında doğulub. 30 il doğma diyardan uzaq düşmək nə deməkdir, onu yalnız bu həsrət, bu hicran dağını çəkənlər bilər. Və düşünürəm ki, bu ayrılıq möhnətinin yükünü Füzulidən də yaxşı heç kim ifadə edə bilməz. 
Gözü yaşlıların halın nə bilsin mərdümi-qafil,
Kəvakib seyrini şəb ta səhər bidar olandan sor...
     O, ixtisasca hüquqşünasdır. Keçmiş SSRİ Daxili İşlər Nazirliyinin Bakı Xüsusi Orta Milis Məktəbi və DİN-nin Polis Akademiyasını bitirib. 37 illik xidməti dövründə bir çox mükafatlara, o cümlədən fəxri fərmanlara, DİN-in “Əla xidmətlərinə görə” döş nişanına, “Daxili İşlər Orqanlarında qüsursuz xidmətə görə” medalının hər üç dərəcəsinə, “Azərbaycan polisinin 95 illiyi”, “Azərbaycan polisinin 100 illiyi” yubiley medallarına layiq görülüb. 2007-ci ildə isə ölkə prezidenti cənab İlham Əliyevin sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif olunub. 
    Polkovnikin hüquq-mühafizə orqanlarındakı fəaliyyəti dövlət və hökumətimiz tərəfindən yüksək dəyərləndirilib. 
     Rahib Qarayev fəaliyyətinə Daxili İşlər Naziliyinin mətbu orqanı olan “Mübariz keşikdə” qəzetinin müxbiri kimi başlayıb. Bəlkə də onu bizə doğmalaşdıran da qələmə, sözə bu qədər ürəkdən könül verməsidir. 
     Bir yazıçı kimi həssas müşahidələrə sahibdir. Hər hansı hadisəni izləyərkən onun münasibətini bəzən sezmək də çətin olur. Bir çox hallarda bu onun peşə məharətilə bağlı ola bilər. Lakin həmin hadisəni nə vaxtsa onun qələmində ictimai düşüncəyə təsir gücüylə seçilən bir yazısında oxuyanda təəccüblənirsən. Əslində, təəccüblənməyə də gərək qalmır. Axı o, həm də peşəkar bir yazıçıdır. Onun “Qanlı hekayətlər” kitabı da bu yazıçılıq missiyasının bəhrəsidir. Polis polkovniki olmaq, həm də yazıçı kimi tanınmaq hər adamın taleyinə yazılmır axı. Polkovnik istedadla zəhməti birləşdirən adamdır. Zəngin mütaliənin kamilliyin əsas şərti olduğunu dərk etdiyindən hər zaman həvəslə oxuyur. Poeziya, incəsənət dünyasına yaxşı bələd olması onun bu sahələrə sevgisinin təcəssümü kimi hər zaman çöhrəsini işıqlandırır. Nə qədər çox oxuyursan, nə qədər çox sevirsənsə, o qədər də xarakterin, xasiyyətin cilalanır. Ətrafı müdrik düşüncələrin, duyğularınla başına cəm edə bilirsən. 
      Qısası, “Qarabağa aparan yol”un dostu Rahib Qarayev kimi insanlar həyatı rövnəqləndirməyi bacarır. Yaxşı ata olduğu kimi, yaxşı da dostdur, qardaşdır, sirdaşdır. Qarayevlə yol yoldaşı da olmuşuq. Bu yoldaşlıqda onu daha yaxşı tanımışam . Hər kəsi rahat və qayğısız görmək istəyi məni yaxşı mənada çox duyğulandırıb, hətta cibinin son qəpiyini də xərcləməyə hazırdır, təki kimsə əndişədə qalmasın.
    ... Doğum günü sıradan bir gündür deyə düşünə bilərik. Amma bu günün  xüsusi bir özəlliyi də olmamış deyil. Ən azı hər kəsin doğum günündə özünə bir hesabat verməyi var. Kimsən, hardan gəlirsən, hara gedirsən? - kimi suallar insanı düşündürə bilər. Polkovnik Rahib Qarayevin aydın həyat yolu və bəyaz düşüncəsi var. Bu yol, bu düşüncə təkcə onun özünün həyatına işıq salmayıb, həm də zaman içrə  xalqımızın, millətimizin, dövlət müstəqilliyimizin qorunmasına işıq salıb. İndi onun ən böyük arzusu doğma kəndinə-  Alxaslısına dönmək, 30 ilin həsrət yaralarını mümkün qədər sağaltmaq istəyidir. 
   ...Yolların da insan kimi ürəyi qübar bağlayır. Yollar doğma qəlbi, doğma adamı  bəlkə də bizdən çox arzulayır. Rahib Qarayev Azərbaycanın hər qarışına bələddir. Məmləkətin bu başından o başına uzanan yolların hər qarışında insanın üzünü ağ edən izi, xatirəsi var... daha onun zəngin yol yaddaşından, həyatın hər səhifəsini sənət səviyyəsində təəssürata çevirən istedadından danışmağa vaxtım qalmadı. Ona da inanıram ki, bir gün bu təəssüratlar ədəbiyyatımızın dəyərli səhifələri kimi oxunacaq..
    Həyatsevər, hər kəsə doğmalıqla yanaşan, isti münasibətini  kimsədən əsirgəməyən,  dövlətimizin  dayaqlarının  bərkiməsində  həm nüfuzlu qanun  keşikçisi, həm də sıradan bir vətəndaş kimi  daim əzmlə  çalışan dostumuza  yeni uğurlu günlər arzulayırıq. Vətənə, yurda, Qarabağda  binələnən tazə həyata daha böyük töhvələr vermək üçün irəlidə hələ böyük bir zaman parçası  var...      Zaman, tarix  isə vaxtı və həyatı qədirşünaslıqla yaşayanların dövrəsində çiçək  açır. Ruhunda  çəmənzar yarada bilməyənlər, torpaqda da bir gül bitirə bilməz. Polkovniki gözlərdə ucaldan həm də həqiqətlərə söykənən ruhudur, düşəncəsilə yazını tamamlayıram...

Fariz Çobanoğlu


Facebook-da paylaş