Milli Qəhrəmanlar: “Bütün köçkünlər öz yurdlarına qayıdacaq”
Şəhər və kəndlərimiz istifadəyə tam yararlı vəziyyətə gəldikdən sonra el-obalarından didərgin düşmüş məcburi köçkünlərin torpaqlarına qayıdacağı gözlənilir.
Dövlət rəsmiləri qayıdışın könüllülük prinsipi əsasında gerçəkləşəcəyini deyib.
Bu barədə danışan əslən Xocavənd rayonundan olan Milli Qəhrəman İbad Hüseynov bildirib ki, gənc və ya yaşlılığından asılı olmayaraq, hər bir köçkün öz doğma yurduna qayıtmaq istəyir:
“Cənab Prezidentin yenilməz iradəsi və Müzəffər Azərbaycan Ordusunun gücü sayəsində 30 illik torpaq həsrətinə son qoyuldu. Bundan sonra qurub-yaratmaq dövrü başlayır. Öz tərəfimdən bildirirəm ki, 44 günlük müharibənin hər gününü qazi yoldaşlarımla cəbhə bölgəsində keçirmişəm.
Biz qarabağlılar hər dəqiqə doğma torpaqlarımızın azad olunacağı anı səbirsizliklə gözləmişik. Bu, artıq baş verib. Birmənalı olaraq demək istəyirəm ki, bütün qarabağlılar istisnasız olaraq, doğma torpaqlarına qaydacaq və həmin günü səbirsizliklə gözləyir”.
Cəbrayıl rayonundan olan Milli Qəhrəman Vahid Quliyev də məsələyə münasibətini bildirib. Onun sözlərinə görə, torpaqlarımız minalardan təmizləndikdən sonra qayıdış prosesinə start veriləcək:
“Yaşlı nəsildən hər kəs öz vətəninə qayıtmaq istəyir. Hesab edirəm ki, gənclər də gedəcək. Çünki bütün xalqımız indiyə qədər Qarabağı arzulayırdı. Bu gün Qarabağ azaddır! Bakıdakı iş yerləri məhduddur, orada yeni iş yerləri yaranacaq. Torpaq islahatı keçiriləcək, tikinti işləri aparılacaq. Gənclər bu işlərə həvəslə işləyəcək. Qarabağ hamı üçün maraqlıdır. Burada anadan olub, uşaqlığını torpaqlarımız haqqında hekayələr dinləyərək keçirənlər çoxdur. Bakı artıq sıxlıqdır, ekoloji vəziyyət pisdir. Hər kəs məmuniyyətlə təmiz və geniş yerlərdə yaşamaq istəyər.
Cənab Prezidentin əmri ilə məcburi köçkünlər üçün tikilmiş binalar şəhid ailələrinə veriləcək. Yaxşı olar ki, qaçqınlar öz torpaqlarında evlə təmin olunsunlar. Mən inanıram ki dövlətimiz də bu məsələyə böyük diqqət ayıracaq”.
Milli Qəhrəman Ehtiram Əliyev deyib ki, o cür gözəl məkana qayıtmamaq ağılsızlıqdır.
O, Qarabağdan olmayan insanların arasında belə azad edilmiş torpaqlarımızda yaşamaq arzusuna düşənlərin olduğunu vurğulayıb.
Fidan ƏLİ
Facebook-da paylaş