Qarabağa aparan yolumuz açıq olsun...


   ŞAİR ƏJDƏR YUNUS RZA HAQQINDA DÜŞÜNCƏLƏRİM
 
   Bu yazını çoxdan yazmalıydım. Ancaq yaza bilmirdim... Kiminsə haqqında yazmaq üçün gərək ürək hökm versin, onda hər şey səmimi alınır. Cəbrayıl rayonunun ucqar dağ kəndlərindən biri Xələflidir. Bu kəndə evlər elə tikilmişdi elə bil qaylara, dağlara söykənmişdi. Kəndin qənşərində Gordubaba, arxasında isə Xələf dağı dururdu. Eləbil bu dağlar kəndi qucaqlamışdı. Yağışdan, qardan, borandan qoruyur, xəta bəlanı başından sovurdu.
Keçən əsrin yarısına qədər kənd camaatının əsas məşğuliyyəti heyvandarlıq olmuşdur. Ancaq son 50-60 ildə bu kəndən alim, şair, həkim, mühəndis, müəllim, dəmir yolçu, polis, hərbiçi, bənna və indi saymadığım neçə-neçə peşə sahibləri çıxmışdı. Kəndimizin ilk tanınmış simalarından biri elə bu kənddədünyaya göz açan Əjdər Yunusdur. O elə orta məktəb illərindən
şeirə, bədii yaradıcılığa meyl göstərib. ADPU-nun tarix fakültəsini fərqlənmə diplomu ilə
bitirən Əjdər müəllim uzun illər orada tarix elmləri namizədi, dosent kimi çalışıb,1995-ci ildən isə Daxili İşlər Nazirliyinin Polis Akademiyasında fəaliyyət göstərib. Polis polkovnikirütbəsinə
qədər yüksəlib.
    Başı göylərə dəyən bir qocaman palıd gətirin göz qabağına. Qollu-budaqlı, zamanın istisinə, soyuğuna dözüb, boy atmış, ucalmış, neçə-neçə nər igidə kölgə olmuş başı buluddan, kökü torpaqdan su içən bir palıd ağacı. Hansı zəhmət, hansı səbr, hansı dözüm onu min yaşına çatdırmışdı. Adama elə gələr ki, al günəş altında zümrüd kimi şəfəq saçan üstündəki yaşıl yarpaqlar. Təkcə onlarmı... bəs on il, yüz il, beş yüz il, min il geridə qalan, indi həyatda izi tozu olmayan yarpaqlar necə? Bu möhtəşəmliyin əmələ gəlməsində, boy atmasında onlarında damla-damla zəhməti olmuşdu. Bax şairlik, söz xiridarı da olmaq belədir. Zaman-zaman boy atırsan səni sevənlərin, duyanların əhatəsində. Dünəndən bu günə, bu gündən sabaha körpü olmaq üçün.
Onun "Taleyimin qisməti", "Haray dağlar", "Bir ovuc torpaq", "Gordubaba, yerindəmi?", "Darıxmasın", "Zamanın girovuyam", "Tövbə, bu dünyaya bir də gəlmərəm",“Niyə açdın, ay bənövşə?” kitabları çap olunub. Bu kitablarda Əjdər Yunusun sinəsində illərdir ki, od tutub yanan Qarabağın özü boyda Qarabağ dərdi, mürəkkəb insan xisləti haqqında, müasirlərimizin zəngin daxili aləmi haqqında, onun sevincləri və ümidləri, uğurları və çətinlikləri haqda düşündüklərini, duyğularını yazıb.

İnsan qazansa da milyardlar belə,
Dəyəri ölçülür insanlıq ilə.
Güvənmə gücünə, güvənmə vara,
Bəxt dönər üzünü eyləyər qara.
Bu gün bir əl tut yaxşılıq elə,
Sabah nə olcaq kim bilr hələ.

