“Zəfər tarixi” dərsliyinin təqdimatından qeydlər

 
Dünya bildiyimiz qədər bizimdir...
 
      
      Hər yeni tədbir, hər yeni məclis insan üçün təzə bir duyğu, düşüncə libasıdır. Və sən istər-istəməz, o libası yaddaşına geyinirsən. Bir müddətdən sonra isə çox şey unudulub gedir. Lakin elə tədbir, elə təəssüratlar var ki, onlar yaddaşının bir parçasına dönür, səndən ötrü ömürlük yaşantıya çevrilir. Demək olar ki, xeyli vaxtdır belə duyğusal bir tədbirlə rastlaşmamışdım. 
     Ötən həftə Yasamal rayonu Eldar Məmmədov adına 21 nömrəli tam orta məktəbdə “Zəfər tarixi” adlı konfrans da belə tədbirlərdən idi. Məktəbin həyətinə daxil olanda ilk növbədə səliqə-səhman  diqqətimizi cəlb etdi. Ayaq saxlamaya bilmədik. Hiss olunurdu ki, məktəbin həyətyanı sahəsindəki yaşıllığa, burdakı rəngarəng gül-çiçəklərə, qızılgül kollarına, meyvə ağaclarına zəhmətsevər bir bağban qulluq edir. Heç şübhəsiz ki, bu bağbanı arayıb-axtarıb bura gətirən məktəb rəhbərliyi də hər kəsin dəyərini, qiymətini verməkdə mahirdir. 
     Əsas söhbət isə məktəbdə qeyd olunan “Zəfər tarixi” dərsliyinin təqdimatından gedir. Ancaq təəssürat o qədər geniş, o qədər əhatəli oldu ki, tədbir iştirakçıları yığcam bir dərsliyi deyil, bütövlükdə Vətən savaşında qazanılan zəfər tarixini göz önünə gətirdi. Tədbir özü də bu mərama köklənmişdi. Foyedəki stendlərdə Azərbaycan əsgərinin canı, qanı bahasına azad etdiyi rayonlarımızdan mənzərələr və işğaldan azad edilmə tarixləri göstərilmişdi. Tədbir Vətən torpaqlarının azad edilməsi uğrunda canından keçmiş şəhidlərin xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi və , Dövlət himnimizin səsləndirilməsi ilə başladı. 
       Böyük qələbədən sonra himni dinləməyin də özgə bir fərəhi var. Mənsub olduğun dövlətin, xalqın, səni qoruyan ordunun iradəsinə, gücünə bir daha arxalanırsan və təsadüfi deyil ki, dövlət himnindən sonra səhnəyə gələn 9-cu sinif şagirdləri birinci və ikinci Qarabağ savaşından bəhs etdilər. Onların çıxışında Vətən savaşında qəhrəmanlıq göstərmiş şəhidlərimizin əziz xatirəsi yad edildi, əsgər və qazilərimizin adları xatırlandı. 
     

       Tarix müəllimi Leyla Məmmədova sevimli və bilikli şagirdlərilə hər zaman fəxr edə bilər. Leyla müəllim özü də səhnədə zəfərimizin duyğulu anlarını yaşayırdı. O,  “Zəfər tarixi” dərsliyinin mahiyyətindən də danışdı, bildirdi ki, dərsliyə təkcə 44 günlük savaşla bağlı bilgilər daxil edilməyib. Şagirdlərin müharibə dövrü baş vermiş hadisələri izləmək üçün dərslikdə yerləşdirilən QR kodu skan etməklə videolara baxmaq imkanları da var. Dərs zamanı şagirdlərin dialoqundakı əsas məqam isə tarixi zəfərin əldə edilməsindəki mühüm amilləri diqqətə çatdırmaq idi. Bu amillər xalq, ordu, hakimiyyət birliyi və Ali Baş Komandan İlham Əliyevin kəsərli xarici siyasəti və diplomatiyada əldə etdiyi uğurlar idi ki, bunu da məktəbin bilikli şagirdləri bədii düşüncələrinə güvənərək uğurla ifadə edə bildilər. 
      İki hissədən ibarət olan tədbirin bədii hissəsində şagirdlər musiqi nömrələri səsləndirdi, yurd, ocaq, oymaq, ulus məhəbbətilə dolu mahnılar ifa etdilər. 
      9-cü sinifin qızları gözəl oxudu. Qızlar “Azərbaycan”ı elə gözəl ifa edirdi ki, adamın içindəki hisslər qürursuz ötüşmürdü.. Doğrudan da, Azərbaycan.... ayrılarmı könül candan... 
      Bu məktəbli qızlar arxada ayaq səsləri eşidilən əsgərlərimizə güvənib nəğmələrini şövqlə oxuyurdular... Axı ən gözəl musiqi əsgərlərimizin qürurla yerə basdıqları ayaq səsləridir.  Necə ki tədbirdə bu da unudulmamış, əsgər libasında olan bir dəstə şagird əlində Azərbaycan və qardaş Türkiyə bayrağı qaldıraraq nəğmə oxuyan qızları müşayət edir, əsgər marşıyla ordumuzun bizə bəxş etdiyi fərəhin aynasına dönürdülər.   
      

