Həkimsən, fəxrisən bizim ellərin…
Hələ kiçik yaşlarından valideyinlərinin ağ xalatına böyük maraq və həsrətlə baxırdı. Böyüdükcə maraq daha da artdı. Düşündü ki insanlara sağlamlıq bəxş etməkdən, onların çöhrəsində təbəssüm görməkdən gözəl heç nə ola bilməz.
Elə bu fikirlə də Tibb Universitetinə üz tutdu. Universitetin tələbəsi adına layiq görüldüyü gün yaşadığı sevinci isə heç vaxt unutmur. Onun əslində Tibb Universitetinin müalicə işi fakültəsinə qəbul olmağı isə təsadüfən deyildi. Çünki Xırdalan şəhər 2 nömrəli orta məktəbi əla qiymətlərlə bitirmiş, qızıl medala namizəd idi. Lakin bəzi səbəblərdən ona qızıl medal verilmədi. Ancaq ona bu medalın verilməsinə mane olanlar, Rəqibə Qabil qızı İsbiyeva Tibb Universitetinin tələbəsi adına layiq görüləndə əməllərindən peşman olmuşlar. Rəqibə xanım tələbəlik illərində də mükəmməl savadı, intellektual səviyyəsi ilə də yaşıdlarından seçilirdi.
Rəqibə İsbiyeva 1958-ci ildə Zəngəzur mahalının Qafan şəhərində anadan olub. Anası Ədibə xanım da, atası Qabil həkim də dövrünün tanınmış həkimlərindən idilər. İlk qədəmlərini Qafan şəhər orta maktəbində atan Rəqibə xanım 1972-ci ildə ailənin Abşeron rayon Xırdalan şəhərinə köçməsi ilə əlaqədar təhsilini Xırdalan şəhər 2 saylı orta məktəbində davam etdirmiş, 1975 – ci ildə həmin məktəbi əla qiymətlərlə bitirmişdir. 1975-81-ci illərdə Azərbaycan Dövlət Tibb Universitetinin müalicə işi fakültəsinə qəbul olmuşdur. İstər orta, istərsə də ali məktəbdə ictimai işlərdə fəal iştirak edib və dəfələrlə müxtəlif diplom və fəxri fərmanlarla təltif olunmuşdur.1981- ci ildə təyinatla Abşeron rayon Ceyranbatan qəsəbə həkim məntəqəsində həkim-terapevt kimi əmək fəaliyyətinə başlayıb. 1982-ci ildə ali təhsilli mühəndislə ailə həyatı qurub. Həmin ildən də Abşeron rayon poliklinikasında həkim-ginekolok kimi fəaliyyət göstərib. Hal-hazırda Medikus klinikasında şərəfli işini davam etdirir.
Həkim kimi fəaliyyətə başladığı gündən şərəfli, savadlı və qayğıkeş bir insan kimi hamının diqqətini özünə cəlb etməyi bacarıb. Hərtərəfli dünyagörüşünə, yüksək zəkaya, tükənməz potensiyala malikdir. Rəqibə xanım Səhiyyə sahəsində çalışdığı üçün illər ərzində təkcə universitetdə aldığı təhsillə kifayətlənməyib, eyni zamanda müxtəlif treninqlərdə, sinpoziumlarda iştirak edib. Daima öz üzərində çalışaraq elmini, savadnı hər gün elmi məqalələr, kitablar mütailə etməklə artırıb. Harada çalışmağından asılı olmayaraq həmişə işinə məsuliyyətlə yanaşmışdır. Hər hansı bir işə laqeyidlik bu bəyaz xalatlı xanımdan çox uzaqdır. Necə deyərlər fəaliyyəti də hər zaman bəm-bəyaz olmuşdur. Rəqibə xanım tibb sahəsində keçirilən elmi konfransların iştirakçısı və məruzəçisi olduğu üçün sertifikat və diplomlarla təltif olunmuşdur.
