Zəngilan həm Qarabağ, həm Naxçıvan, həm Zəngəzurdu…

 
İşğaldan 25 il keçir...
 

 
   Müsahibimiz ehtiyatda olan mayor Əli Rzaquliyevdir
 
   Əli Qurban oğlu Rzaquliyev Zəngilan rayonunun Vejnəli kəndində anadan olub. Xarkov Ali Hərbi Tank komandirliyi məktəbini bitirib.  
1988-ci ildə ali təhsilini başa vuran Rzaquliyev “leytenant” hərbi rütbəsində Sovet Ordusu sıralarında xidmətini davam etdirib. 1988-1992-ci illərdə Sovet Ordusu sıralarında xidmət keçən Ə. Rzaquliyev “baş leytenant” hərbi rütbəsinədək yüksələrək tank tağımı və tank bölüyü komandirləri vəzifələrində xidmət keçib.
1992-ci ildə baş verən “Xocalı soyqırımı” bir çox hərbçilər kimi baş leytenant Rzaquliyevi də Vətənə dönməyə, doğma ölkəsinin müdafiəsinə qoşulmağa tələsdirib.
1992-ci ilin iyun ayından Azərbaycan Respublikası Silahlı Qüvvələri tərkibində xidmətini davam etdirən baş leytenant Rzaquliyev doğma rayonu Zəngilana qayıdır və Müdafiə Nazirinin əmrinə əsasən N saylı hərbi hissənin qərargah rəisinin müavini olur.
Zəngilan erməni-rus hərbi birləşmələri tərəinfdən işğal olunduqdan sonra Haramıda, Murovda, Gəncə qarnizonunda və Gədəbəy cəbhə bölgəsində xidmətini davam etdirən Rzaquliyev 2002-ci ilin sonunda “mayor” hərbi rütbəsində ehtiyata buraxılıb. Döyüşlərdə şəxsən iştirak edib və bir çox döyüş əməliyyatlarının rəhbəri olub. Müharibə veteranıdır.
      Ehtiyatda olmasına baxmayaraq keçmiş döyüşçü yoldaşları ilə daim əlaqə saxlayır və hər an torpaqlarımızın işğaldan azad olunması uğrunda döyüş əməliyyatlarına qoşulmağa hazırdır. 
 
   -Cənab mayor, istərdim qısaca da olsa, Zəngilanın coğrafi mövqeyi barədə danışaq...
    -Zəngilan rayonu coğrafi inzibati ərazi vahidi olaraq Azərbaycanın cənub-qərbində, Bakı – Naxçıvan dəmir yolu və avtomobil magistralının üzərində yerləşir. Əkinçilik və heyvandarlıq üçün çox əlverişli bir bölgədir. Ərazi işğal olunana qədər əhali əkinçilik və heyvandarlıqla məşğul idi. Üzümçülük və pambıqçılıqda yüksək nəticələr əldə olunmuşdu. Bölgədə tütünçülük də yaxşı inkişaf etdirilmişdi. Baramaçılıq da qismən inkişaf etdirilmiş, ürəkaçan nəticələr əldə olunmuşdu. Heyvandarlıqla bərabər, sənaye də inkişaf etdirilməkdəydi.
      Rayonun ərazisindən üç bolsulu çay axırdı ki, bu da mövsümboyu suvarmaya olan tələbatı ödəyirdi.
      Zəngilanı dünyada tanıdan ÇİNAR MEŞƏSİ idi. Rəsmi mənbələrin məlumatına görə, dünyada ikinci, Avropada birinci yerdəydi. Amma son illərin araşdırmalarına görə, elə dünyada da birinci yerdədir. Belə ki, Kanadada yerləşən çinar meşəsi süni yolla artırılmış, Zəngilandakı çinar meşəsi isə on dörd kilometrlik ərazidə təbii yolla artmışdır. Çinar meşəsinin əsasında Bəsitçay qoruğu yaradılmış, çinarlar dövlət tərəfindən qorunan siyahıya salınmışdır. Çox təəssüf ki, ermənilər rayonu işğal etdikdən sonra çinar meşəsinə də divan tutmuşlar. Belə ki, çinarın biri 110 dollardan olmaqla fars tacirinə satılması barədə məlumat dünyanın nüfuzlu nəşrlərində yer almışdır. Bəsitçay qoruq rəhbərliyinin isə müraciət və bəyanatı nəinki beynəlxalq təşkilatlara çatdırılmamış, heç Azərbaycanın efir məkanından da səsləndirilməmişdir.
     
