İlhamının çırağı Vətən, sevdası Turandır...
Poeziyamızın, ədəbiyyat adlı böyük sənət evimizin sevilən, oxunan simalarından olan şair Sərvər Məsumu illərdir tanıyıram. Son vaxtlar ara-sıra görüşlərimiz də olur. Yaydakı görüşlərimizin birində mənə “Vətən Turan” adlı şeirlər kitabını hədiyyə etmişdi. Kitabı oxusam da, təəssüratımı yazmağa tələsmədim. Daha doğrusu, sözün məsuliyyətindən kənarda qalmağa çalışdım. Bu günlərdə üzü qışa doğru tələsən payızın yağmurlu axşamında masamın üzərindəki kitabını bir də vərəqlədim. Şairin bədii düşüncəsinin sözə hopmuş hərarəti ruhuma yayıldıqca qələmim də yazmağa başladı.
Sərvər Məsumun şeirləri üslubuna, ruhuna, poetik məramına görə başqa şairlərin yaradıcılığından xeyli fərqlənir. Öz yolu, öz dəst-xətti olan xanəndəni dərhal avazından, səsinin rəngindən tanıdığın kimi, onun şeirlərini də oxuyan təki müəllifi elə ilk bənddən, ilk misralardan tanımaq çətin olmur. Əvvəla ona görə ki, bütün şeirləri milli heysiyyatla yazılıb. Vətənçilik, Turançılıq, Türkçülük, Tanrıçılıq, yer-göy sevgisi, yurda vurğunluq, xaraketə, şəxsiyyətə heyranlıq, bütövlüyə, birliyə tapınmaq, namərd düşmənə nifrət hissləri onun poetik düşüncələrinin əsas qaynağı, başlıca mövzusudur.
Şair ruhunu bütün varlığı, sevgisi, həyata, həyat içrə Vətəninə baxışlarını bütün əlvanlığı ilə şeirə daşımağı hədsiz dərəcədə sevir. Şeirlərini də çox vaxt redaktə etmədən, qayıdıb üzərində işləmədən birbaşa telefonunun yaddaşına köçürür. Misralarının təbii axarına, doğuluş ahənginə toxunmadan, gözünə səmimiyyətdən uzaq hisslər qatmadan oxucu ixtiyarına verməyi xoşlayır. Odur ki, bu üslub, bu ruh uzaqdan çağıraraq müəllifini dərhal tanıdır.
Paralanmış Vətənin ağrısını canında kiridə bilməyən şair həsrətimizin ən uca zirvəsinə - Savalan dağına üz tutaraq bütövlüyün illacını gəzir:
Gəlib durdum Savalanda,
Düşmən gördüm dörd bir yanda,
Elə yandı ruh bu canda,
Qaldı külüm, mən ağladım.
Həyatda hər kəsin bir andı ola bilər, lakin şairin andı bütövlükdür, yadelli qəsblərin caynaqları ilə açılan yaralarımızı sağaltmaq istəyidir. Araz dərdinə çarə bulmaq, ikiyə bölünmüş xalqı birləşdirmək çabası onun şeirlərinin dəyişməz rəngi, həqiqətə meydan açan poetik-fəlsəfi lövhələridir.
Bir vaxt farsca, indi rusca,
Çəkdilər xəritəsini.
Duydum mavi bayrağında,
Bu Vətənin hürr səsini.
Təbriz deyib illər boyu,
Sərhəddəki dirəklər tək
Araz boyu sıralandım.
Əlim atdım məftillərə,
Haray çəkdim, havalandım.
Qoy birləşsin ruh ilə can,
Bütöv olsun Azərbaycan!
Bütövlükdür mənim andım!
Sərvər Məsumun “Vətən Turan” adıyla bir araya gəlmiş şeirləri içimdəki yurd, böyük Turan sevgisinin köksündə qabaran dalğalarıdır. Bu dalğalar dartınıb sahilə gəldikcə, misra-misra, bənd-bənd oxunduqca ədəbi-bədii fikrin nizami ordusuna çevrilir və bu ordu 44 günlük Vətən savaşında hünər göstərmiş, dünyanı haqqa-ədalətə boyun əyməyə məcbur etmiş cəsur əsgər və zabitlərimizin gücünə güc qatır, onları daha da yenilməz etməyə sövq edir. Fikir cəbhəsi əsgərin döyüş cəbhəsi ilə bir olanda, bir ürək kimi döyünəndə - “qorxma, qocağım, vur!” deyəndə qalibiyyət qaçılmaz olur.