O, öz vəzifəsini şərəflə həyata keçirir, Hippokrat andına layiq fəaliyyət göstərir. Rəqibə xanım bizimlə söhbətdə öz peşəsinə vurgunluğunu bir daha dilə gətirərək bunları dedi:
-Peşəm bilavasitə qadınlarla əlaqəli olduğu üçün onların həyat tərzinə, hüquqlarının qorunmasına, problemlərinin həllinə olan marağım çox olmuşdur. Bu məqsədlə həm də ictimai işlərlə də fəaliyyət göstərmişəm. 2001-ci il də Bakı şəhərində ATƏT-in “İnsan hüquqları və Demokratik Təsisiatlar Bürosunun“ dəstəyi ilə keçirilən “Qadınların liderliyi və siyasətdə iştirakı” üzrə treninqin iştirakçısı olmuşam və təlimçi sertifikatı almışam. 2001-2003-cü illərdə Abşeron rayonunda qadınlarla “Gender problerinin inteqrasiyası”, ”Qərarqəbuletmədə qadınların rolu”, ”Məişət zorakılığı” mövzularında seminarlar keçirmişəm. 2006-cı ildə ATƏT-in VƏ İHDTB-nin dəstəyi ilə Tblilisidə keçirilən “Demokratik proseslərdə qadınların iştirakının artırılması” adlı beynəlxalq konfransın iştirakçısı olmuşam. 2007-ci ildə Qırğızıstan Social Texnologiyalar Agentliyinin dəvəti ilə Qırğızıstan qadınlarının “Qadınlar hər şeyi bacarır” şəbəkəsinin işi ilə yaxından tanış olub, təcrübə mübadiləsi etmək üçün Bişkek şəhərində işgüzar səfərdə olmuşam.
Hər bir sənətdə təcrübələrlə qazanılır. O, öz vəzifəsini öhdəsindən layiqincə gələn ziyalılardandır. Potensial imkanlardan layiqincə istifadə edərək, Azərbaycan səhiyyə sisteminə öz töhfələrini verir. Həqiqətən insanların sağlamlığına can yandırır, həvəslə, inamla çalışır. Rəqibə xanım müayinə və müalicə etdiyi heç bir xəstəni ümidsiz qaytarmır. O, yüzlərlə qadını amansız xəstəliklərdən xilas edərək həyata qaytarıb, neçə-neçə ailələrə övlad sevinci bəxş edib. Çoxlarının ümid, pənah yeri olub Rəqibə xanım. Ana olmaq ümidi üzülən saysız-hesabsız qadına ana olmaq sevinci yaşadıb. O, deyir ki, xəstəyə dərman pereparatları ilə yanaşı nəvaziş, qayğı, xoş rəftar da lazımdır. Həkim xəstəsini sevməlidi.. Məhz belə halda yüksək keyfiyyətə nail olmaq olar. Bəli, Rəqibə xanım yüksək mənəvi keyfiyyətlərə malik insandır. Heç vaxt gördüyü işə görə heç kimdən təmənna ummur.
Rəqibə xanımın digər övladları Elnur va Kamil Xalıqverdiyevlər də ali təhsilli mütəxəsislərdir. Elnur Xalıqverdiyev həkim-stomotoloqdur. Digər oğlu Kamil isə Biznes Universitetinin məzunudur. Hərəsi öz sahəsində uğurla fəaliyyət göstərirlər.
Rəqibə xanım həm də vətənpərvər qadınıdır. O, Azərbaycan icmasının fəal üzvü kimi yeni yaradılan Azərbaycan Yüksəliş Partiyasının qadın qolunun rəhbəri kimi geniş ictimai-siyasi fəaliyyət göstərir. Şəhid, qazi ailələrinə həm həkim, həm də partiya fəalı kimi hərtərəfli dəstəyini əsirgəmir. Torpaqlarımızın işğaldan azad olunması hamı kimi onu da ürəkdən sevindirmişdir. Gələcəkdə bu torpaqlarda quruculuq işləri görməyi, fəaliyyətini işğaldan azad olunmuş rayon və şəhərlərimizdə davam etdirməyi qarşısına məqsəd qoymuşdur.
Hər birimiz zədələnmiş sağlamlığımızın bərpasına görə həkimlərə borcluyuq. Ağ xalatın işığı, bu müqəddəs peşəni vəsf edən şairin misralarında da parlaq görünməkdədir.
Həkimsən, fəxrisən bizim ellərin,
Dillərdə hey gəzir xoş əməllərin,
Demirəm nəğməsən, qəzəlsən, həkim,
Bütün gözəllərdən gözəlsən həkim.
Arzu MƏMMƏDLİ
Facebook-da paylaş