Düşmənin yıxa bilmədiyi mənəvi körpülər... Taxtakörpüyə düşən şəbnəm

 


əbnəm xanım, aynaya baxanda, işığınız gözünüzə düşmür ki?
-Anlamadım...

-Deyirəm, olduqca işıqlı xanımsız, elə bil qəlbinizdə Günəş var. Deyəsən, sizdə qış olmur.

-Günəş bizim evimizdədir- qızımdı.
 
-Mən bilən, sizdə hələ Dəniz də var.
-Hə, təbiəti çox sevirik.

- Dəniziniz də var, Günəşiniz də, bəs nəyiniz yoxdu?
-Şükür, həyatda hər şeyimiz tamdı, bircə yurddan ”kəsir”imiz qalıb. Amma mən yenə də özümü şanslı hesab edirəm. Heç olmasa, bizim yurdumuz haqqında az-çoz təsəvvürümüz var. Təəssüf ki şagirdlərim mənim qədər şanslı deyil. Burada doğulublar deyə Laçın onlar üçün sadəcə xəyaldı.
Əgər məktəbdə biz müəllimlər, evdə isə valideynləri onlara qədim yurd yerlərindən danışmasa, tez-tez oralardan söz salmasa, necə olar- bilmirəm. Və görəsən hamı deyir, hamı bu barədə danışırmı? Bu sual məni hər zaman düşündürüb. 20 il sonra necə olacaq?! Laçında doğulanlar dünyadan köçdükcə, Laçınsız doğulanlar laçınlı ola biləcəkmi? Cavabını verə bilmədiyim suallar qəlbimi göynədir.

-Belə başa düşürəm ki, şagirdlərinizə ingilis dilindən çox, yurdun görmədiyi yerlərini öyrədirsiniz. Hətta bəlkə də fikirləşirsiz ki, ingilis dilini özləri də nə vaxtsa öyrənə bilər. Amma kimsə onlara yurddan danışmayacaq. Həqiqətən də yurdu tanıyan, yurddan danışan o qədər az adam qalıb ki... Kitabda olanları öyrədən hələ tam olaraq müəllim sayılmaz, müəllim adama bilmədiklərini öyrədəndi. Kitabda Laçının hansı ərazidə, hansı iqlimdə olduğu yazılıb, öyrənmək olur, amma laçınlı birinin xatirəsini kitabdan oxumaq olmur, gərək dilindən, ürəyindən, gözündən oxuyasan. Məncə, sizin gözünüzdən uzağa bir yol gedir. Mən sizin şagirdiniz olsaydım, ancaq gözünüzə baxardım. Baxmağı bacarsam, inanıram ki, o yol məni Laçına aparardı, gündə neçə yol oraları gəzib qayıdardım.
-İstəyəndə insan sevdiyi yerləri, sevdiyi adamları bir xatirə kimi ürəyinə yığıb özüylə gəzdirə bilir, amma mən Laçında ürəyimin yerinə hələ tam olaraq tanımadığım yaşda çıxmışam. Laçını ürəyimə yığıb gətirə bilməsəm də, gözümə yığıb gətirmişəm. Çünki o zaman mən hələ təzə-təzə baxmağı, görməyi öyrənirdim. Laçın mənim gördüyüm ilk yer olaraq baxışımdan, gözümdən bir rəsm kimi asılı qalıb.

-Şagirdlərinizə Laçının yerini necə nişan verirsiniz? 
-Dərsdən kənar vaxt qalan kimi uşaqlara Laçın ilə bağlı videolar göstərirəm. Nənəm Şəfiqə Baxışovanın (30 il Qadınlar Şurasının sədri olub) “Youtube”də videosu var. Laçının 85 illik tədbirində çıxış edib.
Cəmi 5 dəqiqəlik bir çıxışla Laçını o qədər gözəl təsvir edib ki... Uşaqlar hər dəfə o çıxışa həvəslə qulaq asırlar. Mən özüm Laçından çıxanda 5 yaşımda idim... Amma anamın sayəsində bugün Laçın haqqında demək olar ki, hər şeyi bilirəm. İstəyirəm şagirdlərim də Laçın barədə hər şeyi bilsinlər.