    - Zəngilan çox qədim bir diyardır. Mütəxəssiz olmasanız da, bu toponimin etimologiyası barədə müəyyən fikirləriniz olmamış deyil...
    -Bu barədə əvvəlcə onu deyim ki, bu adın etimologiyası üzərində hələ də baş sındırırlar. Zəngli ilanlar məskəni, ilanlarla zəngin məkan, Gilandan gəlmiş (“sən gilanlı”) tayfanın burada məskunlaşması kimi elmi əsaslara söykənməyən fərziyyələr hələ də gündəmdədir. Məncə, bütün bunların müzakirəsinin heç bir mənası yoxdur. Çünki Zəngilan yaylaqları hesab olunan Xustub dağ silsiləsində Gəzbel dağı vardır. Orada canavar yuvası kimi dörd çıxışı olan mağara mövcuddur. Füzuli rayonundakı Azıx mağarasındakı (ilk insan məskəni olaraq dünya qəbul edib) kimi burada da ilk ibtidai insan yaşayıb. Azıx mağarasının tədqiqatı aparılsa da, bu yerlər Qafan rayonunun inzibati ərazisinə daxil edildiyindən, ermənilər Gəzbel mağarasının tədqiqatına imkan verməyiblər. Bu mağarada yaşayan insanlar gündüzlər yem dalınca qıjhaqıjla axan Oxçu çayının sahillərinə düşüblər. Balıq tutub, çayın qırağındakı pencərdən, göy-göyərtidən yeyiblər. Bəzən qaranlıq düşənə kimi yem axtarıblar və geriyə qayıda bilməyiblər. Beləcə çayın kənarında özlərinə məskən salıblar. ZƏNGİLAN – Yeni məskən deməkdi. (Zən – yeni, gil – torpaq, yer, an – məkan, yurd) İndi də işlədirik, “ZƏNNim (ağlıma son gələn fikir) məni aldatmaz” deyirik. “ZƏNnimcə, (yəni düşüncəmlə) bu belə olmalıdı”, kimi fikirləşirik. Məntiqə söykənməyənlər yazılı mənbə axtarırlar. O vaxt yazılı mənbəmi vardı? Bir çox məsələlər günümüzə nağıllar, əfsanələr, rəvayətlər, bir sözlə, şifahi xalq ədəbiyyatı ilə gəlib çatmayıbmı?
     Zəngilan Bəsitçay boyunca iki hissəyə bölünüb, şərq hissəsi Qarabağ, qərb hissəsi Naxçıvan xanlığına aid olub. Sonra bölgədə yaradılan Zəngəzur qəzasına daxil edilib. Odur ki, Zəngilan həm Qarabağdır, həm Naxçıvandır, həm Zəngəzurdur…
   

