Şuşada xalq oyunları

  
    Milli adət-ənənələrimizin qorunub saxlanılmasında xalq oyunlarının özünəməxsus yeri var. Oyunlar xalqın həyat tərzini, sosial və mədəni şəraitini, inanc və ayinlər sistemini,  əyləncə və estetik dünyasını əks etdirir. Həmin xalq oyunlarından bəziləri Azərbaycanın mədəniyyət paytaxtı Şuşada yaranıb və inkişaf edib.
Uzun illərdən bəri Qarabağ tarixinin araşdırılması ilə məşğul olan tədqiqatçı-jurnalist Vasif Quliyev Şuşada yaranan xalq oyunları barədə fikirlərini bölüşüb.
O qeyd edir ki, belə oyunlardan biri “Baharbənd” xalq oyunu idi. Oyunun qaydasına görə, atlı atın çaparağında çuxasını, arxalığını, çarıqlarını çıxarıb yerə atır, müəyyən məsafədən sonra yenə həmin yolu qayıdır və atın cilovunu yığmadan növbəylə çuxanı, arxalığı və çarıqları yerdən götürür. Həmin əməliyyatı ən tez yerinə yetirən atlı qalib hesab edilir.
Novruz bayramı ərəfəsindəki axır çərşənbə mərasimində qız-gəlinin bəxtini sınamaq məqsədilə “Dintutma” oyunu keçirilirdi. Mahnı və məzəli oyunun müşayiəti ilə hər iştirakçı ürəyində niyyət, əlində güzgü tutaraq yoldaşları ilə birgə qonşu və ya küçə qapısına yollanır, ayağının altına açar qoyaraq qapı arxasında dururdu. İnama görə, əgər bu vaxt qapının arxasında xoş söz eşidilərsə, niyyət hasil olacaq, yaxud əksinə. Oyunun el-oba içində “Qapıpusdu”, “Qulaqaparan” və s. adları da var.
Şuşada “Fincan-fincan” musiqili folklor oyunu əsasən el şənlikləri və mərasimlər zamanı subay gənclərin oynadıqları sözlü-nəğməli, çox da mürəkkəb olmayan oyun idi. Oyunda on iki nəfər - altı qız, altı oğlan iştirak edirdi. Mahnı və rəqsin müşayiəti ilə oyun canlı, şən, müxtəlif atmaca və zarafatlarla keçirdi.
Oyun zamanı iki dəstədən ibarət olan iştirakçıların sayına görə məcməyiyə üzüqoylu fincanlar düzülür və onlardan birinin altında bir üzük gizlədilirdi. Bir dəstə o biri dəstəyə üzüyü tapmağı təklif edirdi. Üzüyü tapmayan iştirakçı cərimə olunurdu: o, ya oxumalı, ya rəqs etməli, ya da bir oyun göstərməli idi. Həmin oyun “Gün oyunu”, “Üzük-üzük”, “Üzüyü gizlətdi” adı ilə digər bölgələrdə də yayılmışdı.
 
Nahidə Babayeva
 


Facebook-da paylaş