- Çox şeyin eşqiylə yaşamaq olur. Həyatın, pulun, mal-mülkün, şöhrətin, amma Vətən eşqilə yaşamaq daha başqa, daha əlahiddə bir hissdi- hər adama qismət olmur. Deyəsən, ailənizin bu sarıdan da bəxti gətirib. Yoldaşınız barədə hər sadə, mürəkkəb cümləsinin mübtədası Laçın olan Orxan Cəbrayıl deyirlər. Yoldaşınız cəbrayıllıdı, ya sadəcə soyadı Cəbrayıldı?
-Yoldaşım laçınlıdı. Cəbrayıl soyadıdır.

 
-Bu tanışlıq təsadüfidi, ya arada qohumluq bağı var?
-Qohum deyilik. Mən 2011 -ci ildə Facebookda bir neçə fəal gəncin yaratdığı "Laçın və laçınlılar" qrupuna qoşuldum. O da qrupun admini idi. O vaxt facebookdakı qrupların çat bölməsi olurdu. Orada kimi neçəillik laçınlı qonşusunu, kimi qohumunu, kimlər isə sinif yoldaşını tapırdı. Oradan kim olduğumu, kimin qızı olduğumu öyrəndi və qrupun Laçının işğal gününə həsr etdiyi görüşdə daha yaxından tanış olduq. Düşünürdü ki, bu qız Bakıda böyük bir şirkətdə işləyir, yəqin ki işini, ailəsini qoyub kəndə gəlməz. Mən isə haqqımda belə düşündüyü üçün təəssüf etdim.
Orxan da heç bir qohumu, tanışı olmadan könüllü olaraq xidmət etmək üçün laçınlı məcburi köçkünlərin yaşadığı Ağcabədidə yerləşən bir qəsəbəni- Taxtakörpünü seçmişdi.
Onun bu fədakarlığına baxdım, düşündüm ki, niyə də yox?! Və bugünə qədər bir gün də olsa verdiyim qərardan peşmanlıq duymamışam.
 

 
-Məncə, qohumsuz. Arada ruh, düşüncə, fikir bağı var. Qohumluq təkcə qan bağı deyil. Nə üçün bir adam həkim olsun və Türkiyədə, filan ölkədə, ya elə Bakıdakı ən yaxşı klinikalarda çalışmağı qoyub, gedib Taxtakörpüdə həkimlik etsin?! Deməli, siz əməlli-başlı qohumsuz. Çünki siz də ondan geri qalmayaraq, böyüdüyünüz şəhəri, ev-eşiyinizi, doğmalarınızı qoyub bir kənd məktəbində müəllim işləməyə getmisiz. Kişiləri yaxşı mənada yanıldan qadınlardan çox xoşum gəlir, indi mənim sizdən iki dəfə xoşum gəldi. Bəzən düşünürlər, filan qız filan çətinliyin öhdəsindən gəlməz, nə bilim nə. Çətinlik elə qadın üçün yaranmayıbmı?!
   -Məncə də, Allah da daha məsuliyyətli işləri qadınlara həvalə edib.