   Bu şeirdəki bəndləri ayrı-ayrılıqda götürsək, insan fəlsəfəsindən bəhs edən atalar sözüdür. Onun fəlsəfəsində insanın acizliyini göstərən, lakin onu təhqir etməyən, utandırmayan ana xətt var. İnsanın  talantı onun fəaliyyəti ilə üzə çıxır. Talant  - ağla, təhsilə, zəngin məlumatlara, orijinal hadisələrə əsaslanmırsa, o, tezliklə fərasətsizliyə çevrilir. Əjdər müəllimdə istedad və ağla, təhsilə, zəngin məlumatlara, orijinal hadisələrə əsaslan fəaliyyət bir-birində ayrılmazdır.
Deyirlər, ruh bədəndən ayrı, eləcə də bədən ruhdan ayrı yaşaya bilməz. Adamlar ona görə bir-birlərini başa düşmürlər ki, bəziləri ruhən, bəziləri isə cismən yaşayır. Dediklərimizlə Əjdər Yunusun fəlsəfi tam bir uyğunluq təşkil edir.

...Ömrümü kəsən kəsdi,
Ömür qaldı Qarabağda.
Quru candı, quru səsdi,
Dolanan bu torpaqda....
Yaxud başqa bir misal,
Əjdər, göydən şimşək kimi enmişəm,
Dağda çaxıb, aranlarda sönmüşəm.
Qarabağa ruhumla dönmüşəm,
Quru canla yaşayırıam bu yaşı,
İndiyəcən yaşamışam nə yaxşı.

    Əjdər müəllimin “Ya bir yolluq ölməliyik, Ya da zəfər çalmalıyıq” şeiri bədii hücum komandasına malik deyimlərdir. Bu şeir hər-hansı alay qarşısında oxunarsa, əks tərəfdə dayanan bir ordunu məğlub etmək ruhu yaradacaq gücə malikdir. Şah İsmayılın ordusunda xidmət edən aşıqlar da bu məqsədlə döyüşdən qabaq çalıb oxuyarmışlar.

Alınmamış neçə-neçə qisasımız qalıb hələ,
Odur ki, sən yatma oğul, silahını götür ələ;
Haraylasan, gələcəkdir, xəbər göndər hər bir elə.
Düşmənlərin ürəyinə qorxu, təlaş salmalıyıq,
Ya bir yolluq ölməliyik, ya da zəfər çalmalıyıq!

Bəs eyləyər içimdəki nifrət məni oyatmağa,
Yurda dolmuş ilanların yuvasını dağıtmağa;
Çoxdan çatıb vaxt-vədə də yurdumuza qayıtmağa.
Hamılıqla birdəfəlik bizlər hazır olmalıyıq,
Ya bir yolluq ölməliyik, ya da zəfər çalmalıyıq!

Elə et ki, qılıncını pas qınında çürütməsin,
Koroğludan gələn qeyrət ayaq altda qoy itməsin;
Tək Qarabağ savaşıyla savaşımız qoy bitməsin.
İrəvanı, Zəngəzuru, Göyçəni də almalıyıq,
Ya bir yolluq ölməliyik, ya da zəfər çalmalıyıq!

Bu nə sirdi, barışmırıq, hərəsi çəkir bir yana,
Torpağımız bülənərkən yad əllərlə bax, al qana;
Bütövləşək, bütöv baxaq, bölünmüş Azərbaycana.
Can hayından keçib artıq, yurd hayına qalmalıyıq,
Ya bir yolluq ölməliyik, ya da zəfər çalmalıyıq!
    

    Şair doğrudan da şairdirsə, onun müxtəlif illərdə - 40 yaşında, 50 yaşında, 70 yaşında yazdığı əsərlər arasında fərq olacaq, böyük, çox böyük fərq olacaq. Amma bu fərq yuxarıdakı bənzətmədə olan kimi qocaman bir palıdın yarpaqları ilə, həmin ağacın çox əsrlər bundan qabaqkı pöhrə vaxtının yarpaqları arasındakı fərq kimidir. Ağac həmin ağacdır, fəqət yaşı, görkəmi başqadır. İlləri bir-birinin üstünə qalamış şair həmin şairdir... Əsərlərinin alın qırışları çoxalıb, şeirinin saçları bəyazlaşıb, misralarının müdrükliyi zamanın ağır dəyirmanını altında artıb, çoxalıb, ancaq şairin sifəti həmin sifətdir. Haqq şairinin bir üzü olur, bu üz dəyişir, amma başqalaşmır.
Əjdərin uşaqlıq, gənclik illərində sərhəd məftillərinin bu üzündən durub, Arazın o tayına – Təbrizə tərəf boylananda keçirdiyi hisslər ilə, ömrünün müdrik vaxtında, saçları ağappaq, başı qarlı dağlara bənzəyən bu el ağsaqqalının ürəyindən qopan haraylar bir kişinin əkiz övladları kimi necədə bir-birinə oxşayır.