      Milli rəqslə səhnəyə çıxan qızlar isə qədim mədəniyyətimizin, incəsənətimizin həmin gün məktəb səhnəsində parlayan ulduzları idi. Bu ulduzlar o qədər parlaq bərq vururdu ki, onların simasında ulu mədəniyyətimizin pöhrələrini görürdük. 
     Zəfər tariximizin şanlı səhifələrinə naxış vuran şagirdlərin tədbir boyu ifa etdikləri nəğmə, mahnı üstə köklənən Vətən -  Azərbaycan avazı heç vaxt unudula, həmin gün zalda əyləşənlərin yaddaşından silinə bilməz. Oxumaq üçün seçdikləri mahnılar, ritmik şeirlər də yerində seçilmişdi. Hər kəsin ürəyi, qəlbincə idi. Bu şaqraq, bu nəğməli qızlar “Ayrılarmı könül candan, Azərbaycan, Azərbaycan” dedikcə, gözlərim dolur, ruhumdan boylanan Vətən sevgisi az qala dil açıb danışırdı. Bu şagirdləri yetişdirən müəllimlərə, məktəbə, məktəb rəhbərliyinə ürəyimdə bəlkə yüz kərə alqış dedim.
    
 
      Qarabağın yaddaşını, mənəvi irsini daşıyan Xan Şuşinski Adına Ağdam Muğam Məktəbinin şagirdləri isə oxuduqları muğam parçası, “Xudayar təsnifi” ilə özlərinəməxsus bir tarix yazdılar. Düşünürəm ki, bu tarixdə şəhidlərimizin, qazilərimizin ruhuna böyük ehtiram vardı. Onları dinlədikcə 44 günlük qanlı savaşın hər cizgisi gözümün önündən keçir, müharibə dəhşətlərini yaşamaqla bərabər düşmənin iradəsini qırmaq, sındırmaq əzmimiz də qəlbimi sevindirirdi. 
    
 
      Başqalarını deyə bilmərəm, mənə elə gəldi ki, bu məktəbdə, bu təhsil ocağında həyətində gördüyüm ruh oxşayan yaşıllıqla, qönçəsində bahar eşqi gizlətmiş rəngarəng qızılgüllərlə yanaşı bir Azərbaycan sevgisi də gətirib əkiblər. Kim əkib, nə vaxt əkib, bilmirəm, onu bilirəm ki, məktəbin hazırkı rəhbəri Elza xanım Bağırzadədir -  tədbirə gələn qonaqları hədsiz bir sevgiylə, daxildən gələn bir istək, həyəcanla qarşılayan, hər kəsin qayğısını çəkməyi bacaran əsl müəllim... Doğrudan da, heyran olmamaq olmur. İnsanda nə qədər Vətən sevgisi, yurd məhəbbəti, hamımızın yaralı yeri olan Qarabağ sevdası olarmış. Elza xanım tədbirdəki çıxışında da qəlbinin səhifələrini kitab kimi oxumağı bacardı. O, bildirdi ki, milli vətənpərvər ruhlu övladlarımızın qəhrəmanlığı və hünəri Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb. Ona görə hər birimiz şəhid və qazilərimizə borcluyuq. 
      
    
       Tədbirdə Vətən savaşının qaziləri də vardı. Sinəsi döyüş zamanı göstərdiyi şücaətlərin rəmzinə çevrilmiş medallarla dolu polkovnik-leytenant Etibar Camalov da ön sıralarda əyləşmişdi. Tədbirdən öncə macal tapıb onunla bir neçə dəqiqəlik də olsa, söhbət edə bildik. Etibar Camalov doğma torpaqlarımıza sancılan qəlpələrə canını sipər edib. Neçə dəfə ağır yaralanıb. Qanı süzülə-süzülə neçə kilometr ərazini sürünə-sürünə keçərək düşmənə meydan oxuyub. Öz zabit çəkməsini neçə qəsbkar erməni əsgərinin ulğumuna dirəyərək onun son xırıltısını da kəsib. Cəsur zabit Suqovuşanda, Füzulidə, Şuşa ətrafında, Daşaltıda müharibənin taleyini həll edən döyüşlərdə iştirak edib. Bu döyüşlərin ağırlığı, iztirabı onun çöhrəsinə yazılmış, baxışlarına hopmuşdu. Diqqət etsən, söz-söz, sətir-sətir oxuya bilərdin. 
     

