Vətən mənə oğul desə, nə dərdim...
1988-ci ildən Qarabağın başının üstünü alan qara duman nə qədər talaeleəri yarımçıq qoydu, nə qədər sevinci kədərə, nə qədər toy-büsatı yasa çevirdi. Havadarlarının köməyi ilə Azərbaycanın üzərinə əsən bu dəhşətli səmum küləyinin qarşısını almaq üçün o gündən bəri qəhrəman azərbaycan oğulları əllərində sillah düşmən qarşısında canlı polad sipərə çevrildilər. Belə qəhrəman oğullarıdanda biri Laçın rayonunun Şeylanlı kənd sakini Nəcəfov Etibar Mehman oğlu idi. Etibar əslən Laçın rayonundan olsada, doğma yurdları namərd ermənilər tərəfindən işğal olunduğundan onun qismətinə Ağcabədi rayonunun Aran kəndində də dünyaya göz açımaq qismət olmuşdur (14.11.1998). Orada Laçın rayon Aran kənd ümumi orta məktəbinin 1-ci sinifinə daxil olmuş, 9 illik məktəbi bitirdikdən sonra Ağcabədi rayon Aran kənd 1saylı tam orta məktəbinə daxil olub və oradan 11- ci sinifi bitirərək məzun olmuşdur (2016).
İdmana böyük marağı olan Etibar karate, daha sonra boks ilə məşğul olmuşdur. Keçirilən idman yarışlarında həmişə birincilik qazanmışdır. Hərbi xidmət də idmanla məşğul olması onun çox köməyinə gəlirdi. Komandirlərinin verdikləri çətin tapşırıqları asanlıqla yerinə yetirirdi (01.52017- 02.06.2018). Xüsusi Təyinatlı Kəşfiyyat bölmələrində təlimlər keçmişdir və ön xətdə göstərdiyi xidmətlərə görə fəxri fərmanla təltif edilmişdir. O hər zaman ətrafındakı insanların rəğbətini qazanmışdır. Yaxından tanıyanlar onun necə cəsarətli, mərd və qorxmaz olduğunu yaxşı bilirdilər.
Vətən oğulları ona görə böyüdür ki, düşmənin qara əlləri torpaqlqrımıza uzananda onlara göz dağ olsunlar. Vətənin dar günündə canı, qanı bahasına onu qoruyan minlərlə şəhidlər kimi Etibar Mehman oğluda insanlığa baş ucalığı və elinə, obasına, ata-babalarına əbədi şöhrət gətirdi.
...Şəhidlər ölmürlər... Şəhidlər daim hər birimizin qəlbində yaşayırlar…Insan taleləri təzadlı, ağrılı facianə olduğu qədər həm də təsadüflərdən, qəribəliklərdən, eləcə də gözlənilməyən şirinliklərdən də xali deyil. Daim doğma yurdunu, əcdadlarının uyduğu torpaqları qarı düşməndən bir gün geri alacağını özünə söz vermişdi. Elə bu arzuda onu Cəbrayıla, Füzuliyə, Xocavəndə, Qubadlıya və nəhayət Şuşaya apardı... Həmişə deyərmiş... Şuşa... Sən kafirlər, yağılar əlində əsir, cihad gözləyən ocağımız, pirimizsən. Qeyrət qalam, heyrət qalam, Şuşam mənim... Bəlkə də dağlarının başına dolanıram.Yolları tutmuş sis dumanın içində yol gəzirəm, yol arayıram sənə çatmaq üçün...
Laçın rayonunun Şeylanlı kənd sakini Nəcəfov Etibar Mehman oğlu Cəbrayıl, Xocavənd, Qubadlı, Füzuli uğrunda döyüşüb və Şuşada şəhid olub.
Həyatda hər birimizin qürur duyduğumuz, müqəddəs sandığımız bir neçə anlayış var. Üstündə gəzdiyimiz, suyunu içdiyimiz, havasını udduğumuz, çörəyini yediyimiz Vətən belə anlayışlardandır.
Vətən dəyişilmir, satılmır, köhnəlmir, qocalmır. O, tale qismətidir, Ulu Yaradan tərəfindən bizlərə bəxş olunub. Bu müqəddəs məkanda keçmişimizlə gələcəyimiz qovuşur. O, əbədi və əzəlidir. Onun göylərində əcdadlarımızın ruhları dolaşır. Bu vətəni bizlərə babalarımız ərməğan etmişlər. Əcdadlarımız onun uğrunda vuruşmuşlar, qan tökmüşlər, yağılardan qorumuşlar. Bu Vətəndə övladlarımız dünyaya gələcək...