    - İşğal olunmuş digər tarixi ərazilərimiz kimi, Zəngilan rayonu da tarixi abidələrlə zəngin bir diyarımızdır. 
     -Bu barədə onsuz da danışacaqdım. Elə Vejnəli kəndi ərazisindəki Qız qalası, Məmmədbəyli Türbəsi, Şərifan kəndindəki Səkkizguşəli sərdabə, Qarababa kəndindəki xristianlıq nişanəsi olan kilsə; ümumilikdə, 13 tarixi abidə vardı ki, onlardan da adıçəkilənlər qeydiyyata salınaraq, dövlət tərəfindən qorunurdu.
     Zəngilan həm də əfsanəvi bir məkandı. Yazı düzü deyilən düzəngahı vardı. Ora “Koroğlu daşı”, “Ağ oyuq” da deyirdilər. İki hündür ağ daşı vardı. Bu daşlara o vaxt sirli, möcüzəli bir varlıq kimi baxırdılar, sanki meteorit qırığıydı, dastandakı Koroğlunun qılıncı hazırlanan daş parçasıydı, bəlkə də buna görə, “Koroğlu daşı” adlandırırdılar. Daşların yuxarı hissəsi oyulmuşdu, oyuğa yağ, fitil qoyular, gecələr yandırılardı. Bu daşlar nə vaxtdan bura qoyulmuşdu, hardan gətirilmişdi, bəlli deyildi. Heç o da bilinmirdi ki, kim bura ocaqçı təyin edirdi, kim onun zəhmətini qiymətləndirirdi. Bütün bunlar nağıl kimi ağızdan-ağıza ötürülərək bizə gəlib çatmışdı. O daşlardan biri naməlum səbəblərdən ötən əsrin səksəninci illərində yoxa çıxmışdı. İkinci daşı da bir traktorçu sürüyüb qapısına aparmışdı. Rayon İcraiyyə Komitəsinin sədri Nazir Kərimov xəbər tutandan sonra elə həmin traktorçuya daşı yerinə qaytartdırdı. Ərazidə inzibati bina tikdirdi, DAŞ HEYKƏLLƏR Muzeyi yaradılmasına nail oldu. Həmin daşların oyuğuna doldurulmuş fitilli yağ gecə səhərə kimi yanar, Cənubi Azərbaycanın Qaradağ mahalından Şimali Azərbaycanın Qarabağ mahalına gələn karvanın yolunu istiqamətləndirərdi. Karvan Kəleybərdən Araz çayı boyunca Xudafərin körpüsünə kimi həmin alovlara görə istiqamətlənərdi. Bircə körpüdən keçdikdən sonra Həkəri çayı boyunca uzanan təpələrə çıxana kimi məşəli görməzdi. Elə ki, təpələrin üstünə çıxdı, düz Şuşa şəhərinə girənə kimi məşələ görə gedərdi. Bax, Zəngilan uzun əsrlər boyu O TAYLI-BU TAYLI VƏTƏNİN məşəli olub.
Zəngilan bütün dövrlərdə ziyalıları ilə seçilib. Ölkənin ictimai həyatında onların mühüm yeri olub və bu gün də vardır. Aparılan araşdırmalar nəticəsində bircə şey üzə çıxarılıb ki, müxtəlif sahələri əhatə edən elmlər doktorları, professorlar yetişsə də, hələlik AKADEMİK elmi mərtəbəsini fəth edən zəngilanlı yoxdur.
      Amma hərbçilərinin sayı çox olan rayonlar sırasındadır. Onlarla polkovnik rütbəsinə yüksələn zabitlər var. Müstəqillik dövrünə kimi cəmi bir nəfər general-mayor (Məhəmməd Əsədov) ali rütbəsinədək yüksəlmişdisə, sonralar bu rəqəm artdı. (Sərvər Mehrəliyev, Qorxmaz Qarayev, Xəqani Cəbrayılov…)
Zəngilan haqqında daha çox məlumat vermək olar...
 
     -Doğulduğunuz Vejnəli kəndini necə təsvir edərdiniz...
     -Vejnəli kəndi mənim doğulduğum, güc, enerji alıb boya-başa çatdığım, yaylasında quzu otarıb at çapdığım doğma yurddur. 1794-cü ildən başlanan nəsil şəcərəmiz işğala qədər burada məskunlaşıb, təxminən 199 il yeddi nəsil dönənim bu kənddə yaşayıb.
Nəslə-kökə, ata-anaya sevgini, Vətənə bağlılığı sözlə ifadə etməkdə çətinlik çəkiriəm. Vejnəli kəndi mənim üçün hər şeydir.
     Azərbaycanda 3, 4 yerdə qızıl yatağı mövcuddur ki, onlardan da biri Vejnəli qızıl yatağıdır.
     Rayon ərazisində ən yüksək yer hesab olunan Şükürataz hündürlüyüdür (2270) ki, qonşu Bartaz kəndinin ərazisinə daxildir. Həmin hündürlüklə eyni yüksəklikdə olan Üç qardaş (Sələfir) hündürlüyü də Vejnəli kəndi ərazisindədir.
     Böyük Vətən müharibəsi illərində cəmi 21 evi olan kənddən 22 nəfər döyüşə yollanmışdır ki, onların da əksəriyyəti döyüşdə həlak olmuşdur. Qarabağ uğrunda Ermənistan-Azərbaycan müharibəsində isə 28 nəfər döyüşlərdə iştirak etmiş, onlardan yalnız bir nəfər şəhidlik zirvəsinə yüksəlmişdir.
     Kəndimizin 40-dan çox adam ali təhsil alaraq müxtəlif vəzifələrdə çalışmış və çalışmaqdadır. Onlardan yalnız iki nəfər (Hüseyn və Şamxal Hüseynov qardaşları) alimlik dərəcəsi almışdır.
Məcburi köçkünlükdən sonra bu kənddən çıxan 25 nəfərdən çox adam dünyasını dəyişmiş və ölkənin müxtəlif qəbiristanlıqlarında dəfn olunmuşlar.
 
