İllərdir "Xərçəng"dən əziyyət çəkən zövqümüz...


       Dünya səhiyyə sistemi illərdir ki, insanlığın böyük bəlası olan Onkologiya və ya xərçəng xəstəliyi ilə mübarizə aparır. Hər il dünyada 10 milyon insan bu xəstəlikdən   vəfat edir. O,  az qala hər bir insanın ailə üzvünü, yaxınını, dostunu itirməyə səbəb olub. Buna baxmayaraq, ilk dəfə bu dəhşətli diaqnozla üz-üzə qalan hər bir şəxs qalib gələcəyinə inanmaq istəyir. Çünki buna ən çox da onun ailə üzvləri, ən yaxınları inanıb mübarizəyə başlayır. Bəzən bu mübarizədə qalib çıxanlar olur, lakin çox keçmir ki, şiş özünə başqa bir orqanda yer edir. Beləliklə, yenidən uzun müalicələr, kimyaterapiyalar, iynə-dərmanlar, əməliyyatlar başlayır. Və bir gün həkimlər ən qorxulu diaqnozu səsləndirir: “Şiş artıq metastaz verib, yəni, bütün orqanlara yayılıb. Xilas etmək mümkün olmayacaq. Ancaq möcüzəyə inanırsınızsa, dua edin...”. Bu diaqnozu övladı üçün, valideyni üçün, yoldaşı üçün eşidən insan, əlbəttə ki, dua ilə kifayətlənə bilmir. O, hər nə yolla olur olsun övladını xilas etməyi düşünür. Kreditlər götürür, maşınını satır, evini satır, xəstəsini xaricdə olan ən yaxşı xəstəxanalara, həkimlərə aparır...Günlər, aylar keçdikcə borclar böyüyür, sağalmaq ehtimalı azalır. Amma lənətə gəlmiş ümid imkan vermir ki, ən yaxınının ölümünü qəbul edib onu da, özünü də rahat buraxıb sadəcə qalan günləri, saatları, dəqiqələri birgə keçirəsən. Bir dostumun anası həyatının son günlərində ölümü o qədər arzulayırdı ki, ürəyinə yumruq vururdu. Çünki keçirdiyi o dəhşətli ağrılardan yalnız ölüm onu qurtara bilərdi. Dostum isə İrana dərman dalıyca yola düşdü. Və o dərmanları çatdıra bilmədən anası artıq gözlərini yumdu. Bəli, xərçənglə son ana qədər mübarizə aparıb məğlub olan çox insan görmüşük. Qalib gələnlər isə xəstəliyin lap ilkin mərhələsində xəbər tutanlar və şişi xoşxassəli olanlar olur. Mən isə metastaz vermiş bədxassəli şişdən danışıram.


Bəs bu xəstəliyi yaradan səbəblər nədir? Cavabı hamı eşidib. Birinci növbədə yediyimiz qidalar, ikinci növbədə stress. Fiziki durumumuz psixoloji vəzyyətimizə bilavasitə təsir edir. Sağlam bədəndə sağlam ruh olar! Son illər daha bir məşhur ifadə budur ki, biz nə yeyiriksə, oyuq. Gəlin indi baxaq, biz daha çox nə yeyirik?


Ac olanda əsas məqsəd nəsə yeyib doymaqdır. Köməyə dönərlə burger yanında şirin qazlı içki ilə gəlir. Bunları hər gün yedikcə asılılıq yaradır. Artıq tərəvəzlərdən hazırlanmış bir salat, təmiz ev yeməkləri sənə maraqlı olmur. Tənbəlləşirsən, idman etmirsən.  Bir neçə il sonra mədə-bağırsağın korlanır, immun sistemin zəifləyir və hər cür xəstəliyə tez yoluxursan. Sən demə, mal əti bilib yediyin sevimli dönərinə illərlə at və eşşək əti qatıblar. Bu qidanı satanlar isə artıq varlanıblar. Bəs bir rejissor niyə onkologiyadan bu qədər yazmalıdır? Deyim niyə. İndi bütün bu sistemi audiovizual sahəyə adaptasiya edin. Məsələn, götürək televiziyanı. Obrazlı düşüncədən məhrum olanlar üçün qeyd edim ki, tamaşaçı həmişə yeni informasiyaya acdır və o nəyəsə baxıb doymaq istəyir. TV-ni açır və orada tez-bazar hazırlanan, ucuz, bayağı, heç bir mənəvi dəyəri olmayan verilişləri izləyir. Yavaş-yavaş asılı vəziyyətə düşür, öyrəşir. Bir neçə il sonra dilini, dəyərlərini, analitik düşüncə qabiliyyətini, bədii təxəyyülünü itirir. Ona bu məhsulu satan aparıcılar, layihə rəhbərləri  və “tv obyektlərinin” yiyələri isə günü-gündən varlanır. Ən böyük arqumentləri isə odur ki, tamaşaçı bunu “yeyir”. Orqanik və zərərsiz kontent hazırlayan televiziyaçılar isə zamanla 0 alıcı qabiliyyəti ilə üzləşib ya uzaqlaşırlar ya da bazara qoşulurlar. Bazara girəndə isə görürlər ki, burada elə bütün mallar xarab imiş. Musiqisi, kinosu, teatrı, ədəbiyyatı xarab, vaxtı keçmiş məhsullarla dolu olan bazarda vicdanlı satıcılara və təmiz məhsullara yer yoxdur!Bu bazarda hər şey o qədər ucuz satılır ki, tamaşaçının əliboş çıxmaq şansı azalır. Bir az notsuz musiqi, şit komediya kinosu, nimdaş tamaşa, mənasız kitab alan tamaşaçı əlidolu evə gəlib açır tvni. Orada isə bayağı verilişlər və onların dəyişməz aparıcıları bütün bu məhsulları istehsal edənləri xalqa qəhrəman kimi sırıyır. Özünü tvdən uzaq tutanlar isə intenetə üz tuturlar. Burada isə hər cür GMO ( geni motifikasiya olunmuş) məhsul telefonundan beyninə təcavüz edir. Tvdən qaçdıqların burada da səni rahat buraxmır. Bir az əsəbiləşdikcə, bir az söydükcə, bir az güldükcə sən burada saatlarla zaman keçirdiyini unudursan. Nəticədə, bu   “ağıllı marketinqin” qurbanı olan zavallı tamaşaçı ucuz və keyfiyyətsiz məhsullara nəinki öyrəşir, hətta onları sevməyə başlayır. Yavaş-yavaş özü də bilmədən zövqünü itirməyə başlayır. Çox hallarda heç özünün də xəbəri olmur ki, o hansı ağır xəstəliyə tutulub. “Zövqlər müzakirə olunmaz”, “hərənin bir zövqü var” kimi bəsit terapiya növləri bu xəstəliyi sağalda bilməz.


