Ömür gözləmədi... yaxud Rəfiqəsiz gələn bahar

      Demək olar ki, bütün bayramlarda redaksiyamıza zəng edər, şirin söhbətlərilə əhvalımıza əhval qatardı. Çox müdrik, həyatsevər bir yazıçı, bir düşüncə adamı, uzun ömrün təcrübəsinə sahib bir el qızı idi. Dediyim kimi, hər bayramda özü yığardı redaksiyamıza, “Qarabağa aparan yol” onun üçün ən əziz, ən doğma ünvanlardan biri idi. Doğulduğu, böyüdüyü Cəbrayılın, Şuşanın, Füzulinin, Ağdamın ətrini bizdən alırdı. Heç vaxt gözləməzdi ki, zəng vurub onu təbrik edək. Bu bayram, bu Novruz nədənsə səsi gəlmədi Rəfiqə xanımın. Onun gəlməyən zəngi içimizdə bir narahatlıq, nigaranlıq yaratdı. 84 yaşı vardı. Bu ömür karvanı hər an öz durna qatarından ayrıla bilərdi...
     Bu dəfə redaktor müavinimiz Fariz Çobanoğlu zəng vurdu ona. Rəfiqə xanımla danışmaq istəyirdik. Lakin telefonu oğlu Azər götürdü. 
   Artıq hər şey aydın idi. Azərin həyəcan dolu səsinin titrəyişindən xəbərin ağırlığını anlamışdıq. Rəfiqə Məmmədova baharın qədəm qoyduğu bu ilk günlərdə əbədiyyətə qovuşmuşdu. Vətəndən uzaqda yaşayan oğlu Azər də ana harayı ilə özünü doğma evlərinə çatdırmışdı. 
     Rəfiqə xanımdan nə zaman harda doğulduğunu soruşsaq, konkret ünvan demir, “mənim balam, qarabağlıyam” deyirdi. Bu, həqiqətən də belə idi. Onun nəsil-şəcərəsi  bütövlükdə Qarabağı əhatə edirdi. Nənəsi şuşalı, İkinci Cahan müharibəsinin iştirakçısı olmuş atası cəbrayıllı, anası Qaryaginin (indiki Füzuli) Qacar kəndindən, ömür-gün yoldaşı isə ağdamlı idi.Ona görə də Rəfiqə xanım bütövlükdə qarabağlı idi. Amma ən çox Cəbrayıldan, bir də Şuşadan nisgillə danışmağı vardı. Şuşadan söhbət düşəndə yaddaşının yaralı yerindən qopub gələn misraları xatırlayırdı.
Uca dağların maralı Şuşam,
Xəyanət əlindən yaralı Şuşam.
Bir də Vətəndən aralı düşmüş 30 illik həsrətini Cəbrayılın xan çinarları ilə xəyali söhbətlərilə ovudardı. 
   Daha redaksiyamıza gələn zəngləri kəsilsə də, hər dəfə telefon zəngində onu axtarır, onu gözləyirik. Sanki yenə zəng vuracaq, yaşıyla heç cür uyuşmayan məlahətli, nəcib səsilə yenə də özünə qarşı diqqət, riqqət yaradacaq bizdə. Rəfiqə xanımı emosiyasız, həyəcansız dinləmək olmurdu. Hələ şəxsi həyatından, taleyindən danışanda belə söhbət hər dəfə gəlib sözün, sənətin üzərinə çıxırdı. Bu da ondan irəli gəlirdi ki, onun özünəməxsus müşahidələrii vardı. Bu müşahidələr zamanla ədəbiyyata, sənətə çevrilib. Yazdığı povestlər, həyat haqqında müxtəlif mövzulu nəğmələr, Qarabağın düşmən pəncəsində qaldıği illərin ağrısından yaranan əsərlər, Vətən savaşının iştirakçısı olan cəsur əsgərlərimizə, həkimlərimizə ünvanladığı şeirlər, nəvələri Ayanla Selinin timsalında bütün nəvələrə həsr etdiyi uşaq yaradıcılıq nümunələri... bütün bunlar hər biri Rəfiqə xanımı hər zaman yada salacaq, onun xatirəsini, ruhunu hər zaman diri saxlayacaq. 
      ...Rəfiqə xanım Azərbaycanı qarış-qarış gəzmişdi. Gördüklərini, eşidib-duyduqlarını ya bir nəğməyə, şeirə, hekayəyə, ya da bir xatirəyə çevirib əbədiləşdirmişdi. Onun xidmətlərinin əsas mənbəyi də elə bunlar idi; töfhə vermək, xalqın, millətin düşüncəsini zənginləşdirmək, ədəbi sərvət toplamaq, zəngin irs qoyub getmək... 
     Zəngin irs demişkən, 80 yaşına həsr olunmuş “Sözün Rəfiqəsi” monoqrafiyasına ön sözü də mən yazmışdım. Monoqrafiyayla tanış olduqda heyrətlənmişdim. Əsər Rəfiqə Məmmədovanın həyat və yaradıcılığına tutulmuş ayna təsiri bağışlayırdı. Həyat və yaradıcılığının müəyyən dövrlərinin olduqca geniş işıqlandırıldığı monoqrafiyda Rəfiqə xanımı daha yaxından tanımışdım. Monoqrafiya ad seçiminə qədər uğurlu alınmışdı-   O, doğrudan da sözün rəfiqəsi idi.
     Şeirlərinin toplu halda nəşr olunmasını çox arzulayırdı. Lakin təəssüf... 
Ömür gözləmədi.  Vaqif Səmədoğlu demiş, nə qədər yaşayırsan yaşa, nə qədər yazırsan yaz, ömrün də, yaradıcılığın da yarım qalacaq...
   
