ÜMİD İNAM OLAN YERDƏ BİTƏR...

 
    Qarabağın işğalından sonra bir çox cəbrayıllılar kimi Əziz kişi də Saatlı rayonunda məskunlaşıb, illərdir Nəriman kənd “Məcburi köçkün qəsəbəsində” yaşayır. Bir müddət bundan əvvəl Əziz kişi doğma bir adamı kimi mənə zəng edib evinin qəzalı vəziyyətdə olması səbəbindən Fövqalədə Hallar Nazirliyinin əməkdaşları tərəfindən söküldüyünü xəbər verdi.
Səhhəti ilə əlaqədar iş qabiliyyətini itirmiş Əziz kişi indi evsiz, çətin bir durumda qalmışdı. Əli yerdən-göydən üzülən Əziz kişi hələ üstəlik kimdən kömək istəməyi də dəqiq bilmirdi. Mən ona kömək etməliydim. Bu mənim doğmalıqdan başqa, həm də bir vətəndaşlıq borcum idi. Bəs kim kömək edə bilərdi? 

   Ağlıma ilk gələn bütün Qarabağ camaatına, o cümlədən, Cəbrayıl elinə cani-dildən arxa-dayaq durmağı bacaran, təkcə Milli Məclisin deputatı kimi deyil, həm də cəmiyyət hadisələrinə heç cür biganə qalmayan, ziyalılığı ilə də seçilən Ceyhun Məmmədov oldu. Elə buna görə də heç bir tərəddüd etmədən telefonu götürüb Milli Məclisin deputatı Ceyhun müəllimə zəng etdim. Məsələni ətraflı danışdım. Məni diqqətlə dinləyən Ceyhun müəllim: “Köməkçim sizinlə əlaqə saxlayacaq” -dedi.
Vaxt keçirdi. Evsiz qalmış bir insanın düşdüyü acınacaqlı vəziyyət məni sakit buraxmırdı. Bir dəfə ev-eşiyi, var-dövləti ermənilər tərəfindən talan olan, yağmalanan birinin yenidən başının üstündə damının olmaması məni çox düşündürürdü. 
Aradan on beş gün keçmişdi ki, Əziz kişi zəng edib sevincək çətinliklərin geridə qaldığını, artıq evlə təmin olunduğunu xəbər verdi. 
Bu hadisədən sonra hörmətli deputatımıza necə təşəkkür edəcəyimi fikrləşə-fikirləşə sosial şəbəkədə - FB-də Ceyhun müəllimə məxsus səhifəyə baxırdım. Onun gənclərə verdiyi bir məsləhətə rast gəldim. “Dəyərli gənclər! Növbəti tövsiyələri sizinlə bölüşürəm. Bu dəfə tövsiyələr böyük Azərbaycan yazıçısı Əbdürrəhim bəy Haqverdiyevin “Ata və oğul” hekayəsindən olacaq. Həmin hekayədə ata Xəlil oğlu Əkbərə aşağıdakı tövsiyələri edir: 

     ...Bacar, dünyada hamıya yaxşılıq elə, kömək istəyən və sənin pənahına qaçanı naümid qaytarma, çünki acizə, mərizə, yoxsula kömək eləmək yaxşı sifətlərin biridir”. Bu yolla Ceyhun müəllim böyük ədib Əbdürrəhim bəy Haqverdiyevin diliylə gənclərə xeyirxah əməllərlə dolu olan iç dünyasını - öz əqidəsini, mənəviyyatını aşılayır.

      Düşünürəm ki, Azərbaycan Respublikasının Milli Məclisində dövlətçiliyə şərəflə xidmət edən Ceyhun Məmmədov kimi ləyaqətli ziyalılar, onlara güvənən sadə insanların etimadını doğruldan, millət vəkilliyinin öhdəsindən uğurla gələn deputatlar az deyil. Hər halda qarşılaşdığım hadisə bunu deməyə əsas verir. Qısa bir zamanda əlaqədar təşkilatları hadisənin üzərinə yönəltmək, mövcud problemi aradan qaldırmaq insanların qəlbində öz dövlətinə cox ciddi bir inam yaratmış olur... " Ümid inam olan yerdə bitər".. Fikri Dəryanın dibindən üzə çıxaran təkcə düşüncə deyil, həm də həyat həqiqətinin varlığıdır.. Sərlöhvə dövlətçiliyin dayaqları üzərində salınmış inam körpüsündən qaynaqlanır. Sağlam əqidəli, işinin, vəzifəsinin öhdəsindən dürüst bir simayla, böyük əxlaqla gələn millət vəkilləri bu körpünün özüllərini daha da möhkəmləndirir, onlar müstəqil Azərbaycanın gücünə güc qatır....
Bu qısa təşəkkür məktubu ilə mən, əslində, bütün ömrünü halallıqla yaşayan Əziz kişinin duyğularını ifadə etməyə çalışdım... O həqiqətən böyük ümidlə zəng etmişdi. Ümid inam olan yerdə bitər. Elə biz də bunun şahidi olduq. 
 

     Qarabağ elinin güvənc yeri olan, yüksək ziyalı keyfiyyətlərilə fərqlənən Milli Məclisin deputatı Ceyhun müəllimə öz adımdan da ürəkdən təşəkkürümü bildirirəm.
 
 Hörmətlə Əli ZALOV,
kimya elmləri doktoru, professor,
Qabaqcıl təhsil işçisi


Facebook-da paylaş