O taydan bu taya baxırdım bir vaxt,
İçimdən yüz ağrı, güman geçərdi.
Xəyalən qovuşub, qucaqlaşardım,
Neçə il dolanıb, zaman keçərdi.

İşə bax, ilahi, bu taydan durub,
O tayın ağrısını çəkirəm indi.
Çöküb Xan arazın sinəsi üstə,
Gözümün yaşını tökürəm indi.

...Bu zülmü, zilləti götürdü Allah,
Bu qədər soyuqluq, səbirmi olar.
Yüzləri yur deyib, köçdü dünyadan,
Qürbətdə bu qədər qəbirmi olar.

    Əjdər müəllimin fəaliyyətinin iki böyük təməl daşı – doğma Azərbaycana vaqiflilik və ana dilinin bütün incəliklərinə bələdlilikdir... O, bu iki təməl üzərində hər gün yorulmadan, usanmadan zirvəsinə çoxlarının əli çatmadığı, amma hamının görə bildiyi başı qarlı dağlar timsalı... ömür kitabı yazır. Dilinin əlvanlığı, şirinliyi, oynaqlığı, poetik müşahidələrin dərinliyi və itiliyi, bəzən gümrah, bəzən ağrılı-acılı düşüncələrin, bəzən fərəhli, bəzən küskün hislərin vəhdətindən yaranmış bu kitabın mayası vətən eşqi, vətəndaşlıq amalıdır...
      Onun ustad Şəhriyarın "Heydərbabaya salam" poemasının təsiri ilə qələmə aldığı "Gordubaba, yadındamı?" poeması Əjdər Yunisin doğulub, boya-başa çatdığı Xələfli kəndinə bir abidədir. Bu poema bir elin, obanın mənəvi, etnoqrafik - poetik xəritəsidir, pasportudur - desək yanılmarıq. Şairin yüksək poetik ilhamla yazılmış bu əsərini oxuduqca, şerlərdə əks olunmuş Xələfli təbiətini gözlərin önündə canlandırır, Xələfli kişilərinin, ərənlərinin ruhlarının bu yerlərdə donub heykələ çevrildiyinin şahidi olursan. Onun bu poemasında Gordubaba həm qocalıb, həm də ucalıb. Yollar, cığırlar, bulaqlar, dərələr kimsəsiz, yetim qalıbdır.
       Əjdər Yunusun bütün çerlərində olduğu kimi "Gordubaba, yadındamı?" poemasında sanki fikirlər sözlərin boyuna biçilib: nə vəznin boş xanələrini doldurmaq üçün artırılan lüzumsuz kəlmələr var, nə də darısqal dil köynəyində boğulan, çırpınan düşüncələr. Söz köpüyündə görünməz olmuş, itib-batmış obrazlar da yoxdur.

Bizi bizdən alıb ayrı salan kim,
Kim dözərdi dözdüyümüz bu dərdə?
Sərhədləri necə aşım, de, keçim?
Tor qurulub, yol kəsilib dərədə.

    Şair bu əsərində də böyük ədəbi zövqə malik olduğunu, bədii sözü dərindən duyduğunu sübut etmişdir. Onun estetik zövqünün, gözəllik duyğusunun dərinliyi, bədii təfəkkürünün kamilliyi, idrakının parlaqlığı və həqiqəti müdafiə cəsarəti heyrətamizdir.
Böyük sənətkarların yaradıcılığı, böyük sənət əsərləri daim insanların diqqətini cəlb edir, canlı fikirlər oyadır. Əjdər Yunusun əsərləri insan ruhunun, insan psixologiyasının daha dərin qatlarına təsir etdiyi üçün cari siyasi hökmlərin tələblərinə tabe olmur. O, kamil bir şair kimi hamımızın, bütün oxucularının sevimlisidir.
Bu gün elimizin, obamızın yetirməsi və hamımızın fəxri olan Əjdər müəllim ömrünün və yaradıcılığının kamillik zirvəsindədir. O zəngin həyat təcrübəsindən irəli gələn əminliklə ictimai həyatın və mübarizələrin zahiri görünüşündən artıq mahiyyəti və daxili mənası ilə maraqlanan bir vətəndaş, Dədə Qorqud timsallı, ünlü ağsaqqaldır.
 
