Vətən mənə oğul desə...
44 günlük Vətən Müharibəsi Azərbaycan xalqına zəfər sevincini bəxş etməklə yanaşı, xalqımızın qəhrəman oğullarını da bir daha öz xalqına tanıtdı. Neçə-neçə igid oğullar Vətən uğrunda haqq savaşının iştirakçısı, şəhid və ya qazi oldular.
Müharibədə zəfərin qazanılmasında hərbi qulluqçuların döyüş qabiliyyəti və ruh yüksəkliyi mühüm rol oynayır. Döyüş sınağında əsas olan insan amilidir. Düşmənə qarşı vuruşan döyüşçünün qalibiyyət əzmi onun yenilməzliyinin təməlində dayanan başlıca cəhətdir. Hərb tariximizin şərəfli səhifəsi olan və bizi Qələbə zirvəsinə ucaldan 44 günlük Vətən müharibəsində xalqımızın qeyrətli və vətənpərvər oğulları erməni işğalçılarını məğlub etdilər, torpaqlarımızın düşmən tapdağında qalmasına son qoydular, uzun illər qədəmimizin dəymədiyi, nəfəsimizin toxunmadığı, həsrətini çəkdiyimiz yurdlarımızda üçrəngli bayrağımızı qaldırdılar.
Sonunda zəfər çaldığımız bu müharibə Azərbaycan xalqının Vətənə necə bağlılığını, onun üçün gözünü qırpmadan canından keçməyə hazır olduğunu bir daha nümayiş etdirdi. 30 ilə yaxın bir dövr ərzində davam edən amansız erməni işğalına qarşı xalqımız yumruq kimi birləşdi, mərd oğullarımız könüllü olaraq Vətənin müdafiəsinə qalxdılar. 44 günlük Vətən müharibəsini öz igidliyi ilə qalibiyyətə çatdıran qazilərimizdən biri də Hüseynli Mirəli Əlihüseyn oğludur.
Qazimiz Mirəlinin Azərbaycan Ordusundakı xidmət yolu zəngin və çoxşaxəlidir.
Uşaq yaşlarından Vətənə sevgi bəsləyən qazimiz həm də düşmənə olan qisas hissi ilə yaşa dolub. Həqiqi hərbi xidmətə çağırılarkən ruh yüksəkliyi ilə Vətənin keşiyinə yollanıb. 2016-cı ildə hərbi xidmətdə ikən Lələtəpə döyüşlərində iştirak edib, ona mühüm və təhlükəli sahə etibar edilib, kəşfiyyatçı olub. Məhz onun və silahdaşlarının köməyi ilə ordumuz lazım olan hərbi sirləri əldə edərək uğur qazanıb. Xidmətini layiqincə yerinə yetirərək geri qayıdıb. Vətən müharibəsi başlayanda isə 44 günlük müharibəyə könüllü olaraq sentyabrın 28- də gedib. 32-33 gün ərzində ön cəbhədə ən qızğın döyüşlərə atılıb. Suqovuşan istiqamətində ağır yaralanıb...Onları tanımaq və tanıtmaq bizim ən ümdə borcumuzdur. Mirəli döyüşlərdə iştirakı və yaralanması haqqında adi bir məsələ kimi danışır. Deyir mənim yerimdə kim olsaydı eyni addımı atardı. Təbii ki, onunla razılaşa bilmərik. Müharibə başayanda övladlarını ölkə xaricinə göndərənlər, saxta xəstəlik sənədi alanlar, hətta dəlixanada belə yatıran valideynlər oldu. Bu təvazökar qazımizlə söhbətimiz maraqlı alınsa da, qısa sürdü. Çünki qazimiz öz addımını qəhrəmanlıq hesab etmirdi.
-Şəhidlər ve qazilər bizim baş tacımızdı siz isə ikiqat qəhrəmansınız, çünki, torpaqlarımızın isğaldan asad edilməsinin başlanğıcı olan Lələtəpə döyüslərinin istirakçısısınız. Həmin günləri necə xatırlayırsız?
- Verdiyiniz böyük dəyərə görə təşəkkür edirəm. Amma mən müharıbəyə qəhrəmanlıq üçün və ya söhrət qazanmaq naminə getməmişdim. Bu, mənim adi vətəndaşlıq borcum idi və torpaqlarımızın işğaldan azad olunması üçün gedib vuruşmuşam. O günlərdən xatırəmdə qalan ən təsirli səhnələr şəhid olan doyüş dostlarımın unuda bilmədiyim simalarıdır. Onlar əsil qəhrəmanlardır. Şahidlərimizin xatirəsi unudulmazdır. Qəlbimi ağrıdan mənzərələr isə gülüstan meşələrin gözəl təbiətin fonunda uçub dağıdılan evlər, böyük tikililər, qədim abidələr, yerlə yeksan edilmiş məzarlıqlardı.
- Deyirlər ən möhkəm dostluqlar məhz cəbhədə yaranır. Döyüş dostlarınızla ələqə saxlayırsınızmı?
-Bəli, onlarla tez- tez görüşürük, söhbət edir, məsləhətləşırik. Bir birimizin xeyir-şərində yaxından iştirak edirik. Həqiqətən doyüş dostları etibarlı, sadiq olur.
- Cəbhəyə könüllü yollanarkən doğmalarınızı duşundünüzmü? Onlar sizin bu addımınızdan xəbərdar idilərmi?
-Təbii ki, ilk növbədə valideynlərimi düşündüm. Getdiyim yolun dönüşü olmaya da bilərdi. Məni itirmək onlara böyük dərd olacaqdı. Amma başqa yolum yox idi. Düşməndən mütləq qisas alınmalı, torpaqlarımız geri qayıtmalı idi. Vətən yolunda can verməyə hazır deyilsənsə, bu vətənin suyu- çörəyi sənə haramdır.
- Siz qazilər, müharibə iştirakçıları dövlətin, xalqın ən ləyaqətli, şərəfli vətəndaşları, övladlarısınız. Özünüzə qarşı yetərli diqqət və qayğını hiss edirdinizmi?
-Dövlət, prezidentimiz bacardığı köməyi, qayğını göstərir. Sağ olsunlar. Amma bəzi məmurlar elə hesab edirlər ki, qazinin, şəhid ailəsinin hansısa problemi varsa onların ayağına gəlməli. Qapılarında saatlarla gözləməlidir. Qazilərə, xüsusilə şəhid ailələrinə belə münasibət yolverilməzdir. Onlar özləri problemlərimizlə maraqlanmalı və qısa zamanda onların həllinə çalışmalıdır. Axı elə qazilərimiz var ki, bədəninin yarısını-gözlərini, ayaqlarını itirib, ana öz yeganə oğlunu şəhid verib. Onlar tək və yalnız olduqlarını düşünməməlidirlər. Prezidentimiz dəfələrlə onlara bu barədə tapşırıqlar verib. Amma bəzi məmurlar ölkə başçısnın bu xəbərdarlıqlarını qulaqardına vurur, bəziləri isə adi sənədlərin düzəldilməsinə görə qazidən rüşvət tələb edir, verməyəndə isə süründürməçiliyə salırlar.
- Əgər müharibə sabah başlasa yenə də könüllü olaraq cəbhəyə gedərdinizmi?
- Təbii ki, heç vaxt bunun əksini düşünmərəm. Vətən sabah məni yenidən çağırsa bir an da düşünmədən gedərəm.
Hüsniyyə Əlizadə
Facebook-da paylaş