      -Zəngilanın işğalı, əhalinin Araz çayından keçirilməsi barədə nə deyərdiniz? Zəngilan işğal olunmaya bilərdimi?
      -Zəngilan Dağlıq Qarabağla həmsərhəd olmayan işğala məruz qalan yeganə rayondur. 1992-ci ilin avqust ayınadək Füzuli, sonra isə Qubadlı briqadasının əməliyyat tabeçiliyində olub. Mərkəzin və rayon rəhbərlərinin ögey münasibətinə məruz qalıb. Hərbi texnika, silah və sursat təminatında problemlər yaşanmağı bir yana, tez-tez erməni seperatçılarının hücumlarına məruz qalıb.
Zəngilan Ermənistanın iki; Meğri və Qafan rayonları ilə həmsərhəd idi. Cəbhə zolağının uzunluğu 157 kilometrə çatırdı. Dağlıq Qarabağla və Ermənistanla həmsərhəd ikinci bir rayon yoxdur ki, cəbhə zolağı bu qədər olsun. Qonşu rayonlarda Alay, briqada yaradılanda, Zəngilanda 360 nəfərlik Özünümüdafiə Taboru yaradılmasına icazə verilirdi.
     Nəhayət, döyüşlərin qızışdığı məqamda Zəngilanda şəxsi heyətin sayı 2300 nəfərdən çox olmayan alay yaradılmasına icazə verildi. Çox keçmədi ki, qonşu Cəbrayıl rayonunun rayon mərkəzi də daxil olmaqla yuxarı kəndləri və Qubadlı rayonu işğal edildi. Zəngilan alayının cəbhə zolağı daha 40 kilometr uzadıldı və 200 kilometrə yaxınlaşdı. Hər kilometr məsafəyə on döyüşçü hesabı ilə cəbhə xəttini qorumaq məcburiyyətində oldu Zəngilan alayı.
     Ermənilər işğal olunmuş Qubadlı və Cəbrayıl rayonları ərazilərindən intensiv hücumlar edir, bizi Qafan və Meğri tərəfdən atəş altında saxlayırdılar. Bütün çətinliklərə baxmayaraq, alayın döyüşçüləri mətinliklə vuruşur, ermənilərin qarşısını alır, dinc əhalinin çıxmasına şərait yaradırdılar.
Əsasən Mincivan və Bartaz qəsəbələrində Araz qırağına toplaşan dinc əhali çayı keçib qarşı tərəfə adlaya bilmirdi. Bir tərəfdən, İran İslam Respublikasının sərbazları icazə vermir, digər tərəfdən, çayın suyunun bol olması maneçilik törədirdi. Həm də sanki təbiətin qəzəbi tutmuşdu, yağmurlu, soyuq havalar, əhaliyə yeni-yeni problemlər yaradırdı.
     Nəhayət, iki ölkə rəhbərliyinin müdaxiləsi nəticəsində əhali qarşı tərəfə keçə bildi.
     Bu sual mənə tez-tez verirlər: Zəngilan işğal olunmaya bilərdimi? Birmənalı şəkildə “xeyr” cavabını verirəm. Zəngilanın işğalı qonşu Qubadlı və Cəbrayıl rayonlarının işğalı ilə başlamışdı. Horadiz yolunun bağlanması bu prosesi bir az da tezləşdirdi. Ölkə paytaxtı və ümumiyyətlə, hər yerlə əlaqənin kəsilməsi, ərzaq çatışmazlığı qıtlığı, sursat təminatının olmaması rayonun işğalını labüd etmişdi.
 
     -İşğaldan sonra zəngilanlıların məskunlaşması və məşğuliyyətini necə dəyərləndirirsiniz?
      -Bildiyiniz kimi, Zəngilan işğala məruz qalan sonuncu rayondur. Ölkənin bütün mümkün olan müəssisələri qaçqın və məcburi köçkünlərlə doluydu. Buna baxmayaraq dövlət öz köməyini əsirgəmədi, zəngilanlıları qırxdan çox rayon və şəhərlərdə məskunlaşdırdı.
Neçə ildir ki, Abşeron rayonunun Masazır qəsəbəsində Zəngilan şəhərciyi salınıb. Bütün idarə və müəssisələrin fəaliyyəti bərpa olunub. Sabirabad rayonu ərazisində əhalinin məşğuliyyəti üçün yoncalıq salınıb, tut şitilləri əkilib, əhali baramaçılığın inkişafına cəlb olunub.
   