     Vətən müharibəsi qəhrəmanı, polkovnik  H.Əliyev adına Ali Hərbi məktəbin prorektoru Nizami Mövlanov da ürək sözlərini söylədi. Yüksək mənəvi zövqlə, bədii-estetik dəyərlər aşılayan tədbirin hazırlanmasına görə məktəbin direktoru Elza xanıma, məktəbin müəllimlərinə, bütövlükdə zəhməti keçən hər kəsə təşəkkürünü çatdırdı, Vətən savaşında zərrə qədər də xidməti olan hər kəsi dəyərləndirdi və onları unutmamağa səslədi.
     

       Yasamal rayonu İcra Hakimiyyətinin  Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Samir İsmiyev, Böyük məsləhətçi - Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Emin Babayev də tədbirlə bağlı təəssüratlarını bölüşdülər. 
 
        Bakı Şəhəri üzrə Təhsil İdarəsinin ümumi sektorun müdiri Sevinc Rəsulova ordumuza və Ali Baş Komandanımıza minnətdarlıq duyğularilə yanaşı təhsildəki problem və uğurlardan da danışdı. 21 nömrəli orta məktəbdəki “Zəfər tarixi” adlı konfransın təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirdi. 
       

       “Zəfər tarixi” dərsliyinin təqdimat mərasimi hədsiz dərəcədə böyük duyğular yarada bildi. Bu duyğuları indi ardıcıllıqla ipə-sapa düzmək də mənə çətin gəlir. Ancaq yadımdadır ki, məktəbin direktoru Elza xanım 30 illik Qarabağ həsrətindən sonra ürəyinin başında yandırdığı qələbə işığını da bu əzəmətli zala gətirmiş, “Qarabağa aparan yol” qəzetinin baş redaktoru şair Əli Mahmuda da söz verdi. Hələ həsrət yaraları bitişməyən, qəlbində ayrılığın közü yuva salmış Əli müəllim öncə milli ruhlu şagirdlər yetişdirən bu məktəbə və məktəbin rəhbəri Elza xanıma təşəkkürünü bildirdi. Sonra isə Qarabağın işğalı dövründə yazdığı “Şuşada nəyim qaldı” şeirini səsləndirdi. Uzaqdan da hiss olunurdu ki, Əli müəllim tədbirdə gördüklərindən, yaşadığı duyğulardan çox həyəcanlıdır. Onun kövrək, titrək misraları bu həyacanın nə qədər təbii olduğunun təzahürü idi. 
 
Qəbrimə nişanə seçdiyim
Mamırlı bir daş.
Gözümə tökmək üçün qoruduğum
Bir ovuc torpaq.
Ürəyimdə bişib,
Dodaqlarımı göynədən
Bircə damla yaş.
 
***
Təsəlli üçün qardaş məzarına
Qoyacağım Xarı bülbül gülü.
Hər səhər şehinə bələndiyim,
Üzümü sürtdüyüm,
Gözümə dürtdüyüm
Maralotu sünbülü.
 
***
Sehrli nağılların
Dərin quyularına enən
Qırxpilləkan yolu.
Qoxlanmamış bənövşələrə
Keşik çəkən 
Qaratikan kolu.
Yandırılmış kəndimin
Qırxqızın, Kirsin yamaclarına
Səpələnmiş külü.
Göyərməyən, qurumayan
Qan gölü.
 
***
Şəhid anamın
Mirzəhəsən qəbiristanlığındakı
Məni intiqama çağıran
Çat-çat olmuş qəbri.
Şuşasız, Göyçəsiz,
Laçınsız, Kəlbəcərsiz millətimin
Tükənib daşmayan səbri.
 
***
Xan qızı Natəvanın,
Vaqifin, Zakirin,
Üzeyirin, Bülbülün
Xanın, Cabbarın
Güllələnmiş məzarları, heykəlləri.
Yanıb kösövə dönmüş
Neçə kamanın, tarın
Mizraba həsrət qalmış telləri.
 
***
Mərmər döşənmiş ağ küçələr,
Ulduzları yerə tökülmüş gecələr,
Min illərin sehri, sirri
Yığılmış mücrülər.
 
***
Sıldırımlı 
Yolların üstündə,
Ənvər Paşanın, Soltan bəyin
Qolları üstündə
Qalmış şəhidlərin.
Gözümün yaşını qurutmuş,
Qəmim, qəhərim.
Təbrizin qənşərində,
Bakının beş addımlığında,
Əsir düşən şəhərim.
 