-Orxan həkimdən öncə Taxtakörpü barədə məlumatınız var idi, yoxsa bu, ilk tanışlıq oldu?
 -Sadəcə, laçınlıların bir qisminin birgə yaşadıqları bir yerin olduğunu eşitmişdim. Açığı, bu yer haqda elə də dərin bilgim yox idi. Sadəcə yayı çox isti keçən, həm təbiəti, həm də şəraiti ilə Laçının tam əksi olan olan bir yer olduğunu bilirdim. Laçından uşaq yaşda ayrılsam da, rayon, kənd yerləri xəyalımda yaşıl çəmənlər, çiçəkli yamaclar, sərin bulaqları olan uca dağlar kimi qalmışdı. Bir sözlə, nağıllardakı cənnət kimi.
Bakıda yaşadığım 19 ildən sonra tale mənim yolumu "Taxtakörpü"yə salmışdı. Həyatımda yeni bir səhifə açılmışdı. Uzun illər öyrəşdiyim mühitdən uzaqlaşıb, tamam fərqli bir yerdə, heç vaxt görmədiyim, ünsiyyətdə olmadığım doğma laçınlılarımın əhatəsində yaşayacaqdım. Qarşıda məni gözləyən çətinliklərin fərqində olsam da, qərar verərkən bir an belə tərəddüd etməmişdim... "Taxtakörpü"yə yola düşərkən, tozlu-torpaqlı yolları, bomboz düzənlikləri, cansıxıcı mənzərəni seyr etdikcə, görəsən, zamanında Azərbaycanın ən gözəl guşələrindən birinə sahib olan insanların məskunlaşmaq üçün niyə məhz belə bir yeri seçdiklərini düşünür, sonra da canlarını, körpələrini düşmənin pəncəsindən zorla qurtaran insanların məgər seçim edəcək hallarımı vardı?-deyə düşünərək özümü xeyli qınayırdım.

-Taxtakörpü qarşnıza da xəyalınızdakı kimi çıxdı, ya necə
-Biraz hə, biraz yox. Burda Laçına bənzəyən sadəcə bir şey var, o da küçədə qarşına çıxan hər kəsin laçınlı olması. Artıq Taxtakörpüdə idim... Deyilənə görə, mən hələ buranın "ən yaxşı" vaxtına gəlmişdim. Palçıqlı küçələri, dəmir vaqonları, o vaqonlarda 20 il ömür sürən insanların çətinliklərini görməmişdim. Mən gələndə artıq burada qəsəbə salınmışdı.
Bir müddət burada yaşadıqdan sonra, buradakı uşaqlara müəllimlik etmək qərarına gəldim və pedaqoji fəaliyyətimə Vağazain kənd 1 nömrəli orta məktəbində başladım.
 
-Ordakı laçınlı uşaqlarla şəhərdəki laçınlı uşaqların fərqi var? 
-Əlbəttə, fərq böyükdü. Bakıdakı laçınlı uşağın qonşusu, dostu hərəsi başqa bölgədən olur. Burdakı uşaqların isə sinif yoldaşları, tay-tuşlarının hamısı laçınlıdı. Bir sözlə, burdakı balacalar Laçına daha bağlı böyüyürlər. Çünki istər- istəməz Laçın adını daha çox eşidirlər.
Dünyagörüşü baxımdan da fərq çoxdur. Bakı böyük şəhərdir. Uşaq kinoya gedir, sirkə gedir, teatra gedir, bulvara gedir, üzgüçülüyə gedir və s. Burada isə uşaqlar yalnız məktəbə, oradan da evə gedir. Ən yaxşı halda qəsəbənin palçıqlı yollarında top-top oynayırlar... O da şansları gətirsə, yağış yağmasa. Çünki bu yerlərdə böyüklər yağışlı havada çətinliklə hərəkət edirlər, o ki qaldı uşaqlar ola...
Şagirdlərimin bu halına çox üzülürəm. Məsələn, mən Laçında anamla kinoya gedirdim. Amma Ağcabədidə kinoteatr yoxdur.
Bir dəfə dərsdə hansısa filmə kinoteatrda baxdığımı dedim və dərhal da başa düşdüm ki, onlar üçün kinoteatr anlayışı yoxdur. Söz verdim ki, nə olur-olsun sizə kino göstərəcəm və öz təşəbbüsümlə Rayon Təhsil Şöbəsinin Akt zalında onlara kinoteatr sevinci yaşatdım. Təsəvvür edirsiniz?