       Yadımdadır, Fariz Çobanoğlunun müəllifi olduğu “Sözün Rəfiqəsi” monoqrafiyasını işləyərkən müxtəlif illərdə ayrı-ayrı ölkələrdə çəkilmiş fotoşəkillərindən heyranlıqla danışardı. Elə Azərbaycanın özündə - Göygöldə, Hacıkənddə, Kəlbəcərdə, Gəncədə, Şuşada və başqa yerlərdə çəkdirdiyi fotoyadigarların hər biri indi bizim üçün Rəfiqə xanımdan qalan qiymətli xatirələrdir. O özü də bu fotolara baxanda ötən illərin acılı-şirinli xatirələrilə yaşayar, gəncləşər, yenidən o qayğısız, məsum, bir az da qəm-qüssəli günlərə dönərdi...
      
Azərbaycan uşaq ədəbiyyatının maraqla oxunan bir çox səhifələrinin yaradıcısı, tanınmış ziyalıların, elm və sənət adamlarının yüksək qiymətləndirdiyi istedadlı nasir, şair-publisist Rəfiqə Məmmədovanın yaradıcılığına yaxşı bələd olan bir oxucu kimi deyə bilərəm ki, 70-ci illərdən üzübəri dövrü mətbuat və radio verilişlərində mütəmadi çıxış etmiş müəllifin “Dolu”, “Uğurlu ov”, “Şəfəq müğənnisi”, “Könül”, “Mənim şahinim”, “Dostluq”, “Güllü, kəpənəkli bağ”, “Ardımca gəl”, “Nəciblik duyğusu”, “Bizim bağ”, “Zər çiçəklər” və bir çox başqa kitablarını həvəslə oxumuşuq. 
     Təsadüfi deyil ki, millət vəkili, Mətbuat Şurasının sədri Əflatun Amaşov onun haqqında danışarkən, “Rəfiqə xanım uşaq dünyasının rəssamı, boyakarıdır. Əsrələrindəki bədii detalları incəliklərinə qədər təsviri ilə zövq mənbəyinə çevirir” deyir.
       Tanınmış jurnalist Rəhim Hüseynzadə isə ondan danışarkən onu belə qiymətləndirir: “Nəğməkar poeziyanın, mahir rəssam lövhələrinə bənzər lirik təsvirlərin, uşaq yaddaşına hopan şeirlərin, hekayələrin, mayası vətənpərvərlikdən yoğrulan povestlərin, körpə duyğularına şəkər qatan nağıl, novellaların müəllifidir Rəfiqə Məmmədova. 
      ...Bizim də bir təsəllimiz odur ki, nə söz, sənət ölür, nə də sözə, sənətə könül vermiş adamlar. Ömrünün 84-cü baharında həyatla əbədi vidalaşmış Rəfiqə Məmmədovanı da sözü, sənəti yaşadacaq. Özündən sonra ədəbi düşüncəmizin varlığı üçün kifayət qədər irs qoyub Rəfiqə xanım. Bu irs təkcə sənətdən, ədəbiyyatdan ibarət deyil, onun ərsəyə gətirdiyi övladları da ana üçün əvəzsiz bir irsdir. Vətənimizin haqlı mövqeyini hər yerdə layiqincə təmsil edən övladları Azər, Şakir, dünyanın nüfuzlu təhsil ocaqlarında oxumuş nəvələri Ayanla Selin hər zaman olduğu kimi bundan sonra da onun başını uca edəcəklər. 
      Rəfiqə Məmmədova az qala bir əsrin şahidi idi. Ömür yollarında səadət dolu günlərlə yanaşı bir çox məşəqqətlər də görmüşdü. İkinci Cahan savaşının acıları, onun uşaq dünyasına dəyən zərbələr, torpaqlarımızın 30 ilə yaxın işğalda qalması, Vətən savaşımızın özü- bunların hamısını görmüş, yaşamışdı O...
      O, bir bahar günündə ayrıldı bizdən. Fəqət nə qəm, Azərbaycanın, Vətənimizin, doğma ellərimizin azadlığına qovuşduğu günləri gördü, bu günlərin canlı şahidi oldu. O da yadımızdadır ki, Cəbrayılın azad olduğu günlərdə qəzetimizlə sevinc dolu duyğularını bölüşmüşdü. Nəhayət illərdir həsrətində olduğum bahar gəldi demişdi-  yurdun baharı...

      Təəssüf ki bu bahar Rəfiqəsiz gəldi.
 
 Təranə Əlizadə,

 Sənətşünas


Facebook-da paylaş