***
İllərdən bəri
Yağı tapdağında qalan,
Daş armudları baltalanan,
Qalaları sökülən,
İmarətləri talanan,
Ürəyi oğul həsrətiylə
Bişən şəhərim.
 
***
Yağı əlinə düşməmək üçün
Özünü qayadan atan,
Qız şəlalələrim,
Hamilə gəlinlərim,
Qan çilənmiş Cıdır düzündə
Qan rəngli lalələrim.
 
***
Dan yeri qanla 
Sökülən şəhərim,
Kişnərtisi Qızıl qayada
Boğulub itən,
Tövləsi, axuru sökülmüş,
Nalları tökülmüş,
Yüyəni, yəhəri yandırılmış,
İnadı sındırılmış,
Kəhərlərim,
Köhlənlərin.
 
***
Ərimgəldi dikdirində
Gecikən, ləngiyən,
Nəfəsi təngiyən kişilərin
Yolunu gözləyən yarları.
“Vağzalı” havası.
Yarımçıq qalan,
Əlləri qanla xınalanan,
Gözəllərin ruhları.
 
***
Yan ağaclarından
Asılan rəngli yumaqları
Asılı qalmış hanalar.
İlmələri həvələnməmiş,
Çeşni göyərçinləri
Havalanmamış
Xalçalar, xalılar.
 
***
Bağrıqan dağının üstündə
Bir əlçim yağışsız buludum.
“Segah”ı yarımçıq kəsilmiş, 
Tankların tırtırı altında
Nalə çəkə-çəkə əzilmiş
Kamanım, udum.
Ürəyim, gərəyim,
Duzum, çörəyim.
 
***
Gözlərimə güllə,
Qəlbimə barıt,
Qurşun doldurmuşam ki,
Xilas edim yağılardan Vətəni.
Qurtarım yaxamı töhmətdən,
Övladlarım, nəvələrim,
Qınamasınlar məni.
 
       Vətən qazilərinə, ordumuzun cəsur əsgərlərinə yazdığı şeirini də zalın kürsüsündən oxuyan şair öz çıxışı ilə zəfər tariximizin dəyərli bir səhifəsi kimi dinlənildi. 
       

       Mərasimdə şəhid ailələri və şəhid ataları da vardı. Oğlunu Vətən yolunda qurban vermiş ata necə məğrur danışırdı. Gözünün birində kədər, birində sevinc işığı yanırdı bu atanın. Kədəri övlad dağı, sevinci Vətən torpağıydı.       
      
      Bədii hissədən sonra tədbirin ikinci hissəsi başladı. İkinci hissədə isə  torpaqlarımızın azad olunması uğrunda şəhid olanların xatirəsi anılaraq onların ailə üzvlərinə söz verildi. Şərəfli döyüş yolu keçmiş qazilərimiz isə şagirdlərə əsl vətənpərvərlik nümunəsi sayıla biləcək hadisələrdən söz açdılar.  “Qarabağa aparan yol” qəzetinin baş redaktoru Əli Mahmud məktəb kitabxanasına yurd ağrısı ilə qələmə alınmış kitablarını bağışladı. 
     

    ... “Zəfər tarixi” dərsliyinə həsr olunmuş bu tədbirə konfrans deməklə miqyasını kiçiltmək istəmirəm. Əslində, bu tədbir böyük zəfərdən sonra yaşanan duyğuların 21 nömrəli məktəbdə yenidən təzahürü idi. 
      

      Haqlı deyirlər ki, məktəb elm məbədidir. Dünyanın düşüncədəki fəthi övladlarımızın bu məktəblərdə aldığı biliklə bağlıdır. Dünya bildiyimiz qədər bizimdir deyirdi böyük alim Xudu Məmmədov. Daha artığına nail olmaq üçün yolumuz yenə məktəblərdən keçir. Bu mənada nümunəvi məktəblərdən biri də Elza Bağırzadənin rəhbəri olduğu 21nömrəli məktəbdir. Bu məktəbin açdığı yolda ümidlərin, arzuların necə göyərdiyinin biz də şahidi olduq. Bizə elə gəldi ki, hər mənada səliqə-səhmanlı bu məktəbin həyətindəki yaşıl talada əminliklə göyərən fidanlar, açılan gül-çiçəklər balalarımızın, məktəbdə oxuyan şagirdlərimizin gələcəyidir. Bu gələcəyə görə müəllimlərə borcumuz sonsuzdur...
 
Fariz Çobanoğlu











 
 
 
 
 
 
 
 
 


Facebook-da paylaş