    -Zəngilanın ədəbi mühiti formalaşmışdımı? İşğaldan sonrakı vəziyyət necədir?
    -Oktyabr inqilabına qədər Zəngilanda şairlər olub. Əbdu Səməd bəy Zəngilani, Molla Cavad, Molla Mustafa, Məhəmməd Bağban və başqaları haqqında Cəmil Tağıyev və Teyfur Çələbi araşdırmalar aparıb, yaradıcılıq nümunələri toplamışlar.
    Zəngilanda uzun müddət “Kənd həyatı” adlı qəzet nəşr olunub, işğaldan bir az əvvəl adını dəyişdirib “Zəngilanın səsi” qoyublar. Rayon qəzetinin nəzdində şair Məhərrəm Mahinin rəhbərliyi altında “SÜSƏN” ədəbi dərnəyi fəaliyyət göstərib.
    Məcburi köçkünlükdən sonra ədəbi mühitdə pərakəndilikdir. Teyfur Çələbi “İcmal”, Ayaz İmranoğlu “İnamın gəlişi” qəzetlərini çap edirlər. Azad Qaradərəli “Yazı”, Tarverdi Abbasov “Qızıl Zəngilan” jurnallarını nəşr edirlər. Hələlik hər hansı bir ədəbi dərnək fəaliyyət göstərmir. Ədəbi jurnallarda Adil Həsənoğlunun və Xosrov Natilin şeirlərinə tez-tez rast gəlmək olur.
 
    -Zəngilan fədailəri və bu rayondan olan şəhidlərimiz...
    -Şəhidləri ayırmaq istəmirəm. Zəngilan uğrunda üç yüzdən çox Vətən oğlu şəhid olub ki, onlardan da iki yüzdən çoxu zəngilanlıdır. Burda kiminsə adını çəkmək istəmirəm, hamısı rəşadətlə vuruşub.
 
    -Eşitdiyimizə görə şəxsi təşəbbüsünüzlə “ZƏNGİLANSIZLIĞIN 25 ili” anım tədbiri keçirmisiniz...
     -Təqaüdçü, ehtiyata buraxılmış hərbiçi olmur. Bu, mənim qənaətimdir. Kişi bir kərə vətənə sədaqət andı içir və ömrünün sonunadək həmin anda sadiq qalmalıdır.
    Tədbirə gəlincə, onu demək istəyirəm ki, bu mənim bir vətəndaşlıq, bir zəngilanlı borcumdur. Sağ olsun, Abşeron rayon Mərkəzi Kitabxanasının direktoru Məlahət Yusifqızı. Onun təşkilatçılığı ilə Abşeron rayonunda yaşayan, müxtəlif səbəblərdən məskunlaşan əllidən çox söz adamı, qələm sahibi həmin tədbirdə iştirak etdi.
 
    -Bir təcrübəli hərbçi kimi bu sualımıza da aydın cavab vermək imkanınız var. İdeoloji mübarizəmiz nə yerdədir? 
    -Heç kimə sirr deyil ki, dünyanın hegemon qüvvələri bizə müharibə yolu ilə torpaqlarımızı azad etməyə imkan vermirlər. Sülh və danışıqlar yolu ilə də ermənilər qeyri-konstruktiv münasibət nümayiş etdirərək vaxtı uzadır, danışıqları bir-birinə ötürürlər. Odur ki, biz ideoloji mübarizəni gücləndirməliyik. Belə bir məqamda araqarışdıranlar, prosesə pəl vuranlar ortaya çıxır. Böyük işlərdən yapışmalı olduğumuz halda, kiçik, lüzumsuz detalların aydınlaşdırılmasına vaxt və enerji sərf edirik.
 
    -Cənab mayor, torpaqlarımıza qayıdış inamınızı da ifadə etmək sizin üçün çətin olmaz... 
    -Ümidsiz yaşamaq mümkün deyil. Ümid sonda ölür. O vaxt, yəni 30 oktyabr 1993-cü ildə İmanverdi İsmayılov (Millət vəkili, yazıçı) dədə-baba yurdundan didərgin düşən yurddaşlarına bir ziyalı kimi təsəlli vermək məqsədilə “Təki ümidlər işğal edilməsin!” başlıqlı bir məqalə ilə çıxış etmişdi.
İndi mən də onun kimi demək istəyirəm- təki ümidimiz, ruhumuz, inamımız işğal olunmasın. Danılmaz gerçəklikdir ki, işğalın yaşı artıq otuza çatır. Bu müddət ərzində bir dövlət olaraq biz də papağı günə yandırmamışıq. İqtisadi və hərbi qüdrətimiz düşmənə layiqli cavab vermək əzmindədir.
Zəngilanlılar da nikbin, ümidlidilər ki, lap tezliklə torpaqlarımızın azad olunma prosesi başlayacaq...


Fariz Çobanoğlu
 


Facebook-da paylaş