 
-Hə, Taxtakörpü ha çalışır Laçın ola, ola bilmir deyirsiniz?
-Laçını, Şuşanı təzədən yaratmaq mümkündürmü? Bax, bu sual mənim üçün cavabsız qalıb. Ora cənnət idi, cənnəti Tanrı yaradır. Insan cənnət yarada bilməz. Biz bizim üçün yaradılmış cənnətimizə qayıtmağı arzulayırıq, başqa heç nə. Laçının imkanları, gözəllikləri sayagəlməz idi. Dünyanın ən gözəl şəhərini seçib Laçın salmaq istəsəm belə, heç yer Laçın olmayacaq.
Taxtakörpü Laçın deyil, amma Laçın kimidi. Burdakı laçınlıları çox sevirəm. Onlarla dünyanın harasına desəniz, arxayınlıqla gedib çıxaram.
Sağ olsunlar, onların yoldaşıma da, mənə də hörməti hədsizdir. Uşaqlarıma təmənnasız baxırlar. Nə qədər danışsam da, anlada bilmərəm. İnanırsınız, burda necə gözəl insanlar tanımışam. Taxtakörpünü hər şeydən öncə dəyərli edən bax, Vətənimin belə ürəkli, mərd adamlarıdır.
Gəlib bir eldə məskunlaşmaq olar, amma el adamı ola bilmək hamıya qismət olmur. Bu gün özümü elin içində, elimin əlini isə çiynimdə hiss edirəm.
El-obamın uşaqlarını isə bir başqa cür sevirəm. Dərs dediyim balacalar üçün əlimdən gələni etməyə çalışıram. Şərait nə qədər önəmli olsa da, harda təhsil almağın bəzən elə də fərqi olmur. Əsas əlindəki materialdı. Əlində yaxşı materialın varsa, nə desən düzəldə bilərsən. Bu baxımdan şagirdlərimin ağlına, ürəyinə, iradəsinə güvənirəm. Bilirəm ki, onlar təhsil almaq, gələcəkdə söz sahibi olmaq, qəlbimizin dərinliyində sönməkdə olan ümid işığını alovlandırmaq uğrunda çabalayırlar. Onlar “döyüşürlər”! Əsgər olmaq, Azərbaycan bayrağını Laçına sancmaq uğrunda savaşırlar!”

-Bu Taxtakörpüdən qorxmursunuz ki, taxdadı də, qırıla da bilər. 
-Əslində, burada taxtadan bir körpü yoxdu. Deyilənə görə, əvvəllər olub. Taxtakörpü mənim- bizim taleyimizdə həqiqətən də bir körpü oldu- doğmalığa, isti bir mühitə, xoşbəxtliyə, səadətə, uğurlu bir ailə təməlinə.. Dənizə, Günəşə...
Lap bu körpü həqiqətən də taxtadan olsaydı belə, bizim üçün nəsə dəyişməzdi. Çünki biz ayağımızı bu torpağa həmişə möhkəm basırıq, arxayınıq ki, Taxtakörpünün özü taxtadan olsa da, iradəsi poladdandır. Üstündən 70 mindən çox laçınlı keçirib Laçına qaytara biləcək iradədə, möhkəmlikdədi. Bu körpüdən keçib ikinci bir dünyaya qədəm basdım. Üçüncü dünyamın Laçında başlamasına ümid edirəm.

 
   
      ...Elə mən də bunu arzulayıram. Çünki Cəbrayıl ailəsi Laçına Dənizi də aparacaq, Günəşi də. Cəbrayıl ailəsini Dənizindən, Günəşindən öpürəm.
Onlara sevinc, s
əadət dolu günlər arzulayıram. Məkanı seçmək olur, xoşbəxtliyi yox. Xoşbəxtlikləri daim olsun, laçınlı olsun...

 
      ...Şəbnəm xanım Milli Məclisin gənclər və idman komitəsinin təşəbbüsü, AzEdu.az təhsil portalı və “Gənc müəllim” şəbəkəsinin birgə təşkilatçılığı ilə keçirilən “İlin gənc müəllimi” müsabiqəsinin qalibidir. Ona inanmaq olar... Mən ona inandım, inandım ki, Şəbnəm müəllimin Taxtakörpüdəki o balaca sinif otağında sevgi, diqqət, qayğıyla bəsləyib böyütdüyü fidanların hər birinin ətri zamanla dünyanın ayrı-ayrı ölkə və şəhərlərinə yayılacaq, hərəsi bir Laçın, hərəsi bir Azərbaycan olacaq.

Təranə Əlizadə
 
 


Facebook-da paylaş