Diaqnoz isə belədir. Təəssüf ki, bu gün Azərbaycanda zövq bədxassəli xərçəng xəstəliyinə tutulub. Şiş artıq metastaz verib və bütün orqanları bürüyüb. Orqanlar isə musiqimiz, teatrımız, kinomuz, televiziyamız, mətbuatımız və onlarla sıx təmasda olan tamaşaçılarımızdır. Zövqün böyük qardaşları bədii təxəyyül, obrazlı düşüncə, estetika və ulu babası mədəniyyət isə artıq rəhmətə gedib.  Bu dəhşətli xəstəliklə mübarizə aparmağa çalışan, öz ailə üzvünü xilas etməyə ümid bəsləyən o zavallılar isə zövqünü, şəxsiyyətini qoruyub saxlayan sənət adamlarıdır. Zövqsüzlükdən əziyyət çəkən topluma arasıra savadlı musiqi ilə, maraqlı verilişlə, gözəl filmlə  kimyaterapiya etməyə çalışan sənət adamı hələ də kütlənin sağalacağınainanır. Bir gün onun ən doğması-tamaşaçısının həmin musiqiyə dəyər verəcəyinə, verilişə baxacağına, filmini anlayacağına ümid edir. Bütün dövlət və özəl strukturlara müraciət edib bu dərdə çarə qılacaq həkim axtarır. Bəs vicdanlı həkim tapa bilirmi? O strukturlarda, mədəniyyətə bilavasitə rəhbərlik edən həkimlər doğrudan da can yandırırmı? Mövcud vəziyyət onu göstərir ki, artıq can yandıran qalmayıb. Əks halda bu zövqsüzlük xəstəliyinə yol açan bütün zərərli qidaları topluma qıymazdılar. Tamaşaçısının psixo-fiziki sağlamlığını düşünmədən hər cür xarab məhsulla yedizdirənlərin qarşısını alan olmadı.Aidiyyatı qurumlarda olan “həkimlərimiz” düzgün müalicə növlərini seçə bilmədilər.


Bəli, pis veriliş, pis kino, pis musiqi, pis tamaşa, pis kitab alıcısı çox olan ucuz, amma   zərərli fastfood qidasıdır.  İnsan nə qədər pis qidalanırsa, o qədər də müxtəlif xəstəliklər tapır. Bu audiovizual fastfood isə orqanizmi yox, birbaşa insanın ruhunu zəhərləyir.Bu gün artıq çox gecdir. Sizə çox ümid vermək istəmirəm. Acı reallıqla üzüzə qalmışıq. Öz sahəsinin bir vicdanlı həkimi kimi çox böyük təəssüf hissi ilə qeyd edirəm ki, cəmiyyətimizin zövqü ağır xərçəng xəstəliyinə düçar olub. Xəstəlik sürətlə irəliləyir, bütün orqanlara metastaz verib. Artıq xilas etmək mümkün olmayacaq. Möcüzəyə inanırsınızsa, sadəcə, dua edin...
 
P.S. Xərçəng nə qədər yayılan xəstəlik olsa da, yoluxucu xəstəlik deyil. Böyük bir toplum üçün çox gec olsa da, ən azı yeni nəsilləri xilas etmək istəyiriksə, bu zərərli qidaların dövriyyədən çıxarılmağını tələb etməliyik, yayılmasının qarşısını almalıyıq! Bəlkə də, rəhmətlik ulu babamız Mədəniyyətin adını qoymağa bir layiqli körpə doğulacaq... Yenə ümidimiz həkimlərədir...
 
Elçin Elxanlı,
Rejissor


Facebook-da paylaş