Uyğur qızı Reyhan...
Mən bu qadını elə ilk görüşdən sevdim. Bir çinlini nə üçün özümə bu qədər doğma hiss etməliyəm ki- deyə düşündüm. “Adım Reyhandı” deyəndə, karıxdım. İlk sözü isə belə oldu, “mən müslümanam, Çində 20 milyon Uyğur türkü var. Mən də onlardanam”. O, bir müsəlman, bir türk olduğunu elə qürurla dedisə, türkü bir daha sevdim. Türklük ona çox yaraşır. Diqqətimi çəkdi, o, adama adam demir, adəm deyir. Lap dilini bilməyən belə üzünə baxsa, onu çox rahatlıqla anlayar. Çünki onu anlamaq çox asandı. O da hər bir türk, müsəlman kimi həyatını düzgün, təmiz yaşayır, o qədər ki... Təsadüfən şəkli çəkilsə belə, həyatı gözəl düşər.
Elə ona görə də Reyhan xanım ilk müsahibimdir ki, ona söhbətimizin axırında yox, əvvəlində təşəkkür etmək istəyirəm. Sağ olsun ki, Vətənimi heç də məndən az sevmir. Elə bu yetərlidir ki, onu harda görsəm “dost” deyib ürəklə sarıla bilim. Azərbaycan deyəndə gözlərinin içinə qədər gülən bu qadın ömrünü sadəcə bir uyğur kimi deyil, həm də bir azərbaycanlı kimi yaşayır...
-Doğulduğun şəhəri bizə bir neçə cümlə ilə necə tanıda bilərsən?
-Urimçi şəhərində doğulmuşam. Urumçi Çinin şimal-qərbində Doğu Türkistan adıyla bilinən Sincan-Uyğur Muxtar Rayonunun paytaxtı olan bir şəhərdir. 2,5 milyon əhalisi olan şəhərin adı 1954-cü ilə qədər Dihua idi. Çinin qərbə açılan ən əhəmiyyətli yollarındandır. Dəmiryolu nəqliyyatında əhəmiyyətli bir keçiddir. Yeraltı və yerüstü sərvətlərlə zəngin bir şəhər kimi tanınır.
-Bəs Azərbaycan səninçün nəyi ifadə edir?
-Azərbaycan mənim ailəmdi. Çünki mən azərbaycanlı ilə ailə qurmuşam.
-Burda?
-Xeyr, Çində. O, ticarətçidir, Çində tanış olub ailə qurduq. Əvvəl orda yaşadıq. Və beş ildi burda yaşayırıq. İki oğlum var. İkisi də tələbədir- biri Türkiyədə, digəri Azərbaycanda təhsil alır. Azərbaycanda təhsil alan oğlum buranı çox sevir. Onu azərbaycanlı qızla evləndirmək istəyirəm. O hər zaman Azərbaycanda yaşamaq istəyir.
-Çin dilində danışa bilirsiz?
-Əlbəttə, bilirəm. Ordakı uyğurların hamısı Çin dilində danışa bilir.
-Bəs indi mənlə hansı dildə danışmaq istəyirsiz- Çin, Uyğur, yoxsa Azərbaycan?
-Əlbəttə, Azərbaycan dilində. Azərbaycan dili mənim doğma Uyğur dilimə yaxındı, Azərbaycan dilində danışanda elə bilirəm öz ana dilimdə danışıram. Türkün dilindən gözəl dilmi var?
-Bəs çin dili necə? Çinə getsəm, nə qədər vaxta Çin dilini öyrənərəm?
-Çin dilini öyrənmək çox çətindi, qızım. Təsəvvür edin, sən imişlilisən amma Gəncəyə gedirsən səni başa düşürlər, Lənkərana gedirsən onlarla söhbət edirsən, bir az dialekt fərqi olur. Hətta burdan Türkiyəyə, Türkmənistana, Özbəkistana gedirsən, onlarla söhbət edib anlaşa bilirsən, Amma çinlilərdə belə deyil. Bir şəhərdən yaşayan çinli digər şəhərə gedəndə orda yaşayan çinlini başa düşmür.
-Amma siz uyğurların maraqlı dili var.
-Necə?
-Necəliyi odur ki, sizin uyğur dili bizim yenicə dil açan körpənin dilindən seçilmir. İki yerinə ikçi deyirsiz. Adam elə bilir danışmağı yeni-yeni öyrənirsiz. Çox şirin danışırsınız. Mahnı və nəğmələrinizdə də qəribə intonasiya var.
-Elədir
-Azərbaycanın ən çox nəyini sevirsən?
-Havasını. Burda hava o qədər təmizdi ki. Çində belə deyil.
-Hə, mən Çinə getməyə qorxaram. Orda milyard yarım adam nəfəs alır, elə bilirəm mənə oksigen çatmaz.
-Bəli, orda çox sıxlıqdı. Adam şəhərə çıxıb insan izdihamını görəndə, elə bilir bu dəqiqə nəfəsi kəsiləcək. Məsələn, burda pəncərənin qarşısında dayanıb baxsan, görərsən qarşıdakı yoldan ən uzağı 10 adam keçir. Çində isə pəncərədən baxsan, görərsən ki, qarşı yoldan ən azı 200-250 adam keçir.
-Başqa nəyimizi sevirsən?
