İNSANLARI XEYİRXAHLIĞA ÇAĞIRAN BAYRAM...


      İlin ayları arasında Ramazan ayı ən şəfaqətli və müqəddəs ay hesab edilir. Onu məcazi mənada “on bir ayın sultanı” da adlandırırlar. Allah Təala buyurur ki, Ramazan ayı girəndə cənnətin qapıları açılar, cəhənnəmin qapıları bağlanar və şeytanlar da zəncirə vurular. Hər kim Ramazan ayının gəlişiylə sevinsə, Allah da onun cəsədini atəşə haram edər. Ramazanın başlanğıcı rəhmət, ortası bağışlamaq, sonu isə, Cəhənnəmdən qurtuluşdur. Məhz Ramazan ayının axırıncı on gecələrinin birində Qurani-Kərim hədiyyə edilmişdir. Bu gecə – qüdrətli, əzəmətli gecə adlanır. Quranda bu gecə haqda belə yazılır: “Qədr gecəsi min aydan daha xeyirlidir! O gecə mələklər və ruh Rəbbinin izni ilə hər bir işdən dolayı yerə enərlər. “Qədr surəsi”ndə Qədr gecəsi haqda belə yazılır: “Biz bu gecə həqiqətən qüdrət, əzəmət hədiyyə etmişik, bu gecə min aylardan da qüdrətlidir, mələklər aşağı enərək, Allahın əmrini gözləyirlər, bu gecə şəfəqin doğmasına qədər aləmdir, sübhdür”. 

Bu ayda insanların bir çoxu oruc tutub, Allaha dualar edir. Əgər insan Ramazan orucunu inanaraq və savabını ümid edərək tutursa, keçmiş günahlarını örtmüş olur. Cənnətdəki gözəl yerlər, sözü xoş, salamı çox, oruca davam edən və gecə namazı qılan insanlara verilər. Əsl oruc, yalnız yeyib-içməyi deyil, boş və həyasız sözləri də tərk edərək tutulan orucdur. Təmizlik imanın yarısı, oruc da səbrin yarısıdır. Belə insanlar ALLAHA çox yaxın olurlar. Allahu təalanın, gözlərin görmədiyi, qulaqların eşitmədiyi və heç kimin xəyalına belə gəlməyən nemət dolu süfrəsinə, ancaq oruclular oturar. Allah yolunda bir gün oruc tutanın üzünü, Allahu təala yetmiş il atəşdən uzaqlaşdırar.  

Oruclu ikən ölənə, qiyamətə qədər oruc tutmuş kimi savab yazılar. Oruc tutan, namaz qılan kimsə, mükafatını qiyamətdə ağlı qədər alar. Kim Allah Təala yolunda bir gün oruc tutsa, Allah onunla atəş arasına genişliyi səma ilə kainat arasında olan bir xəndək salar. 

Məhəmməd Peyğəmbər buyururdu ki, “...həmişə Allaha şükür edin. Heç vaxt dərdlərinizdən şikayətlənib Allaha asi olmayın. Sanma ki, dərd yalnız səndə var. Səndəki dərdi nemət sayanlar da var.  
Hz. Əli deyirdi: “İnsanlara xoş davranın. Ən uyğun davranış özünə necə davranılmasını istəyirsənsə, insanlarada elə davranmağındır”. Kədərlənmə! Bağlanan bütün qapılar bir gün xeyirə açılarlar, səbr et, sonra bax gör qapının arxasında nə var”. 

İnsanlar çalışıb daxili aləmini gözəlləşdirb, Allaha yaxınlaşmalıdılar. Xarici gözəllik ilk sözü deyir. Daxili gözəllik isə son sözü deyər. 
Ramazan ayı insanlara ALLAHI sevmək prinsiplərini öyrədir, onlara öz iradə qüvvələrini, dözümlüyünü yoxlamaq imkanı verir, onları gözüaçıq, təmiz vicdanlı olmağa yönəldir. 
 
Əli Zalov,

Azərbaycan Dövlət Pedaqoji Universitetinin
Analitik və üzvi kimya kafedrasının müdiri,
Kimya elmləri doktoru, professor


Facebook-da paylaş