Plakat və dəzgah rəssamlığında parlaq imza
Azərbaycan təsviri sənətinin inkişafında qadın rəssamlarımızın da böyük rolu olub. Görkəmli fırça ustaları Vəcihə Səmədova, Maral Rəhmanzadə və başqalarının əsərləri ölkəmizdə və xaricdə geniş şöhrət qazanıb.
Bu yazıda milli rəssamlığımızda öz dəst-xətti olan Xalq rəssamı Elmira Şahtaxtinskayanın ömür və sənət yoluna nəzər salacağıq.
Elmira Həbibulla qızı Şahtaxtinskaya 25 oktyabr 1930-cu ildə Bakıda dünyaya göz açıb. Atası görkəmli kimyaçı alim, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü idi. Elmira erkən çağlardan rəssamlığa maraq göstərir, Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində təhsil alır. Sonra V.İ.Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunun Qrafika şöbəsinin siyasi plakat emalatxanasında oxuyur.
Yaradıcılığa plakat janrı ilə başlayan Elmira Şahtaxtinskayanın əsərləri mövzunun özünəməxsusluğu və güclü bədii təsir qüvvəsi ilə diqqəti cəlb edir. Rəssam daha çox plakat və dəzgah rəsmlərinin müəllifi kimi şöhrət tapıb.
Araşdırmalarda görkəmli sənətkarın “Azərbaycan qədim mədəniyyət diyarıdır” silsiləsinə daxil olan 30-a qədər plakatı təsviri sənətimizdə yeni bir bədii yaradıcılıq istiqaməti kimi xarakterizə edilir. Bu silsilə üzərində ömrünün sonunadək işləyən rəssam yüksək bədii-estetik zövqə malik dəyərli əsərlər yaradıb.
E.Şahtaxtinskaya zəngin yaradıcılıq fəaliyyəti ilə yanaşı, ictimai xadim kimi də tanınıb. O, SSRİ və Azərbaycan Rəssamlar İttifaqı İdarə heyətinin üzvü, “Azərnəşr”in bədii redaktoru, Nəşriyyat və Poliqrafiya üzrə Dövlət Komitəsinin baş rəssamı və “Plakat” nəşriyyatının Zaqafqaziya üzrə komissiyasının üzvü olub.
Sənətkar ötən əsrin 70-ci illərindən etibarən Azərbaycanın Orta əsrlərdə yaşamış görkəmli elm, ədəbiyyat və incəsənət xadimlərinin, habelə memarlıq abidələrinin yaddaqalan təsvirlərini yaradıb. Rəssamın “Şahtaxtı və Kültəpə küplərinin 4 və 6 min yaşı var”, “Azərbaycan poeziyasının klassikləri dünya ədəbiyyatının korifeyləridir”, eyni zaman şair Qətran Təbrizi, Xaqani Şirvani, Nizami Gəncəvi, İmadəddin Nəsimi, Məhəmməd Füzuli, Şah İsmayıl Xətai, Hüseyn Cavid, Səməd Vurğun, Nəsrəddin Tusi, Rəşid Bakuvi, mütəfəkkir və filosof Bəhmənyar, musiqiçi və bəstəkar Səfiəddin Urməvi, Əbdülqadir Marağayi və s. əsərləri təsviri sənətimizin qiymətli örnəkləridir.
Şərq təsviri sənətinin spesifik xüsusiyyətləri haqqında yüksək fikirlər səsləndirən rəssam yazırdı: “Şərq miniatür rəngkarlığın dahiyanə nümunələrinə malikdir. Bunlar öz xarakterinə, bədii formasına, səthi-dekorativ şərtiliyinə, ümumiliyinə və eyni zamanda son dərəcə konkretliyinə görə Şərq plakatının öyrənilməsi və yaradılması üçün bir baza, əsas ola bilər”.
Görkəmli sənətkar yaradacağı əsərlə bağlı yetərli məlumat və material toplayarmış. Şəxsin yaşadığı dövrü hərtərəfli öyrənər, həyat və yaradıcılığı barədə araşdırmalar apararmış. Buna görə də əsərləri ideya-sənətkarlıq baxımından uğurlu alınıb. Müəllifin Əcəmi Naxçıvaninin 850 illiyinə həsr etdiyi portreti bu qəbildəndir. Rəssamın həmçinin Möminə xatın, Yusif Küseyir oğlu türbələri və Naxçıvan memarlıq məktəbinin digər abidələrilə bağlı əsərləri dövrün tarixi-mədəni baxımdan dəqiqliklə əks olunması ilə təqdirəlayiq nümunələrdir.
E.Şahtaxtinskaya həm də Azərbaycan təbiətinin vurğunu olub. Demək olar ki, bütün rayonlarımızı gəzən rəssam Naxçıvan, Gəncə, Quba, Gədəbəy, Zaqatala, Şuşa və s. digər bölgələrin füsunkar təbiətini kətan üzərinə köçürüb. Bu silsilədən “Gecə mənzərəsi”, “Liman”, “Göygöl”, “Quba yaxınlığında mənzərə”, “Qış mənzərəsi”, “Qarlı dağlar”, “Şuşa dağları”, “Əsgəranda qala”, “Dağ mənzərəsi”, “Şəki yaxınlığında mənzərə” və başqa əsərləri göstərmək olar.
Sənətkarın yaradıcılığında xarici ölkələrə həsr etdiyi əsərlər də vardır. O, yaradıcılıq ezamiyyətlərində olarkən dəqiq qrafik işlənmə xüsusiyyətləri ilə seçilən əsərlər ərsəyə gətirib. “Çexslovakiyada” və “Bolqarıstan” əsərləri bədii və texniki xüsusiyyətinə görə heyranedicidir.
Yaradıcılığı yüksək qiymətləndirilən rəssam “Əməkdar incəsənət xadimi”, “Xalq rəssamı” fəxri adlarına və “Şərəf Nişanı” ordeninə layiq görülüb. Onun əsərləri doğma Vətəni ilə yanaşı, xarici ölkələrdə muzey, qalereya və şəxsi kolleksiyaları bəzəyir. E.Şahtaxtinskaya 13 oktyabr 1996-cı ildə vəfat edib.
Savalan FƏRƏCOV
Facebook-da paylaş