Elə bu günlərdə yazdığı bir şeirinin bəndləri də ordumuza ruh bəxş edən, bədii siqlətilə təsirsiz ötüşməyən poetik nümunə sayıla bilər.
Vəsf etməkdən doymadılar,
Ağrı-acı duymadılar,
Bu Vətəni qoymadılar,
Darda Vətən oğulları.
Dağda bozca daş oldular,
Hər savaşda baş oldular,
Nə yaxşı ki qoşuldular,
Qurda Vətən oğulları.
Göründüyü kimi, Vətən və vətəndaş, millət və milli mənlik, milli ruh, yurdun hər qarışını müqəddəs hesab edən şair yaradıcılığının qızıl boyunbağısıdır. Bu yaradıcılığın Vətəni, torpağı namus, şərəf bilən altun əsgərləri də var. Şair yorulmadan bu əsgərlərin qəlbinə Qarabağ, Zəngəzur, Göyçə, Təbriz, Savalan, urmiya, Mərənd, Ərdəbil, Dərbənd sevdası əkdiyi kimi, ölməz bir Turan sevgisi də əkməklə ürəyinin dərinliyindəki tikanı çıxarmağa çalışır:
Ruha bələnibdir Tanrı dağları,
Turan sevdasını könlümə yayır,
Qaytarır türkümə əski çağları,
Könülmdə yenə də qurdlar ulayır.
Xəyalım Dərbənddən, Təbrizdən keçir,
Ötükəm boynuma qolun dolayır.
Ordular dağlardan, dənizdən keçir,
Könlümdə yenə də qurdlar ulayır.
Ədəbi fikir müstəvisində sözünü demiş,özünü təsdiqləmilş bir çox dəyərli kitabların, bədii-publisistik yazıların müəllifi Sərvər Məsum Ordubadın qeyri-adi təbiəti, maraqlı coğrafiyası ilə seçilən qədim Tivi kəndindəndir. Lakin o, Bakı şəhərindəki evindən də, doğma kəndi Tivisini qoynuna almış dağlarının başından dünyaya baxanda da bütöv Azərbaycan eşqilə boylanır. Bu eşq həm də “Vətən Turan” ünvanında kitablaşan şeirləridir. Bu təmənnasız yaradıcılıq, yurda məhəbbətlə köklənmiş bu sənət baxçasını bitirən əlbəttə, şair sinəsi, şair qəlbidir. Ümman kimi coşan, dəniz kimi kükürəyən bu ürəyin sevimli nəğməsi isə yenə də millət şərqisidir:
Keçirilməz torpağına sərdik bu canı,
O uca bayrağına səpdik bu qanı,
Qarşında çökdürərik bu cahanı,
Sənə qurban olanı sən də tanı!
Uğrunda daim hazır duran bizik,
İçində millət andı vuran bizik,
On yeddi imperiya quran bizik,
Bütöv bir məmləkətik, Turan bizik
Sərvər Məsumun sənət düşüncələri, poetik yaradıcılığı Vətənlə başlayıb, Vətənlə də bitir. Bitir deyirəm, ancaq bu cəfakeş qələm həm də Vətənin tarixi torpaqlarını qəsbkaralrın əlinə keçmiş parçalarını mənəvi yaddaşda dağ-dağ, dərə-dərə, oymaq-oymaq, bulaq-bulaq, çəmən-çəmən bir-birinə tikmək kimi çətin və şərəfli bir öhdəlik daşıyır. Bu baxımdan şair qələminin mənzil başına yetəcəyi tarix də bizə bəlli deyil. Fəqət tarixi zəfərlərimizdən, bütövlüyə doğru gedən yolumuzdakı uğurlarımızdan bəhs edən səhifələri bizə gələcək bir işıqdan, müjdədən xəbər verir. Demək ki, Turan işığı parlayacaq, Turan günəşi doğacaq. Şair duyğusu, şair fəhmi bu işığın, bu günəşin şəfəqlərini bədii idrakın gözlərilə görür. Əgər görməsə ilhamının çırağı Vətən, qəlbinin sevdası Turan olmazdı.
Fariz Çobanoğlu
Facebook-da paylaş