Yorulmaz tədqiqatçı, səriştəli pedaqoq
Görkəmli kitabxanaşünas alim, yaddaşlarda səriştəli pedaqoq, yorulmaz tədqiqatçı kimi qalan Tacəddin Quliyevin anadan olmasının 90 ili tamam olur.
Tacəddin Fərhad oğlu Quliyev 25 sentyabr 1929-cu ildə Goranboy rayonunun Zeyvə kəndində dünyaya göz açıb. İlk təhsilini kənd orta məktəbində alır. Gəncliyi II Dünya müharibəsi illərinə təsadüf edir. Ağır həyat şəraiti səbəbindən erkən çağlardan əmək fəaliyyətinə başlayır. Əvvəlcə kolxozda, sonra isə Goran dəmir yolunda fəhlə işləyir. 1945-ci ildə Gəncə Pedaqoji Texnikumuna qəbul olunur. Təhsilini başa vurduqdan sonra rayon Mədəni-maarif şöbəsində təlimatçı kimi işə götürülür. 1949-1954-cü illərdə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Filologiya fakültəsinin kitabxanaçılıq şöbəsində ali təhsil alır.
Respublika Elmi Texniki Kitabxanasında kitabxanaçı, Sabunçu rayonunun Uşaq Kitabxanasının direktoru işləyir. N.Krupskaya adına Bakı Kitabxanaçılıq Texnikumunda müəllim, 1958-1962-ci illərdə Respublika Kitabxana Kollektorunun direktoru vəzifəsində çalışır.
1962-ci ildə BDU-nun Kitabxanaşünaslıq kafedrası üzrə aspiranturaya daxil olur. Professor A.Xələfovun rəhbərliyi altında “Azərbaycan SSR-də Həmkarlar İttifaqı kitabxanalarının tarixi (1920-1940-cı illər)” mövzusunda namizədlik dissertasiyasını yazaraq müdafiə edir. 1965-ci ildən taleyini BDU-nun Kitabxanaçılıq fakültəsinə bağlayan alim 2005-ci ilə qədər burada çalışır. O cümlədən dekan müavini, Kitabxana fondu və kataloqların təşkili kafedrasının müdiri vəzifələrində çalışır.
Tacəddin Quliyev tanınmış kitabxanaşünas alim kimi dəfələrlə beynəlxalq elmi tədbirlərə qatılıb. 1990-cı ildə Tacikistanın paytaxtı Düşənbədə “Kitabın Şərq xalqları mədəniyyətinin inkişafında rolu, tarixi və müasir vəziyyəti” mövzusunda keçirilən elmi-nəzəri konfransdakı məruzəsi maraqla qarşılanır.
Alim 50 ilə yaxın bir dövrdə elmi-pedaqoji fəaliyyət göstərib. Bu müddət ərzində 100-dən artıq dərslik, dərs vəsaiti, elmi məqalə və s. ərsəyə gətirir. “Biblioqrafik təsvirin tərtib qaydaları”, “Təbiətşünaslığa dair ədəbiyyatın təsviri, təsnifləşdirilməsi və metodikası” və s. kimi bir çox əsərlərin müəllifidir. 1970-ci ildən kitabxanaşünaslıq və biblioqrafiya ixtisası ilə bağlı nəşr olunan elmi məcmuələrin, elmi topluların və elmi əsərlərin həmmüəllifi, 1997-ci ildən isə “Kitabxanaşünaslıq və biblioqrafiya” elmi-nəzəri və təcrübi jurnalının redaksiya heyətinin üzvü olub. Mədəniyyət Nazirliyinin fəxri fərman və diplomları ilə, “Əmək veteranı”, “Əmək şücaətinə görə” medalları ilə təltif olunub.
Tacəddin Quliyev 2005-ci il oktyabr ayının 10-da vəfat edib.
S.FƏRƏCOV
Facebook-da paylaş