Şəhid ailələrindən Ümumavropa Qarabağ mitinqinə DƏSTƏK

  
      Dünyanın 20-dən çox ölkəsində fəaliyyət göstərən diaspor təşkilatlarının təşəbbüsü ilə Avropanın siyasi mərkəzi olan Brüssel şəhərində (Lüksem­burq meydanında) “Xocalıya ədalət!”, “Dilqəm və Şahbaza azadlıq!” və s. şüarlarla Ümumavropa Qarabağ mitinqi keçirilib.
Şəhid polkovnik-leytenant Raquf Orucovun həyat yoldaşı Sevinc Orucova Modern.az-a açıqlamasında fevralın 23-nə təyin olunan “Xocalıya ədalət” mitinqini dəstəklədiyini vurğulayıb və xaricdəki həmvətənlərimizə çağırış edib:
    “Biz Xocalı soyqırımını bütün dünyaya çatdırmalıyıq. Hər bir kəs bilməlidir ki, azərbaycanlılar erməni vəhşiliklərinin qurbanı olublar. Ermənilər tərəfindən bizim başımıza XX əsrin ən böyük faciəsi gətirilib. Hesab edirəm ki, Xocalı soyqırımının 27-ci ildönümü ərəfəsində Avropanın siyasi mərkəzi olan Brüsseldə Ümumavropa Qarabağ mitinqinin keçirilmə təşəbbüsü çox vacibdir. Mən bu mitinqi təşkil edən diaspor təşkilatlarına öz minnətdarlığımı bildirirəm. Biz Azərbaycan həqiqətlərini bütün dünyaya çatdırmalıyıq. Heç bir genosid cəzasız qalmalı deyil. Biz bu gün Parlament Jurnalistlər Birliyinin təşəbbüsü ilə Qaçqın və Məcburi Köçkünlərin işi üzrə Dövlət Komitəsində "Srebranitsa anaları" ilə görüşdük. Bizim onlardan öyrəniləsi çox şeyimiz var. Onlar bütün dünyaya bunu qəbul etdirə biliblər. Biz də bunu bacara bilərik. Bizim daha çox resurslarımız və imkanlarımız var”.
    Sevinc Orucova bildirib ki,bu gün Brüsseldə keçiriləcək “Xocalıya ədalət” mitinqində iştirak etmək avropada yaşayan hər bir azərbaycanlının borcudur.
   “Bizim bu mitinqə böyük ümidimiz var. Böyük ümidlə gözləyirik ki, bizim səsimizə səs verəcəklər. Harada yaşamasından asılı olmayaraq hər bir kəsin ürəyi Azərbaycanla döyünməlidir”.
Şəhid pilot, mayor Urfan Vəlizadənin həyat yoldaşı Könül Vəlizadə də Avropanın siyasi mərkəzi olan Brüssel şəhərində bu günə təyin olunan “Xocalıya ədalət” mitinqini dəstəklədiyini qeyd edib.
    “Avropada yaşayan bütün azərbaycanlıları bu mitinqə dəstək olmağa çağırıram. Biz işğal altında olan torpaqlarımızı düşməndən azad etməliyik. Onlar bizim torpaqlarımıza sahiblənmək istəyirlər. Amma bu heç cür mümkün ola bilməz. Bildiyiniz kimi, mənim həyat yoldaşım Urfan Vəlizadə vətənimizin azadlığı uğurunda şəhid olub. Onun kimi də bizim qeyrətli oğullarımız var və bu gün vətənimizin keşiyində dururlar. Hesab edirəm ki, dünyada yaşayan bütün azərbaycanlılar bu gün təşkil olanan mitinqə qoşulsunlar. Onlar bütün dünyaya göstərsinlər ki, vətənimizin azadlığı uğrunda xalqımız birdir. Mən bu mitinqi təşkil edən diaspor təşkilatlarına öz minnətdarlığımı bildirirəm”.

Mirmahmud KAZIMOĞLU


Facebook-da paylaş