Adolf Eyxler 20 illik peşə fəaliyyətində bir çox tikililərin layihəsini hazırlayıb


       

     XIX əsrin sonu - XX əsrin əvvəllərində neft bumu yaşanan Bakıda bir sıra xarici ölkələrdən memarların layihəsi əsasında müxtəlif təyinatlı binalar tikilib. Bunların sırasında alman əsilli memarların da ucaltdığı 80-dən artıq bina bu gün paytaxtımızın gözəlliyinə rəng qatır. Bu yazıda Adolf Eyxlerin layihələri ilə Bakıda inşa olunan memarlıq incilərindən söz açacağıq.
Adolf Eyxler 1869-cu ildə Rusiyanın Oryol şəhərində anadan olub. Kimyaçı və əczaçı olan atası Vilhelm Eduard Eyxler 1860-cı ildə məşhur neft maqnatı Vasili Kokerevin dəvəti ilə Bakıya gəlir və Suraxanıda onun neft emalı zavodlarında, kerosin zavodunda çalışmağa başlayır. Qısa müddətdə şöhrəti bütün Bakıya yayılır. 1888-ci ildə artıq “Neft sənayeçiləri birliyi” kerosinin keyfiyyətinə nəzarət etməyi ona həvalə etmişdi. O həm də şəhərin ictimai həyatında fəal iştirak edirdi. Təbiətsevər şəxs idi, öz vəsaiti hesabına 1878-ci ildə Mixaylov (indiki Qubernator) bağını abadlaşdırmışdı. Əsilzadələrin sevimli istirahət məkanı olan bağda nadir ağaclar əkilmişdi.
1891-ci ildə Vilhelm Eduard Eyxler vəfat edir, Adolfla daha çox əmisi Karl maraqlanır. Onu da qeyd edək ki, Bakıda ilk apteki də Karl Eyxler açmışdı. İndiki “Araz” kinoteatrının yaxınlığında, Nizami küçəsində yerləşən aptek “Eyxlerin apteki” kimi tanınırdı...
                                        Şəxsi mülklər, ictimai binalar
Adolf Eyxler Peterburqda təhsil almışdı. XIX əsrin 90-cı illərində memar kimi fəaliyyətə başladığı dövrdə Bakıda antisanitariya vəziyyətinin hökm sürdüyü bəzi karvansaraların bağlanmasına və zibilliklərin ləğvinə nail olmuşdu. Onun layihəsi üzrə ilk bina Bakının köhnə məhəllələrindən birində - Murtuza Muxtarov (keçmiş Persidski) və Çingiz Mustafayev (o zamankı Suraxanski) küçələrinin kəsişməsində 1892-ci ildə inşa edilib. Uzun müddət məktəb binası kimi fəaliyyət göstərən tikili kifayət qədər geniş ərazini əhatə edir. Eyxlerin üslubuna xas olan memarlıq ciddiliyi bu binada da özünü əks etdirir. O həm şəxsi evlərin, həm də dini məbədlərin layihəsini verib. Memar 1904-cü ildə təmənnasız olaraq uşaqlar üçün internat məktəbini də layihələndirib.
Ümumiyyətlə, Eyxlerin layihələndirdiyi mülklərə diqqət edərkən onların ümumi bir qanunauyğunluğa malik olduğunu görürük. Memarın şəxsi mülk üzrə işləri o qədər də dəbdəbəli olmayıb. Daha çox orta səviyyəli tacirlər və şəhər sakinləri ona sifarişlər verib. Zərgərpalan 135 ünvanında yerləşən birmərtəbəli mülk də Eyxlerin layihəsi əsasında 1902-ci ildə inşa edilib. 1893-cü ildə Bakının tanınmış tacirlərindən Hacı Məhəmməd İbrahim Hacı Mehdi oğlu Eyxlərə sifariş verir. Bu mülk indiki Azərbaycan prospekti və Təbriz Xəlilbəyli, Dilarə Əliyeva küçələrinin kəsişməsində yerləşir. Bina özünəməxsus minimal naxışlarla bəzədilib. Mülkün üzərində onun 1894-cü ildə tikildiyi qeyd olunub. Həmin ildə memarın sifariş aldığı daha bir villa tipli bina Bakının qədim tikililəri sırasında yer alır. Bina Bakının qədim küçələrindən sayılan keçmiş M.Qorki (indiki Mirzə İbrahimov) və Süleyman Rəhimov küçələrinin kəsişməsində inşa edilib. Tikili üzərində çox az sayda naxış və ornament istifadə olunmaqla layihələndirilib. Binanın S.Rəhimov küçəsinə baxan hissəsində günəş simvolundan istifadə olunub.
Bakı milyonçularından Dadaşovlara məxsus olan və 3 küçəni əhatə edən möhtəşəm ikimərtəbəli mülkün layihə müəllifi də Eyxlerdir. Bina indiki Nizami, Zərgərpalan və Nigar Rəfibəyli küçələrində yerləşir. XX əsrin əvvəllərində inşa edilən binanın eyvanlarının quruluşunda Avropa memarlığının təsiri diqqəti cəlb edir. Hazırda Daxili İşlər Nazirliyinin arxa küçəsində yerləşən və üç küçəyə açılan bu əzəmətli mülk Eyxlerin ən uğurlu işlərindən hesab olunur.
Görkəmli memarın ərsəyə gətirdiyi möhtəşəm binalar arasında Sabunçu qəsəbəsinin mərkəzi küçəsində yerləşən və 1901-ci ildə inşa edilən Bəşir bəy Aşurbəyova məxsus mülk də var. Bu mülk şəhərdəki mülklərdən xeyli fərqlənir. Üzərindəki bəzəkləri, naxışları və üslubu ilə bənzərsiz bir memarlıq abidəsidir.