Yavaş-yavaş illər ötdü, dolandı,
Hər anıma yüz xatirə calandı.
Ömür bağım elə bil ki, talandı,
Hər günüm bir budaq kəsdi, qocaldım.

Mənə yəni heç vermədi fələk də,
Dilək kimi qaldı neçə dilək də.
Haqqı bəzən haqsız yazdı mələk də,
Haqsızlıqlar məni əzdi qocaldım.

Yurdsuzluq da bir dərd oldu dağladı,
Köçdən salıb karvanımı saxladı.
Yaman yerdə zaman məni haxladı,
Yorğun bəxtim bezdi, bezdi, qocaldım.

Elə bumu, ömrümüzün qisməti?
İtiririk güvəndiyim isməti…
Əjdər, məni, zəmanənin xisləti,
Gecə üzdü, gündüz üzdü, qocaldım.

   Əjdər Yunusun yaradıcılığı bütövlükdə bir oxucu kimi məndə parlaq duyğular oyatdı, fikrimə güc verdi, duyğularımı, düşüncələrimi yalnız müəlliflə deyil, bütün vətənpərvər insanlarla da bölüşmək istədim. Sədi “Gülüstan”ında:
Çu dər  bəstə başəd çe danəd kəsi,
Ke göhər firuşəst ya piləvər...

    Beytində “qapı bağlı olanda kim nə bilsin ki, sahibi gövhər satandır, yaxud çərçi” – deyilir. Yaradıcı insanın əsərləri onun qəlb dünyasının, könül aləminin qapısıdır. Şair Əjdər Yunusun qapısından keçənlər - əsərlərini oxuyanlar onun gövhər kanı olduğunu bilərlər.
Onun şerlərini oxuduqda insana inam hissiylə, mənəvi saflaşma, daxili təmizləşmə və bir sözlə, kamilliyin yüksək məqamına qovuşmaq duyğularıyla ayrılırsan. Qədim yunan filosofu Aristotelin dediyi katarsis – elə budur. Ayrılıq həsrətindən, nisgilindən doğan şəfqət, nəciblik, mərhəmət hissi.
     Azərbaycanın ən qədim və tarixən inkişaf etmiş ərazilərindən olan Qarabağ istər zəngin maddi və mənəvi mədəniyyəti, əvəzsiz təbii gözəllikləri daim xalqımızın yaddaşındadır. Əminəm ki, ölkə Prezidenti cənab İlham Əliyevin apardığı məqsədyölü siyasət nəticəsində illərdir əsirlikdə qalan Qarabağ torpaqları düşmən əsarətindən xilas olacaq. Onda böyük vətənpərvər şairimiz Əjdər Yunus Rzada uşaqlıq və gənclik illərinin keçdiyi VƏTƏN təbiətini daha xoş ovqatla tərənnüm edəcəkdir.
     Yeri gəlmişkən Qarabağ torpaqlarında son döyüşə aparan yolun başlanğıcında olan hər bir azərbaycan əsgərinə Böyük Çingiz xanın sözlərini xatırlatmaq istəyirəm. Bir gün döyüşdən sonra qan qardaşı Comonqo Çingiz xandan soruşur: “Bütün Monqollar fırtınadan qorxar, amma sən qorxmursan. Niyə?” Çingiz xan cavab verir çünki gizlənəcək yerim qalmadı, qorxmaqdan vaz keçdim, artıq qorxmuram.
     Qarabağa aparan yolumuz açıq olsun!..

Əli Zalov
ADPU-nun kimya və biologiya fakültəsinin 
analitik və üzvi kimya kafedrasının müdiri,
kimya elmləri doktoru


Facebook-da paylaş