-Meyvələriniz çox gözəldi. Məsələn, sizdə albalının üç –dörd növünü görmüşəm. Sizin bazarlarda fərqli rənglərdə albalı olur, özü də çox ucuz. Amma çində bir rəngdə albalı taparsan, o da 18 dollardan aşağı olmaz.
-Niyə elədi? Çinlilər hətta yumurtanın belə saxtasını düzəldirlər...
-Çinin təbiəti Azərbaycanın təbiəti qədər gözəl deyil. Orda hava soyuqdu, qızım. Çində cəmi iki ay yay olur, qalan aylarda qışdı. Mayın özü belə qış kimi keçir, hamı uzunqolda gəzir. Amma görün burda necə gözəl hava var, may ayından etibarən hansı meyvəni, tərəvəzi istəsən, bazarda tapmaq olur. Buranın təbiəti də, torpağı da gözəldi.Torpağınız çox bərəkətlidi.
-Reyhan xanım, çinlilərin bir üstünlüyü də var ki, bu adamlar qocalmaq bilmir. Döyüşdə olduğu kimi, yaşlanma prosesində də xüsusi taktikaları var, ya necə? Nəsə heç yaşlı çinliyə rast gəlməmişəm.
-Bəlkə də rast gəlmisən, sadəcə yaşlı olduğunu bilməmisən. Bax, yoldan keçən o kişini görürsənmi? Onun uzağı 50 yaşı var. Amma çində elə görünüşlü adamın 70-dən çox yaşı olur. Orda 40 yaşında qadınla qızı seçmək olmur. Adam aldanır.
-Səbəb?
-Səbəb sadədi. Yaşam tərzləri yaxşıdı. Ölkə dünyanın ərazi baxımından ən böyük üçüncü dövlətidi. İşğal görməyib, müharibə şəraitində yaşamır. Bunların hamısı yaşam şərtlərinə öz təsirini göstərir. Burda isə xeyli sayda qaçqın, məcburi köçkün var.
-Üstəlik, burda elə səhər olur ki, şəhid xəbəriylə açılır...
-Şəhid vermiş, oğul, qız, yurd-yuva itirmiş biri necə gənc qalsın? 20 manat itirirsən, dərd səni götürür ki, 20 manat itirmişəm. Bəs illərlə əziyyət çəkib özünə ev-eşik qurmuş, şərait yaramış biri bir günün içində bütün sərvətini, yurd-yuvasını, tarixini, ata-baba mirasını itirəndə qocalmasın, neyləsin?
-Sizi həm də buna görə sevdim. Türk harda olsa, türkü başa düşür.
-Əlbəttə, biz hara getsək, türk olmağımızla fəxr edirik. Yaralı tərəflərimiz hamımızındı, birimizin deyil.
-Türklükdən danışmışkən, siz uyğur türkləri həm də çinlilərə bənzəyirsiz. Bu, həmrəylik məsələsidi, ya ailə qurub qarışmaq?
-Yox, qızım, uyğurlar heç vaxt bir çinliylə ailə qurmur. Heç bir uyğur qızını çinliyə verməz. Düzdü, çinli razıdır, uyğurla evlənmək istəyir, amma uyğur qəti razılaşmır. Uyğurlar dinlərinə çox bağlıdır. Biz müsəlmanıqsa, müsəlmanla da ailə qurmalıyıq. Başqa cür mümkün deyil.
-Bidliyim qədər, son illərdə on minlərcə Uyğur türkü Türkiyəyə və uzaq doğu ölkələrinə qaçırılır. Doğu Türküstan boşaldılır, ərazi çinliləşdirilir.
--65 ildən artıqdır ki, Çin hökuməti uyğur türklərini assimilyasiya etmək və Doğu Türküstanın zəngin yeraltı və yerüstü sərvətlərini çinə daşımaqla məşğuldur. Uğurlarla Çininki əzəldən gətirmir. Çünki Çin tolerant deyil. Milli ayrıseçkilik edir, müsəlmanı görmək belə istəmir. Bu çəkişmələr isə adətən Ramazan ayında daha da dərinləşir. Uyğurlar bir müsəlman kimi rahat şəkildə ibadətini edib, orucunu tuta bilmir. Hər vasitə ilə qarşıları kəsilir, maneçilik törədilir.
-Bildiyim qədər bu məsələ aksiya halını alıb. Pekindən uyğurlara qarşı təqib və təzyiqlərin aradan qaldırılması, onların haqlarının tanınması tələb olunur. Uyğurlara dəstək kampaniyasına daha çox hansı ölkələr qoşulur?
-Əlbəttə, bu aksiyada türk dövlətləri siyahının başındadır. Türk dövlərlətindən əlavə, digər xarici dövlətlərdən də uyğurala dəstək gəlir. Məsələn, bu yaxınlarda Yaponiyanın Doğu Türküstanda baş verənlərə, uyğurların başına gətirilən bəlalara, eyni gündə 38 uyğurun öldürülməsinə biganə qala bilməməsi başqa dövlətlərə də örnək oldu. Minlərlə yapon Tokio küçələrinə çıxdı, küçələrdə uyğur bayrağı dalğalandırdı və bu acılı günlərdə uyğur xalqına dəstək nümayiş etdirdi. Türk dövlətləri Yaponiyaya təşəkkür məktubu göndərməyi yubatmadılar.
Bu gün uyğur türklərinin başına gətirilənlərə münasibət bildirmək və onların yanında olmaq milliyətçilik deyil, bu, artıq bir insanlıq məsələsidir.
İmza: Təranə Əlizadə
Facebook-da paylaş