   İbadət ocaqları
   Eyxlerin layihələndirdiyi ən möhtəşəm binalardan biri isə Bakıdakı alman-lüteran kilsəsi (kirxa) və onun qarşısındakı qoşa binalardır. Hazırda burada Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və orqan musiqisi zalı fəaliyyət göstərir.
Ərazi 1877-ci ildə Eyxlerin əmisi üçün dini məbəd tikilmək məqsədilə ayrılsa da, məsələ xeyli müddət uzanır. 1886-cı ildə Bakı Şəhər Dumasında lüteran kilsəsinin tikilməsinə icazə verilir. Kilsə 1896-1899-cu illərdə Bakının alman icmasından toplanan ianə əsasında Adolf Eyxlerin layihəsi əsasında neoqotika üslubunda inşa edilib. Kirxanın təməlqoyma mərasimində Nobel qardaşları və ailəsi də iştirak etmişdi. Çünki maliyyənin əsas hissəsini bu ailə ödəmişdi. İlkin sifarişə əsasən, kirxanın arxitekturası 1854-cü ildə Göygöldə ucaldılan lüteran kilsəsinin tam oxşarı olmalı idi. Eyxler bununla razılaşmır və Almaniyanın Malburq şəhərindəki kilsənin modelini əsas tutur, ona əlavələr edərək yeni layihə hazırlayır. Kirxa bu gün paytaxtımızın tarixi tikililəri sırasında özünəməxsus yer tutur.
Kirxanın ətrafındakı iki binada isə din xadimləri yaşayıblar. 1930-cu illərin repressiya dalğası bu insanlardan yan keçməyib. 1937-ci ildə burada yaşayan kahinlər və ailələri bolşeviklər tərəfindən güllələnib. Əgər Adolf Eyxler memar kimi Bakıda heç bir bina tikməsəydi belə, təkcə iki tikiliyə görə tarixə düşə bilərdi. Bunlardan biri kirxa, digəri isə 1895-ci ildə Bakı milyonçusu Hacıbaba Haşımovun Eyxlerə sifariş verdiyi məscid idi.

    1896-cı ildə Bakının dağlıq hissəsində, hündür bir ərazidə, füsunkar mənzərəsi şəhərə açılan yerdə məscid inşa edilir. Adolf Eyxler alman olsa da, Bakı mühitinə çox gözəl bələd idi. Onun Azərbaycan memarlığına dair mükəmməl biliklərə sahib olması bu tikilidə özünü aydın şəkildə əks etdirir. Şirvanşahlar dövrünün memarlıq üslubu və Abşeron məscidlərinin interyerinə uyğun qurulan bu məscid hazırda “İmam Hüseyn” məscidi kimi tanınır. Onu da bildirək ki, 2017-ci ildə Heydər Əliyev Fondunun dəstəyi ilə bu ibadət məkanında əsaslı təmir işləri aparılaraq dindarların istifadəsinə verilib.
* * *
    ...1911-ci il fevralın 5-i səhər saat beş radələrində Eyxlerlərin mənzilində atəş səsi eşidildi. Ertəsi gün qəzetlər memarın 42 yaşında intiharından yazırdı. İntiharın motivləri isə daha sonra bəlli olacaqdı. Adolf Eyxler çiçək xəstəliyindən əziyyət çəkirdi və əzablara dözməyərək canına qıymışdı. O, şəhərin dağlıq hissəsində yerləşən lüteran qəbiristanlığında torpağa tapşırıldı.

  Lalə AZƏRİ


Facebook-da paylaş