İrəvan hara, çoxmillətli şəhər statusu hara...
Vaqif Abışov: “Bu gün Ermənistanın özünü “çoxmillətli dövlət” adlandırmasına baxmayaraq, heç onun bu iddiasını Rusiya bölüşmür”
“Cənubi Qafqazda çoxmillətli dövlət Ermənistan deyil, Azərbaycandır. Ermənistanda çoxmillətliliyin heç bir göstəricisi yoxdur ki, onlar “çoxmillətli İrəvan” adlı meydança açıb hansısa xalqların mədəniyyətlərini nümayiş etdirsinlər. Bilirsiniz ki, onlar İrəvanın 2800 illiyini qeyd edirlər, bundan başqa, Qarabağda Artsaxın yubileyini keçirirlər.
Onlar özlərini elə aparırlar ki, guya etdikləri həqiqətdir. Əslində isə bu, yalandan, uydurmadan başqa bir şey deyil. Ermənilərin “çoxmillətli İrəvan” mövzusunu ortaya atması onların növbəti saxtakarlığına yeni bir nümunədir. Biz də ermənilərin bu hərəkəti ilə bağlı seyrçi mövqeyində dayanmalı deyilik. Bütün vasitələrdən istifadə edərək onların bu saxtakar əməllərini ifşa etməliyik. Əlbəttə, Ermənistan hökumətinin İrəvana qarşı hər hansı bir iddia irəli sürməyə haqqı yoxdur”.
Bu sözləri Azərbaycan Milli Elmlər Akademiyasının A.A.Bakıxanov adına Tarix İnstitutunun “Əhali tarixi və tarixi demoqrafiya” şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Vaqif Abışov İrəvanda şəhər meriyasının təşəbbüsü ilə İngilis bağında təşkil edilən “Çoxmillətli İrəvan” meydançasının açılmasına münasibət bildirərək deyib.
V.Abışov ermənilərin Azərbaycan torpaqlarına qarşı əsassız iddilarının qarşısının alınmasında hər bir vətəndaşımızı aktiv olmağa çağırmaqla yanaşı, hesab edir ki, həm İrəvanın yerli sakinlərinin Azərbaycan türkləri olması, həm yer-yurd, yaşayış məskənlərinin türk adları olması baxımından bu torpağın ermənilərə heç bir aidiyyəti yoxdur: “Ermənilər İrəvanı “erməniləşdirənə” qədər ermənilərə aid orada bir dənə də olsa heç nə olmayıb. Ermənilər ora köçürüləndən sonra İrəvanın da tarixini saxtalaşdırmağa başlayıblar. Bu gün Ermənistanın özünü “çoxmillətli dövlət” adlandırmasına baxmayaraq, heç onun bu iddiasını Rusiya bölüşmür. Rusiya mətbuatının özü yazır ki, Ermənistanda ruslar yaşamır, orada bir dənə də olsun rus məktəbi yoxdur. Mən başqa millətləri yox, rusları nümunə gətirdim. Özünüz fikir verin, monoetnik bir dövlətin paytaxtı necə “çoxmillətli” ola bilər? “Çoxmillətli İrəvan” meydançasını açmaqla ermənilər dünyanın gözündən pərdə asmağa cəhd göstərirlər. Ermənistan bununla özünü dünya qarşısında “çoxmillətli dövlət” kimi təbliğ etmək istəyir, ancaq bu da uğursuz cəhddir”.
V.Abışov, onu da qeyd etdi ki, informasiyanın genişləndiyi bir dövrdə dünya Ermənistanda gedən ən kiçik prosesi belə, gözündən yayındırmır. O hesab edir ki, ermənilər belə tədbirlərlə heç kəsi aldada bilməzlər.
İradə SARIYEVA
Facebook-da paylaş