Bədnam qonşularımız ermənilərin 30 illik işğalı Azərbaycanın neçə-neçə qəhrəman oğul və qızının adını tarix səhifəsinə yazdı. Bu qəhrəmanları sakit həyatlarını buraxıb cəbhə bölgəsinə getməyə heç kəs məcbur etməmişdi. Onları düşmənlə üzbəüz səngərlərə, odun-alovun içinə çəkən yeganə qüvvə VƏTƏN sevgisi, VƏTƏNƏ olan övladlıq borcunu qaytarmaq məsuliyyəti idi.
Bəzən düşünürəm. Həyatları yarımçıq kəsilən, arzuları ürəklərində qalan bu gənclər başqa cür hərəkət edə bilərdilərmi? Dərhal da qəlbimin harayını eşidirəm: Əsla! Dara düşən ANA VƏTƏN çağırırsa, onun sinəsində boy atan oğul və qızları necə sakit dayana bilərlər? Vətənin harayına çatmaq, onu düşmənlərdən qorumaq hər birimizin müqəddəs borcudur. Biz gəldi-gedərik, təki VƏTƏN yaşasın!
Bax buna görə də Nəcəfov Etibar 27 sentyabrda başlayan Vətən müharibəsinə biganə qalmayaraq Laçın rayon hərbi komissarliğina bir neçə dəfə müraciət etmiş və oktyabrın 1-i könüllü olaraq Vətən müharibəsinə yollanmışdır. Onun döyüş yoldaşları gedən qızğın döyüşlərdə Etibarın necə cəsarətlə vuruşmağından, qorxmazlığından danışırdılar.
İndi Etibar və onun döyüş yoldaşlarının vurşduğu Qarabağ torpaqlarında olan ölkə Prezident İlham Əliyev demişdir “Biz Qələbə qazanmışıq, düşməni torpaqlarımızdan qovmuşuq. Amma heç kim təminat verə bilməz ki, bir neçə ildən sonra erməni faşizmi yenə baş qaldırmasın. Ona görə Azərbaycan dövləti həmişə güclü olmalıdır. Azərbaycan dövlətinin həmişə güclü ordusu olmalıdır. Biz gücümüzü bilirik. Dünya da bizim gücümüzü bilir. Biz nəinki öz ərazimizdə, istəsəydik Ermənistan ərazisində istənilən hərbi əməliyyatı tamamilə yerinə yetirə bilərdik. Bu gün də yerinə yetirə bilərik. Ermənistan tərəfi də bunu bilir. Sadəcə olaraq, biz həmişə beynəlxalq hüquqa hörmətlə yanaşmışıq və həmişə demişəm ki, bizim başqa ölkələrin torpaqları ilə işimiz yoxdur. Biz öz torpağımızda yaşamalıyıq, yaşayacağıq, düşməni öz torpağımızdan qovmuşuq, bütün bu bölgəni bərpa edəcəyik”.
Ölkə prezidentinin sərəncamı ilə Etibar Vətənimizin düşmənlərdən təmizlənməsi uğrunda göstərdiyi qəhrəmanlıqlara görə şəhidliyə qovuşduqdan sonra müxtəlif medallarla təltif edilmişdir. Şəhidlik adi ölüm deyil, Vətən, torpaq, böyük amallar uğrunda candan keçmək, özünü şüurlu şəkildə qurban vermək deməkdir. Şəhidlik verilmiş ömür payını gələcək nəsillərin xoşbəxtliyinə bağışlamaqdır. Müqəddəs Quranda buyurulur ki, şəhidlik və qazilik peyğəmbərlərdən sonra gələn adlardır. Təzə adın mübarək bizim şəhid balamız!
İndi Qarabağın üzərindən qara buludlar bu oğulların sayəsində əbədi olaraq çəkildi. Xocalının nalə çəkən ruhları sakitlik tapdı. Yağan payız yağışları torpağa qarışıb bütün qəmi-kədəri yuyub apardı. Qarabağ torpaqlarında dalğalanan Azərbaycan bayrağı xalqımızın şərəf və şöhrətini göylərə qaldırır. Bu Etibar Mehman oğlu kimi vətənpərvər oğulların sayəsində oldu.
Əli ZALOV
kimya elmləri doktoru, professor
Azərbaycan Dövlət Pedaqoji Universitetinin
Analitik və üzvi kimya kafedrasının müdiri
Facebook-da paylaş